Samir maşınının üstündə əsirdi. Kim isə davamlı onun “Cip”inin yanından keçəndə bir az-bir az sürtürdü. Yer dar olsa da, hər halda, toxunmadan keçmək mümkün idi. Sadəcə, vəziyyət bir az ehtiyat, bir az da səliqə tələb edirdi. Belə ağır yox, amma üst-üstə gələndə əməlli-başlı zədə əmələ gəlmişdi. Mühafizədən öyrənib-bilib səbəbin kim olduğunu aydınlaşdırdı. Amma qonşudur deyə, nə qapısını döydü, nə evinə xəbər göndərdi, nə maşının təmirini istədi. Dinməz-söyləməz avtosunu ustaya aparıb kosmetik təmir etdirdi. Amma ziyanəvər də adam kimi adam imiş. Zərər çəkənin qonşu adına hörmətini, mədəniyyətini, həm də özünün ehtiyatsızlığı ucbatından verdiyi ziyanı yaxşı anlayan Fuad bir axşam utana-utana qonşusunun qarşısına keçib üzr istədi, verdiyi zərəri necə tədavü edəcəyini, yəni təmirin xərcini soruşdu. Samir də evə tələsdiyindən, aşırı yorğunçuluqdan, bir tərəfdən də istidən oğlanın dil-ağız etməyini ayaqüstü qəbul edib “100 m. elədi” dedi. Əlləri axşam bazarlığı ilə dolu olduğundan oğlan pulu onun döş cibinə qoyub bir daha üzrxahlıq edəndən sonra uzaqlaşdı. Samir də bloka girib özünü birtəhər ağzına kimi dolu liftə saldı.
Evə gəlib yuyunub-rahatlanandan, aclığını- susuzluğunu dəf edəndən sonra hiss etdi ki, nəsə onu narahat edir. Özü də elə-belə yox, əməlli-başlı... Bir siqaret yandırıb balkona çıxdı, fikirli-fikirli evdə gəzdi. Hər şey qaydasındaymış kimi görünürdü. Heç özü də bilmədən, birdən-birə həyat yoldaşına maşın üstündə qonşu ilə arasında olan söhbəti danışdı. Və qanqaraçılığının gizli səbəbini anladı. Qalxıb sürətlə geyinməyə başladı.
- Bu vaxtı hara belə?
- Mən belə rahat ola bilməyəcəyəm. Heç başa düşmürəm, necə oldu mən o
pulu ondan götürdüm? Ayıb deyil, qonşuyuq axı. Puldu, xərclənib gedeəcək, amma üzüqaralıq mənə qalacaq.
- Sən ki, ondan təmirhaqqı-filan istəməmisən, heç işarə də vurmamısan... Özü verib. Həm də boş yerə yox, verdiyi ziyanı ödəyib.
- Elə ona görə. O adamlığını elədi, sıra məndə.
Samir yenə də binanın mühafizəçisindən həmin oğlana zəng vurub bir bəhanə ilə həyətə çağırmasını xahiş etdi. Onu mühafizənin deyil, Samirin gözlədiyini görən Fuad deyəsən bir az narahat kimi oldu. Samir onu intizarda qoymayıb 100 manatı qaytardı, əlini sıxıb əlavə etdi ki, xahiş edirəm bir də bu mövzuya qayıtmayaq...
Samir tamam başqa əhvalla evə dönəndə Aynur xanım: “Nə oldu, yoluna qoya bildinmi? Deyəsən həll etmisən, gözlərin gülür”, – deyə maraqlandı.
- Demə... Böyük bir xəcalətdən qurtardım. Bilirsən, həmin oğlan kim imiş?
Qarabağ qazisi! Bir qəhrəman! Elə bilirsən, mən etimad göstərib qəhrəman deyirəm? Yox e, yox! Bu bir statusdur. Çayxanada dərdləşdik. Şuşaya qədər gedib. Adam nələri anlatdı. Nağıl kimi qulaq asırdım. Deyir, hər kəs özünü qabağa verirdi, hamı şəhidliyə can atırdı, hər kəs qorxurdu ki, birdən yoldaşları ölər, o qalar... Təsəvvür edirsən? Vicdanım bunun arxasından necə qalxardı? Allaha şükürlər olsun ki, həmişə məni doğru yola yönləndirir... Mən ona nə etdim ki? Heç nə! 100 manatla varlı olmayacaq. Əsas yaxşılığı özümə etdim. Dincliyim qayıtdı, özümə hörmətim artdı, güvənim çoxaldı... Ailəsi ilə bizim binada kirayə qalır. Qurban olsun maşınım ona. Onların elədiklərinin yanında dəmir parçası nədir ki? Camaat necə maşınlar, mal-mülk qoyub gəlib işğal olunmuş ərazilərdə. Sən də onun ailəsinə baş çək, bəlkə uşaqlarına repetitor lazımdır? Gərək belə insanlara bacardığımız köməyi edək.
Sonu yaxşı qurtaran hər iş alqışa layiqdir. Həm də, çox zaman böyük dostluqlar narazılıqdan, çəkişmədən başlayır. Müdriklərdən kim isə deyib: “Bu adamdan heç xoşum gəlmir, demək, onunla yaxından tanış olmaq lazımdır”. Samir bütün axşamı yeni tanışından danışdı. Ondan eşitdiklərini fəxrlə, ağrı ilə uşaqlarına başa saldı. Özünü ruhlandırmağın ən yaxşı yolu doğru əməldir. Cənnətə cığırı da həmin yaxşı əməllər açır.
Qurban olum millətimə!