Ehsan süfrəsi, plastik stullar, çil-çil xala

Ehsan süfrəsi, plastik stullar, çil-çil xala
7 iyul 2021
# 18:55

Kulis.az İmarət Cəlilqızının "Qoşa fincan" və "Ehsan süfrəsi, plastik stullar, çil-çil xala və s." adlı hekayələrini təqdim edir.

Qoşa fincan

O zamanlar atam sanatoriyalardan, kurortlardan qayıdanda bizə cürbəcür hədiyyələrlə yanaşı, üstü yazılı qablar, suvenirlər də gətirərdi. Uşaqlıq xatirələrimin içində üstü zərli hərflərlə yazılmış iki fincan da var.

Bu fincanlar həmişə servantın üstündə olurdu. Birinin üstündə “Oğlum Həsənə atasından hədiyyə”, o birisinin “Qızım Reyhana atasından hədiyyə” sözləri yazılmışdı. Lap aşağıda “Qaqra” sözü və mənim doğum tariximdən iki il əvvəli göstərən tarix qeyd edilmişdi. Servantın alt gözündə üzərində zərlə anamın adı və yenə həmin tarixin qeyd olunduğu bir dəst nəfis boşqab da vardı. Mənim işim isə o boşqablarla deyil, servantın üstündəki həmin o iki fincanla idi. Tez-tez gedib onları əlimə alar, üstündəki yazıları oxuyar və qibtə ilə köks ötürərdim…
Mən hərfləri çox tez öyrənmişdim deyə harada nə yazı görsəydim, oxuyurdum. Fincanların üstünü ilk dəfə oxuyanda cəld anamın yanına qaçıb ondan soruşdum ki, bəs, atam mənə niyə üstünə adım yazılmış fincan gətirməyib?

Anam dedi:
- Qızım, sən onda hələ anadan olmamışdın axı.
Mən bu cavabla razı düşməyib dedim:
-Nolsun ki?.. O yazdırıb gətirəydi, iki ildən sonra anadan olasıydım da mən.


Anam mənim bu sözlərimə ucadan güldü, məni bərk-bərk qucaqlayıb bağrına basdı, saçlarımdan öpdü. Elə bildim, məni ovutmaq üçün belə edir.
Amma mən ovunmayıb şikayətləndim:


- Qaqaşnan bacının üstündə adları yazılmış fincanları var, amma mənim yoxdur. Niyə?!..


Bu sözləri deyərkən ağlamağa dolurdum. Mənə elə gəlirdi ki, atam böyük bacı-qardaşımı məndən daha çox istədiyinə görə onların şəxsən adına xüsusi hədiyyə alıb, mənə isə yox (bəzi böyüklərin belə başa düşmədiyi bir həqiqəti balaca uşaq olan mən necə anlaya bilərdim ki, sevginin böyüyü, kiçiyi, çoxu, azı olmur, sevgi müstəsna bir duyğudur: o ya var, ya da yoxdur, atanın sevgisi isə olmaya bilməz).

…Sonralar atam səyahətlərdən qayıdanda yenə hamımıza üstü yazılı-yazısız suvenirlər, aksesuarlar alıb gətirərdi. Mən də bir az böyüyəndən sonra anamın o vaxt mənim sözlərimə niyə güldüyünü, mənim uşaq saflığıma qarşı o sevgi, o riqqət dolu davranışının mənasını anlamışdım, amma bununla belə mənim üstünə adımın yazıldığı fincan həsrətim eləcə ürəyimdə qaldı. Ondan sonra mənə hər il üstünə zərlə adım yazılmış bir fincan bağışlasaydılar belə, bu, yenə ürəyimdəki o həsrəti əridə bilməzdi, çünki o həsrət mənim fincanların sırasında özümə aid olan birisini görmədiyim anda cızılmış uşaq könlümün çatları arasına dolub orda bərkimişdi.

Ehsan süfrəsi, plastik stulla, çil-çil xala və s.

İş yoldaşımızgilə hüzrə getmişdik. Başsağlığı verib qadınlar üçün ayrılmış otaqdan çıxıb həmişəki kimi istər-istəməz həyətdə qurulmuş çadıra doğru yönəlməli olduq. Yas məclisləri ilə, ehsan verilməsi ilə bağlı dəfələrlə verilmiş məlum tövsiyələrə baxmayaraq, yenə də plov qazanları və masaların üstü dolu idi.

Yas yerlərində yemək yeyə bilmirəm, çayı içmək isə mənimçün əsl cəzadır: canımı dərd götürür ki, ay Allah, indi mən bu yaxşı yuyulmamış, ala-ötəri yaxalanmış stəkandan çayı necə içim? (qoca xalam bu içi-qucu xasiyyətimə görə mənə "ay keçinin qoturu, elə ona görə bu gündəsən" deyir) Çay buğlanır, mənsə həmişəki kimi ixtiyarsız olaraq ətrafı müşahidə edirdim: qadınların üzlərinə, saçlarına, örpəklərinə, əllərinə, xüsusən dırnaqlarına baxırdım.

Bir dəfə lap uşaq olanda anam mənə xörək bağlaması verib doğum evinə bir qohum xalanın yanına göndərmişdi. Gələnləri, təbii ki, içəri buraxmırdılar və xala gətirdiyim bağlamanı qapıdakı gözlükdən götürüb arxasında mənim görmədiyim harasa, yəqin ki, kətilin ustünə qoydu və məndən hal-əhval tutmağa başladı. Bu qohum xalanın üzü əvvəldən də təəccüblü dərəcədə çilli idi, indi bu çillər daha da qaralmışdı və lap qabarıq nəzərə çarpırdı. Yəqin ki, bu, hamiləliklə bağlı imiş, amma uşaq olduğum üçün o zaman mən bunu başa düşmürdüm və onun üzünə baxaraq düşünürdüm ki, oy, nə çirkin xaladır. Belə düşündüyüm anda gözlərim qəfildən onun barmaqlarına sataşdı: xala gözlüyün aşağı kənarından tutub, bir növ gözlüyə dəstəklənib danışırdı və hər əlinin dörd barmağının ucu qapının çöl tərəfində idi. Gözlükdən görünən bir üzü idi, bir də bu barmaqlar. Mənim nəzərlərim bir neçə an bu barmaqlarda ilişib qaldı: qadının üzü ilə müqayisədə bu barmaqlar və dırnaqlar elə ağ, təmiz və yaraşıqlı idi ki, adam inana bilmirdi ki, bu sifət və bu barmaqlar eyni bir adama məxsusdur.

Mənə elə gəlir ki, adamların əllərinə və dırnaqlarına diqqət etmək vərdişimin əsasi elə o vaxtdan - o çil-çil üzlü xalanın əllərinin nəzərlərimi cəlb etdiyi o gündən qoyuldu).

Ətrafı müşahidə etdiyim dəqiqələrdə çadıra daha bir neçə qadın daxil oldu. Onlardan birinin çəkisi ən azı yüz kilo olardı. Mənim müşahidəçilik vərdişim özümdən asılı olmadan yenə işə düşdü və nəzərlərimlə o qadını izləməyə başladım. Qadın masanın ətrafına düzülmüş plastik ağ stullardan birini kənara çəkib narahatlıqla baxdı, əli ilə möhkəmliyini yoxlayıb ətrafındakılara izahat verirmiş kimi dedi: "Mən ağır adamam axı. Bunlarda oturanda qorxuram ki, birdən qırılar, yıxılaram".

Mən hiss etdim ki, dodağım qaçmaq üçün starta yaxınlaşır, onu bir təhər geri qaytardım, içi su ilə dolu stəkana dəstə ilə qoyulmuş qaşıqlardan birini götürüb içinə heç nə tökmədiyim çayımı ehmalca qarışdırdım. Bu dəmdə yanında dəsgahı ilə plov gəldi. Müəllimələrdən biri qarşımdakı boşqabı götürüb mənə plov çəkmək istədi. Mən tez onun əlindən boşqabı alıb dedim, "narahat olmayın, narahat olmayın, özüm çəkərəm". Çayı araya salıb birtəhər yola vermişdim, amma xörəyi yola verə bilməyəcəyimi anlayıb boşqabıma bir-iki qaşıq düyü tökdüm. Elə bu dəmdə gözüm bayaqkı toppuş qadının boşqabına sataşdı: boşqab təpələmə düyü və ət tikələrilə dolu idi və qadın ümumi qaraltı boşqabından hələ yenə də nəsə seçirdi. Mən onun boşqabına baxa-baxa qalmışdım, düşünürdüm ki, bu qadının bayaqkı yıxılmaq qorxusu hara, az qala boşqabından daşıb - tökülən bu qədər yemək hara? Etiket yol versəydi, yeri vardı, deyəsən ki, "a bacı, sən heç altındakı stulun qırılacağından qorxan adama oxşamırsan." Sonra öz boşqabımdakı düyüyə baxıb başqa şey düşündüm. İnsanların həddindən artıq çox yeməsini anormal hal sayıram. Bacım isə özü də, mənim qədər olmasa da, hər halda az yeyən birisi olmasına baxmayaraq, bu fikrimə qarşı deyir ki, "əslində sənin çoxyeyən saydığın adamlar normal qidalanırlar e, a bala. Anormal yeyən sənsən, onlar deyil".

Bilmirəm, hansımız doğru fikirdəyik, amma bir məsələ mənə gün kimi aydındır ki, "çox yemək adamı az yeməkdən də qoyar" müddəası doğru fikirdir. Üstəlik, bu deyimin təkcə birbaşa deyil, həm də mövcud olan bütün məcazi anlamlarında.

# 7840 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
#
#
# # #