Qadın bədənindən milyon qazanan pornomaqnatın aqibəti

Qadın bədənindən milyon qazanan pornomaqnatın aqibəti
28 dekabr 2019
# 09:02

Kulis.az “Həyatı film olanlar” layihəsində amerikalı naşir, pornomaqnat Larri Flint haqda Miloş Formanın çəkdiyi “Xalq Larri Flintə qarşı” filmini təqdim edir.

Larri Flint 1942-ci ildə Kentukkidə doğulub. 24 yaşında Deyton şəhərində striptiz klub açıb və sonradan onların sayını çoxaldıb. Onun media imperiyasının quruculuğu striptiz klublardan başlanıb. 1974-cü ildə isə onun təsisçisi olduğu “Hustler” jurnalının ilk sayı yayımlanır. Jurnal Flintin biznesinin reklamı üçün lazım idi. İlk dönəmdə bülleten səviyyəsində çıxan nəşrdə klublar reklam olunurdu, sonradan isə jurnal formatına keçirildi. Jaklin Kennedinin çılpaq fotosu yayımlanandan sonra jurnal çox tanındı və onun tirajı 3 milyona çatdı. Ümumiyyətlə, “Hustler” pornoqrafik sənaye tarixində ən uğurlu jurnal sayılır.

Hyu Hefnerin “Playboy” və Larri Flintin “Hustler” jurnalı həmişə rəqib olublar. Flint “Playboy” jurnalına və onun təsisçisinə nifrətini gizlətmirdi. Hefneri ona görə tənqid edirdi ki, o, reallıqdan uzaq, əlçatmaz gözəl obrazlar yaradırdı.

“Playboy”dan fərqli olaraq “Hustler”də qadın cinsiyyət orqanları açıq göstərilir. Bir dəfə isə jurnalın üz qabığında - qadın bədəninin bir hissəsinin ətçəkən maşından keçərək farşa çevrilməsi təsvir olunmuşdu. Bu təsviri qadına ət parçası kimi baxan pornosənayeyə mesaj kimi qəbul edənlər də tapıldı. Filintin fikrincə, o, hansısa siyasətçi haqda dedi-qodular verməsiylə şəffaf siyasi sistemin yaranmasına da kömək edir.

Gallery

“Hustler”də eyni zamanda iqtisadi, xarici siyasət haqda məqalələr yayımlanır və sosial məsələlərdən yazılır. 1980-ci illərdə Flint öz jurnalından Ronald Reyqanı, dini xadimləri tənqid üçün tribuna kimi istifadə edirdi.

Flintin sözlərinə görə, jurnal artıq internetlə rəqabətə dözümlü deyil. Jurnaldan gələn gəlir, onun ümumi gəlirinin yalnız 5-10 faizini təşkil edir. “Hustler”in indiki tirajı 500 mini keçmir. Hazırda Flintin kazinoları, seks şop şəbəkəsi, televiziyası, klubları var. Bundan başqa Flint marixuana istehsalı olan şirkətə investisiya qoyur. Onun qızı Tereza bu biznesin inkişafı üzrə vitse-prezidentdir. 2001-ci ildə Flintin var dövləti 400 milyon dollar dəyərində qiymətləndirilib.

Flint pornoqrafiyanın məhdudlaşdırılmasının tərəfdarları ilə həmişə mübarizə aparıb və söz azadlığının müdafiəçisi qismində çoxsaylı hüquqi davalarda iştirak edib. Onun üçün söz azadlığı hər şeydən əvvəl açıq, natural intimliyi nümayiş etdirmək üçün vacib idi. O deyirdi: “Mən sizə xoş olan sözü yox, dözə bilmədiyiniz sözü müdafiə edirəm”.

Gallery

1978-ci ildə o və vəkili Alan Ayzekman irqçi qatil Cozef Franklinin gülləsinin qurbanı olur. Vəkil bu sui-qəsddən yüngül qurtulsa da, Flint ömürlük əlil arabasına məhkum olunur.

1988-ci ildə Flintin vəkili Alan Ayzekman Amerikanın Ali Məhkəməsində “Hustler” jurnalının nüfuzlu din xadimi Cerri Faluellə qarşı tarixi işi udur. Məhkəmə Flinti müdafiə edərək qərar çıxardı ki, Cerri Faluell kimi tanınmış ictimai fiqur Flintin azad söz haqqını ABŞ Federal Konstitusiyasına edilmiş Birinci Düzəlişə görə məhdudlaşdıra bilməz.

2017-ci ildə Flint Trampın impiçmentinə yol verən materialları təqdim edənə 10 milyon dollar dəyərində mükafat vəd etmişdi.

1996-cı ildə məşhur rejissor Miloş Formanın “Xalq Larri Flintə qarşı” filmi ekranlara çıxır. Film bioqrafiyada hadisələr 1970-80 ci illəri əhatə edir. Larri Flint (Vudi Harrelson) qardaşı Cimmi (Brett Harrelson) ilə birlikdə striptiz klubu idarə edir. Flint “Hustler” klubunu eyniadlı jurnalla reklam etmək üçün orada çılpaq qızların şəklini yayımlayır. Amma “Playboy”dan fərqli olaraq daha açıq, daha bayağı şəkildə.

Rejissor kiçik klubdan nəhəng nəşrlər evinin sahibinə çevrilən Flintin imperiyasının necə yaranmasına, xüsusən, politkorrekt olmayan kobud yazıların, karikaturaların yer aldığı jurnalın qorunması ilə bağlı məhkəmə çəkişmələrinə, ifadə azadlığına və Flintin bir şəxsiyyət kimi ekssentirizminə diqqət çəkir.

Gallery

Məsələ ondadır ki, bu filmi amerikalı rejissor Oliver Stoun çəkmək istəyirdi. Ancaq Stoun “Nikson” filminin çəkilişləri ilə məşğul olduğundan burda prodüser olur. Forman müsahibələrindən birində deyir ki, Flintin mövqeyi ona yaxın deyil. O, sadəcə, Stouna hörmətindən ssenarini oxuyur və fikrini dəyişir: “Xoşbəxtlikdən ya bədbəxtlikdən mən senzuranın hökmran olduğu ölkədə yaşamağın nə olduğunu bilirəm. Məni dəhşətə gətirən odur ki, Amerikada biz azadlığımızı zəruri haqq kimi qəbul edirik, sanki söz azadlığına havayı nail olunub, buna görə heç nə ödəmək lazım gəlməyib”.

Qeyd edim ki, Forman (1932-2018) Çexoslovakiyada doğulub. Valideynləri İkinci Dünya Müharibəsi zamanı düşərgədə ölüb. Forman 1960-cı illər Yeni Çex dalğasının əhəmiyyətli simalarından biri idi. Onun filmləri kommunist sisteminə satira olduğundan qadağan edildi. 1968-ci ildə sovet tankları Çexoslovakiyaya girəndə o anladı ki, ya peşəsini dəyişməli, ya da burdan getməlidir. O, ikincini seçir və Amerikaya köçür.

Gallery

Bu səbəbdən rejissor Flintin din xadimi Cerri Foluell ilə məhkəmə davasını əsas xətlərdən biri kimi seçir. 1988-ci ildə “Hustler jurnalı Foluellə qarşı” prosesi Amerika hüquqşünaslığında məşhur presedent oldu. Jurnalda Cerri Foluellin guya anasıyla intim əlaqəsi olması haqda parodik məqalə çıxır. Foluell məhkəməyə müraciət edir. Məhkəmə Foluellin xeyrinə qərar çıxarır və tələb edir ki, Flint 200 min dollar cərimə ödəsin. Ancaq Flint Ali Məhkəmədə işi udur. Məhkəmə verdiktinə əsasən ABŞ Federal Konstitusiyasına Birinci Düzəliş Flintə Cerri Foluell kimi ictimai fiqura münasibətdə fikrini ifadə edərkən söz azadlığını tanıyır. Müsahibəsində Flint deyir: “Əgər Birinci Düzəliş mənim kimi zibil kisəsini müdafiə edəcəksə, onda o, sizin hamınızı müdafiə edəcək. Çünki mən ən pis hadisəyəm”.

Formana görə, Foluellə qarşı yazılmış məqalə zövqsüz satira, bayağı idi: “Amma məsələ elə bundadır: qanun zövq hissini nizamlamamalıdır. Senzuranın qapıları açılanda, o həmişə hakim gücün xeyrinə işləyir. Ona görə Foluellə qarşı belə qərar vacib idi”.

Flintin ekssentrik adam olmasını, qaydaları pozmasını müəllif maraqlı vəziyyətlərlə çatdırır. O, gah jurnalında dini motivləri sekslə birləşdirir, gah məhkəmədə Amerika bayrağından bez kimi istifadə edir, gah da hakimə portağal atır.

Gallery

Filmdə Flint müharibə ilə seksi qarşı qarşıya gətirir, seksin yox, məhz müharibənin daha iyrənc olduğunu bəyan edir. Və eyni zamanda etiraf etməkdən çəkinmir: “Mənim tək günahım zövqsüzlüyümdür”.

Filmdə onun ancaq Alteya ilə münasibəti əks olunub. Halbuki ona kimi Flint üç dəfə evli olub. Və nikahlarından beş uşağı var. Alteya Flintin klubuna striptizçi kimi gəlir. Sonra isə onların arasında sevgi yaranır. Əlil arabasına məhkum olunandan sonra Flint ağır depressiyaya düşür. Alteya isə həkim səhlənkarlığı üzündən QİÇS-ə yoluxur. Alteya və o, ağrı kəsicidən, antidepressantdan istifadə edirdi. Nəticədə Alteya çox doza aldığından ölür.

Harrelson və Alteyanın ifaçısı Kortni Lavın tandemini mütəxəssislər canlı, təbii adlandırıblar. Bəzi epizodlarda onlar dialoqları improvizə ediblər.

Formanın qəhrəmanı pornomaqnat olsa da, o pornoqrafik səhnələrdən istifadə etməyib. Bilərəkdən intim səhnələri və jurnaldakı açıq şəkilləri yaxın planda göstərmir. Çünki filmin əsas ideyası söz azadlığıdır. Final səhnələrdən birində Alteyanın çılpaq görüntüləri isə azadlığı simvolizə edir.

Gallery

“Xalq Larri Flintə qarşı” filminin nümayişindən sonra Miloş Forman və ssenaristlər ( Skott Aleksandr və Larri Karaşevski) mizoqinist, pozğun Flinti böyük əzabkeş, söz azadlığı uğrunda mübariz kimi göstərdiklərinə görə tənqid olundular.

Flint isə ona qarşı olanlara deyirdi: “Azad cəmiyyətdə yaşamağın bədəli tolerantlıqdır. Qəbul etmək lazımdır ki, dünyada Larri Flint var”.

Formana qarşı kampaniyada feministlər də iştirak edirdi. Onlar rejissoru qadın bədəninin istismarını nümayiş etdirən jurnal naşirinin imicini təmizə çıxarmaqda qınayırdılar. “Mən onu kanonlaşdırmamışam. Bilmirəm 10 ya 20 il əvvəl o necə olub. Amma bugunki Larri Flint heyrətamiz adamdır. Əgər mən onu absolyut yaramaz kimi verməmişəmsə, o demək deyil ki, onun davranışını normallıq kimi göstərməyə cəhd edirəm. Bu, gülməlidir, nonsensdir”.

Forman Flintdən filmdə nəyisə bəyənmədiyini soruşanda o, belə demişdi: “Əlbəttə bəyənmədiyim nələrsə var. Amma bunların hamısı həqiqətdir”.

Tom Henks və Bill Myurrey Larri Flint rolundan imtina ediblər.

Alan Ayzekman (Edvard Norton) Flintin bir neçə vəkilinin ümumiləşdirilmiş obrazıdır.

Filmin sonunda Flintə güllə açan adamın heç vaxt tapılmadığını deyilsə də bu, həqiqətə uyğun deyil. Cozef Franklinin (1950-2013) əsl adı Ceyms Kleyton Von olsa da sonradan öz adını dəyişir. Özünün iki kumirini nasist Almaniyasının ideoloqu Yozef Gebbels və amerikalı siyasətçi Bencamin Franklinin adlarını birləşdirir. Kasıb ailədə doğulan Cozefin çətin uşaqlığı olub. Onun valideynləri içki düşkünü idi və bu, onun formalaşmasına təsir göstərirdi. Məktəbdə nasizmlə maraqlanan Cozef sonradan Amerikanın nasional sosialist partiyasına daxil olur.

İstintaqda Cozef deyib ki, o, qarışıq ailələrə qarşıdır. Onun fikrincə, bu, tanrının müəyyənləşdirdiyi qanunlara qarşı getmək idi. Onun əsas hədəflərindən biri qara dərili hüquq müadfiəçisi Cessi Ceksonu öldürmək olsa da niyyəti baş tutmamışdı. Cozef Flinti ona görə öldürmək istəmişdi ki, jurnalda irqlər arası seksual münasibətlər təbliğ olunurdu. 1975-ci ildə “Hustler” jurnalı ağ qadınlarla sekslə məşğul olan zəncilərin fotolarını yayımlayır. Bu, onun qəzəbinə səbəb olur.

Gallery

Cozef 1980-ci ildə həbs olunur. O, 20 nəfəri qətlə yetirməkdə, 6 adamın həyatına sui-qəsddə günahlandırılırdı. Onun işi üzrə proses 1997-ci ilədək çəkib. 2013-cü ildə isə Cozef ölüm cəzasına məhkum olundu.

Yeri gəlmişkən, Flint məhkəmənin ölüm cəzasını dəstəkləməyib: “Mənə elə gəlir ki, edam arxasında qisas dayanır, ədalət yox. Əminəm ki, vətəndaşlarına öldürməyi qadağan edən dövlət özü onların qətlində iştirak etməməlidir”.

“Xalq Larri Flintə qarşı” filmi Berlin kinofestivalında “Qızıl Ayı” mükafatına layiq görülüb.

# 4465 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
# # #