Bakıdakı 18+ tamaşadan REPORTAJ

Bakıdakı 18+ tamaşadan <span style="color:red;">REPORTAJ
31 iyul 2015
# 08:00

Azərbaycanda ilk dəfə 18+ tamaşa göstərilir. Fərqli, çılpaq səhnələrlə dolu tamaşa. Həyat, həqiqətlər, dava-şava, məhəbbət. Teatrda tamaşanı izləyən rejissor Ayaz Salayev göz yaşlarını saxlaya bilmir. İnsanlar nə baş verdiyini anlamayan ifadələrlə səhnəyə baxırlar. Və final səhnəsi. Gurultulu alqışlar, “bravo” sözləri silahdan çıxan güllə kimi hər tərəfdən saçılır. Ayaz Salayev səhnəyə çıxır, gözləri və ürəyi doludur: "Mən çox xoşbəxtəm ki, bu cür tamaşa var, bu cür teatr var. Mən tamaşada göz yaşlarımı saxlaya bilmədim. Nə yaxşı ki, belə bir teatrı tanıdım, onlarla dost oldum. Çox yaxşı tamaşa idi. Xüsusən də hər şeyin real olması insana təsir edirdi”.

“Təhqir edənlərin çoxu bu tamaşaya baxmayıb”

Teatrın bədii rəhbəri, istedadlı aktyor Elmin Bədəlovun dediyinə görə, iki il bundan qabaq rejissor İmam Həsənov belə bir tamaşa hazırlamaq istəyib: “Obrazlar əsassız yerə lüt deyildilər. Əsərin ideyası, yükü var idi. Bir aktyor və bir aktrisa var burda. Mən rolu oynamağa razıyam, di gəl, aktrisa tapa bilmirik”.

Nəhayət, fransız aktrisa Elza Furtado gəlib Oda Teatrını tapır, tamaşada rol almağa razılıq verir. Elza Azərbaycan dilində tam danışa bilmədiyi üçün rejissor “Lütlər” əsərini yox, öz ssenarisi əsasında bir tamaşa hazırlayır və adı da “MimOda 18+” olur. Lakin Elzanın tamaşadakı ifası çoxlarını qəzəbləndirir: “Fransız aktrisanın, teatrın ünvanına olmazın söyüşlərini, təhqirlərini, qarayaxmalarını yağdırırlar. Təhqir edənlərin çoxu bu tamaşaya baxmayıb. Halbuki tamaşaya baxanlar bu tamaşanı çox müsbət qəbul ediblər”.

- Tamaşanın ötürdüyü mesaj nə idi?

- Tamaşanın amalı insandır, insan sevgisidir, insan itkisinin vurduğu zərbədir. İnsanları sevmək lazımdır. Əsas mesajımız budur.

“Anadangəlmə çılpaq olmalıdırlar”

Tamaşanın rejissoru İman Həsənov tamaşanın tarixçəsindən danışır: “İdeya var idi ki, sadəcə 18+ tamaşa olsun. Nəhayət, uzun axtarışlardan sonra gənc rus yazarı Sergey Mogilevsevin “Lütlər” pyesini tapdım. Adından bəllidir ki, burda aktyorlar tamamilə çılpaq olmalıdır. Dəməli belə, pyes tapıldı, indi isə, əsas məsələ, aktrisa tapmaq idi. Bu isə işin ən çətin məqamıdır. Özünüz bildiyiniz kimi, bizdə hamı “mənəm-mənəm” deyir, lakin ortalıqda bir iş olmur. Biz hər-halda kastinq elan etdik. Təbii, istəyənlər oldu. Biz əvvəlcə, hər şeyi gizli şəkildə onlara deyirdik ki, qaçırtmayaq, onları hürkütməyək, amma məsələ ondadı ki, əvvəl-axır həmin aktrisalar bilməlidir ki, onlar səhnədə anadangəlmə çılpaq olmalıdırlar. Qısası, bunu eşidən kimi hamısı qaçıb gedirdi”.

- Nə deyirdilər?

- Müxtəlif bəhanələr gətirirdilər. Ay aman, anam, atam, nişanlım, qardaşım bilsə, öldürər filan və s. Buna görə də olduqca çətin oldu aktrisa tapmaq. Nəhayət, bir gün sıralarımıza fransız xanım qoşuldu. Onun Elminlə klounada oynamaq fikri olduğunu mənə dedilər. Bu ideya da onlara, rejissoru olduğum “Suiside” (“İntihar”) tamaşasından gəlib. Orda baş qəhrəman kloun qrimində səhnəyə çıxır və klounu yox, özünün həyatını oynayır. Bu isə fransız aktrisa Elzanın xoşuna gəlmişdi və buna görə də onlar birləşib klounada oynamaq istəyirdilər. Mənə bunu deyəndə, fikirləşdim ki, “KlounOda 18+” olsun, lakin sonradan fikir dəyişdi.

Vaxt ötür, “Lütlər” də rejissora mənasız pyes kimi gəlir və qərara gəlir ki, nəsə çox maraqlı bir şey ortaya qoysun: “Məqsəd sadəcə, 18+ göstərmək deyildi. Mən bilirəm, əminəm ki, hər-hansı yenilik etmək üçün əvvəlcə ənənəvi, klassik qaydaları bilmək lazımdır. Onların üzərində yeni nəsə yarada bilmək üçün. Qısaca, incəsənətdə inqilab etməyi bacarmaq lazımdır. Təbii burda əksəriyyət cəmiyyətin hazır olub-olmamasını deyir. Cəmiyyət heç vaxt hazır olmaya bilər və yaxud qəbul etməyə bilər, amma cəmiyyətə heç bir qida verməsən, o, necə inkişaf edər? Necə yeniliklə köhnəliyi bir-birindən seçə bilər. Bizim bəzi müasir mütəfəkkirlərdən fərqli olaraq mən düşünürəm ki, cəmiyyəti döyə-döyə, söyə-söyə yox, sevərək, ona azad seçim verərək formalaşdırmaq olar”.

“Belə bir tamaşanı Amerikada da görməmişəm”

Məşqlər hardasa aprel ayında başlayır. Heç bir ssenari yox: üç nəfər var - Elza, Elmin və İman. Rejissorun dediyini görə, hər şey spontan alınır. Ancaq onun əvvəlcədən tamam yeni, fərqli bir iş görmək kimi bir iddiası da olur: “Heç bir gözəlliyə konsessiya etmədən çəkmək” – belə bir deviz altında gənc italyan rejissorları neorealizmin əsas prinsiplərini formalaşdıraraq filmlərini və özlərini realizə etməyə başlayıblar. Professional aktyorlardan, kostyumlardan, qrimdən, dekorasiyadan, kinostudiyanın xidmətlərindən imtina edir, real hadisələr, real qəhrəmanlar, dialekt və şivələr – xalq dilindən istifadə edir, sosial problemləri işıqlandırmağa çalışırlar. Bütün bunlar kinoya xüsusi etibarlılıq verib və beləliklə, kinoda yeni janr yaranıb. Mən bunu teatra tətbiq etmək istəyirəm və bəlkə də tam istədiyim alınmır, amma ən azı cəhd edirəm. Bu cəhdləri getdikcə daha da çoxaldacağam. Çünki bu mənə daha yaxındır, mən romantizmin qurbanı olub göylərdə, xəyallarda uçmaq istəmirəm. Mən ayaqlarım üzərində yerdə nə qədər möhkəm dururamsa bir o qədər torpağa, adi insanlara, onların dilinə, məişətinə, problemlərinə, real, natural həyatlarına özümü yaxın sayıram, çünki mən də onlardan biriyəm və eyni problemləri yaşayıram və onları narahat edən, incidən hər şey eynən mənə də təsir edir”.

- Xarici tamaşaçılar da vardı. Onların fikri necəydi?

- Mən daha çox ona görə narahat idim. Görəsən, bu onlara bayağı, primitiv gəlməyəcək. Sonda xarici qonaqların fikirləri, mənim düşündüklərimin tam tərsi oldu. Hətta tamaşaçılarımızdan bir amerikalı dedi ki, belə bir tamaşa hətta Amerikada da görməyib. Elə bu kifayət edir söyləməyə ki, təbii ki, dünyanın hər yerində bu tamaşanı oynamağa dəyər. Heç bir utanc hissi olmadan, alnıaçıq!

- Siz də keşiş kimi tamaşada rol almısınız. Həm rejissor, həm də kiçik bir rol. Necə hisdir?

- Hazır keşişəm də. – gülür. - Spontan alındı və oynadım.

“Səhnəyə çıxmağa qorxdum”

Tamaşa üçün axtarılan və çətinliklə tapılan fransız aktrisa Elza Furtado: “Fransada alman yazarı Botho Straussun “Zorlama” adında çağdaş bir pyesi səhnələşdirilmişdi. Aktyorlar, demək olar ki, lüt idilər. Zorlanmanı göstərmək üçün çəkilmişdi. O zaman mən düşündüm ki, nəyə görə belə zorakılığı açıq-açığa göstərmək lazımdır. Ancaq tamaşa pis deyildi. Və yaxud bizim fransız rejissor Qaspard Noenin “Sevgi” filmi. Bu film də demək olar, tamam pornoqrafikdir, ancaq əsərdir. Ağır bir filmdir. Bütün səhnələr açıq-saçıqlıqla göstərilir”.

- Dediklərinizin bu tamaşaya bənzərliyi var?

- Yox. Bunlar “MimOda18+” deyil. Amma sizə demək istəyirəm ki, Fransada polemikalara səbəb olan bir rejissor var. Onun “İrreversible” adlı filmi də çox amansız filmdir: açıq-saçıqlığı nəzərdə tuturam. Məsələn, qadını zorlama səhnəsi çox uzun çəkilib. Dəhşət səhnədir. Dözülməz idi, hətta mən baxmağa belə qorxmuşdum.

- Kompleks keçirdiniz səhnədə?

- Heç. Səhnədəyəmsə, hansısa obrazı mühafizə edirəm. Aydındır ki, mən burda rola girirəm.

- Tamaşaçıların reaksiyası...

- Əlbəttə, mənə azərbaycanlı tamaşaçıların fikri önəmli idi. Və mən səhnəyə çıxmağa qorxdum. Çünki burdakı insanların reaksiyasından xəbərsiz idim. Ancaq premyeralarda normal qarşılandı və bu məni sevindirdi.

- Tamaşa haqqında nə deyə bilərsiniz?

- Biz istədik ki, tamaşa tamamilə erotika olmasın. Bu klounların məhəbbəti idi. Sonra isə onlar klounluqdan çıxdılar və insana çevrildilər. Biz istədik ki, tam fərqli, maraqlı, xüsusi bir şey edək. Mimoza salatının fərqli janrları - klounada, realizm, komik və tragik tamaşa. Mən Azərbaycan dilində yaxşı danışa bilmədiyim üçün çətinlik oldu. Sonra qərara aldıq ki, bu tamaşadakı sevgililər bir-birini anlamır, başa düşmür və yarıfransız, yarıazərbaycan sözləri əlavə etdik. Onların səhnədə dalaşmaq hissəsində bu çox maraqlı oldu.

Pərdəarxasında nələr baş verir?

Oda Teatrında kifayət qədər imkan olmadığı üçün bir çox işləri elə aktyorların özləri görür. İstedadlı aktyor Nihad Qulamzadə səs və işıq məsələlərini həll edir: “Pərdəarxasında olmaq çətindi. Hələ Odada olmaq xüsusilə. Bizim ən böyük problemimiz danışmamaq (pıçıltı belə zala gedir) və işıqdan maksimum dərəcədə istifadə etməməkdi. Bəzən pərdəarxasında olanda sıxılıram. Həyəcan da az olmur. Hər musiqini verəndə həyəcan məni bürüyür ki, səhv olar birdən. Amma hər şeyin yolunda getdiyini görəndə keflənirsən. Əyləncəli musiqilər olanda arada pərdə arxasında rəqs edirəm”.

Nihad gülə-gülə “MimOda +18” tamaşasının pərdə arxasından danışır: “İmamla başqa tamaşalarda da pərdə arxasında oluram, amma bu tamaşada İmam bir başqa olur. Daha həyəcanlı, aqressiv, ehtiyatlı və s... Pərdənin arxasında ehtiyatla gizlənib aktyorlara göstərişlər verir, bəlkə də heç aktyor eşitmir və ya eşitsə də, fikirləri rejissorda deyil, amma İmam yenə də pıçıltı ilə “qayğını göstər”, “əsəbiləş, daha çox əsəbiləş”, “indi öp, indi öp” - deyə səslənirdi. Əslində bunların hamısını dəfələrlə məşq prosesində deyib. Aktyorlar da çox gözəl bilir, amma rejissor ürəyidi də, dözmür. Hələ siz bilmirsiniz, səhnələr dəyişəndə İman Elmin və Elzanı necə qucaqlayıb ürək-dirək verir. Onları növbəti səhnəyə hazır edir, ruhlandırır. Bircə mənlə yola getmir. Həmişə şapalağı başına çəkir ki, səhv elədin. Amma mən yazıq nə deyibsə, onu da edirəm”.

Bir sözlə, Azərbaycanda ilk dəfə bu cür tamaşa göstərildi. Həftənin şənbə və bazar günləri “18+”-ə baxmaq istəsəniz, peşman olmazsınız. Teatrda görüşərik...

Ayxan Ayvaz

# 1556 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
# # #