Kulis.az İradə Musayevanın “Sözlərin rəng assosiasiyası... Qara rəngli “repressiya”...” yazısını təqdim edir.
Repressiyanın 80 illiyinə həsr olunur...
II məqalə
Əsil müsibət də bundan sonra başladı...
SSRİ-də repressiya “proses” kimi nəzərdə tutulmamışdı, əvvəlcə əməliyyat, düşüncələrə, sosializm qanunlarına, qadağalarına əks ola biləcək nəzəriyyə və təlimlərə qarşı soyqırım, hücum kimi planlanmışdı. Amma vəziyyət elə ağırlaşdı ki, “oyuna girən oynayar” məsəlində olduğu kimi Stalin əlini qana batırmışkən repressiya baltasının altına salmaq üçün durmadan düşünən və “düşmən” başlar tələb etdi. Beyin, şüur fəaliyyəti nəzarətə götürülmüşdü. Akademiklər, professorlar, azad, sərbəst fikir yürütmək iqtidarında olan hər kəs və xüsusən də emosiyalara təsir edə biləcək ədəbiyyat adamları (diqqət etsəniz daha çox hallarda şairlər) “Barbarossa” planına bənzər sürətli bir gedişlə qısa zamanda susdurulmalı idi. 1917-ci il inqilabından az qala 20 il keçirdi. Hətta hökumətin özündə belə bu qələbənin gələcək taleyinə inamsız yanaşanlar vardı. Stalinin baxış bucağından təhlil edilsə, doğrudan da sovet hakimiyyəti üçün xeyli “təhlükəli” qüvvələr meydana gəlmişdi. 20 illik hakimiyyət zorakı fəaliyyəti ilə özünə çoxlu düşmən qazanmışdı. Həqiqətən də, “sovetizm” nəzəriyyəsi təhlükədə idi. (Onu da nəzərə almaq lazımdır ki, SSRİ-nin tərkibində türk kökənli millətlər çoxluq təşkil edirdi) Amma Stalin bu “düşmən”lərə hakimiyyət müxalifləri kimi baxsa da, onlara proletariatı qəzəbləndirə və inandıra biləcək başqa ad qoydu: “Xalq düşmənləri”... Bu adın mənfi cazibəsi radiasiya effektli idi. Zəhərli və zərərli münasibətlər formalaşırdı. “Xalq düşməninin ailəsi”, “Xalq düşməninin əsərləri”, “Xalq düşməninin həmfikirləri” ― hamısı məhv edilməli idi... Stalinə ağlı ilə deyil, emosiyası ilə davranan tərəfdarlar lazım idi. Alimləri “sovet yalanı”na inandırmaq çətin olmuşdu, amma proletariatı iki-üç şüarla da ram etmək mümkün idi. Ona görə də Stalin adını belə yaza bilməyən həbsxana işçilərinə akademikləri, generalları, yazıçıları döymək ixtiyarı vermişdi. Araşdırmaçılar (F.D.Aşnin, V.M.Alpatov, D.M.Nasilov) “Məhv edilmiş türkoloqlar” kitabında B.Çobanzadənin, R.Axundovun, G.S.Qubaydullinin məhkəmə qovluqlarındakı maraqlı faktlara diqqəti cəlb edir. Məlum olur ki, çox zaman akademiklərin, professorların işinə orta təhsili belə tam olmayan “mütəxəssislər” baxırmış. Məsələn, 1953-1954-cü illərdə artıq şahid kimi ifadələr verən S.S.Zıkov repressiya illərində “İntellektuallar üzrə mütəxəssis” vəzifəsini daşıyırdı. Akademiklərin, professorların sorğulanmasında söz sahibi idi, amma özünün orta təhsili belə yox imiş... O da məlumdur ki, repressiya işgəncələri zamanı “milli genetik yaddaş” faktı da nəzərə alınırdı. Yəni, eyni millətdən olan adamları yox, daha çox anti-milli tərəfləri qarşılaşdırırdılar. Azərbaycanlı məhbusları erməni, rus, yəhudi millətindən olanlar (D.Sumbatov, V.Gerasimov, Qriqoryan, Çinman, Şerov və b.) mühakimə edir və cəzalandırırdı.
Repressiya olunanlar müxtəlif “günah”, müxtəlif maddələrlə “əsaslandırılan” “cinayət” (türkçü, millətçi, dindar, trotskiçi, agent,) sahibləri idi. Doğrudur, ciddi əsas tapılmayanda və müttəhim mütləq qısa zamanda öldürülməlidirsə, bəzən gülünc ittihamlar da yazdırırdılar diğər məhkum şahidlərə. Məsələn, H.Nəzərli öz ifadəsində yazırdı ki, “Mikayıl Müşfiq köhnə kitablar oxuyurdu...” “Köhnə kitablar oxumaq” da sovet hökuməti üçün təhlükəli fakt idi... Ədəbiyyat, elm, mədəniyyət adamlarını silsiləvi dindirilmələr sxemi əsasında qruplaşdırırdılar. Elə bil SSRİ miqyaslı böyük bir cinayətkar banda yaxalamışdılar.
Ziyalıların böyük əksəriyyəti, (xüsusən Azərbaycanda) “türkçü” olduğu üçün yox edildi. SSRİ Elmlər Akademiyasının böyük alimlərindən bir çoxu da bu “suç” üstündə məhv oldu. “Aleksandr Nikoloyeviç nədən yox edildi? (A.N.Samoyloviç 1937-ci ilin iyul ayında Kislavodska gedir və orada yoxa çıxır-İ.M) Bununla bağlı ancaq ehtimallar edə bilərik. Adları sadalanan F.İ.Şerbatski və P.K.Kokovtsovun əksinə iqtidara qarşı müxalif mövqe nümayiş etdirməzdi. A.N.Samoyloviç iqtidara həddindən artıq bağlı olmaqla seçilmiş, hətta N.Y.Marrın nəzəriyyəsini mənimsəməyə çalışmışdır. Hər hansı bir müxalif partiyalardan birinə aid olmamışdı. Akademik dairələrdə yayılan onun əsilzadələrdən (dvoryan) və “Ukrayna hetmanı” olmasının həbs səbəbi kimi göstərilən dedi-qodu xəbərləri cinayət qovluğunun sənədlərində sübut olunmur. Üstəlik də akademiklər arasında “dvoryan” əsilli çox sayda adam vardı. Bu məsələdə hər hansı bir “Ukrayna millətçiliyi”ndən də bəhs edilməsi mümkün deyil. Həqiqətə daha uyğun olanı “türk izi” ola bilərdi. A.N.Samoyloviçin türk elm adamlarıyla sıx əlaqələri vardı və Türkiyədə tanınırdı. Onun cinayət qovluğunda bu məsələ yer almış olsa da, önəmli qismini əhatə etmirdi. Digər tərəfdən, M.K.Atatürkün vəfatına qədər (1938) Sovet-Türk əlaqələri olduqca sağlam idi”. (F.D.Aşnin, V.M.Alpatov, D.M.Nasilov. “Məhv edilmiş türkoloqlar”)
Azərbaycan ədəbiyyatındakı və ümumən mədəniyyətindəki repressiyanın kökü də çox hallarda yazarların türkçü və müsavatçı, hətta köhnə müsavatçı olmaları ilə bağlı idi. Təsəvvür edin, müsavat tərənnümçüsü və xadimi C.Cabbarlı 1928-ci ildən etibarən sovet dramaturquna çevrildi. “Sevil”, “Almaz”, “Dönüş”, “Yaşar” və s. bu kimi ideoloji təbliğat xarakterli əsərlər yazdı. Amma 1934-cü ildə ölməsəydi öz müsavatçı keçmişinə görə 1937-ci ildə güllələnməli idi...
Qəribədir ki, bu gün hamı, məsələn, Ə.Cavadın əleyhinə ifadə verən, onu tənqid edənləri ittiham edir. Eləcə də S.Vurğunu. Bəs bunu necə qəbul edək ki, repressiyaya məruz qalmış yüzlərlə insan (eləcə də Ə.Cavad özü) dindirilmə zamanı özü haqqında həmin ittihamlarla razılaşır və etiraflar səsləndirir. Nəinki səsləndirir, yazır və imzalayır. Sözsüz ki, işgəncələr altında... “Ə.Cavad da öz növbəsində Musavatın üzvi olduğunu, əksinqilabi millətçiliyi yaymaqda iştirak etdiyini, lakin 1923-cü ildə həbs olunandan sonra bu işdən əl çəkdiyini etiraf etsə də, lakin bu etiraf DTK-nın rəhbərliyini razı salmır. Belə etiraf rəhbərliyi razı salmadığından şairlə uzun, ağır, məşəqqətli söhbət etməli olur və sonda müstəntiqlər müttəhimdən razılıq almağa nail olurlar. Ə.Cavad istintaqını aparan, vəhşiliyi, qansızlığı, rəhmsizliyi ilə məşhur olan DTK-nın baş leytenantı Qvozdevə 25 iyul 1937-ci ildə bütün günahlarını etiraf etmək məcburiyyətində qalır. Lakin 20 sentyabr 1937-ci ildə verdiyi ifadələrlə razılaşmayan müstəntiq şairə - qanunsuz əməllərinə əlavələr etməyi də məsləhət bilir. Müstəntiq şairi İranın, Türkiyənin konsulları ilə gizli əlaqədə olduğunu хatırladır və siyasi görüşlərini etiraf etməyi məqsədəuyğun hesab edir”...(A. Kənan. XX əsrdə repressiyaya məruz qalanlar. Bakı, 2011)
Rus türkoloqlarına da “casus” damğası vurulurdu. Məhkəmə qovluqlarunda SSRİ Elmlər akademiyasının Şərqşünaslıq İnstitunun müdiri A.N.Samoyloviç və başqa türkçü alimləri “Yapon casusu” kimi də günahlandıran izahatlar və diğər sənədlər yer alır. Samoyloviç Peterburqda Şərq Dilləri Fakültəsində oxuyarkən yaponiyalı tələbə Ueda ilə tanış olmuşdu. Bu xırda detal ittihamı böyütmək üçün fürsət yaradırdı. Azərbaycan alimləri, yazarları üçün isə “İran casusu”, “Türkiyə casusu” damğası vurulurdu. Hətta inqilabdan çox-çox əvvəl Türkiyədə, İranda təhsil alanlar, həmin ölkələrin ictimai-siyasi, sosial-mədəni mühiti ilə tanış olanlar belə şübhəli şəxs qismində rahatca güllələnə bilirdi... Bu gün və sabah kimsən, hansı əqidəyə, məsləkə qulluq edirsən, fərqi yoxdur. Dünənin, keçmiş - hələ 1917-ci il inqilabının havasının belə duyulmadığı zamanların sorğuları çeşidlənir, cildlənirdi. Çin və Yaponiya üzrə mütəxəssis A.N.Voznesenski (1881-1937) çar dövrünün diplomatı olmuşdu. 1917-ci ildə inqilabın tərəfinə keçmiş, 1917-1918-ci illərdə Xarici İşlər Komissarlığında türkoloq alim E.D.Polivonovla birlikdə işləmişdi. Daha sonra diplomatik fəaliyyətdən uzaqlaşmış və 1937-ci ildə güllələnmişdir. Şərqşünas alim Samoyloviçin öldürülməsini isə “Məhv edilmiş türkoloqlar” kitabının müəllifləri və tədqiqatçılar (Aşnin, Alpotov, Nasilov) belə izah edirlər ki, Voznesenski və Bremman həbs olunanda işgəncə zamanı bir çox adlar sadalayır və Samoyloviçin də adı Yaponiya tərəfdarı kimi hallanır. Ya da sadəcə hər ikisinin tanışı olan Samoyloviç adları əvvəlcədən ölüm siyahısına salınan bu adamlarla tanış olduğu və türkoloq olduğu üçün sıradan çıxmalıymış...
Bununla məsələ bitmirdi, bir-birini ələ vermək, bir-birini satmaq zəncirvari üsulla uzanıb artırdı. Samoyloviçin adını çəkmiş, onu ələ vermişdilər. Samoyloviçin özünün verdiyi ifadələrdə isə başqa 3 nəfər cinayətkar kimi qeyd olunurdu. 1. Tatar türkoloqu V.Ə.Zabirov. (Samoyloviçin tələbəsi olmuşdu) 2. Moskva Şərqşünaslıq İnstitunun sabiq müdiri, qazax əsilli S.C.İsfəndiyarov. 3. P.İ.Vorobyov.
Alimləri hətta illərlə apardığı tədqiqatlarından imtinaya məcbur edirdilər. Eston əsilli, 1923-cü ildən Bakıda fəaliyyət göstərən, Azərbaycan Universitetində, SSRİ Elmlər Akademiyasının Azərbaycan bölməsinin Dil və ədəbiyyat İnstitunun müdiri vəzifəsində (1935-1937) çalışmış, Oktyabr inqilabından əvvəl və sonra dəfələrlə siyasi baxışlarını dəyişmiş, ictimai görüşləri və fəaliyyəti üzdə olan professor Artur Rudolfoviç Zifeld xeyli sayda dil bilirdi. Yoldaşlarının da dediyi kimi “pantürkist” olmasa da türk heyranı idi. (Hətta qızının adını “Uraltay” qoymuşdu. Ural-Altay...) Azərbaycanı öyrənmə cəmiyyətində xidmətləri vardı. Türk dilləri üzrə mütəxəssis olan bu adam hələ XX əsrin əvvəllərində türklərin şumerlərlə əlaqəsini əsaslandıran araşdırmalar aparmışdır. (Həmin araşdırması türk alimi Y.Akçura tərəfindən “Türk yurdu jurnalında yayımlanmışdı).
Həbs olunandan sonra “əksinqilabçı” kimi fəaliyyəti boynuna qoyulmuşdu. Və o artıq həyatda olmayan B.Çobanzadə, V.Xuluflu, G.Qubaydullin, H.Zeynallı və başqalarını özü ilə eyni əqidə sahibi, əksinqilabi əməkdaşlıq mənasında əlbir fəaliyyət göstərən adam kimi təqdim etmiş, necə deyərlər, onları gec də olsa “ələ vermişdir”. Həmin adamlar da (B.Çobanzadə, V.Xuluflu, G.Qubaydullin, H.Zeynallı) öz izahatlarında Zifeldi “satmışdılar”...
Belə məlum olur ki, repressiya illərinin məhkəmə salonlarında ən çox işlədilən ifadələr bunlar olub: “əksinqilabçı”, “pantürkist”, “panislamist”, “müsavatçı”, “köhnə müsavatçı”, “xarici düşmənlərə işləyən agent” və s. Məhkumların izahatları isə bu sözlərlə dolu idi: “yuvarlandım”, “etiraf edirəm”, “təhrik edildim”, “peşmanam”...
Əfv ərizələri yazdırırdılar, amma əfv etmirdilər... A.R.Zifeld də iki günün içərisində bütün keçmişini “etiraf” etmiş, pantürkizmə “yuvarlandığını” boynuna almışdır. Yəqin ki, işgəncələrə dözə bilmədiyi üçün “boynuna almışdır” ki, 1931-ci ildə “pantürkist” B.Çobanzadəni partiya iclasında müdafiə edib onun işdən çıxarılmasına imkan vermədiyi üçün peşmandır... Daha ağrılısı isə o idi ki, Mahmud Kaşğarlının “Divani-lüğət-it türk” əsəri haqqında bu sözləri yazmağa məcbur edilmişdi: “Mən etiraf edirəm ki, bu kitabı yetəri qədər incələməmişəm və onu artıq yox olmuş bir çox dillərlə əlaqədə dil araşdırmaları üçün nadir nüsxə hesab etmişəm”.
Təsəvvür edirsinizmi, türk dili mütəxəssisi, professor üçün bu cümləni yazmaq nə qədər ağırdır? Onun “cinayət” maddələri də qəribə səslənir. Məsələn, günahlarından biri “M.Kaşğarlının pantürkist kitabı”nı (Divani-lüğət it türk) tərcümə etmək, ikincisi -“zərərli elmi araşdırma aparmaq”, üçüncüsü - “Pantürkist B.Çobanzadəni müdafiə etmək” və s. idi.
Zifeld hətta dostlarının, eləcə də türkoloq alimlərin onun haqqındakı ifadələrinə təəccüb etmiş, iftira atdıqlarını yazmış və çox təəssüf və təəccüblə “Nə üçün Qubaydullin mənə iftira atdı?” - deyə sarsılmışdı...
Həmin illərin çap olunan arxiv materiallarında bir qəribə “süjet xətti”, gedişat da müşahidə üçün maraqlı gəldi. Deməli, tutulanlar nə vaxt ki, amansızlıqla döyülür, onda hər şeyi açıb danışır və “etiraf dolu izahatlar” yazırlar, sakit və rahat, fiiziki təzyiqlərin dayandırıldığı günlərdə isə tam başqa cür ifadələr verir, əvvəlki izahatların zorla yazdırıldığını bildirir və özlərini günahkar bilmədiklərini israla bəyan edirlər...
Stalin repressiyalarının öz anatomiyası, patoloji sadizm metodikası vardı. Sadəcə öldürmək yox! Başqalarına da görk ola biləcək, başqalarını da daima qorxu altda saxlaya biləcək ölüm çeşidləri düşünülürdü. İnsanların hamısı güllələnmirdi. Bu repressiya öz qurbanını əvvəlcə mütləq mənən, psixoloji olaraq məhv edirdi. Sarsıdır, içində bəsləyib, qoruyub saxladığı bütün müsbətlikləri onların öz əli ilə tar-mar edirdi. Dostluq, millətsevərlik, mərdlik hissi məhv olunan insanlar artıq mühakimənin məğlub tərəfi kimi sadəcə fiziki mövcudluğunun hayına qalır, yaşamaq naminə hər şeylə razılaşırdı. Zifeld də güllələnmədi, amma sürgün olundu, özü də elə bir yerə ki, sağlamlığı üçün tam zərərli bir iqlimi olan Kolımaya. 50 yaşlı alimin anketində isə “qocalığı və ürək xəstəliyi səbəbindən öldü”- yazıldı.
“Heç bir xəstəliyi olmayan, 50 yaşlı bu enerjili insan 16 aylıq həbsxana həyatı və 6 aylıq sürgündən sonra tükənmiş qocaya döndü və öldü”. (F.D.Aşnin, V.M.Alpatov, D.M.Nasilov. “Məhv edilmiş türkoloqlar”)
Azərbaycanda da repressiya mənzərəsi və prosesi eyni ssenari əsasında formalaşmaqda idi.
Bu məqamda bir məsələyə də diqqəti cəlb etmək istərdim. Biz bəzən repressiya zamanının hadisələrini yox, adamlarını təhlil edirik. Və hətta illəri nəzərə almadan. Məsələn, 1923-cü il ilə 1936-1937-ci illər arasında kəskin siyasi, ictimai və sosial fərqlər vardı. 10-15 il boyunca izlənilən, müşahidə edilən və nəzarətə alınan adamların adları ölüm və sürgün siyahılarında möhkəmlənirdi. 1937-ci il tufanında heç kim nə H.Cavidi, nə də Ə.Cavadı xilas edə bilməzdi. Halbuki, məsələn, 1923-cü ildə Ruhulla Axundov tutduğu postda millətin elmi-mədəni inkişafına dəstək olan çox addımlar atmışdır. Əslində çox təhlükəli addımlar... Uzun illər B.Çobanzadəni bolşevik hücumlarından qorumuş, əksinqilabçı və müsavatçı kimi tanınan Ə.Cavadın şeirlərinin kitablara salınmasına izn vermişdi. “... R.Axundov türk xalıqlarının elm təmsilçilərini Bakıya dəvət etməyi vacib hesab edirdi. Mühakimə zamanı sabiq Azərbaycan KP MK katibini “burjua millətçisi” və “pantürkisti” kimi sübut etmək üçün bu dəlillər kifayət idi. Onun və B.Çobanzadənin məhkəmə qovluğunda Axundovun bu məşhur elm adamını 10 il boyunca müdafiə edib dəstəklədiyinə dair bir çox məlumatlar yer almışdır. 1923-cü ildə müsavatçı F.Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixinə dair məlumatlar” adlı kitabını çap etdirmişdi. Müəllifin həyatda olmamasına baxmayaraq çap icazəsini R.Axundov vermişdi. O, həm də Bakıda çalışan türk alimi İsmayıl Hikmətin kitabının və əksinqilabçılıqda günahlandırılan Ə.Cavadın şeirlərinin yayımlanmasına da icazə vermişdir”. Və 20-ci illərdə görülən bu işlərin, bütün bu addımların cavabını 30-cu illərdə R.Axundovdan cümlə-cümlə, söz-söz soruşmağa başladılar...
Ə.Cavadla eyni cəbhədə olanlar belə onun haqqında məhkəmələrdə ziyanlı ifadələr verirdilər. Maraqlıdır ki, S.Vurğun sovet şairi kimi Yazıçıların 1937-ci il mart plenumunda məcburiyyət qarşısında qalıb onun üzünə hökm oxuyurdusa, müsavatçı dostlarının bir çoxu da həbs olunan zaman elə həmin məcburiyyət nəticəsində Ə.Cavadın “cinayətləri”nə şahidlik edirdilər. Amma nədənsə bu gün insanlar eyni ifadələr, eyni günahlandırma sahiblərindən ölənləri, öldürülənləri unutdu, sağ qalanları isə bu gün belə unutmadı. Yəni, Ə.Cavadın müsavatçı dostlarının onun haqqında həbsinə səbəb olan yazılı ifasdələri sanki nəzərə alınmadı. Məsələn, B.Talıblı və H.Zeynallıya dedizdirilib yazdırılan ifadələr buna misal ola bilər. Onlar bildirmişlər ki, Ə.Cavad həmişə deyirdi ki, “türklər bütün millətlərdən üstündür” və ya “Mən Azərbaycanın sovetləşməsini həyatımın ən bədbəxt günü hesab edirəm” və s. Ə.Cavad Şekspiri, Puşkini, Ş.Rustavelini və başqa məşhur yazarları dilimizə tərcümə etmişdi. Amma onun həbsi üçün sadalanan maddələrdən biri yenə H.Zeynallının dilindən yazılıb. H.Zeynallı ifadə verərək bildirib ki, Ə.Cavad Ş.Rustavelinin yubileyi ilə əlaqədar olan tərcüməsini (“Pələng dərisi geymiş pəhləvan”) vaxtında çatdırmadı. “Məhkəmə zamanı, 1936-cı ildə H.Zeynallıdan zorla alınan ifadəyə görə guya Rustaveli ildönümünə çatdırmamaq üçün işi pozmaq məqsədilə Ə.Cavad tərcüməni ləngitdi. (Yubiley 1937-ci ilin sonlarında olmalı idi.) Sonralar, bəraət veriləndə məlum oldu ki, tərcümə vaxtından əvvəl tamamlanmış və tərcüməçinin (Ə.Cavad-İ.M.) tutulmasından iki həftə qabaq təhvil verilmişdir”. (“Məhv edilmiş türkoloqlar”) Talıblının da ifadəsi ürəkağrıdıcıdır:“Ə.Cavad yaxın zamanlara qədər Azərbaycan xalqına tamamən yad olan türk dilində yazırdı”... S.Vurğun da məcburiyyətdən Ə.Cavadın əleyhinə çıxış etmişdi, onlarla müsavatçı dostları, məsləkdaşları da... Amma sovet şairi S.Vurğunun çıxışı daha çox mühakimə olundu...
Məsələ həm də ondadır ki, 1920-ci illərdə belə özünü daima sovet hökumətinin barışmaz qüvvələrindən biri kimi aparan, “Mən müsavat şairiyəm” deyən Ə.Cavad sonrakı ağır illərdə kolxoza da, pambığa da, Moskvaya da şeir yazdı, amma bu addımı da onu “bağışlatmadı”...
1937-ci ilin mart ayında Azərbaycan Yazıçılarının plenumunda Ə.Cavad haqqında hökm verilməli idi. S.Vurğun deyir: “...Cavad üçün hər bir şərait yaradıldı, sənə Azərbaycan Sovet Yazıçılar İttifaqının kitabçası verildi, böylə bir mötəbər təşkilatın üzvi oldun. Sistematik olaraq bu vaхta qədər yoldaşlar sənin nöqsanını göstərdilər. Fəqət sən bu müddət ərzində hamıya məlum etdin ki, sən fikrini dəyişmək istəməmisən. Buna görə biz son sözümüzü deməliyik. Buna obyektiv tariх şahiddir. Biz qətiyyən səni qəsd ilə həlak etmək fikrində olmamışıq. 17 il sənə şərait yaratdıqdan sonra məcbur olduq ki, sənə son sözü deyək!” (A. Kənan. XX əsrdə repressiyaya məruz qalanlar. Bakı, 2011)
Tənqidçi-ədəbiyyatşünas Əli Nazim haqqında da bu gün birmənalı münasibət formalaşmadığının şahidiyik. A.Kənanın kitabında oxuyuruq: “Ə.Nazimin istintaqa verdiyi izahatdan: Hacıbaba Nəzərli əksinqilabçı, millətçi, bolşeviklər partiyasının daхilində ikiüzlü idi. 1925-ci ildə H.Nəzərli ədəbiyyatda həmçinin, özünün qələmə aldığı əsərlərində əksinqilabi fikirlər irəli sürür, osmançılığı, türk хəlifə mədəniyyətini yayırdı. 1933-34-cü illərdə H.Nəzərli mənə şəхsən dəfələrlə deyirdi ki, Azərbaycanın partiya rəhbərləri ilə mübarizə aparmaq lazımdır.”
Ardı var...
18.12.2017.