Üçlü məhəbbət oyunu

Üçlü məhəbbət oyunu
6 aprel 2011
# 10:15
Sevda Sultanovanın yazısı


Rejissor Cavid Təvəkkülün “Əzizim Fellini” bədii filmi bu aralar mətbuatda, internet portallarinda, sosial şəbəkələrdə qızğın müzakirələr doğurdu.

...Filmin süjeti haqda qısa açıqlama: Kənddə yaşayan və ixtisasca filoloq olan Rasim (Rasim Cəfərov) birdən anlayır ki, onun yer üzündə əsas missiyası rejissor olmaqdır. O, bu istəyini reallaşdırmaq üçün təhsil almaqdan ötrü Bakıya gəlir. Amma imtahandan kəsilir və kəndə qayıtmaq ərəfəsində təsadüfən Leyla (Tuna Əliyeva) ilə tanış olur. Günlərin birində Rasim məhəbbət üçbucağı labirintinə düşdüyünü və Leylanın varlı, qəzəbli bir kişinin – Camalın (Abbas Qəhrəmanov) məşuqəsi olduğunu öyrənir. Leylanın məşuqu sevgi əhvalatından xəbər tutaraq onları təqib edir. Finalda Leyla problemi özünü və Camalı öldürməklə həll edir. Rasim isə Leylanın uşaq evindəki qeyri-qanuni oğlu ilə kənddə qayıdır.

****

Ənənəvi mövzudur, rejissor yozumu da belə demək mümkünsə, ənənədən kənara çıxmır. Amma məsələ bunda deyil.
Mən bu filmi hər şeydən əvvəl rejissor Cavid Təvəkkülün kino sənətinə olan sevgi aktı kimi qəbul edirəm. Hətta müəyyən texniki qüsurlarına, qeyri-mükəmməl aktyor oyununa baxmayaraq “Əzizim Fellini” butun cəhətləri ilə daha mükəmməl olan “Sahə” filmindən səmimidir, istidir, ən azı burda həyatı, insanı hiss edə bilirsən.
İtalyan rejissoru Franko Dzeferelli özünün - yeniyetmə aktyorların baş rol aldığı “Romeo və Cülyetta” filmi haqda deyirdi: “Ola bilsin ki, onlar rollarını peşəkar səviyyədə ifa etməyiblər. Amma əsas odur ki, onlar səmimidirlər. Səmimiyyəti isə heç nə ilə əvəz etmək olmaz”.
Bir də ki, pis-yaxşı o, bizə özümüz haqda danışıb. Cəmiyyətdə aktual olan müxtəlif problemləri qabardıb, onlara öz prizmasından baxmağa cəhd göstərib. Yaradıcı cəhdləri isə dəyərləndirmək mütləqdir.

****

Filmdə diqqətimi çəkən ikinci məziyyət isə rejissorun təklif etdiyi strukturdur. Struktura əsasən bir neçə əhvalat eyni zamanda cərəyan edir: Rasimin institutda imtahan səhnəsi; ssenari, kino sənəti haqda hansısa gənc rejissorun düşüncələri; Rasim-Leyla-Camal üclüyü. Hər üc əhvalat film boyu bir-birini izləyir. Amma rejissorun bir-biri ilə əlaqəli olan əhvalatları vahid nöqtədə birləşdirmək cəhdi uğurlu alınmayıb. Başqa cür desək, hər üç xətti filmin ümumi ideyasına tamlıqla tabe edə bilməyib, hadisələr bir-birini tamamlamır. Rejissor elə əvvəldən Rasimin imtahandan kəsilməsini tamaşaçıya xəbər versə də film boyu imtahan səhnəsi davam edir. Daha çox bu səbəbdən imtahan səhnəsi digər iki əhvalatla harmonikliyini itirir. Digər süjetdə isə gənc rejissorun finalda Leylanın oğlu olduğu aşkarlanır. Rasimin gəncliyində gerçəkləşdirə bilmədiyi rejissorluq arzusunu oğulluğu həyata keçirir. Bu artıq maraqlıdır və filmin tərkib hissəsinə çevrilə bilir. Amma onun kino haqda fikirləri dolğun, danışdığı ssenari isə filmin süjetinə daha uyğun ola bilərdi.

Yeri gəlmişkən, dünya kinematoqrafiyasında belə struktur yenilik
deyil və onun ustalarından biri Pedro Almodovardır.

****

Yuxarıda dediyim kimi, rejissor filmdə həm də müəyyən problemləri qabardıb. Problemlərdən biri kino təhsili ilə bağlıdır. Film boyu həvəssiz, tənbəl-tənbəl imtahan götürən, tələbələri lağa qoyub istehza edən savadlari qıcqıran bivec müəllimlərin sifəti kadra gəlmir. Tamaşaçı müəllimlərin sifətini görməsə də əvəzində onların obrazları səsləri vasitəsi ilə yaranır. Səs, intonasiya, danışıq tərzi o qədər koloritlidir ki, onların kadrda görünməsinə ehtiyac da qalmır.

****

Aktyor oyununa gəlincə, model Tuna Əliyeva oz rolunun öhdəsindən “3” səviyyəsində gəlib. Əlbəttə, bunu T.Əliyevanın peşəkar aktrisa olmaması ilə izah etmək olar. Amma dünyada aktrisa olmaq istəyən modellər peşəkar aktyor dərsləri alırlar. Buna imkan olmayıbsa belə, rejissor maksimum aktyordan istədiyini almalıdır. Tunanın qəhrəmanı daim stressdə, depressiyadadır, Camalla həyat onu sıxır, o özünü itirilmiş insan sayır, xoşbəxt deyil. Amma onun sıxıntısı, depressiyası ancaq içkiylə, yuxulu vəziyyətlə həllini tapır. Mütləq deyil ki, insanın depressiv halını içkiylə, siqaretlə müşayiət olunsun. Bu sadəcə bir baxışda, jestdə, hər hansı ağlasığmaz addımda da ifadə oluna bilər.
Rasim Cəfərovu isə bir neçə filmdə görmüşəm. İlk dəfə onu Asif Rüstəmovun “Ev” filmində görəndə fakturası mənə maraqlı gəlmişdi. Hətta düşünmüşdüm ki, o müasir kino üçün tapıntıdır. Amma sonra onun rol aldığı bir neçə filmi izləyəndə R.Cəfərovun Fəxrəddin Manafov kimi bir qəlibə girib, ordan çixa bilməməsi qənaətinə gəldim. Çünki onun yaratdığı xarakterlər bir-birinin təkrarıdır, monotondur. Hərçənd, rejissor Cavid Təvəkkül ssenarini yazarkən, bu rolu məhz Rasim üçün nəzərdə tutduğunu dedi. Məsələ ondadır ki, filmdə Leyla ilə Rasimin bir-birinə vurulması, onların həyatında dönüş nöqtəsi olur. Fəqət, bu dönüş məqamı sanki onların həyatında təsirsiz, gündəlik bir şey kimi ötüşür, hər ikisi filmin əvvəlindəki kimi statik, ruhsuz, coşqusuzdur. Hətta Leyla yoxa çıxanda Rasimin üzündə nigarançılıq, təlaş əvəzinə biganəlik, vecsizlik oxunur. Üstəlik, Leyla ilə Rasimin görüşü, münasibəti klip estetikasında çəkilib, və elə milli, solğun və monoton klip formatından da kənara çixmır. Onların sevgi münasibəti yalnız şəhəri gəzməklə şərtlənir.
Abbas Qəhrəmanova gəlincə... Filmdə olduqca yaddaqalan xarakter yaradan bu çox istedadlı və çox qatlı aktyorun potensialından ümumilikdə milli kinomuzun indiyə kimi yetərincə bəhrələnmədiyinə görə kədərləndim.

****

Məqaləmin sonunda film haqda yazılan rəylərdə qırmızı xətt kimi keçən bir fikrə münasibəti bildirmək istəyirəm. Həmin yazılarda Leyla obrazı daha çox fahişə kimi xarakterizə olunur. Əgər Camal Leylaya “fahişə” deyirsə, bu o demək deyil ki, tamaşaçılar da onu elə qəbul edir. Sevdiyi qadının itirəcəyindən qorxan Camal həmin sözü belə demək mümkünsə, söyüş, qəzəb anlamında işlədir. Leyla evli kişilə vətəndaş nigahında yaşayan qadındır və Azərbaycanda belə nümunələr az deyil. Bu məgər həmin qadınların fahişə olması anlamına gəlməlidir? Təbii ki, Leyla pul xatirinə Camalla əlaqə qurub. Amma məgər Azərbaycanda pul xatirinə evlənən və ya ərə gedən insanlar azdır? İndi nə edək, onları fahışə adlandıraq?
# 2394 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
# # #