Kulis.az Oskar mükafatını qazanan, lakin ondan imtina edən, mərasimə qatılmayan sənət adamlarının siyahısını təqdim edir.
Marlon Brando
1972-ci ildə çəkildiyi “Xaç atası” (“The Godfather”) filmindəki Don Karleone obrazına görə “Ən yaxşı aktyor” kimi “Oskar” mükafatı qazanmışdı. Ancaq Brando mükafatdan imtina edir. Buna səbəb o dövrdə Amerika hökumətinin hindulara qarşı apardığı siyasət idi. Məhz buna görə Brando mərasimə qatılmır.
Roman Polanski
“Pianist” filminə görə 2003-cü ildə Oskar qazanmışdı. Mərasimdə iştirak etmədi. Ancaq iştirak etmək istəsə belə, mümkün olmayacaqdı. Çünki hələ də uşaqlara etdiyi cinsi zorakılıq ucbatından Amerikada axtarılır. Mükafatı Polanskinin yerinə Harrison Ford qəbul eləyib.
Maykl Keyn
“Hannah və bacılar” filminə görə qazandığı Oskar mərasiminə qatıla bilməmişdi. Çünki o vaxt sıfır xal alan “İntiqam” filmini çəkməyə başı qarışmışdı. 2000-ci ildə isə ən yaxşı kişi roluna görə Oskar qazandı və bu dəfə mərasimə qatıldı.
Elizabet Teylor
O vaxtı həyat yoldaşı ucbatından Oskar mükafatına sahib ola bilmədi. Dörd dəfə mükafatı uduzan həyat yoldaşı Burton Elizabeti mərasimə getməməsi üçün dilə tutur. Nəticədə ən yaxşı qadın roluna görə mükafat qazanan Elizabet Teylor akademiyaya təşəkkür məktubu yollayır və mükafata sahib ola bilmir.
Vudi Allen
Məşhur rejissor heç vaxt mərasimlərə qatılmadığını deyir. Dəfələrlə ən yaxşı kişi rolu, ən yaxşı ssenari, ən yaxşı film nominasiyalarına görə mükafat qazansa da heç vaxt mərasimlərdə iştirak etməyib. Yalnız 2002-ci ildə bu xasiyyətindən əl götürür: 11 sentyabr hadisələrinin ardınca New-Yorkda çəkilən filmləri tanıtmaq üçün mərasimə qatılmışdı. Vudi Allen mükfatlar haqqında bunları söyləyib: “Mükafatların hamısının konsepti axmaqlıqdır. Başqa insanların meyarlarını qəbul etmirəm. Çünki sizi layiq gördükləri zaman mükafatı qəbul edirsiniz, mükafatı haqq etmədiyinizi düşündüyünüzdə də bunu qəbul etməyiniz lazım gəlir”.
Pol Nyuman
Altı dəfə namizədlikdən sonra nəhayət 1987-ci ildə Oskar qazanan aktyor mərasimdə iştirak etmir. Onun açıqlaması: “Bu gözəl bir qadının arxasınca 80 il qaçmağa bənzəyir. Axırda qadın yumşalır. Sən isə deyirsən ki, bağışla, çox yoruldum”.
Ketrin Hepbern
Dörd dəfə Oskar mükafatı qazanıb. Heç vaxt mərasimə qatılmayıb, amma mükafatdan da imtina etməyib.
Elis Breydi
1937-ci ildə “Qədim Çikaqo” filmindəki roluyla ən yaxşı köməkçi qadın aktyor mükafatını qazanıb. Elis mərasimə qatılmadı. Mükafatı onun yerinə başqası aldı.
Corc Kempel Skott
“Patton” filmində ən yaxşı aktyor namizədliyini rədd etdi. Və akademiyaya bildirdi ki, əgər ən yaxşı aktyor adını qazansa, bunu qəbul etməyəcək. Oskarı qazandı, amma yenə də imtina etdi.
Uill Smit
Üst-üstə “ağlar”la savaşdı. Mükafatları həmişə boykot etdi.
Jan Lyuk Qodar
Bir neçə il əvvəl Oskar Akademiyası Qodara kinodakı əməyinə görə mükafat versə də rejissor mərasimə qatılmadı. O, bir parça metala görə okeanın o tayına uçmaq niyyətində olmadığını deyib. Amerika qəzetləri isə Akademiyanı antisemit baxışlarına görə rejissora mükafat verməməyə çağırsa da, Akademiya Qodarı onsuz da mükafatlandırdı.
Terens Malik
Oskara heç qatılmayıb. Və qatılmaq da istəməyib. Namizəd olduğu “The Tree of Life” görə də mükafatı ala bilməyib.
Stenli Kubrik
Bilindiyi kimi, Stenli Kubrik heç vaxt ən yaxşı rejissor mükafatını qazanmayıb. Amma “2001: A Space Odyssey” filminə görə ən yaxşı vizual effekt Oskarı qazanıb. Kubrik mərasimdə iştirak etməyib. Onun yerinə mükafatı Diahann Karol və Burt Lankaster qəbul edib. Hətta mərasimdə bir zarafat da ediblər: Kubrikin Marsda çəkilişlərə davam etdiyini deyib mərasimə yumor qatıblar.