"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər
17 yanvar 2024
# 10:53

Kulis.az şair Firidun Ağazadənin şeirlərini təqdim edir.

1. Otuz ildən sonra bir payız günü

(2010-cu ilin şeirlərindən)

Yadından çıxarmısan yoxsa?

Nə olsun, yanımda yoxsan.

Otuz ildən sonra bir payız günü

Odu pərvanəyə əcəb yetirdik.

Türkün sözü, həsrətimizi

etkisiz hala gətirdik.

Füzuli demiş, ol səbəbdən

yediyim-içdiyim də

payıztəhərdi.

Bağışla, həsrətim

İstanbulun yolunu bilmir.

Onun sığındığı

İçərişəhərdi.

Payızda daha şirin -

Dilini bilirəm həsrətin.

Əzizləyə-əzizləyə

Üzünə gülürəm həsrətin.

Çoxunu bilirəm həsrətin,

Azını bilirəm həsrətin,

Hərdən

təzə qalsın deyə

Tozunu silirəm həsrətin.

2. Aeroportun VİP qapısı

“Məni ötürməyə gəlmə, onsuz da biz VİP qapıdan keçəcəyik, məni görə bilməzsən.

Bir də ki, mən nazir arvadıyam, 30 il əvvəlki sıravi aşiq nəyimə gərək?

p.s. Zarafat edirəm, çox istəyirəm, gələsən məni ötürməyə... Amma uzaqdan baxarsan”.

İllər öncə aldığım elektron mesaj

Aeroportun VİP qapısı,

Səndən bir xanım keçdimi?

Ardınca çamadan kimi,

Sürüyürdümü eşqimi?

Bir xanım burdan keçdimi,

Nazir-mazir də yanında?

Hansı xarabaya uçdu,

Özləm vardımı canında?

Aeroportun VİP qapısı,

Aşiqlik bilməzsən nədir.

Mən o qadından dəliyəm,

O məndən də divanədir...

VİP qapısı, mən gecikdim,

Barı sən ötür o qadını.

Mən sirrim ilə güclüyəm,

Niyə çəkim ki, adını?

Aeroportun VİP qapısı -

Dünyanın ən tip qapısı,

O xanım burdan keçdimi?

Denən, aparıb azdırsın

Yolunu azmış eşqimi...

3. Şəhər axırımıza çıxdı

Bir sevda qıymadı bizə,

Şəhər axırımıza çıxdı,

Hansı tində bir əğyar var,

Bizim uğrumuza çıxdı.

Sevən guya xoşbəxt-zaddı,

Gördük neçə Şəhrizadı...

İki misra şeir yazdıq -

Biri - ağrımıza çıxdı.

Sirdi bu sevgi işləri,

Vurulduq – günah işlədik?

Hətta əfsanə eşqlərin

Qanı bağrımıza çıxdı.

4. Sən bir qeyri-sabit hava

Səs eşitdim... həm səs idi, həm qeyri-səs...

M. Araz

Sən bir qeyri-sabit hava!

Qoymazsan ki, sevim səni.

Şeyda-şeyda günlərimi

Ayağına səpim sənin.

Sən bir qeyri-sabit hava,

Mən də bir az qeyri-adi.

Gecikmiş sevgi yaşadıq,

İradi - qeyri-iradi...

Sən bir az qeyri-səlissən,

Mənim də halım qeyridir.

Otuz il sonra qovuşan

Sevgilər qeyri-sevgidir.

Adı gizlin, gecə yarı

Bu zəngini necə yozum?

Qeyri-sabit əhvalında

Nədir hava proqnozu?

Sən bir qeyri-sabit hava,

Bu halını sevirəm mən.

Qeyri-səslə bu danışan

Həm sənsən, həm də qeyri-sən.

Heç bilmirəm, bu istəyin

Kim düzüdür, kim - əyrisi.

Bakıdan xəbər gətirməz

“Badi-səbadan qeyri”si.

Bakıda qeyri-iş günü,

Amsterdamda - gecə yarı.

Sən yatırsan indi yəqin,

Yuxuda gör məni, barı.

5. Yalançının!

Deyək ki, mən düz demirəm,

Doğru vədim yalan çıxıb.

Sən heç kəsi öpməmisən?

Yalançının..!

Yalançının..!

Məgər deyilsən fərqində? -

Bəyaz Zanbaqlar Parkında

Fırlanıram qəm çarxında...

Halım sənə yabançımı?

Manafü...

Manafü-Elzavü-Nadir...

Yaman çoxalıb, hər nədir,

Nəməri sel kimi gəlir

Çalğıçının, çalançının.

Başdan oldu ya axırdan -

Cilamız itib paxırda.

Kimlərdi başa çıxardan

Palançını-malançını?

Dəyişib sözün də yönü,

Əzəlki işığı sönüb,

Lafı and yerinə dönüb

Hərzəkarın, hədyançının.

Kimi dersən, rüşvətxordur,

Məgər birdir, beşdir, ondur?

Adını da çəkmək olmur

Filan-filan filançının.

Gərçi bir Şah Abbas ola,

Həm təğyiri-libas ola,

Görə, gözlərini ova

Talançının-malançının.

Türkiyə üçün bir dua

TRT-Haber diyor:

“Kahramanmaraşda

Ekipler zamanla yarışda!

Daha bir mucize -

Beş gündən sonra

Bir beton divar daha yarıldı,

Enkazdan üç kişi daha çıkarıldı...”

Ulaş, türk oğlu,

Beləcə ən dərin qatlara ulaş,

Deprem qatlarında imdad gözləyən

həyatlara ulaş!

Əsirgəmə gücünü, mərhəmətini!

Onsuz da tarix boyu

sənin çiyninə düşmüş

işin ən çətini.

Bu gün də belə!

Türk olmaq zor!

Göstər dünyaya əzmini, göstər!

İnsanlıq mücadiləsində

Firəngə, farsa

Türkün tərzini göstər!

Başın sağ olsun, Türkiyə!

Yaraların sağalsın Türkiyə!

Vaqif Mustafazadənin fantaziyalarını dinləyərkən

Yağışdan sonra yeddi rəngdə

Çiçəkləyən göy tağları

Fantaziya soraqlayır.

Yəqin o yağış Vaqif Mustafazadədir.

Ay işığında

Prospektin o tayında

Səkkizinci mərtəbənin

Tül pərdəli otaqları

Fantaziya soraqlayır.

Ay işığı Vaqif Mustafazadə olub yoxsa?

Gün işığında

Gümüş-gümüş gümüşlənən

Şehli vələsin yarpaqları

Fantaziya soraqlayır.

Gün işığı

Vaqif Mustafazadə olmaq istəyir yəqin.

Fevralda Şüvəlanda

Bağ evlərinin

Külək döyən çardaqları

Fantaziya soraqlayır.

Külək Vaqifi yamsılayır əlbət.

Çırmalayıb balaqları,

Atıb Kürə qarmaqları,

Vallah, billah, balıq tutmur –

Neftçalanın uşaqları

Fantaziya soraqlayır.

Neftçalanın uşaqları

Vaqif Mustafazadə olub, deyəsən.

Romantikin sosial qayğısı

Bu necə yazıdı, bu necə pozu? -

Kolxozla doluydu ölkə,

İndi bircə kolxozumuz qalıb –

“İvanovka” kolxozu.

Kərəm Ərzurumda qaldı,

Yusif - Misirdə.

Aşiq nə gəzir iyirmi birinci əsrdə?

Heç aşiqlik yeridir?

Millət vəkilləri təlaşdadır –

Büdcə qalıb kəsirdə.

Həmkəndlim

Sovet vaxtı şəhərdə gözətçisi olduğu dükanlardan az tapılan mallar götürüb

kənarda baha qiymətə satırdı.

Kənddə kiminsə çobanı idi,

Kiminsə mehtəri.

Şəhərdə dükanlar gözətçisi oldu,

Dördcə sinif bitirmiş

Bu cahil polis nəfəri.

Bu qafil polis nəfəri.

Dünən avtobus dayanacağında

məni görcək yaxınlaşdı.

Əvvəl bir az xosunlaşdı,

Sonra cibindən bir xışma pul çıxarıb

Xəlvət göstərdi mənə.

“Gör nə qədər pulum var?!” – dedi.

Dedim, mən də qonorar alacağam

sabahda-zadda.

Pullarını qatda,

qoy cibinə.

Şəhər çox biganədir,

Toxsan, acsan – kimə nə?

Şəhər - kiminə alver puludu,

Qonorardı - kiminə.

O xanım da müğənni oldu

Ay cığalı, telli xanım,

Ay qarışqa belli xanım,

Dünənki müəllim xanım,

Müğənni oldun səndəmi?

“Dəcəl meymun, çolaq ayı...”

Dəstək verən - ulaq dayı.

Xalqı barmağa dolayıb

Yaman tutmusuz gündəmi.

Şou biznesin nömrə biri...

Kiri, zalım qızı, kiri!

Qalayasan bir təndiri,

Deyəsən, al, yap kündəni.

Ali məktəb, keçid balı

İmtahan Mərkəzi hər il endirir

Ali məktəblərə qəbul balını.

Yoxsa küt başlara tapşıraq gərək

Yurdun sabahını, istiqbalını?

Keçid ballarını endirmək ilə

Hansı keçidləri keçə bilərik?

Bilik dəryasının hikmətlərini

Endirim bal ilə necə bilərik?

Çətindir sabahın imtahanları,

Zamanın onsuz da sınağı çoxdur.

Uzaq mənzillərə qüvvəsi çatmaz,

Kimin ki, keçici bayrağı yoxdur.

Endirim dükanda, bazarda olar,

Endirim olarmı ağıl-kamalla?

Sabaha yürüyən millətlər içrə

Necə ayaqlaşaq endirim balla?

Keçid ballarını aşağı salmaq

Nə ali məqsəddir, nə ali mətləb.

Bu yurdu dünyaya tanıtmaq üçün

Parlaq ağıllar ver, ay ali məktəb!

Savada, biliyə endirim olmaz,

Kim endirim balla nə qayıracaq?

Endirim biliklə yola çıxanlar

Ya zurnaçı olar, ya nağaraçı.

Bənənyarski – Tofiq Hacıyev

Ali məktəbdə qiymət kitabçama ilk “kafi”ni Bənənyarski, ilk “əla”nı professor Tofiq Hacıyev yazdı.

Bir az tosqun, bir az dazdı

Dosent Bənənyarski.

İlk semestrin ilk imtahanında

Mənə “kafi” yazdı

Dosent Bənənyarski –

Guya tarixi bilmirəm.

Tərs oğlu tərsdi,

Əlaçılığa yolumu kəsdi.

Sonra professor Tofiq Haciyev

Dilçilikdən mənə bir “əla” yazdı.

Düşdüm dillərin içinə,

Ayların, illərin içinə...

Qiymət kitabçamda yanaşı duran

O birinci “kafi”, birinci “əla”

Ömrümün ikirəng əlamətiymiş.

Sonralar bildim ki, bu iki qiymət

Həyatın əbədi ziddiyyətiymiş.

Pis də yadda qalır, yaxşı da, əlbət

O illər həm şirin, həm də acıdı.

Vay səni, vay səni, Bənənyarski!

Eşq olsun, eşq olsun, Tofiq Haciyev!

Fikrət Qocanın kötücəsi

Xalq şairi Fikrət Qocanın nəvəsi ABŞ Silahlı Qüvvələrinin zabitidir.

Qloballaşma haqda fikirləşəndə

Qəribə fikirlər gəlir ağlıma.

Barmağımı tətik kimi sıxıb alnıma

Düşünürəm, sən işə bax,

Demək, sərhədlər itir,

Dünya qloballaşır,

Vahid bir məkan olur.

Demək, onda dünya kimi

Zaman da qloballaşır,

Bütöv bir zaman olur...

Demək, innən belə bu zaman nəhri

Keçib sərhədlərin yeddi qatından

Axar qlobal-qlobal.

Dünya bir qlobal pəncərədir,

Hər gələn

Baxar qlobal-qlobal.

Belə qloballaşma nəyimə kar?

Əgər bu gün qızmış ağıllar

Qəzzədə ərəbin evini

Yıxar qlobal-qlobal?..

Zaman da qloballaşır,

Yəni, məsələn,

Babamın babasının babası,

Yəni mənim

yeddi arxa dönənim

Şah Xətai zamanında yaşasa da,

Zamanı mənimlə eynidir, demək.

Yəni bu minvalla, Fikrət Qocanın

bu gün Amerikada yaşayan

nəvəsinin nəvəsinin nəvəsi -

Kötücəsi ya yadıcası

Birdən o qədər yadlaşdı ki,

Beş yüz il sonra

Düşmən kəsildi bizə,

Bomba atdı Təbrizə?..

Ey digital dünya!

Bu qədər yadlaşma kimə gərəkdir?

Kimə lazım belə uzaq yadlaşma?..

Belə qloballaşama?..

Eh, nə bilim, bu da bir sirr,

Yaxşısı bizim məsəldir:

Səksən, doxsan,

Bir gün yoxsan.

Məgər görmürsüz?

Düşük aparıcı və müğənnilər televiziya ekranlarını başına alıb

Hər gün görünürsən televizorda,

Bura sənin üçün Şeytantəpədir?

Ağzına gələni deyirsən orda,

Fonoqram oxursan – dodaq tərpədib.

Bu mavi ekranı kim verib sizə?

Bu boyda meydanı kim verib sizə?

Alimlər, alimlər getdi ekrandan,

Şairlər, şairlər getdi ekrandan,

Cahillər, cahillər doldu ekrana,

Qafillər, qafillər doldu ekrana.

Məgər görmürsüz?

Gör neçə zaurlar, zaur kimilər

O gözəl ekranı vağzal eləyib.

O çiçək ekranı, kövrək ekranı

Gəvəzə manıslar işğal eləyib,

Kanaldan-kanala qaçırlar hər gün.

Avara, hərcayı diringilərlə

Gör necə qol-qanad açırlar hər gün.

Məgər görmürsüz?

O yapma dodaqlı, saxta yanbızlı,

Veyil düşüncəli aparıcılar.

Özü kimisini səhnəyə dartıb

Ölkə ekranını qəsb eləyənlər.

O boynu zəncirli, yaxası qıllı,

Hamı bazburutlu, hamı saqqallı,

O şou biznesin nömrə birləri,

Nömrə ikiləri, nömrə beşləri

Səhərdən-axşama çalıb-çağırır,

Hər gün ruhumuza qəsd eləyirlər.

Məgər görmürsüz?

Hanı ictimai xadimlər, hanı?

O Şövkət, Rübabə xanımlar hanı?

Bu zəvzək, rəqqasə aparıcılar,

Bu erkək, məşşatə aparıcılar

Ekranı başına alıb, ay aman!

Gör ekran nə günə qalıb, ay aman!

Məgər görmürsüz?

Səhər – aparıcı, axşam – müğənni,

Bu düşük oxular sənətdir yəni?

Həftədə yeddi gün, iyirmi dörd saat

Qondarma, bayağı işvəsi ilə,

Dilimə yad olan şivəsi ilə

O xanım bizləri hara aparır?

Onun kəşkülündə bir qum da yoxdur,

O nəyi aparır, hara aparır?

Məgər görmürsüz?

Belə sənət olmaz, belə iş olmaz,

Şairin yazdığı böyük mənalar

Gör bu gün kimlərə qulluq eləyir.

Lütfən, bu müğənni qafiləsini

Durdurun bir az.

Neçə həkim xanım, müəllim xanım

Dağıdıb gül kimi ailəsini

Bu mavi ekranda dulluq eləyir.

Məgər görmürsüz?

Sənət dahiləri, söz dahiləri

Bir düjün meyxana avarasına

Verib bu ekranı hara getdilər?

Azıb meyxanaya, bara getdilər?

İndi xan sözümüz dəllal günündə,

İndi şah nəğməmiz meyxana olub.

Vallah, baxmaq olmur ekrana daha

Vallah, televizor şeyxana olub.

Məgər görmürsüz?

# 9980 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #