Fidan Həsənova
Bakı. Sən də artıq mənə dar gəlirsən. Nəfəs ala bilmirəm qoynunda. Bu boyda dənizin var, Bakı. Nəyə lazım o?! Bu boyda səman var. Kim udur havanı?! Bakı... Bakı... Saxtadır hislərin, gülüşlərin. İnsanların da payızın solmuş yarpaqlarına bənzəyir: quru, hissiyyatsız. Dörd fəsli qış olan Bakım!
Küləklər şəhərim... Soyuq küləyin heç əksik olmur. Yayın ortasında payız havası əsdirirsən. İnsanların soyuq, özün soyuq. Necə doğmalaşaq Bakı, sənlə? Səni necə sevim? Bu boyda şəhər boş gəlir mənə. İtmək istəyirəm arabir geniş, yad küçələrində. Gizlənmək istəyirəm ondan. Gizlətmək belə olmur bu bədəni. Nəyə gərək bu kimsəsiz enişlərin, yoxuşların?! Əgər hər addımda onunla üz-üzə gəlmək qorxusu varsa... Bu sonunu görə bilmədiyim Xəzərin kimə gərək?! Əgər qoynunda yalqız qala bilmirəmsə. .
Necə qopum səndən, Bakı? Bir döngəni göstər mənə. Mənə bir işarə ver. Ordan keçəndə siması yadıma düşməsin. Bu hündür binalarında kim yaşayır? Son dəbli restoranlarında kimlər kef çəkir? Səhmanlı yollarında kimlər yeriyir? Kimlərin üzünü güldürürsən Bakım? Niyə hər dəfə öz dərdlərimi yada salmaq istəyəndə bu canı, ruhu sənin səssiz gecələrinin qolları arasında tapıram?! Deyəsən dərdlərini unutmaq istəməyənlər yolunu burdan salmalıdır.
Sevgilərin də elə bu cürdür: eybəcər, acı. Bəzən ilmə kimi dolaşıq, bəzən həyat kimi vəfasız, qısa... Səadət sənin sakinlərinə yaddır. İnsafsızsan! Sevə bilməyəcəm səni daha! O hissi məndən almısan axı.
Mənə onu göstərmə bircə, Bakı! Yollarından keçməsin. Üz-üzə gəlməkdən xilas et bizi. Bir dənə şəhərimiz var sən adda, bəlkə hansısa küçəndə qarşılaşmalıyıq, rastlaşmalıyıq. Bircə döngələrimiz toqquşmasın!
Unutdur onu, Bakım! Unutdur...