Ailəsi zorla ərə vermək istədi, o isə...

Ailəsi zorla  ərə vermək istədi, o isə...
28 avqust 2013
# 07:00

Nərgiz İsmayılova

Keçməyən keçmişimizin şərəfinə ….

Onunla qarşılaşanda gözlərimə inanmadım yenə əvvəlki kimi gözəl idi. Zamanı aldatmağı bacarmışdı elə bil. Ya da onun diliylə desək: “Əsl qadın Əzraili özünə aşiq etməyi bacarar və gözəl dünyada bir neçə il daha qazanar” .

Uzun qara şaçları, düzgün fiziki görünüşü, gözəl qara gözləri və gülərkən üzünə xüsusi gözəllik verən qəmzəsi .Onunla tanışlığım məktəb illərinə dayansa da illər keçməyinə baxmayaraq bu əlaqə kəsilməmişdi. Məktəbi bitirdikdən sonra hərə bir şəhərə dağılışdı.

Bəziləri ailə qurdu, bəziləriysə gələcək. İndi çoxunuzun mənə acığı tutacaq deyəcəksiniz ki, məgər ailə gələcək deyil? Mənsə bu sualınızın və anlıq əsəbinizin qarşısında sadəcə gülümsəyəcəyəm.

Necə ki, vaxtı ilə biri demişdi: “Susmaq ən kəskin cavabdı”. Nə isə keçək əsil məsələmizə, mənim bu gözəl rəfiqəm zamana meydan oxuyurdu. Zamansa ondan intiqamını öz bildiyi şəkildə alırdı. Rəfiqəmin gözlərində gizlətdiyi kədəri bir tək mən görə bilirdim. Fəqət ikimiz də qürurlu idik, mən onu incitməkdən, o da çox vaxt ağlamaqdan yaman qorxurdu. Heç ağlamasın da vallah gülmək hamıya yaraşır” deyirlər, ancaq məncə bəzi qadınlar və bəzi adamlara gülmək xüsusi yaraşır. Rəfiqəmə də həmçinin…

Məktəbi bitirdikdən sonra Bakıda bir universitetə girmişdi, bilirdim ki, istədiyi fakültə deyil. Ancaq bizim ölkədə çox vaxt ailələr uşaqlarını istəmədikləri gələcəyi sevməyə məcbur edirlər, hətta övladının yerinə gələcək planlayanlar da mövcuddur. Sanki buna haqları varmış kimi…

Deyəndə də cavabları hazırdı: “ Sən bilməzsən, yox sən hələ uşaqsan, yox sənin xoşbəxtliyini istəyirik...” falan, filan... Qısaca biz desək də onlar öz bildikləri doğrunu müdafiə edirlər, hətta öz doğrularını bizim də doğru kimi qəbul etməyimiz üçün çalışırlar. Düzdür bəzi ailələri bu halqa xaricində buraxmaq daha ədalətli olardı, çünki övladına seçim şansı verən və bu seçimdə ona hələ bir dəstək olan ailələr də mövcuddur axı …

Rəfiqəm universitetdə oxuyarkən bir oğlana aşiq olmuşdu. Bir-birlərini sevirdilər. O zamanlar rəfiqəmlə tez-tez görüşürdük. Bir gün qapı döyüldü, universitet illərində qızlarla kirayədə qalırdıq, elə bildim evin sahibəsidi. Tez evə nəzər saldım, hər şey qaydasında idi. Amma yenə də səhər bu tezlikdə qapıya dayanan ev sahibəsinə əsəbiləşdim. Qapını açanda şok oldum. Bu mənim rəfiqəm idi. Ay qız sən Bakıda deyildin?

Məni qucaqladı sualıma cavabı isə, onun yerinə çiyinlərimə tökülən isti göz yaşları verirdi.

Susdum, susmağa məcbur oldum, axı o ağlamazdı, mənsə sual vermədən anlayardım həmişə nə dəyişmişdi axı…

Özümə başım o qədər qarışmışdı ki, unutmuşdum yanımda mənə xoşbəxtlik və hüzur saçan insanları .Hə bəzən belə olur. Həyatın ən axmaq oyunudur bu, sonu həmişə həzin olur…

Sonunda danışmağa başladı: “Ailəm məni zorla xalamın oğlu ilə evləndirəcək ,kömək et”. Donub qaldım:

- Axı sənin sevdiyin var, axı sən... Anan nə deyir?

- Anama görə bu ən ağıllı seçimdi, xalamın oğlu tibb universitetini bitirib həkim olacaq. Anama görə həkimlər çox pul qazanırlar, heç vaxt ac qalmayacaq və əziyyət çəkməyəcəyəm.

Vücudumu anidən əsir alan sinirə fikir vermədən beynimdə qışqırışan düşüncələri susdurmağa çalışırdım.

Anası bilmirdi, ancaq rəfiqəm üçün ən böyük əziyyət sevmədiyi birinin, hətta sevdiyindən onu zorla qoparan birinin sifətini görüb ona zorla gülümsəmək, onu sevməyə özünü məcbur etmək olacaqdı.

Böyüklərimizə hörmətim, sayğım sonsuzdur, ancaq bəzi zamanlarda onların düşüncəsizcə gələcəyi sanki onların əlindəymiş kimi planlamaq istəmələrinə heyrət edirəm axı bu da ağılsızlığın, eqoizmin bir növüdür. Axı hər anın bir hökmü var…

Rəfiqəm toy günü ölkəni tərk etdi. Uzun müddət onunla əlaqələrim kəsildi. Polislər bütün telefonları dinləyirdilər. Hətta məktəb yoldaşlarımdan şöbəyə çağırılanlar da olmuşdu. Rəfiqəmin xalasının oğluna isə o biri xalasının qızını aldılar. Qərar toy günü qəbul edildi. Lap Məşədi İbaddakı kimi örtüyün altından başqası çıxdı.

Üstündə illər keçib. O artıq Türkiyə vətəndaşıdı, ailəsi onunla barışıb, ancaq onu yenə zorla evləndirmək istəyirlər. İndiki bəhanələri isə “Ay bala qocalırıq, sənin uşağını görmədən ölək?”di.

Rəfiqəmsə torpaqda uyuyan sevdiyi adama qovuşacağı günü xəyal edərək yaşayır. Evliliklərinin 7– ci ayında itirdiyi sevgilisinə …

Onun rəfiqəmə həmişə hədiyyə etdiyi qan rəngində qızıl gülləri indi rəfiqəm ona hədiyyə edir. Və sevdiyi adamın yolunu davam etdirərək, qızıl güllərə bənzətdiyi tələbələrini gələcəyə hazırlayır.

O bitib-tükənməyən gözəlliyini isə ruhunun, mənəviyyatının gözəl olmağından alır, hər gün bunu daha yaxşı anlayıram. Hər şeyə rəğmən yaxşı insan olmaq, məncə bu əsl qələbədir.

İndi rəfiqəmlə oturub keçməyən keçmişə acı-acı gülürük… O tələbələrindən, mənsə gələcək yazılarımdan danışırıq…

Gələcək nə göstərəcək, bilmirəm, ancaq biz yenə gülümsəmək üçün bəhanə tapacağıq. Çünki təbəssüm ruhun dekoltəsidir, ümid isə bizim gələcəyi gözəl xəyal etməmizə kömək edən ən gözəl bəhanəmiz…

# 3110 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #