Mazut qoxusu bədəninə hopanlar

Mazut qoxusu bədəninə hopanlar
30 mart 2013
# 08:45

Tez-tələsik, başdansovdu, çaparaq yazı yazmaqla heç aram yoxdu. Yazı prosesi məndə çox ağır keçir və hər yazıya xeyli vaxt sərf etməli oluram. Di gəl, bir həftəlik bayram günlərində nəinki yazı yazmağa, kitab üzü açmağa da macal tapa bilmədim. Qonaq-qara əlindən dar-düdək evdə noutbukun qapağını qaldırmaq mümkün olmadı, bir neçə gün biş-düş həngaməsi səngimək bilmədi. Üstəlik, tanış-bilişin qara bayramı, qəbirüstü ziyarətlər, daha nələr, nələr...

Bayram günləri başa çatdı. Amma bu dəfə maşının bayramı başladı. İki gün səhərdən axşamacan 8-ci mikrorayonda yerləşən maşın bazarında köhnə maşınımı təmir edənlərin başı üzərində dayanmalı oldum. Maşının döşəməsi tamamilə çürük olduğundan çürük yerləri qaynaqla kəsib götürmək xeyli vaxt aparırdı. Gün boyu qələbəlik olan bu sahədə dolaşarkən adamı qəribə hisslər bürüyür.

Maşın ustalarının üst-başı, əl-qolu mazut içindədir, bu qoxu onların bədəninə hopub. Çox ağır şəraitdə işləyirlər. Əksəriyyəti bığ yeri yenicə tərləmiş cavanlardır, onlar yaşlarının az olmağına baxmayaraq artıq usta kimi tanınırlar. Birindən soruşdum ki, neçə yaşın var? Dedi ki, on yeddi. Əllərinə baxdım, taxta kimi sərt, yekə əllərə baxanda deyərsən bu əllərinin sahibinin əlli yaşı var. Deyir, on bir yaşımdan maşın yığmaqla məşğulam. İstər xarici, istərsə sovet maşınları olsun, hamısını təmir edə bilir. Soruşuram ki, bəs niyə təhsil almamısan? Deyir, mən öz sənətimin ustasıyam və kifayət qədər pul qazanıram. Bu yaxınlarda özümə “Mersedes” alacağam. Oxumaq mənə nə verir?

Heç nə demirəm. Bilirəm ki, artıq gecdir. O, öz sahəsini əla bilir. Tale onun alnına “mazutlu yazı” yazıb.

Bir-birləriylə şit, biədəb zarafatlar edən, jarqonla, söyüşlə danışan bu cavanlar bəzən heç nahara da getmirlər, emalatxanaya gətirilən dönərlə, qamburgerlə günü yola verirlər. Onların ən böyük qayğısı axşam evə pul apara bilməkdir. Mazut qoxulu cavanlıqlarından məmnundurlar.

Geniş sahədə dolaşan səyyar siqaret satanların tör-töküntü, pinti-pələş geyimi, gündən qaralmış tüklü sifəti adamda kədər hissi oyadır.

Həyat bəzən kitablardan qat-qat maraqlı olur. Hərdən insanları kitab kimi oxumaq lazım gəlir. Masamın üstündəki kitablardan yorulanda özümü həyatın içinə atıram və beynimdəki obrazlar tıxacından xilas olmağa çalışıram. Təxəyyül oyunları bəzən reallıq hissini büsbütün unutmağa gətirib çıxarır. Bir müddət kitablardan uzaqlaşmaq lazım gəlir.

Bu bayram günlərindəki macalsızlıq mənə bir şeyi öyrətdi. Həmişə və çox kitab oxumağa gərək yoxdu. İnsanları oxumaq daha maraqlıdı. Kitab kimi.

# 2304 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #