Tut ağacı – Hekayə

Tut ağacı – Hekayə
16 may 2021
# 18:39

İllərdir adət etdiyi kimi qış gəlməmiş qar pəncərəmizi döyməyə başlamışdı. Ağaclarda qalan tək-tük yarpaqlar soyuq və əsəbi küləyin qorxusundan ağacları tərk edir, öz aralarında yarış keçirirmiş kimi bir birini ötərək uzaqlara uçurdu. Şaxta adamın nəfəsini kəsirdi. Həyətimizdəki tut ağacının budaqları əsəbi halda pəncərəmizi döyür, otağa vahiməli bir səs salırdı.

Günlərdir qardaşım bərk soyuqdəymədən yatağa düşmüşdü. Bədənin sakitlik, dinclik tələb elədiyi bir vaxtda çöldən gələn səs əsəblini iki qat artırırdı.

- Kişiyə yüz dəfə dedim, havalar soyuyunca pəncərələri dəyişək. Məhəllədə taxta pəncərəli bircə ev qalıb, o da bizimki. Budaqlar pəncərə şüşələrini yox, elə bil mənim qulağımın dibinə sürtünürdü. Vaxtında dəyişsəydik, azından bu vəhşi havanın boğuq uğultusunu eşidərdik. Belə açıq-açığa qulağımızı dəng etməzdi.

Qardaşım deyinə-deyinə var gücü ilə əllərini dayayıb yataqdan durdu.

- Ana, pencəyimi gətir, aşağı düşürəm.

Öskürəyini güclə boğurmuş kimi danışırdı.

- Məsud, qızdırma içində yanırsan bala, bu havada niyə çıxırsan çölə? Nə lazımdırsa de, biz edək, bax nənən, mən bacın hamımız burdayıq. Hardadırsa atan da gələr indi.

Qardaşım atamdan az-çox çəkinirdi, anamı heç vaxt dinləməzdi.

Məsud əsəbi halda öskürə-öskürə nərdivanı tut ağacının dibinə gətirdi. Zirzəmidə babamdan qalma mişar var idi. Yataqdan durmağa taqəti güclə çatan Məsud həmin mişar ilə ağaca çıxaraq ağacda bir sağ budaq saxlamadı. Bütün budaqları kəsik-kəsik elədi. Bu vaxtı deyiblər, güc bir əsəbi adamda olar, bir də dəlidə.

Anam yalvarsaydı, Məsud ağaca çıxmazdı. Bütün ailəmiz o ağaca heyfsilənirdik. Kim idi bizi dinləyən, dediyimiz sözlər Məsuda çatmamış külək aparırdı.

Üç il olardı o ağacdan məhsul götürürdük. Hər il iyun gələndən bar verənə qədər hər həftə yelkən sərərək budaqların silkələyər, yığılan tutdan bəkməz hazırlayardıq. Hər il 4/5 balon bəkməz hazırlayardı anam. Məhsulu Rusiyayada satıb götürdüyümüz pula öz tədarükümüzü görərdik. Kəsik-kəsik olan budaqlara baxa-baxa şirin xatirələr canlanırdı xəyalımda. Sanki doğma nəyisə itirmişdim. Yanağımda istilik hiss etdikdən sonra özümdən xəbərsiz gözümdən yaş axdığını gördüm.

Qardaşım yuxarı çıxanda hamı ona qəzəblə baxırdı. Anam qəzəbini sıxa-sıxa “neylədin ay bala, o ağac sənə neyləmişdi? Atan gələndə nə cavab verəcəksən?”, deyib qardaşımın arxasınca yüyürürdü.

Qardaşımın yanaqları qızarmış, öskürəkdən bədənini düz saxlaya bilmirdi.

...Günlər keçdi, havalar da mülayimləşir, külək səngiyirdi. Qardaşım xeyli sağalmışdı. İynə dərmandan sonra iştahsızlıq, halsızlıq, qızdırma yox olub getmişdi. Həftələrdir davam edən öskürəyini isə heç bir dərman kəsə bilmirdi. Atam öskürək əleyhinə ən bahalı dərmanlardan alıb gətirmişdi, ancaq bu dərmanların qardaşıma xeyri olmurdu.

Bir gün şəhərdəki əmim atamı yığıb Məsud üçün öskürək kəsici dərman yolladığını dedi: “Burda bir həkim-professor var, onun məsləhəti ilə almışam təbii dərmandır, iki üç günə mütləq kəsəcək”.

Atam həmişə dərman qəbulundan öncə hökmən qutunun içindəki kağızı oxuyardı. Ana maraqla atamın başında durmuşdu.
- Tərkibi nədir ay kişi?
- Heçnə. Heç bir kimyəvi qatqısız, təbii yolla alınmış bəkməz.

Evimizdə balonlarla bəkməz ola-ola aptek gəzib dərman axtarırıq. Xoşbəxtlikdən pandemiya ilə bağlı yollar bağlı olduğundan bəkməzlərimizi satışa çıxara bilməmişdik. Anam qardaşıma gündə üç dəfə evimizdəki bəkməzdən verməyə başladı Məsudun 3-cü gün artıq öskürəyi yavaşımış, beş gündən sonra tamamilə kəsilmişdi.

O yaz dörd tərəf yaşıllaşdı, bircə tut ağacımızdan başqa. Qardaşımı hər gün həyətə baxan pəncərədə görürdüm. Xəcalət çəkişirmiş kimi fikirli-fikirli gözlərini kəsilmiş gövdədən çəkməzdi.

Xavər Şəfiyeva

# 6438 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #