Şizofren ana

Şizofren ana
21 fevral 2017
# 15:27

Sevinc Əhmədova

Gülarəni xəstəxanaya anası gətirmişdi, qızın rəngi avazımış, dodaqları qabıqlamış, saçları səliqəsiziydi... iri qara gözlərinnən təlaş və əsəb hiss olunurdu... Anasının dediyinə görə uşaqlıqda çox sağlam və qoçaq qızıymış. Yeniyetmə dövrlərində hərdən baş ağrıları, halsızlıq, huşunu itirmə olsa da ciddiyə almayıblar, ailə quranda keçib gedəcək deyənlər də olurmuş. Gülarə boy-buxunlu, gözə gəlimli oldugunnan hələ 15-yaşında elçiləri necə deyərlər, qapını kəsdiribmiş. Orta məktəbin 9-cu sinifinnən, onsuz da oxumur deyib çıxardıblar. Ana həkimə:

- Ay doxtur, sənə canım qurban, balamın evini özümüz yıxdıq.

Kimsə qaçırdıb zad eləməmiş, it mundarı olmamış dedik birinə verək. Nə biləydik başımıza bu müsibət gələcək...

El adətiylə valideynləri bəyəndikləri, sayılıb seçilən ailələrin birinə razılıq vermişdilər... Eşidən bilən, "o gözəllikdə qızı pula satdılar, o çirkinlikdə oğlana necə qıydılar" desələr də, üzdə hər kəs, "xeyirli olsun, xoşbəxtlik gözəlliklə deyil ki, əsas xasiyyəti yaxşı olsun" kimi "baş sağlığına" bənzər təbriklər edirmişlər.

Hər şey yaxşıymış, ta ki, Gülarə uşaq doğana kimi.

- Ay oğul, qızıma hər şey öyrətmişdim. 15 yaşında biş-düşünə, evdarlığına söz ola bilməzdi. 100 qonağa süfrə açıb, qabiliyyətlə yola sala bilirdi. Adamın üstündə allah var, qaynanası qayınatası qızımın başına and içirdi. Özünə elə hörmət qazanmışdı, elə ad san salmışdı ki...

Ana yenə kövrəlir, Gülarə isə sanki söhbət ondan getmir kimi donuq, reaksiyasız pəncərədəki güllərə baxır, üzünnən hansı hisslər keçirdiyi hiss olunmurdu, sanki heç nə eşitmirdi.

- Dərmansız, davasız uşağa da qaldı, balamın nəyi varıydı, sağlam gül kimi uşağıydı. Nə oldu olarda oldu, qadan ürəyimə.

Gülarə doğuşdan çox qorxduğunu deyirmiş. Deyirmiş xəbərlərdə doğuş vaxtı ölən anaları görəndə elə bilirəm mən də öləcəm. Hələ arada bacısına deyirmiş, "mən ölsəm görəsən, Mehman evlənərmi".

- Başına dönüm, hər şey qaydasında oldu, sağ olsun həkimlər, gül kimi oğlan balası oldu balamın, di gəl ki, uşağa yaxın durmadı. Bu mənim uşağım deyil deyib durur, ay bala. Nə süd verdi, tifil uşağa, nə qucağına aldı, nə analıq elədi.

Yəqin doğuşda şok keçirib, bir neçə günə düzələr deyib, doğum evinin həkimləri.

- Videolu, güllü-çiçəkli çıxartdıq xəstəxanadan. Həm də ürəyi açılar, balam yaxşı olar dedik. Nə bilək hələ müsibətlər bunnan sonra olacaq, ay bala.

Günlər keçsə də Gülarə nə uşağa yaxın durur, nə ev eşiyə yapışır, elə hey məni anamgilə aparın deyir.

- Baş ağrıları tutmağa başladı, ay bala, tutanda 2-3 gün yatırdı, güclə oyadıb arada çaydan, bir qismət çörəkdən verərdik. Aparmadığımız həkim qalmadı, xeyri olmadı, nə gizlədim, kim harda yaxşı molla var dedi, apardıq yenə xeyri olmadı...

Dəfələrlə üstə çıxmasaydıq özünə qıyacaqdı, bir gün uşağın üstünə yorğan, balış yığıbmış, qaynanası 5-cə dəqiqə geciksəydi, allah uzaq eləsin uşağın nəfəsi kəsilərdi.

Elə həmin günnən anasını çağırıb, "gəlin qızınızı aparın" deyiblər. Və həmin gündən Gülarə analıq edə bilmədiyi balasınnan bir dəfəlik ayrılıb. Heç xatırlamır da uşağının olduğunu..

- Ay bala, indi qohumlar məni danlıyır, qızı böyüməmiş ərə verdin bu da belə oldu deyirlər, mən də dedim yaxşı adamlardı, getsin özünə bir güzəran qursun, mən istiyərdimmi balam bu günə düşsün. İndi bircə arzum var, ay doxtur, balam balasını tanısın, oğlu dil açıb ana deyənə kimi qızım sağalsın, ümidim sizədi, sizin üstünüzə göndəriblər.

Ana qızının sağalacağına ümid edir, Gülarə isə gah pəncərəyə, gah anasına, gah da yerə baxırdı, sanki burda deyildi, heç nə eşitmir, heç nə görmürdü. Həkim isə diaqnozunu qoymuşdu -şizofreniya. Ana bilmirdi ki, bu xəstəlik Gülarə ilə həmişəlik yol yoldaşı olacaq, bəzən sağlam görünsə də, istənilən an, eşitdiyi, gördüyü xoşagəlməz hadisə zamanı eyni davranışlar təkrarlanacaq.

# 1829 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
#
#
# # #