Kulis.az Ramilə Qurbanlının Yuri Vornovski ilə müsahibəsini təqdim edir:
Yuri Vornovski imzası filmlərin titrlərindən tanışdır. Kinooperatordur. Əksər Azərbaycan filmlərində rejissorun sağ əli. Bir də “Dəli Kür” filminin Sovet senzurasının kəsib atdığı plyonkasını saxlayan adamdır.
- Oxucuya sizi başqa necə təqdim etmək olar. Kimdir Yuri Vornovski?
- Öz atamın oğluyam, o, da Vornovskidir. Azərbaycana necə düşüb? Bax, bu maraqlıdır. Anam Sabunçudandır, yəni köklü bakılıdır. Yarı rus, yarı polyakdır anam. Atam litvalıdır, vətəndaş müharibəsi illərində Bakıya gəlib. Sank-Peterburda Aviasiya məktəbində aviasiya mexanikliyi oxuyub.
Daha doğrusu Azərbaycan yaxşı aviasiya mütəxəssisi axtarışında atamı tapıb gətirib. Atam müharibədə də olub, çox maraqlı bioqrafiyası var. İki müharibə görüb. Sonralar uzun illər Bakıda Azneft Zavod Tikintidə işləyib. Mən uşaq olanda atamın iş yerinə çox gedərdim. Ancaq kommunist olmayıb. Qardaşı Litvada kommunist idi.
- Qohum-əqrabanız Litvadadır demək?
- Ata qohumlarım ordadır. Burda anamın qohumlarıdır, onların da bəziləri köçüblər digər ölkələrə. Biz ailədə üç uşaq idik, biri də müharibə vaxtı öldü. Bacım indi çox yaşlıdır, ona mən baxıram. 90-cı illərdə onun övladları da çıxıb getdilər.
- Bəs, siz neynəyirdiniz 90-cı illərdə?
- Kino çəkirdim. Mən gözümü dünyaya açandan kinonu sevmişəm. Nərimanov rayonunda 66 nömrəli məktəbdə oxuyurdum. Məktəbi bitirən kimi məni başqa bir yoldaşımla göndərdilər kino kursuna. Təhsil nazirliyinin nəzdində elə bir kurs fəaliyyət göstərirdi o zaman. Kinoya texniki işçilər hazırlayırdılar. Oranı bitirəndən sonra Politexnik institutunun avtomobil nəqliyyatı fakültəsinə qəbul olundum. 3-cü kursda oxuyanda birdən-birə qərar verdim ki, gedirəm Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutuna. Ayaz Salayevlə eyni dövrdə təhsil aldıq orda. Hər ikimiz göndərişsiz getmişdik, öz xəttimizlə. Kinooperatorluğu başa vurdum, həm də qiyabi oxuyurdum. Bakıda filmlərin çəkilişləri ilə məşğul idim artıq. Müəllimim İqor Boqdanov Bakıda film çəkirdi, “Babək” filmini. Həm də müəllimim mənə dedi ki, əyanidə cəmi 5 yer var, beşi də kim olacaq artıq məlumdur. Sən ver qiyabiyə ki, qəbul ola biləsən. Onun tələbəsi oldum və qiyabi təhsil almağıma buna görə təəssüflənmirəm. “Babək”də ikinci operator oldum. “Dədə Qorqud” filmində işlədim. Kurs işimi də Bakıda çəkdim.
- İlk müstəqil işiniz hansı oldu kinoda?
- Birinci Moskvada debüt çəkdim. Bakıda Ramiz Əzizbəyli ilə “Pirverdinin xoruzu” quruluşçu operator kimi ilk işim oldu. Azərbaycanda ilk debütü mən çəkmişəm. Əslində debüt filmlərin operatoru peşəkar olmalıdır, amma dostum Ramiz Əzizbəyli mənə etibar etdi. Özü də kinoda təzə idi, rejissor kimi ilk debütü idi.
Natiq Rəsulzadənin “Mələyə inanmayın” hekayəsini oxudum çox xoşuma gəldi, rejissorsuz təkbaşına özüm onu kurs işi kimi çəkdim. Özünün də xoşuna gəldi. Həyatda mənimki gətirib, qarşıma həmişə yaxşı insanlar çıxıb. Həsən Seyidbəyli kimi, Eldar Quliyev kimi.
- “Nəsimi”də işləmisiniz Həsən Seyidbəyli ilə?
- Assisent idim, ikinci operator funksiyasını da yerinə yetirirdim. Çox əməyim var “Nəsimi” filmində. “Dəli Kür”də ikinci operator olmuşam, amma əməyim çox olub.
- “Dəli Kür”ün operatoru sizin müəlliminiz idi də, Boqdanov?
- Bəli, o, çəkirdi.
- “Dəli Kür”ün Sovet senzurasının qayçıladığı epizodları necə oldu siz saxladınız?
- Ziya Şıxlinski onu düzgün ifadə etməmişdi o zaman, demişdi ki, guya mən o epizodu oğurlayıb saxlamışam. Mənim o sözlə heç bir əlaqəm yoxdur, oğurluq etmək istəmərəm və eləmərəm. Sadəcə plyonkalara nəzarət ikinci operatorun vəzifəsidir. Plyonka sexinə gələndə gördüm ki, kəsilmiş plyonka var, həm də “Dəli Kür”dən. Orda Olya adında qız işləyirdi, soruşdum ondan bu nədir? Dedi onu yandırmağa veriblər. Dedim ver bunu mənə. Dedi götür, amma heç kimə göstərmə. Dedim de ki, yandırdın. Mən o plyonkaya ideoloji baxımdan yanaşmamışdım, o vaxt bu heç ağlıma da gəlməzdi. İsmayıl Şıxlı ilə naturanı bir yerdə seçmişdik. Çobanyastığı döşənmiş Kür qırağındakı o yeri çox sevmişdik. Dərhal çəkilişləri ora saldıq. Epizod da gözəl alınmışdı. Həmin epizodu kəsmişdilər. Sırf sənət baxımından heyfim gəldi. Düzdür, kinonun mahiyyəti də o kadrla dəyişirdi. Adam torpaq üstündə qətlə yetirilir, kəsib eləmişdilər guya qadın üstündə öldürülür. Seyidzadə dedi ölərəm yenidən çəkmərəm, çəkmişəm qurtarıb. Filmi də qəbul etmirdilər, düzəldin, həmin yeri yenidən çəkin-deyirdilər. Seyidzadə çəkmədi. İsmayıl Şıxlı da razı olmadı. Ssenarini qəbul etmisiniz, çəkmişik-deyirdi. Əlac kəsildi montajla düzəltdik, amma plyonkanı saxladım. Adil İsgəndərov həmişə deyərdi ki, zaman hər şeyi öz yerinə qoyacaq. Mən də düşündüm ki, bu plyonka da öz yerinə qoyular bir gün. Zamanı gəldi Film Fond maraqlandı, mən də verdim onlara.
- Nə qədər pul ödədilər sizə buna görə?
- Qəpik-quruş idi, pul maraqlandırmırdı məni. Dedilər dövlət fondudur, qaydaya görə sənə pul ödənməlidir. Aydın Kazımzadə Film Fondan qəzetə müsahibə verib açıqladı bunu, o vaxt “7 Gün” qəzetindən yayıldı.
- Bəli, mənə açıqladı, mən də yazdım “7 Gün” qəzetində.
- Maraqlı təsadüfdür siz yazmışdınız demək. Mən qəhrəman deyiləm, təsadüfən əlimə keçdi, saxladım. O vaxt filmlər iki nüsxə çəkilirdi, iki dildə. “Babək”də bir epizod yadıma düşdü. Həsən Turabov Azərbaycan dilində çəkildiyi epizodu heç cür rus dilində alındıra bilmirdi. Hamı qalmışdı məəttəl ki, bundan iş çıxmaz, eyni epizodu neçənci dəfə çəkirik. Axırda dedi ki, bu ifadəni mən işlədə bilmirəm, ayıbdır, söyüş kimi çıxır. Deməli, Azərbaycan dilindən rus dilinə çevirəndə söyüş kimi alınır. Axırda ifadəni dəyişdilər və Turabov bircə kadrla çəkildi. “Dəli Kür”ün bir variantında düzəldiblər o kadrı.
- Hələlik sonuncu filminiz hansıdır?
- Eldar Quliyevin “Dərvişin gündəliyi” filmi olub. Sənədli filmlər çoxdur. Rüfət Əsədovla işləyirəm gənclərdən. Asif Rüstəmov, Elçin Musaoğlu ciddi kinoçudurlar. Kino ustalıq tələb edir. Onu bacarmadan kino çəkmək olmaz. Kino sistemi Sovetlərlə birgə dağıldı. Mütəxəssislər çıxıb getdilər, amma indi bir ortaya gəlib çıxmışıq. Yəqin nə isə alınar. Müşfiq Hətəmov yaxşı təşkilatçıdır, çalışır. Arzum Əhmədiyyə Cəbrayılovdan film çəkməkdir. Onun həyatı büsbütün kinodur. Fransaya getmək də lazım deyil, fransız siması tapmaq olar, əsas mövzu maraqlıdır.
- Siz kinonu sevirsiniz, yoxsa Azərbaycan kinosunu?
- Azərbaycan kinosunu. Həm də Azərbaycan kinosunu çəkməyi sevirəm.
- Bizim filmlərdən hansı Azərbaycan kinosudur, sizcə?
- Eldar Quliyevin “Bir cənub şəhərində” filmi
- Onu Rasim Ocaqov çəkib, yoxsa Eldar Quliyev?
- Düzünü desəm, Rasim daha peşəkar idi, köməyi də çox idi, amma filmin düşüncəsi Eldarındı da.
- Rasim Ocaqovun filmləri necə?
- Ən millisi “Ad günü”dür yəqin. “Şərikli çörək” filmi sırf milli filmdir. Onun rejissoru da başqa aləm idi – Şamil Mahmudbəyov. Hayıf ki, onu şüalandırdılar.
- Şüalandırdılar dediniz?
- Boğaz xərçəyindən iki həftənin içində dünyasını dəyişdi. Belə tez ölməzlər xərçəngdən - onu demək istədim. Uşaqlarla işləməyi bacaran yeganə rejissor idi. Yaxşı uşaq filmləri çəkə bilərdi hələ.
- Eşitmişdim ona film vermirmişlər?
- Yox, o kinostudiyanın partkomu idi, necə vermirdilər, verirdilər. Şeyx Şamilin qohumu idi bir tərəfdən. Yaxşı məktəb yarada bilərdi. Mənim kurs yoldaşlarım da indi kinodan dərs deyirlər. Mən dil problemim olduğu üçün dərs demirəm.
- Bakıda doğulub yaşamısınız, amma Azərbaycan dilini niyə öyrənməmisiniz?
- “Montin”də Azərbaycan dilində danışan yox idi ki, öyrənim. Hamı rusca danışırdı. Yaxşı Azərbaycan dili müəlliməm vardı.
- Yaxşı olmayıb, olsaydı dili öyrədərdi sizə. Uşaqlarınızdan sizin yolunuzla gedən var?
- Ailəmdən ayrılmışıq. Yoxdur, öz yolları var. Oğlum Aviasiya Akademiyasını qurtarıb. Mən vətəndaş kəbini ilə azərbaycanlı xanımla yaşayıram.
- Bura sizə tribunadır, nə deyərdiniz?
- Heç nə, hər şey yaxşıdır, qalır yaşamaq. Heç bir inqilab istəmirəm, yaşamaq istəyirəm.