Əməkdar artist Şövqi Hüseynov: “Adam yediyi qaba...” - REAKSİYA

Əməkdar artist Şövqi Hüseynov: “Adam yediyi qaba...” - REAKSİYA
24 may 2011
# 11:15
Yaxın keçmişdə Kamera, indi Gənc Tamaşaçılar Teatrının aktyoru İlqar Cahangirovun müsahibəsi müxtəlif reaksiyalar səbəb oldu. Kulis-az Gənc Tamaşaçılar Teatrının daha bir aktyorunu müsahib etdi. O da əməkdar artistdir, keçmiş Kamera teatrını aktyorudur. Müxtəlif obrazlara uğurlu imza atıb. Bu gün həm də prezident mükafatçısıdır. Şövqi Hüseynovdur həmsöhbətimiz.

Söhbətə həmin mübahisəli, qovğalı müsahibədən başladıq.

- İlqar dostumdur, öz fikrini deyib. Hər kəsin öz fikirlərini demək hüququ var və o fikirlərə hörmət etmək borcumuzdur. Düzdür, onun fikirlərində mənim razılaşmadığım məqamlar var. İlqarı da sizdən daha yaxşı tanıyıram, artıq 20 ildir. “Kamera Teatrının aktyorları böyük səhnədə oynaya bilmirlər” fikrini özünə aid etməli idi. Əgər aktyor səhnədə iki addım irəli ata bilmirsə, bu, onun öz problemidir. Onu məktəbə aid etməməlidir. O ki qaldı Cənnət xanımın məktəbinə, kim onu köhnəlmiş hesab edirsə, onunla mübahisə edə bilərəm. Mənimlə əlaqə saxlasın. Çünki o məktəb məndə yaşayır, mən o məktəbin yetirməsidir. O məktəblə biz dünya, rus, Azərbaycan dramaturgiyasının şedevr əsərlərini oynamışıq. Bu qədər baqajımız var o məktəbin sayəsində. Rejissor gəlir və gedir. O cəhətdən məktəb başa çatır. Tovstonoqov getdi, yerinə Çxeidze gəldi, tamam başqa bir məktəb idi. Tovstonoqov məktəbi aktyorlarda yaşadı. Öz teatrımızdan da misal gətirə bilərəm. Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov hərəsi bir məktəb yaratmışdı. Mən hesab edirəm ki, onların üçünün bir teatrda yerləşdirilməsi sovetin siyasəti idi. Məktəb rejissorla bərabər ölmür, aktyorlarda yaşayır. Hərəsi başqa-başqa məktəblər idi.

- Onların hər üçünün yetirmələri elə bu günə qədər Azərbaycan teatrını çiyinlərində gətirir. İndi təhvil verməyə çiyin tapılmır.

- Yetirmələri aktyorlardır, tamaşa qoymurlar.

- Yox, onlar özlərindən sonra rejissor da yetişdiriblər. Sırf təkrarçılıq etməyiblər, yeni istiqamətlər açıblar, amma məsələn, Vaqif İbrahimoğlu Tofiq Kazımovun yetirməsi idi.

- Bəli, məktəb özüldür. Stanislavski məktəbi üzərində onlarla rejissor yetişib, amma onu təkrar etməyiblər. Mirzə Babayev niyə gözəl estrada ifaçısı idi, çünki muğamı bilirdi. Yaxşı özül üzərində tikilən bina dözümlü olar. Cənnət xanımın rejissor yetirməməlidir, aktyor yetişdirməlidir. Mən və neçə-neçə həmkarım onun məktəbinin yetirməsidir. Bu gün mən Vaqif Əsədovla çətinlik çəkmədən işləyirəm, çünki Cənnət xanımın məktəbindən keçmişəm. İstənilən rejissorla da işləyə bilərəm. Əgər aktyor səhnədə özünə yer tapmırsa, səhv özündədir. Aktyor bunu etiraf edirsə, onun zəifliyidir. Qoy, birbaşa İlqara cavab kimi də səslənsin. Məktəb neynəsin ki, sən özünə səhnədə, teatrda yer tapa bilmirsən.

- Siz Gənc Tamaşaçılar teatrında özünüzə yer tapa bilmisiniz?

- Tapıram və tapacağam da, çünki o boyda məktəb keçmişəm. Dünyanın çox səhnələrində oynamışıq. Kamera teatrında işləyəndə dəfələrlə böyük səhnələrdə oynayıb mükafatlarla qayıtmışıq. İlqarın fikirləri ilə yalnız o mənada hesablaşıram ki, onun şəxsi fikridir və demokratik ölkədə yaşayırıq. İlqar “Otello”, “Ezop” oynayır, sonra da deyir ki, şeirli tamaşadan xoşum gəlmir

- Siz oynadığınız bütün rolları sevərək oynayırsınız?

- Məcburam, borcumdur övladımı sevmək. Elə rollar olub ki, oynamamışam, rejissorum sağ olsun ki, o cəhətdən məni başa düşüb.

- Məcburən sevgi olmaz...

- Yox, mən də Otellonu oynayırdım, uzun müddət məşq də etmişdim. Anladım ki, Otello mənlik deyil, oynaya bilərdim. Olardı 1 metr 60 santılıq Otello. Özümü Otello görə bilmədim, hərçənd çoxlarının arzusudur bu obraz.

- Mirzağa Mirzəyev kimi gənc aktyora üç baş rol verilməsindən teatrda bəzi həmkarlarınız narazıdır.

- O da onların problemidir. Bu nisbi məsələdir. Niyə gərək bir gənc aktyor baş rol oynamaq üçün hökmən saçları ağarınca siçanı, xoruzu oynasın? Cənnət xanım teatrın baş rejissorudur, necə məsləhətdirsə, elə də edir. Bizə söz demək düşmür. Kimsə öz fikrini deyə bilər, amma yediyin qaba tüpürmək formasında yox.

- Bayaq dediniz ki, üç nəhəng rejissorun bir teatra göndərilməsi sovetin təxribatı idi. Kamera teatrının Gənc Tamaşaçılar teatrına birləşdirilməsi buna bənzəmir ki?

- O fikrimdə qalıram, təsəvvür edin o, üç rejissorun hər birinin öz teatrı olsa, necə bir inkişaf gedərdi. O ki qaldı Kamera teatrına, hər halda Əbilov adına Mədəniyyət Evində tamaşa göstərməkdən xilas olduq. Kamera Teatrını dişimizlə, dırnağımızla qurmuşduq. İşimiz sadəcə, işimizi vicdanla qurmaqdır, qalan işlər özü yoluna düşəcək. Ola bilər ki, ayrılıqda daha böyük inkişaf olardı, amma mən geri baxmağı xoşlamıram, irəli baxmaq düzgündür. Cənnət xanımın tutduğu istiqamətlə teatr işini görür. Kamera teatrı küçədə qalmaqdan xilas oldu. Ağır məqamdır, amma irəli baxmaq lazımdır. Hələ ki, nəticə normaldır. Tamaşaçının şikayəti yoxdur. Həmin tamaşaları daha böyük səhnədə oynayırıq. İşimə vicdanla yanaşıram. Aktyor gərək bekar qalmasın, bekarçılıqdan mənasız fikirlər gəlir adamın başına. Bir dəfə boş vaxtım oldu, alman əsərini tərcümə edib onu tamaşaya hazırladım. Nəticədə mono-tamaşalar festivalında birinci yeri tutdum. Cənnət xanım bizim ustadımızdır, ondan narazılıq etmək nə insanlığa yaraşar, nə sənətkarlığa. Hamı bilir ki, mən 2 il teatrda yaşamışam. 7 il nişanlı qalmışam. Sonra yavaş-yavaş torpaq aldıq, ev tikdik, damla-damla. İlk dəfə ABA-da Cavid İmamverdiyev bir layihə hazırladı. O vaxt mən quru çörəyi qızdırıb yeyirdim. Cavidin təklifinə gedə bilmədim, şou üçün xüsusi isteded olmalıdır. Mən Molyeri üç saat səhnədə oynaya bilərəm, amma toyda bircə kəlmə deyə bilərəm. Mən ciddi sənəti sevirəm, işim budur.

- “Yaddaş” filmi də ciddi sənətdir?

- Siz onu ciddi sənət hesab etməyə bilərsiniz. Mən orda ciddi işlə məşğul olmuşam. Əgər teatra tamaşaçı gəlmirsə, aktyor günahkardır.

- Aktyor, sənət tamaşaçının arxasınca getməlidir, yoxsa əksinə?

- Əksinə, tamaşa, sənət tamaşaçını arxasınca apara bilməlidir. Aparmırsa, tamaşaçının bir günahı yoxdur.

- Teatr bu gün və onun gələcəyi sizin nəzərinizdə necə görünür?

- Ətalətdən çıxır. Bu gün kassadan bilet alan tamaşaçılar var. Sabah o tamaşaçı özü ilə iki tamaşaçı da gətirməsi üçün biz çalışmalıyıq. Bacarsaq, teatr sabah da yaşayacaq.

Ramilə Qurbanlı
# 1534 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
# # #