Kənan Hacı Mirmehdinin kitabından yazdı - TƏHLİL

Kənan Hacı Mirmehdinin kitabından yazdı - <span style="color:red;">TƏHLİL
24 noyabr 2015
# 10:31

Kulis Kənan Hacının Mirmehdi Ağaoğlunun “Bu gün səbr elə” kitabı haqqında yazdığı “Bu Dilbərin də bəxti gətirmir” məqaləsini təqdim edir

Mirmehdi Ağaoğlunun imzasına təxminən on il bundan öncə “Alatoran” jurnalında rast gəlmişəm. Hətta onu da xatırlayıram ki, onun standart şeir ölçülərinə sığmayan, fikir, düşüncə sərbəstliyini ifadə edən şeirlərini profildən çəkilmiş şəkli ilə birgə dərc etmişdilər. Yanıla bilərəm, amma mənim yaddaşımda ilk virtual tanışlıq o uzun saçlı oğlanın şəkli və eksperimental şeirləri ilə qalıb. O vaxt düşünmüşdüm bu oğlanın adıyla şeirləri bir-birinin əksidir və bu təsadüfi imza deyil. Sonralar “Proloq” qəzetində yazılarını, hekayələrini oxudum. Və gün gəldi, “Görüş” romanını oxudum, bu vaxt artıq sosial şəbəkələr həyatımıza daxil olmuşdu, Mirmehdiylə ünsiyyətimiz sıxlaşdı. Mən romanı haqqında fikirlərimi ona yazdım, bir müddət sonra “Küləyi dişləyən” əsəri haqqında ayrıca bir yazı yazdım. O zamandan Mirmehdi nə yazıbsa, mən oxumuşam.

“Görüş”də mənim diqqətimi müəllifin Bakı mühitinə bələdliyi çəkmişdi, Bakı kəndlərinin adət-ənənələrini, münasibətlər sistemini, yazılmamış qanunlarını bilmədən belə bir əsər yazmaq müşküldür. Mirmehdiyə o vaxt belə yazmışdım: “Humay quşunun kölgəsi" məni zar-zar ağlatdı. Əsər məni məhv elədi eee... Mən o yaşantıları yaşadım. filmə baxırmış kimi, o dənizin qoxusunu duydum, o qadının ilıq nəfəsini, saçlarının ətrini hiss elədim, ləpələrin səsini andıran pıçıltıları məni ağlatdı... Gecənin soyutduğu qumun təması ayaqlarımı qıdıqladı. Yaşanılmış gecənin xoşbəxtliyi içində səhər çağı xumarlanan Məmməd elə bil mən özüm imişəm... Bir gecənin sevgisi bir ömürlük göynərtiyə çevriləndə həyat acı zəqquma dönür. Əsl yaşadığın həyat bax, o gecə idi. O həyatın bəxtiyarlığı insanın sevgisiz yaşadığı bütöv bir ömrə dəyər!”

Bu da Mirmehdinin cavabı: “Dostların mizan-tərəzisində ağır gəlmək adamı göylərə uçurur, daha da ilhamlandırır”.

Tənbəllik etməyib feyzbukda yazışmamızı axtarıb tapdım və “Görüş” romanından aldığım təəssüratı o vaxt yazdığım kimi bura köçürdüm. Əlbəttə, bu, sıradan bir oxucu təəssüratıdır, əsərin bədii məziyyətləri haqda nədənsə heç nə yazmamışam. “Görüş” müəllifin mətn qurma bacarığını, yazdığı mətnə yaradıcı münasibətini, fərqli baxış tərzini bəlirləyən bir əsər idi.

Vaxt gəldi, Mirmehdi mənim kitabım haqqında tənqidi fikirlərini yazdı və mən onun haqlı iradlarını qəbul elədim. Çünki Mirmehdi ədəbiyyatda zövqünə və ədəbi biliyən inandığım, güvəndiyim (elə qardaş kimi də güvəndiyim!) tək-tük adamlardan biridir. İlin-günün bu vaxtında öz ixtisasını atıb ömrünü fədakarcasına ədəbiyyata sərf eləmək ədəbiyyata sonsuz sevginin nümunəsidir. Ədəbiyyat təşnəliyi olmadan bu cür ağır imtina mümkünsüzdür. Yazıçı həm də imtina etməyi bacarandır.

Qan Turalı Mirmehdi haqqında yazısında üslub məsələsinə toxunub, mən o vaxt düşünürdüm ki, dostumuz “Görüş”dən başlayan üslubi xətti sonrakı əsərlərində də davam etdirəcək. Amma “Küləyi dişləyən” tamamilə fərqli bir roman tipi kimi meydana çıxdı. Belə demək mümkünsə, bu əsərdə klassik üslubla romantik üslub sintez olunub. Bu iki əsəri bir-birindən ayıran xətlər çoxdusa da, bir xətt onları birləşdirir – dekonstruksiya xətti. Sonralar Mirmehdi bu ədəbi fənddən istifadə edib gözəl hekayələr yazacaq. Son yazılarımdan birində belə də yazmışdım: “Mirmehdi Ağaoğlunun Quran motivləri əsasında yazdığı son hekayələr onun artıq nasir kimi peşəkarlığını göstərdi”. Doğrudan da Mirmehdi peşəkar nəsrin bütün “bicliklərini” öyrənib və bunu uğurla öz mətnlərinə tətbiq etməyi bacarır.

Mirmehdinin yeni romanı “Bu gün səbr elə”ni 2-3 saatın içində oxuyub bitirdim. Yüyrək dillə yazılmış bu əsərdəki sadə həyat materialına uyğun yatımlı üslub Mirmehdinin “Alman malı” hekayəsindəki üslubdur. Mirmehdi cümlələrində konkretdir, oxucunu yormur, əsərdə uzun-uzadı təsvirlər yoxdur. Mirmehdinin istedadının əsas keyfiyyəti də budur ki, o, hadisələr arasında zəncirvari halqa qura və yığcam təsvir edə bilir. Təbii gedişata yersiz müdaxilələr yoxdur bu romanda. Əsərin bu cəhətini daha çox bəyəndim. Sadə insanların böyük faciəsini bər-bəzəksiz göstərir. Bəzən gülürsən, bəzən içinə ağır qüssə çökür. Müəllif bu romanda sosial eybəcərliyin konkret obrazını yaradıb, ünvanını göstərib. Əsərdə sosial tematika ön plandadır. Həqiqəti bundan sərt, bundan çılpaq şəkildə necə göstərmək olar? Hər şey göz önündədir. “Bu gün səbr elə” ömrü kreditlərin məngənəsində əzilib məhv olan bir ailənin dramıdır. Kənd adamının şəhərdəki tragik həyatını daha tünd boyalarla təsvir edən əsərlər bizim ədəbiyyatımızda az deyil. Situasiya ustacasına idarə olunur və hadisələr gəlib gözlənilməz bir sonluqla nəticələnir.

Gecənin şirin yuxusuna haram qatan da sonluğun nəylə bitəcəyinə şiddətli maraq idi, ay Allah, görəsən Mirmehdi bu müşkül işi necə həll edib? Məlahətin mesajı təkcə Dilbəri yox, oxucunu da qəfil zərbə kimi tutur. Bu Dilbər Müşfiqin talesiz Dilbəri deyil, Nəsiminin bəxtsiz Dilbəridir. Bu Dilbər... Hər şeyi açıb tökməyək, bəzən hansısa əsər haqqında yazanda əsərin bütöv süjetini göstərmək, məncə, düzgün hal deyil. Oxucunu intizarda saxlamaq lazımdır. Yoxsa tənbəl oxucu bizim bir şair dostumuz kimi deyəcək ki, bunu mənə danışıblar.

Əsərin epiloqunda müəlliflə qəhrəmanın dialoqu, daha doğrusu, çatda yazışması verilir. Oxucu da inanmaq istəyir ki, qəhrəmanın başına belə əhvalat gəlməyib. Mən Dilbəri o cür çarəsiz vəziyyətdə görmək istəmirdim. Amma kredit götürmək çarəsiz insanların sonuncu güman yeridir. Sonun nəylə bitəcəyini düşünməyə macal olmur!

İstədim bir azca Mirmehdini tənqid edim, amma gördüyünüz kimi, bacarmadım. Mən Mirmehdiyə iri həcmli, fundamental əsərlər yox (standart sovet ədəbi resenziyalarında yazıçılar haqqında belə cümlələr bol-bol idi, amma onların böyük əksəriyyəti boyunlarına zorən yüklənmiş fundamental əsərləri yazıb ortaya çıxara bilmirdilər) məhz həmişə belə yaxşı əsərlər yazmasını arzulayıram.

# 2414 dəfə oxunub

Müəllifin son yazıları

# # #