Sevgilisinə oxşayan qadınla evlənən kişinin sonu

Sevgilisinə oxşayan qadınla evlənən kişinin sonu
11 iyun 2020
# 18:51

Kulis.az Sevda Rəsulqızının "... Və dəyirman dönəcək, hər şeyə rəğmən" adlı yazısını təqdim edir.

Şəki Dövlət Dram Teatrının “...Və dəyirman dönərdi” tamaşası haqqında...


… Və dəyirman dönərdi

Necə ki, dünya dönür, bu döngüdə gedənlər gələnlərlə əvəzlənir... Necə ki, teatr səhnəsi dönür və hər dönüşdə yeni səhnə açılır. Hər şeyə rəğmən, hər kəsə rəğmən dönür.

Dönür… dönür… və yenə də dönür…

Maneələr çıxır, yön dəyişdirməyə cəhdlər olur… Amma heç nə fələyin çərxini qıra, yönünü dəyişə bilmir...

Hətta həyatımıza yeni daxil olan, adını ilk eşitdiyimiz koronavirus (COVİD 19) belə bu döngünü dəyişmədi. Karantin rejiminə, qadağalara, sosial məsafəyə rəğmən yenə döndü... Hətta “... Və dəyirman dönərdi” belə…

Bəlkə bu dəfə teatr səhnəsində deyildi, amma daha əlçatan oldu.

Teatrı sevən hər kəsin evində, işində istədiyi vaxtda sosial şəbəkə hesablarından izləyə biləcəyi qədər yaxın. Pulsuz, parasız...

Pulsuz, parasızı xüsusi qeyd etməyimin səbəbi də elə-belə deyil. Maddiyyat düşünməyənlər işinin vurğunu olanlardır. Əsl sənətkarlar. Sənətkar olmaq isə əzm tələb edir, iradə istəyir. Hər kəs bacarırmı?

Əlbəttə ki, yox...

Əsərin qəhrəmanı adi bir rəssam olan Küşatdı (Əməkdar artist Rəhim Qocayev) intihara sürükləyən də bu olur... Sənətinə duyduğu sevgi, şəxsiyyətə çevrilmə istəyi... Amma intihar səhnəsi ilə başlayan tamaşa və onun başı üstündə gedən söhbətlər əslində sonralar başına gələcək hadisələrin anonsu hesab edilə bilər. Onun çox çətinlikləri, çox maneələri dəf etmək məcburiyyəti ilə üz-üzə qalacağından xəbər verir. Və hadisələr taa əvvələ yeni ailə həyatı qurduğu Fəhrünnisəgilin (Çinarə Səmədova) malikanəsinə necə getdiyi, ora uyğunlaşa bilməməsi nümayiş etdirilir. Festekizlərin malikanəsində rəsm çəkmək üçün bir künc bucaq tapmayan Küşat hətta həyat yoldaşı ilə tanış olmağına səbəb olan rəsm əsərinin toyuq hinini bərkitmək üçün istifadə olunduğunu görür. Onu başa düşməyən, çəkdiyi rəsmlərdən heç nə anlamayan həyat yoldaşı və onun ailəsindən bezir. Onu özünə gətirən isə uzun müddət görmədiyi universitet yoldaşı Azatın(Pərviz İsmayılov) ona haqqında danışdığı rəsm müsabiqəsi olur.

Küşat yenə də o dəyirmanı döndürməyi qərara alır. Elə malikanənin yaxınlığındakı köhnə dəyirmanda. Ailə tərəfindən lənətlənmiş, uğursuz hesab edilən yerdə. Bacanağı (İqrar Salamov) dəfələrlə onu xəbərdar etsə də, Küşat öz fikrindən dönmür. Hər gecə o dəyirmana gəlir və rəsm müsabiqəsinə hazırlaşmağa çalışır. “Və dəyirman dönərdi” tablosu ilə.

Bu insanların təsiri altına düşüb, düşünmə qabiliyyətini və şəxsiyyətini itirən zəif xarakterli Küşat üçün bir dönüm nöqtəsi olurmu? Haldun Taner Küşat obrazı ilə əslində məhz bunu göstərməyə çalışıb. Qarşılaşdığımız insanlar, üzləşdiyimiz çətinliklər, hətta dövr, zaman, hakimiyyət, ümumiyyətlə, dönməkdə, davam etməkdə olan hər şey dəyişə bilər. Çevrilə bilər...

Necə ki, yazarın 1958-ci ldə qələmə aldığı bu əsərdə möhtəşəm bir səhnə əsərinə dönmüşdü. Şəki Dövlət Dram teatrında bu döngüyə yön verən teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli idi. Bölgə teatrında TÜRKSOY kimi beynəlxalq bir qurumun istəyini reallaşdırmağı bacarmaq özü böyük bir dönüş, çevriliş idi. Amma bununla da bitmədi. Şəki Dövlət Dram Teatrı kollektivi daha da irəli getdi və əsəri elə öz vətənində - Konyada və Bartında türklərin qarşısında nümayiş etdirdi. TÜRKSOY tərəfindən mükafatlara layiq görüldü, geri qayıtdı, üzüağ, alnıaçıq.

Dəyirman yenə də dönmüşdü...

Küşat isə o dəyirmanı döndürə bilmədi, çünki hazırlaşdığı müsabiqədən məğlub ayrıldı, dostu Azat qazandı. Ona görə yox ki, yaxşı əsər ərsəyə gətirmişdi. Ona görə ki, ətrafındakı tanışlardan, Küşatın illərdir sevdiyi hətta Fəhrünnisəni belə ona bənzədiyi üçün aldığı Serap da ona dəstək olmuşdu. Bu əsl fəlakət idi. Yolun sonuna gəlmişdi... Aldadılmaq, dönüklük, necə də ağır idi. Axı o da Fəhrünnisəni tərk etmişdi. O gecə dəyirmanda Serapla (sözün mənası İlğım deməkdir) birlikdə yaxalandıqdan sonra öz sevgisinin, sevimli peşəsinin arxasınca qarşı sahilə yerləşmişdi. Hətta bacanağının onu geri döndürmək cəhdlərini də geri çevirmişdi.. Axı nəyin naminə? İndi əlində nə qalmışdı?... Heç nə...

“... Amma dəyirman dönərdi”

Yenə də hər şeyə rəğmən..

Haldun Taner özü də Türk teatrının ən keşməkeşli dönəmində yazdığı əsərlərlə, yaratdığı teatrla bu döngünü davam etdirməyə çalışmışdı. Nahaq yerə onu “Türk teatrının bəy əfəndisi” adlandırmırlar. Yazdığı əsərlər, ərsəyə gətirdiyi tamaşalarla hətta Türkiyə sərhədlərindən kənarda türk ədəbiyyatını, türk teatrını təbliğ etmiş, inkişaf etdirmişdi. Bəlkə də o dövrdə onun da qazancı istədiyi qədər deyildi, onun da yoluna Küşat kimi Süleymanlar (Əməkdar artisti Xanlar Həşimzadə), Hürrəmlər (Lalə Məmməd) çıxırdı. Amma o da hər şeyə rəğmən yoluna davam etmiş, adını Türk teatr tarixinə yazdırmağı bacarmışdı. Bu əzmi, sənət sevgisi sayəsində doğumundan 100 il sonra belə sevgi və hörmətlə yad edildi. 2015-ci il TÜRKSOY tərəfindən Haldun Taner(1915-1986) ili elan edildi.
Ölümündən sonra verilən dəyər…

Yenə də bir dönüklük…

Son səhnədə öldüyünü düşündükləri üçün satılan rəsm əsərləri, adının verildiyi təhsil müəssisəsi və haqqında yazılan tərif dolu yazıları eşidəndə Küşat dəli olur və yenidən geri dönür...

Dönür. Dönür. Dönür. Döndükcə, fırlandıqca hər şey dəyişir. Zaman bütün sahələrin qarşısına yeni tələblər qoyur. Zamanın bu tələblərinə uyan, ayaq uyduranlar yaşayır, bunu bacarmayan isə tarixin arxivlərinə sürüklənir. Bəlkə də teatrın da həyatında yeni dönəm başlayır. Zamanın bu tələbləri ilə ayaq uydurmaq naminə onlayn tamaşaların nümayişi teatr sənətinin yaşamasını, dəyirmanın dönməsini təmin edəcək.

# 5783 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
# # #