Orxan İsmayıl
Eliso hələ beş dəqiqə əvvəl siqaret yandırmışdı. Onun mətn yaratmaq həngaməsi elədir ki, bomboz əlbisəsinə sıxılıb hekayətin içərilərinə baş vurdusa, qaynar qəhvə fincanı tez-tez dolub boşalmalı, zəif közlü siqaret kötükləri sümük külqabında “canlarını tapşırmalıdır”. O, gülməyi və siqaret sümürməyi teatral bacaranlardandı. Göz almacığı boyda xırda dodaqları təkcə bu iki istedada görə tərifəlayiqdir. Bəli, dodaqlar da onların sahibləri kimi hansı işi bacardıqlarına, necə təəssürat yaratmaq qabiliyyətlərinə görə qiymətləndirilməlidir. Elisoya görə anadangəlmə istedadlı yazıçı kimi doğulmaq qeyri-mümkün idi. Əgər hansısa ikiyaşlı körpədə şairanəlik, mədhiyyəçilik, tərənnümçülük əlamətləri hiss etsəydi məmnuniyyətlə özünə layiqli ər tapıb balaca tosunlar dünyaya gətirərdi. Belə də demək olar: Eliso xəstəliklərdən və zahiri oxşarlıqdan savayı nəyinsə irsən keçməsinə inanmırdı.
Bir dəfə ona tanrıya inanıb-inanmadığı haqda sual vermişdilər. Hə də, axı bu lənətə gəlmiş sual hamını çox düşündürür.
İnanmaqmı-inanmamaqmı, məscidmi-kilsəmi, qara əlbisəmi-ağ əlbisəmi? Eliso soyuqqanlılıqla belə demişdi:
- Yox! Görüm onun yanbızları deşilsin.
- Məgər başımızdan oramızadək bütün bədənimizi isladan su təsadüf nəticəsində göydən tökülür?
Elisonun cavabı yenə özünəməxsus olmuşdu:
- Onun yanbızları deyəsən doğrudan deşikmiş. Sizsə məni rahat buraxın. Evimə gedib qəhvə içəcəyəm!
Doğma şəhərini tərk edib Bakıda yaşamağa alışmaq ilk vaxtlar onun üçün məşəqqətli idi. O həmin gürcü qadınlarından idi ki, onlar vətənlərini çox sevirlər, ancaq orada yaşamaq istəmirlər. Yerli dildə səlis danışmaq 3 ilə mümkün olmuşdu. Eliso isə 10 ildən artıq Bakıda yaşamağın iztirabını, sevincini, yeknəsəqliyini həzm edə bilmişdi.
Eliso təkliyi ilə əylənə bilən seçilmiş insanlardandı. Özü özünü güldürər, düşündürər, zamanı çatdıqdasa divara mıxladığı kağızdakı “sərbəstlik hoqqabazlığa çevrilərsə” sərlövhəli işarələnib yazılan qaydalara uyğun olaraq cəzalandırardı. Son dəfə özündən 14 yaş kiçik dostu Rəfael qəflətən ona cılız hərflərlə sevgi mesajı yazıb cavab göndərməməyi xahiş etdikdə məsum gəncin halına çox acımış, iki qədəh tünd şərabdan sonra sevimli qaydalarına nəzər yetirmişdi. Yazılanlarda sevməyin və kimisə ovsunlamağın cəzası 12 saat qəhvədən və siqaretdən imtina etmək göstərilirdi, Eliso da bununla razılaşmışdı.
İllərin amansız yerdəyişməsi, günəşlə buludların yola getməməsi 40 yaşlı qadının möhkəm qamətini sarsıtmamışdı. Hərdən də bədənində ağır, isti bir məxluqun yeridiyinə inanacaq qədər halsızlaşırdı. “Yəqin o, daxili orqanlarımın şəklini çəkən fotoqraf hörümçəkdir”.
O, deyirdi ki, ətrafında səni tovlamaq istəyən bircə kişi varsa, sən hələ cavansan. Təbiətin harmoniyası belədir - ən yaxşısını etməyə çalışan insanlar ən gözlənilməz ölümlə qarşılaşırlar. Elə isə, həyat başdansovdu yaşamaq və xırda cəhdlərlə yaşlanmaqdan ibarət zəhlətökənlikdir. Elisoya görə, bu zəhlətökənliyi xoşovqatlılığa dəyişməyə cəhd etmək bütövlükdə onu itirməyə gətirib çıxara bilər. "Ətrafdakılar məni dinlədikdən sonra əşyavi formada etiraz edəcəkləri bir mühitdə yaşamaq istəyirəm. Bunun asan və ya çətin olduğunu elan etmək, bəri-başdan ikitirəlik yaratmaq yonca saplaqlarından edam kəndiri toxumağa bənzəyir”.
Əylənmək zamanı yetişmişdi. Yataq otağındakı üzbəüz divarların hərəsinə bir mıx sancmış, onları tarım qatma ilə birləşdirmişdi. Otuza yaxın şarı həvəslə üfürüb qatmaya doladığı saplardan asmışdı. Çarpayıya yayxanıb vətənindən gətirdiyi yeganə əşya - ağac liflərindən hazırlanan arbaletə bənzər mexaniki oxla şarları vururdu. Salamat qalan bir neçə şardan onu qıcıqlandıran çəhrayı rəngdə olan idi. Düz 12 cəhddən sonra da pəncərədən süzülən zəif mehin təsirilə çəhrayı şar qatmada ləngər vururdu. Mariko qəzəblənib bir dəfə də nişan aldı. Qatmada şonquyan şarın saplağından başqa nəsə qalmamışdı.
Asqırıb sinəsini qabağa çəkərək əsnəyəndə qərara gəldi ki, soyuqlayıb. Yorğanın altında bir neçə dəfə qıvrılıb şırım açan caynaq kimi ayaq pəncələrini çarpayının yun döşəkcəsinə, boyalı taxta altlığına sürtürdü. Ağrımırdı. İlk dəfə idi ki, təkliyi cansıxıcı təsir bağışlayırdı. Yox, Eliso yatağını kiminləsə bölüşmək ehtirası ilə topuqlarında göynəmə, qıvraq sinəsində çırpınma hallarının ola biləcəyini ehtimal belə etmirdi. Boşboğaz bir çərənçiyə ehtiyacı vardı. Dil boğaza qoymadan üyüdüb tökə, Eliso isə isti yatağında sifətini ovcuna alıb onu dinləyərdi. Çərənçinin gülməli üz cizgiləri və tutarlı zarafatlarının olması əsas şərt idi. Uğunmaq, əlini əlinə çırparaq şaqqanaq çəkmək istəyirdi. Zümrüd dişləri otağın alaqaranlığını aydınlada bilərdi (adətən bu vəzifəni siqaret közü icra edir). Yataqda bir dəfə də çevrilib bu barədə düşünməməyi qət etdi. Ayaqları ağaca dönmüşdü. “Mən soyuqlamışam. Mən xəstəhal görünürəm”.
Dərin buludlardan süzülən yağış damcılarının səsinə oyananda səhər açılmamışdı. Ağacların oyuğundan yağışa etirazlarını bildirən sərçə balalarının civiltisi eşidilirdi. Vur-tut 4 saat yatmışdı. İsti vanna qəbul edib paltarlarını hazırladı. Düz 8 aydan sonra ilk dəfə kiminsə hələ bəlli olmayan suallarına cavab verəcəkdi. Çoxları buna müsahibə deyir.
Cənab Kutuzov tez-tez tövşüyür, qrafindəki soyuq sudan fincanını dolduraraq yanğıyla içirdi. Bu zaman onun sallaq alt dodağı daha eybəcər forma alır, ağız kənarlarından süzülən bir cüt damcı çənəsindən axıb ətli boğazını isladırdı. İri başlı bəstəboy, yoğun kişi masada istədiyi kimi dirsəklənə bilməməyinin narahatlığında sol əlini çənəsinin altından götürərək qrafinin qulpuna aparır, sağ əli ilə xəttatlara xas gözəl və iti yazısı ilə önündəki broşurada qeydlər aparırdı.
- Deməli tənha olduğunuzu boynunuzdan atırsınız. Bu gün kimi aydın olsa da...Mmm...
Kutuzov 20 il əvvəl Permdən Bakıya köçən rus ailənin böyük oğlu idi. Yaşı qırxı adlamışdı. Əməkli atasının, ulu babasının da vaxtilə jurnalist kimi fəaliyyət göstərmələrini ağız dolusu danışırdı. Ona görə, bu sənəti çoxları bacarır, yalnız vicdanlılar xatirələrdə qalırlar.
- Hə-ə, yəqin ki, doğru deyirsiniz - Cibindən ütülü dəsmal çıxarıb tərli alnını sildi. Qolları bilək hissədən yuxarıda dayanan pencəyinin əyninə olmadığı görünürdü - Xəcalət yaman şeydir.
- Kiril, - Eliso onun gözlərinə zillənib daha sonra nəzərlərini başqa istiqamətə yönəltdi - siqaret yandırmağım sizə mane olmaz ki?
- Yox, yox. Ancaq xəcalət haqqında daha nələrisə deyin. Fikrinizi dəqiqləşdirməliyəm.
Uzun ətəyinin bel hissəsisə bağladığı torbacığı xatırladan əl çantasından siqaret çıxardı. Yandırıb dərin bir udum aldı. Krujevalı boyunluğundakı ağ və yaşıl çillər ulduzlar kimi bərq vururdular. Gur, kürən saçlarını səliqə ilə yığmışdı.
- Dostum, xəcalət bizim yaşadığımız anların reproduksiyalarından biridir. Hisslərimizi dondurub şəkilləşdirir. - Açıq səmada yerləşən kafenin gənc xidmətçisini səsləyib naringi şirəsi içmək istədiyini bildirdi. - Sizdəmi içəcəksiniz?
- İsti günlərdə adi sudan savayı bir şey içə bilmirəm.
Eliso başını tərpətdi.
- Cəhənnəm və ona layiq olmayan insan haqda fikrinizi eşitmək istəyirəm. "Allah torpaqdan insanı yaratdı və onun burnuna həyat nəfəsi üfürdü". Tövrat, İncil, Quran, Zəbur...yoxsa adi içməli su?
- Naringi şirəsi - Eliso xəfifcə gülümsəyib xidmətçinin gətirdiyi şirədən içdi.
Kutuzovun qəribə gözləri vardı. Eliso onda sirli bir taledən nigaranlıq çalarları sezmişdi. O, yel xəstəliyindən əziyyət çəkirdi. Yağlı dərisində onlarla qırmızı nöqtələr, çapıqvari ləkələr vardı.
- Siz yəqin mənim danışdıqlarımı biçinçi məharəti ilə kəsib sonra qəzetdə verərsiniz.
- Müsahibənin özəyi məşhur yazıçı qadının öz təkliyinə hədsiz bağlı olması onun meşşan təbəqədən tamamilə kənar həyat yaşaması olacaq.
- Məş-hur... - Əlini saçlarına apardı. Tez düşünüb danışmağa çalışanda adətən belə edir - Kiril, qulaq asın, nə istəsəniz yaza bilərsiniz. Məni yalnız adlandırmağınızı sizə qadağan etmirəm.
- Bu görüşdən sonra ərə getmək haqda fikirləşsəniz, təəccüblənmərəm.
- ...
Eliso donqar gövdəli sərvləri, şiş uclu cökələri, aşağılarına doğru boz-yaşıl görünən liliput ağcaqovaqları bir-bir nəzərdən keçirirdi. Bürkülü iyun küləyinin zəif ritmində titrəyən yarpaqlardakı hələ qurumamış girdə damlalar boynuna, açıq çiyinlərinə düşürdü. Günəşin qaynar dilləri canlı və cansız, xoşbəxt və narazı, böyüməkdə olan və qocalmaqdan bezən nə varsa, yalayırdı. Ucları qarsılmış yaşıl otlar həyatın əslində ən sadə düsturunu - şuxluqdan tör-töküntüyə, lovğalıqdan mübhəm kədərə çevrilməyi nümayiş etdirirdi. Buranı meşə adlandırmaq olmaz - cökəlik, yanbızlarına döyə-döyə xəcalətdən tərləyən adamların vəhşi təbiətlə müqayisədə özlərinin vəhşiləşmədiklərini ifadə etmək üçün əkdiyi 50 ağacdan ibarət sahə. Bu isə Eliso üçün prinsipial əhəmiyyət daşımırdı. Buna baxmayaraq, o liliput ağcaqovaqların cökəlik üçün son 2-3 ilin qonaqları olduğunu kəsdirə bilmişdi.
- Belə, - əvvəlcə qollarını cökəyə dolayıb onun diametrini ölçdü, sonra cadar-cadar olan gövdəsində barmaqlarını gəzdirdi.
Vətənini xatırlayırdı. Yayın ilk ayında pardaqlayıb göz qamaşdıran qarğıdalı tarlalarının, ayıdöşəyi kollarının, "danışan göbələklər"in qoxusu onu səsləyir, yalnız insana əbədi dostluq vəd edirdi. Batumi çimərliklərində atasının ona "bala çömçəquyruğu" deyərək suya saldığı, qorxub ayaqlarını atasının kürəyinə sıxaraq qolları ilə boğazından yapışdığı günlər necə də əlçatmaz idi. İndi isə içində inanmadığı tanrıya və etibar eləmədiyi adamlara bir etirafı vardı: "Mən təkəm, mənim adım Təkdir".
Qəflətən ucadan fit çalan torağayın səsindən diksinib başını buladı. Günəşin artıq qüruba çəkilməsini görüb evə qayıtmağa qərara aldı. Kaş bu dəfə qayıdanda evin qapısının açıq olduğunu görəydi.
İyun, 2016-cı il