Mirmehdi Ağaoğlu
Bir neçə gün əvvəl keçmiş “KVN-şik”lərin çəkdikləri növbəti filmə “Ölülər XXI əsr”ə baxdım. Doğrusu, buna baxmaq demək olmaz, ötürə-ötürə filmin yarısına güclə gəlib çıxdım. Ürəyim sıxıldı, vaxtıma heyfim gəldi, onu bu filmlə öldürmək istəmədim.
Elə baxdığım hissə film haqqında müəyyən qənaətə gəlmək üçün bəs elədi. Qənaətim bu oldu ki, “Ölülər XXI əsr” Cəlil Məmmədquluzadə yaradıcılığına təhqirdir.
İndi tez-tez kimlərisə klassikləri tənqid etməkdə günahlandırırlar, deyirlər klassiklərə toxunmaq olmaz. Ancaq mənə elə gəlir, hələ bu vaxta qədər Cəlil Məmmədquluzadəni “KVN-şik”lər qədər aşağılayan, hörmətsiz edən olmayıb. Hətta məktəblərdə özfəaliyyət dərnəklərinin Mirzə Cəlildən təsirlənərək hazırladıqları improvizasiyalar, səhnəciklər belə “KVN-şik”lərin “Ölülər XXI əsr”indən urvatlıdır. Bu film deyil, bu “Ölülər” pyesini gözdən salmaqdır.
Təbii, sənət özgürdür, hər kəsin istədiyi mövzuya müraciət etməyə, istənilən mövzuda yazmağa, çəkməyə, dekonstruksiya, remeyk eləməyə haqqı var. Bu haqqı sənət adamının əlindən almaq olmaz. Ancaq oxucunun, tamaşaçının da hazır məhsul haqqında fikir bildirmək haqqı var.
“Ölülər XXI əsr” “KVN-şik”lərin kinoda ilk işi deyil. Yaddaşım məni aldatmırsa birinci dəfə “Məşədi İbad 94”-ü çəkmişdilər. Adamın Allahı olar, o dövr üçün pis deyildi. “KVN-şik”lərin tez-tez işlətdikləri vaxtı keçmiş duzsuz zarafatlardan təsirlənərək desək, pivəylə gedərdi. Ondan sonra “Məhəllə” gəldi. Onların bu ekran işləri kinonun durğunluq dövrünə düşdüyü üçün nəhəng çöllükdə böyük qaya parçası kimi görünürdü.
Sonra gəldi “Ağanatiq. Bəlkə “Ağanatiq”dən əvvəl də filmləri olub, nəsə yadıma gəlmir. “Ağanatiq” barədə nə deyəsən? Filmin musiqisindən başqa ortada heç nə yoxdur. Ola bilsin, mən nahaq danışıram, ədalətli deyiləm. Bəs kassa gəlirləri, kinoteatrlardakı baxış? Bu da qabaqkı vaxt deyil, filmin necə qarşılandığını bilməyəsən. Son illər kino sahəsində dirçəlmə, insanların kinoteatrlara axışması, yerli kinokomediyaların sürətli artımı artıq imkan verir ki, tamaşaçı sayına əsasən filmin necə qarşılandığını müəyyən edəsən. “Oğlan evi 1”, “Kəklikotu” və başqa filmlərdə bu axını və marağı gördük. Tamaşaçı yaxşı məhsulu treylerindən tanıyır.
Görəsən, “KVN-şik”lərdə bu kino işi niyə alınmır? Axı komediya sahəsini gözəl bilirdilər. Yumor deyəndə həmişə ağlımıza, Tahir və Cabir İmanovlar, Bəhram Bağırzadə, Vado Karovin, Emil Abbasov gəlib. O zaman bu heyətin məhsulları niyə belə zəif olsun?
Gəldiyim qənaəti sizinlə də paylaşım:
Zarafatları çox köhnəlib. Məsələn; “Bəxt üzüyü 2”-nin treylerində personajlardan biri “Oy blinçik” zarafatı edir. Bu zarafatın edilməsi özü gülməlidir, ona görə ki, çoxdan edilmiş, gülünmüş zarafatdır. Mümkün ola, belə antikvar zarafatları toplayıb Sabunçunun bit bazarında satasan. İqtisadi tərəfdən də səmərəlidir, onsuz KVN harda olsa gəlib alacaq. Onlar antikvar zarafatlardan istifadə etməyi çox sevirlər, konsertdə-filmdə işlədərlər.
KVN səhnədə elədiyi zarafatları ekrana gətirməyə çalışır. Nəticə göstərir ki, bu uğurlu gediş deyil. O zarafatlar səhnədə effektivdir, ekranda yox.
“KVN-şik”lərin əksəriyyəti dil baryerini hələ də aşa bilməyiblər. Onların qabarıq rus aksentinin 90-cı illərdə bol kontingenti vardısa, indi o zümrə az qalıb. Ona görə film yad təsiri bağışlayır. Elə “Ölülər XXI əsr”dən misal gətirək. Baxırsan ki, uca dağ kəndindəki qəhrəman rus aksenti ilə danışır. Özü də hiss olunur ki, rolunun sözlərini güclə öyrənib.
Türklər demiş, Arafda qalıblar. Nə ondandırlar, nə bundan. Nə Avropa mədəniyyətinin daşıyıcısıdırlar, nə mentalitet keşiyində dururlar, nə də Mirzə Cəlili yaxşı bilirlər. Mirzə Cəlil və başqa klassiklər onlar üçün sadəcə “ad”dır, "brenddir. “Mirzə Cəlil” oldu, yoxsa “Zara” və ya “İphone”, onlara elə bir təvafütü yoxdur, hamısı brendir, biri ədəbi, o biriləri ticari brend. Buna görə, Mirzə Cəlil yaradıcılığının mahiyyətinə vara bilməyiblər, yoxsa belə film çəkilməzdi. Üstəlik xalqı, onun məişətini, həyat tərzini də yaxşı tanımırlar. “Ölülər XXI əsr”dən bir misal: Kənddə varlı adamın evi təsvir olunub. Ev sahibi (Valeh Kərmovun qəhrəmanı) tipik mülkədardır, özünü zır kəndçi kimi aparır, geyimindən də görürsən ki, adi kənd varlısıdır, burjuy-filan deyil. Amma xidmətçisinin əynində xüsusi uniforma var. Belə uniforma heç Bakının mərkəzindəki varlı evlərinin xidmətçilərində yoxdur. Və ya Hacının "dirilən" qardaşı xarici görkəmcə kənd adamından çox hippiləri xatırladır. Elə bil film Azərbaycan kəndində yox, Amerika rançosunda çəkilib. "Ölülər XXI əsr" başdan-başa belə nümunələrlə doludur.
Xalqdan uzaqdırlar. Bircə Dilarə Əliyevanın yaratdığı obraz diri, təbiidir. Çünki aktrisa xalqın içindən çıxıb, oynadığı obrazın prototipi ilə həyatda dəfələrlə qarşılaşıb və ondan lazımı detalları əxz edə bilib.
Və ən əsası: “KVN-şik”lər sadəcə köhnəliblər. 90-ların eyforiyasından çıxa bilmirlər. Bir şeyi qəbul etmək istəmirlər ki, 90-ların KVN bumu çoxdan bitib, Maslyakovlu dövrlər qapanıb, qatar gedib... Müasir nəsil Rusiya komediyalarına yox, Türkiyə komediyalarına, Qərb komediyalarına üzünü tutub. Bu yeni nəsli klassik KVN zarafatları ilə güldürmək olmaz. Elə bu səbəbdən də Fərda Xudaverdiyev, Elməddin Cəfərov, Müşfiq Şahverdiyev kimi müasir komediya aktyorlarımıza uduzurlar.
Elə düşünülməsin ki, "KVN-şiklər"in uğursuzluğuna sevinirəm. Əksinə, bunları yazmaq məni məyus edir. Qəlbimizdə hələ də o uzaq illərin "Parni iz Baku"suna ehtiram əlaməti olaraq, onların belə keyfiyyətsiz sənət işi ortaya qoymaları üzücüdür.
Ancaq nə edəsən, həqiqətən Rusiyadan üstündür...
“KVN-şik”lər təzəlikcə “Bəxt üzüyü 2” çəkiblər. Filmə baxmamışam, ancaq qabaqca demək olmasın, qorxuram bu dəfə də Vaqif Səmədoğlunu...