Kulis filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevanın “Corc, Qabriel və ya publisistikanı udan ədəbiyyatlar…” yazısını təqdim edir.
Yazının ikinci hissəsini burdan oxuya bilərsiz.
Corc Oruell də, Q.Q.Markes də ziyalı idi. Bizim düşüncəmizdə “ziyalı” pedoqoji və elmi fəaliyyət sahəsinin insanlarına aid edilən anlayış kimi qəbul olunur. Lakin əsil ziyalılar cəmiyyətin azad və işıqlı düşüncəsinin qoruyucularıdır. İnsanın ruhunu xilas edən Prometey əzablı fədailərdilər. İsmayıl Qaspirallı, H.Zərdabi, F.Köçərili, C. Məmmədquluzadə kimi… Corc da, Qabriel də öz ziyalı missiyalarını publisist və romançı kimi yerinə yetirdi. Özü də zamanında… Diktatorlarla göz-gözə dayanıb söz, fikir, təsvir və situasiyalarla onların xislətindəki eybəcərlikdən xalqı agah etdilər, insanlarda siyasi təfəkkür potensialı formalaşdırdılar. Rus - Sovet sosioloqu, politoloq, kulturoloq, publisist, yazıçı və filosofu Aleksandr Tarasov “Ziyalıların xəyanəti” adlı məqaləsində yazırdı ki, 90-cı illər ziyalıların öz müstəqilliyindən imtina illəri idi. Ziyalı, əgər o həqiqi ziyalıdırsa, psevdoziyalı deyilsə (status ziyalısı, məmur, kontor işçisi, “intellektual”, yəni qeyri-sənaye sferasında – təhsil, idarəetmə, informasiya texnologiyaları və s. sferalarda dar ixtisaslı mütəxəssis) – o yaradıcıdır, yaradıcı şəxsiyyətdir, dahidir, həqiqət axtarışı ilə, dünyanın rasional (elmi) və ya hissi (bədii) qavranması ilə məşğul olan insandır. Həqiqi ziyalı özünün fərdi dərk edən subyekt və ictimai maarifçi, azadedici rolunu başa düşür. Həqiqi ziyalı – tənqidi təfəkkür sahibidir. Həqiqi ziyalı konformizm və meşşanlığa qarşıdır. 90-cı illərdə ziyalılar özlərinə xəyanət etdilər…
Bəli, meşşan və xırda burjua təbəqəsinə çevrilən ziyalılar yaradan, uzaqgörən, ziya, işıq verən yox, idarə edilən oldular… Tənqidi təfəkkürdən imtina edən bu təbəqə maarifçi və xilaskar rolunu itirdi… Lakin A.Tarasov bu ziyalıları ittiham edəndə məsələyə bir çox məqamlarda subyektiv mövqedən yanaşırdı. Doğrudur, onun intonasiyası və mühakimə məntiqli ritorikası xoşagələndir. Lakin obyektiv, tarixi-siyasi, sosial –ictimai səbəbləri unutmadan analitik təhlilə üstünlük versək, sualın (Ziyalılar nədən öz xilaskar rolunu itirdilər, axı bəşər tarixi boyunca onlar insan ruhunun və təfəkkürünün enerjiverici təbii gücü olmuşlar?) cavabını taparıq. Məsələn, mən Tarasovun - “Bizim “ziyalılarımızın” satqınlığı hələ sovet dövründə, 70-80-ci illərdə aydın idi, o zamanlar “ziyalılar” dostcasına KPSS və L.İ.Brejnevin “müdrikliyini” tərifləyirdilər – halbuki heç bir NKVD məmuru silahla arxalarında dayanıb bunu etməyə məcbur etmirdi” – qənaətini oxuyanda 70-80-ci illərdə Brejnyevi və KPSS –i “könüllü” tərifləyən tutuquşu ziyalıların babaları, ataları haqqında düşünməli oldum. Onlar kim idi? Bir anlıq gözlərimin önünə “1984” romanının qəhrəmanı Uinston gəldi. 40-cı illərin ziyalı insanı... Brejnyevi “könüllü” tərifləyənlərin qolu, qıçı sındırılmış, dişləri çəkilmiş, tökülmüş, bədəni elektirik cərəyanının dəhşətli ağrıları altında “nalə çəkən”, susdurulmuş mənəvi babası, ya atası – fərqi yoxdur, “Avropanın (bəlkə dünyanın – İ.M) sonuncu insanı”...
Markesin Xose Arkadio Buendiası yadınıza gəlirmi? Fərqli düşüncələrinə görə onu dəli hesab edib bir dəstə adam zor-güclə şabalıd ağacına sarıdı. Uzun müddət bu vəziyyətdə yaşadı və günlərin birində əllərini, ayaqlarını açdılar, amma o yerindən tərpənmədi... Çünki onu içəridən hərəkətə gətirən gücü, qüvvəni, ruhu uçurtmuşdular... Onun azad ruhu və düşüncəsi sarsılmışdı... Qalmışdı quru qəfəs – sadəcə bədən... Hətta instiktiv reaksiyalarını belə itirmiş bədən... Haqqında danışdığımız ziyalı nəsli –“tərif könüllüləri” isə həmin bədən kimidirlər... Vaqif Səmədoğlu necə deyirdi: “Doğuldum 39-da, 37-də tutuldum...” - həbs olunmuş düşüncə və ruhun törənişi...
Dünya yazarı olmaq üçün yazı prosesində, həqiqətən də, dar çərçivələrdən (sadəcə ədəbiyyatşünaslıq qanunlarına yiyələnmək, bədii ifadə tərzini mənimsəmək və məlum mövzular sferasında təxəyyülə güc verib macəralı mətnlər yaratmaq məhdudiyyətindən) sivrilib çıxmaq, ictimai, siyasi, sosial, tarixi, psixoloji və estetik, intellektual təfəkkür tərzlərinin sintezini yaratmaq və belə bir baxış, yanaşma əsasında bədii mətn formalaşdırmaq lazımdır. Bütün bunlar, əslində, romançılıqdan əvvəl, fədakar bir ziyalı missiyasıdır. C.Oruell və Q.Q.Markesin timsalında nümunə göstərmək istədiyimiz fədakar ziyalı... Ona görə də yuxarıda da vurğuladığımız kimi, doğru deyilir ki, yazıçı, yəni ziyalı yaradıcı şəxsiyyətdir, dahidir, həqiqət axtarışı ilə, dünyanın rasional - elmi və ya hissi - bədii qavranması ilə məşğul olan insandır. O, maarifçidir, o, xilaskardır, o, zülmə, sitəmə, haqsızlığa və cəhalətə qarşıdır, o, qələmi əlinə əylənmək və əyləndirmək üçün yox, düşündürmək və xilas etmək, insanı ali məqama qaldırmaq, onun sınmış iradəsini, əzilmiş mənliyini, itmiş şəxsiyyətini bərpa etmək üçün alır. C.Oruell və Q.Q.Markes kimi...
Ziyalıların genetik yaddaşında ağrı, işgəncə, təcavüz və sarsıntı, maddi səfalət qorxusu vardı. Sonra onların “qanadlarını” kəsib “azad” buraxdılar... Bu “uça bilməyən” işıqpaylayanların nisgili də bir dərd oldu cəmiyyətə...
Markesdə olduğutək, Corc Orueldə də kinayə ən təsirli məcaz növü kimi romanın əsas məna yükünü daşıyır. Məsələn, haqqında bəhs edilən cəmiyyətin, rejimin, ideologiyanın ədəbiyyatı necədir görəsən? –sualına cavab olaraq belə bir kinayəli söhbətin şahidi oluruq. O söhbətin ki, ədəbiyyat, konkret desək, roman azad ilham, yaradıcı təxəyyül hesabına yox, “maşınlarla istehsal edilən” texniki zəhmətin bəhrəsi olan “məhsul” kimi səciyyələndirilir. Plan komitəsinin fəaliyyəti hesabına əldə edilən bu romanların isə, cəmi altı süjeti var. Hətta, bəzən, məsələn, əlavə təbliğat materialına ehtiyac olanda (məsələn, düşmənin vəhşiliklərini təbliğ edən braşüralar istehsal ediləndə), roman “istehsalını” – çapını yox, məhz ayaqqabı, paltar və ya qab-qacaq kimi – “istehsalını” dayandırırdılar...
“Əvvəlcədən də təxmin etdiyi kimi qız Ədəbiyyat Departamentində, roman yazan maşınlara texniki xidmət sahəsində işləyirdi. Güclü, lakin şıltaq elektrik motorlarına qulluq etmək xoşuna gəlirdi. İntellektual sahədə çalışmaq üçün Culiyanı kifayət qədər “ağıllı” saymamışdılar. Amma əlinin çevikliyinə, texnikadan yaxşı baş çıxardığına görə işini qiymətləndirirdilər. Romanların yazılması prosesini Plan Komitəsi tərəfindən direktivlərin verilməsindən tutmuş Son Redaktə Qrupunun tamamlama işlərinə qədər, bütün təfərrüatı ilə təsvir edə bilərdi. Böyük zəhmət bahasına yaranan hazır məhsul isə onu qətiyyən maraqlandırmırdı. “Oxumaq həvəskarı deyiləm”-deyirdi. Culiyanın təsəvvüründə kitab da alma cemi, yaxud çəkmə bağı kimi adi istehlak mallarından biri idi. … Pornosek Ədəbiyyat Departamentinin şöbələrindən biri idi. Prolların arasında yaymaq üçün ucuz pornoqrafiya nümunələri hazırlayıb çap edirdi. Qızın dediyinə görə, hətta əməkdaşlar özləri həmin şöbəni “Peyin Damı” adlandırırdılar. Culiya orada təxminən bir il işləmiş, “Yaddaqalan tarixçələr”, “Qızlar məktəbində bir gecə” kimi kitabların hazırlanmasında iştirak etmişdi. Bu kitabları mağazalara ağzı bağlı zərflərdə göndərirdilər. Proletar gəncliyi onu gizlincə alır, bir müddət qadağan edilmiş ədəbiyyatla tanışlıq sevincinin təəssüratı altında yaşayırdı.
– O kitablarda nə yazılır? - deyə Uinston soruşdu.
– Dəhşətli cəfəngiyyat. Həm də darıxdırıcı şəkildə. Cəmi altı süjet var. Sadəcə, hər dəfə ora – burasını dəyişdirirlər… (“1984”)”Roman yazan maşınlar” – aydındır ki, göstərişlə, standart süjet və ideyalar əsasında ideoloji tapşırıq kimi yazılan romanlara işarə edilir…
Uinston həbs olunanda orada daha çox ziyalılar, alimlərlə rastlaşır və həbslərinin səbəbini bir-birlərindən soruşanda qəribə “cinayətlər” ortaya çıxır: “Amplfort əllərini qaldırıb barmaqları ilə gicgahını ovuşdurdu. Sanki nəyi isə yadına salmaq istəyirdi.
-Belə şeylər olur,-deyə inamsız halda sözünə davam etdi. -Yalnız bir şeydən şübhələnirəm. Həbsimin yeganə mümkün səbəbi də onu sayıram. Əlbəttə, ehtiyatsızlığa yol vermişəm. Bilirsiniz ki, Kiplinqin əsərlərinin akademik nəşrini hazırlayırıq. Mən misranın sonundakı “God” sözünə toxunmadım. Heç nə edə bilmədim!- o, az qala özündən narazı tərzdə gözlərini qaldırıb Uinstona baxdı.- Misranı dəyişdirmək olmazdı. Yeganə uyğun gələn qafiyə “rod” idi. Sizin xəbəriniz varmı ki, bütün ingilis dilində “rod” la həmqafiyə olan yalnız on iki söz mövcuddur? Neçə gün baş sındırdım. Amma ayrı qafiyə tapa bilmədim.
(İngilis dilində “God” -Allah, “rod” isə “əsa”, “dəmir çubuq”, “armature”, “qırmanc” və s. mənaları bildirir. Amplfort Allah sözünü yeniləşdirilmiş mətndə saxladığına və bununla da dini təbliğatla məşğul olduğuna görə ittiham edilir -Tərcüməçi V.Quliyev)…
-Sizi niyə həbs ediblər?-Uinston soruşdu.
-Fikir cinayətinə görə!-Parsons az qala ağlamsınaraq cavab verdi. Səsində dərin peşmançılıq, üstəlik də, bu dəhşətli kəlmənin özünə aid edilməsindən doğan qorxu və təəccüb sezilirdi. Uinstonun qarşısında dayanıb hərarətlə danışmağa başladı:
-Siz necə fikirləşirsiniz, Smit, onlar məni güllələyəcəklər? Əgər adamın çox böyük günahı yoxdursa bizdə ümumiyyətlə heç kimi güllələmirlər, elə deyilmi, Yalnız fikirlərə görə... Amma fikrə əmr vermək mümkün deyil axı... İnanıram ki, mənə diqqətlə qulaq asacaqlar…” (“1984”)
Romanın sonrakı hissələrində məlum olur ki, onlar insana nəinki “fikrə əmr verməyi” hətta “yaddaşa nəzarət etməyi” də öyrədirlər…
Uinston dərisi sümüyünə yapışana qədər, dişləri, sümükləri xırça-xırç əzilib ovulana qədər, başından çəngə-çəngə qanlı tüklər qopardılana qədər içindəki İnsanı xilas etməyə çalışdı. Amma aynaya baxanda öz fiziki halından diksinib iyrənən, fəryad qoparıb ağlayan Uinston sonda məğlub oldu… Sonuncu insan təslim oldu zülmə, sitəmə, rəzilliyə… Sonuncu insanın aynadakı görkəmi. forması, obrazı o qədər iyrənc idi ki, Uinston Smit bu “eybəcərlikdən” – içindəki İNSAN-dan imtina edəsi oldu…
“Siz insansınızsa, Uinston, o zaman sonuncu insansınız. Nəsliniz kəsilmişdir. Yer kürəsinin sakinləri artıq bizik! Tamamilə tək qaldığınızın fərqindəsinizmi? Siz tarixdən kənardasınız, siz mövcud deyilsiniz. Onun sifəti birdən sərtləşdi, kəskin səslə soruşdu:
- Bəlkə güman edirsiniz ki, mənəvi cəhətdən bizdən-qəddar və yalançı adamlardan daha yüksəkdə dayanırsınız?
- Siz sonuncu insansınız,-O`Brayen dedi.-Siz bəşər ruhunun mühafizəçisiniz. Gərək özünüzü olduğunuz kimi görəsiniz. Paltarlarınızı çıxarın. Uinston kombinezonu əynində saxlayan ilgəyi açdı. Şalvarının zəncirbəndini çoxdan söküb çıxarmışdılar. Həbs olunduğu gündən bəri paltarlarını soyunub-soyunmadığını yadına sala bilmədi. Kombinezonunun altında bir vaxtlar alt paltarı sayılan saralmış, cındır əski parçaları vardı. Onları da sivirib döşəməyə atandan sonra otağın uzaq küncündəki iri, üçlaylı güzgünü gördü. Yaxınlaşdı və yerində donub qaldı. Qəflətən sinəsindən acı bir fəryad qopdu. -Hə, nə oldu?-O`Brayen soruşdu.-Ortada dayanın. Onda özünüzə hər tərəfdən tamaşa edib həzz ala biləcəksiniz. Uinston qorxusundan yerində donub qalmışdı. Güzgüdən ona beli bükülmüş, rəngi bozarmış skeleti xatırladan əcaib məxluq baxırdı. Məsələ təkcə güzgüdəki adamın Uinstonu xatırlatmasında deyildi. Onun görünüşü insanda ikrah hissi doğuracaq dərəcədə ürəkbulandıran idi. Uinston güzgüyə daha da yaxınlaşdı. Güzgüdən ona baxan məxluqun beli əyildiyindən, sifəti bir az da qabağa çıxmışdı. Üzünün zavallı məhbus görkəmi, fır basmış alnı, keçəl başı, əzilib yastılanmış burnu, göyərmiş almacıq sümükləri, gözlərinin qorxudulmuş vəhşi ifadəsi mənzərəni daha da tamamlayırdı. Üzünü qırış basmışdı, ağzı batıb sifətinin içinə çəkilmişdi.
- Diri-diri çürüyürsünüz,-dedi.-Tezliklə əriyib yoxa çıxacaqsınız. İndi siz nəsiniz? Bir kisə sürsümük, həlməşik. Haydı, bir də güzgüyə tərəf çevrilin. Oradan üzünüzə kimin baxdığını görürsünüz? Bəli, bu sonuncu insandır. Siz insansınızsa, deməli, insanlıq çox miskin vəziyyətdədir. İndi paltarlarınızı geyinin”.(“1984”)
O`Brayen düz deyirdi – insanlıq çox miskin vəziyyətdədir… Uinstonun üzərindəki təcrübə nəticəsini verdi. Onun sevgisini nifrətə. nifrətini isə sevgiyə çevirtdirdilər. Əmr olunan kimi düşünməyin mexanizmini aşıladılar insanlara. Sonuncu insan öldü, amma ən kədərlisi odur ki, qalib kimi yox, məğlub kimi öldü… fəqət, iki damla yaşla bu ölümə kədərlənə bildi son anda sonuncu insan…
“Ağ kaşı döşənmiş koridorla, üzünə günəş doğmuş adam kimi şəstlə gedirdi. Arxasınca silahlı nəzarətçi addımlayırdı. Uzun müddətdən bəri gözlədiyi güllə başını dələrək beyninə girirdi. Uinston gözlərini zilləyib qarşıdakı portretin nəhəng sifətinə baxırdı. Onun qara bığları arxasında gizlənən təbəssümü dərk etmək üçün qırx il vaxt lazım olmuşdu. Ah, qəddar, lüzumsuz anlaşılmazlıq! Ah, sevimli ağuşdan kənar düşməyə can atan tərs, inadkar qaçaq! İki damla göz yaşı Uinstonun burnunun kənarlarından üzü aşağı yuvarlanırdı. Amma indi yaxşıdır. Hər şey qaydasındadır! Mübarizə başa çatıb. O, öz üzərində qələbə çalıb. O, Böyük Qardaşı sevir…”(“1984”)
Romanın bu məqamına çatanda qeyri-ixtiyari Allaha səslənmək istəyir insan… Uinstonun – sonuncu insan xislətli, insan cildli varlığın məşəqqət və əzablarını, sarsıntılarını, göynəyən yaralarını və əzilmiş, təzyiqlər hesabına sındırılmış qürurunun, iradəsinin sızıltısını varlığında hiss edir insan… Və üz tutur onu yaradana: məni bu qədər uca, aliməqam yaratdın, mələkləri mənim səcdəmə endirdin, amma İblis məni rəzil etdi axı… İblis məni – Sənin yaratdığını sökdü, tökdü, bildiyi kimi yenidən öz xislətinə uyğun şəkildə eybəcərləşdirdi axı… Mənə şüur, iradə azadlığı vermişdin, onda olmayan, ümumiyyətlə, heç bir canlıda olmayan ucalıq vermişdin mənə, əlimdən aldılar axı… Şeytanın qisası, intiqamı nə yaman olurmuş… Şüur, düşüncə qənimi şeytanın odu, alovu sönmək bilmir… İblisə uymuş bəşəriyyət sonuncu İnsanı tənhalaşdırdı və məhv etdi… Allahın ən böyük “əsərinə” -əl qaldırdı, onun İnsanolma missiyasını əlindən aldı, asi oldu səlahiyyət sahibi, şeytana uymuş rejim…
İnsan psixologiyasında gedən qeyri-iradi dəyişikliklərin təsvirini məharətlə mətnləşdirməsi Corc Oruelin həm də bir psixoloq kimi istedadından xəbər verir. Sən demə, pisliyə, ədalətsizliyə, zorakılığa nifrət və mübarizə edən insanın özündə də pislik, günah, zor və hiylə, rəzalət kimi mənfi xüsusiyyətlər yarana bilir - nifrətin şiddətindən. Təsir əks təsirə bərabər olurmuş: “Aşılanan, korlanan, pozulan hər şey onda vəhşi bir ümid oyandırırdı. Kim bilir, bəlkə Partiya içəridən çürümüşdü. Hər yerdə gözə soxulan coşqunluq ruhu, fədakarlıq əhvali-ruhiyyəsi tənəzzülü gizlətməyə xidmət edən butaforiyadan başqa bir şey deyildi? Uinstonun imkanı olsaydı, Partiya üzvlərinin hamısını cüzama, yaxud sifilisə yoluxdurardı. Həm də necə ləzzətlə yoluxdurardı! Hər şeyin tənəzzülə uğraması, çürüməsi, dağılması üçün əlindən gələni eləməyə hazır idi”. (“1984”)
Misir yazıçısı, Ədəbiyyat üzrə Nobel Mükafatının sahibi Nəcib Məhfuzdan soruşurlar ki, ən çox yazmaq istədiyiniz, doymadığınız mövzu hansıdır? Cavab verir ki: - “Azadlıq! - Müstəmləkələrdən azadlıq, kralın mütləq qanunlarından, təkbaşına idarəçiliyindən azadlıq, sadə insan üçün cəmiyyət və ailə məhdudiyyətlərindən azadlıq...” Doğrudan da qulağımız bu sözə çox alışıb, bir az da şablonlaşdırılıb bu ifadə, amma bu sözün məna çalarında, tələffüzündə, fonetik qabığında bir nəfəs, hava, genişlik assosasiyası var. Bu söz tələffüz olunanda adama elə gəlir ki, pəncərələr açılır və otağa təmiz hava dolur... Nəcib Məhfuz azadlığın ən iri miqyasından (müstəmləkələrdən azadlıq) ən xırdasına (ailə məhdudiyyətlərindən azadlığa ) qədər ölçüsünü xatırladır. Azadlığın bundan da kiçik və bundan da böyük miqyasları var. Bədən üzvlərimizin də azadlıq istədiyi anlar olur. Ayağımız bir az çox ayaqqabıda, əlimiz əlçəkdə və s. qalanda “etiraz edir”, sərbəst, boş, azad olmaq istəyir. Lakin ən böyük azadlıq, müstəmləkələrdən xilas olmaqdan da böyük azadlıq –düşüncə, fikir, düşünə bilmək azadlığıdır... Deməli, azadlığın başında düşünənlər, azad düşünənlər – azad ziyalılar dayanır...
“1984” romanının ideyasında sübut olunur ki, partiyanın və rejimin gözünün düşməni düşünən - azad düşünən insandır. Onların cahil kütlə ilə işləri yox idi. Onlar qanunları pozsa, ağızlarına gələni danışsa, azad, sərbəst şəkildə əylənsələr belə qorxulu deyildi və çox hallarda cəzalanmırdılar. Bu barədə də onların şüarı var idi: “Prollar (proletariat) və heyvanlar azad idilər”. Onların soyqırımı ziyalılardan, düşünənlərdən, şüurlulardan başladı... Sözə medal taxdılar, ədəbiyyata rəsmiyyət donu geyindirib, fövqəladə vəziyyət qadağaları ilə qorxudub onu ideoloji silaha çevirdilər...
Prolların başını qatmaq üçün də maraqlı oyunlar, əyləncələr mexanizmi fəaliyyətdə idi. “Lotereya özünün həftəlik nağılvari uduşları ilə prolların ciddi maraq göstərdiyi ən mühüm ictimai hadisə idi. Təxminən bir neçə milyon adam üçün Lotereya uduşu həyatın yeganə də olmasa, əsas məqsədlərindən biri sayıla bilərdi. Lotereya onların sevinci, ümidi, dəliliyi, intellektual fəallıq mənbəyi idi. Maraq o qədər böyük idi ki, hətta oxuyubyazmağı güclə bacaran adamlar da Lotereya söhbəti ortaya gələndə mürəkkəb hesablama məharəti və qeyri-adi yaddaş nümayiş etdirirdilər. Böyük bir dəstə uduş sistemlərinin, uğur qazanmaq ehtimallarının, hətta gözmuncuğularının satışından yaxşı pul qazanırdı. Uinstonun
Rifah Nazirliyinin nəzarəti altında olan lotereya biznesi ilə heç bir əlaqəsi yox idi. Amma hər tirajdan sonra elan edilən böyük uduşların, əslində, mövcud olmadığını bilirdi. ( Partiyada bunu bilməyən yox idi). Yalnız kiçik məbləğlər ödənilirdi. Böyük məbləğləri isə xəyali şəxslər udurdular. Okeaniyanın ayrı-ayrı hissələri arasında normal əlaqənin olmadığı şəraitdə bu saxtakarlığı həyata keçirmək elə də çətin iş deyildi”. (“1984”) Çox maraqlıdır ki, bu lotereya məsələsi Markesin də mətnində xüsusi ictimai-siyasi əhəmiyyəti olan detal kimi yer alıb: “Bəs bu uşaqları neynəyək?” - huşsuzluğu üzündən ondan soruşan yavəri bu sualı verməyəydi kaş. Lakin sual verilmişdi və bu sualı eşidən generalın elə bil başına qaynar su əndərmişdilər, o, sanki indicə göydən düşübmüş kimi: “Lənət şeytana, nə uşaq, hansı uşaq?!” ¬ deyə soruşmuşdu Bu yerdə o, uzun müddət ondan gizlədilən bir şeyi eşidib öyrəndi. Demə, növbəti lotereya tirajı keçirilərkən, torbadan lotereya biletləri çıxaran uşaqlar ordu kazarmalarında həbsdə saxlanılırlar, çünki ehtimal olunur ki, uşaqlar dillərini dinc qoymaya və lotereya oyunlarının daimi qalibi olan prezidentin qələbəsinini sirrini açıb söyləyə bilərrlər. – “Valideynlər, uşaqlarının harda olmasını öyrənməyə çalışır, bizi günahlandırırlar ki, balalarını bağlıda saxlayarıq. Biz hər dəfə cavab veririk ki, bu böhtandır, müxalifətin murdar uydurmasıdır, ancaq valideynlər heç cür sakitləşmirlər. Hətta bir dəfə, qiyam qaldırıb kazarmaların birinə soxulmaq istədilər, iş o yerə gəlib çatdı ki, onları minomyot atəşiylə geri oturtmalı olduq. Qan su yerinə axırdı, mənim generalım, əsl gülləbaran idi, lakin biz belə xırda işlərə görə sizi narahat eləmək istəmirdik. Uşaqlar həqiqətən də qala zirzəmisində bağlıda saxlanılır. Əlbəttə ki, onlar üçün hər cür şərait yaradılıb, özlərini gümrah hiss edirlər, lakin məsələ burasındadır ki, artıq orda iki minə qədər uşaq yığılıb, indi bilmirik, bu məsələni nə cür həll eləyək ki, nə şiş yansın, nə kabab, mənim generalım!”
Uduzma olmayan lotereya oyunu üsulu qeyri-iradi bir fəhmlə - üzərində rəqəmlər qeyd edilmiş bilyard şarları şəklində tapılmışdı. İdeya, dahiyanə dərəcədə sadə idi, elə sadə idi ki, onun həyata keçirilməsini yubandırmaq olmazdı – odu ki, ümummilli lotereya günü elan edildi”. (“Patriarxın payızı”)
Doğrudan da zamansızlığın və məkansızlığın yazarı olmaq dahilikdir...
“Patriarxın payızı” romanında da “beyin adamları” təhlükə mənbəyi kimi göstərilir. Qoca patriarx nə qədər savadsız olsa da hakimiyyəti üçün təhlükəni okeanların o tayında olsa belə hiss edir. İnsanları da dəqiq çeşidləyir. Məsələn onun yanına siyasi bir məsələ ilə bağlı gələn gəncə qulaq asandan sonra deyir:” Bu uşağa dəyməyin, aydındır? Onu heç izləməyin də… boş yerə vaxt itirmiş olarsınız. O, təhlükəli deyil, əlindən də heç nə gəlmir, boş-boşuna xoruzlanır, beçə kimi, lələklərinin dibi gicişir”. Bir çox illərdən sonra, qasırğanın ötüşməsi münasibəti ilə siyasi dustaqlara amnistiya, sürgün olunanlara (beyni olanlardan savayı) - vətənə qayıtmaq icazəsi verilən zaman da o, buna bənzər fikir söyləmişdi: “Bu adamlara, heç vaxt vətənə qayıtmağa icazə vermərəm, cins xoruz tüklənəndə lələklərinin dibi gicişdiyi kimi bunlarda belə gicişirlər. Özləri də heç nəyə yaramırlar, nəyə yarasalar da, inandırıram sizi ki, siyasətçilərdən, keşişlərdən də iyrəncdilər”.
“Beyni olanlara” əfv və aministiya düşmür... Markesin diktatoru Oruelin diktatorunun elmi-siyasi, tarixi nəzəriyyələrə əsaslanaraq (məsələn, “Proletariatın ilk diktatoru” adlandırılan Maksimilian Robespyerin ideya davamçısı kimi) gördüyü işləri sanki kor-koranə, təsadüfən, qeyri-ixtiyari və kobudcasına veilən “partlayışlı” hadisələr törədən qərarlarla icra edir... Amma nəticə birdir. Hər iki diktator eyni işi görür...
Markes publisist kimi necə azad və cəsarətli idisə, yazıçı kimi də eyni şəxsiyyət idi. O, istənilən siyasi hadisə və detala diktəsiz, qadağasız şüur sərbəstliyi ilə bədii-siyasi şərh verməyi bacarırdı. Ona görə də onun bədii mətni obrazlı həqiqət, emosional gerçəklik və acı reallıqlarla dolu idi. Borxes kimi o da “siyasətdən uzaq siyahəsətçi” idi. Borxes kimi o da bir çox prezidentlər və hətta diktatorlarla “dost” idi. Məsələn, Borxes 1976-ci ildə Çili univerisitetinin doktorluq fəxri adını almaq üçün Çiliyə gəlir və diktator Avqusto Pinoçetlə görüşərək onun tərəfindən “Böyük xaç” ordeni ilə təltif olunur. O öz şərəfinə verilən ziyafətdə diktatorun əlini sıxıb, ölkədə baş almış anarxiya və kommunizmlə mübarizə edərək, milli ruhu bərpa etməyi təbliğ edən təntənəli bir nitq söyləyir. Halbki, həmin vaxt Çilidə repressiyaların ən qızğın dövrü idi. Argentinada isə o yerli diktator prezident Videlayla yeməkdə iştirak edir, onu xalqının əsgəri və “centilmen” adlandırır... Borxesi oxuyan hər kəs onu azad düşüncəli müəllif kimi qəbul edir. Deməli, diktatorla “dost” olmaq və onunla yemək yemək onun haqqında yazmağa, onun xislətini öyrənməyə mane olmur. Markesin “siyasətdən uzaq siyasət”inin bədii ifadəsinə diqqət edək. Markesin bədii mətnində hakimiyyət də, xalq da xaos və cəhalət bataqlığında təsvir edilib. Mövzu, ideya baxımından siyasi ampulada qələmə alınan bu romanda inanılmaz dəqiqliklə işlənmiş real, spesifik siyasi səhnələr var. Məsələn, hakimiyyətdən uzaqlaşdırılmış diktatorların alçaldılmış siyasi portreti, psixologiyası, mənəvi durumu özünəməxsus cizgilərlə rəsm edilir. “ Dekabr aylarında, Qəraib ölkələrinə yaz gələndə, o öz karetində dağ yolu boyu, dağın lap kəlləsində ucalan binaya qalxır, orda, bir-iki gecə dünyanın müxtəlif ölkələrindən qovulan diktatorlarla, müxtəlif ölkələrdə taxtdan salınan millət ataları ilə – uzun illər bundan əvvəl siyasi sığınacaq verdiyi adamlarla domino oynayırdı. Burda, bu binanın artırmasında dalğın vücudlarıyla kreslolara yayxanan bu boşboğaz qurumsaqlar, onun rəhm kölgəsi altında qocalıb qartıya-qartıya, günlərin bir günü ardlarınca gələn gəminin, onsuz da onları əvvəlki yerlərinə - öz kürsülərinə aparıb çıxaracağı gələcək barədə illüziyalara dalırdılar. Bu sığınacaq, ölkələrdən qovulanların sayı çoxalandan sonra tikilmişdisə də, general üçün bu adamların hamısı bir adam idi, onların hamısı generalın yanına eyni cür – səhərin ala-toranında, gecə köynəyinin üstündən, necə gəldi əyinlərinə keçirdikləri parad geyimində, bir əlində, dövlət xəzinəsindən çırpışdırdığı pulla dolu sandıq, o biri əlində, içinə orden-medallarını, səhifələrinə qəzet mətnləri yapışdırılan köhnə dəftərxana kitabları və fotoalbom doldurduğu çanta ilə gəlirdilər”. (“Patriarxın payızı”)
Hər iki yazıçının təqdim etdiyi diktatorların psixologiyasında “allahlaşma”, “şəxsiyyətə pərəstiş”, sitayiş obyekti olmaq istəyi potoloji həddə çatır və diktatura xəstəliyinin pik həddində onlar əbədiyyət və bütün dünya sevdası ilə ölüm yatağında sayaqlayırlar... OBrayn deyir ki, biz istəsək, ulduzlara çatarıq və onların işıqlarını söndürərik. “Hakimiyyətin əsəbləri ilə oynamaq fikrinə düşənlərə qarşı sonsuz təzyiqlər, təzyiqlər və təzyiqlər dünyası!” – budur onların qurmaq istədikləri dünya... Markezin diktatoru da əmr edir ki, çayları axınına yox, əksinə istiqamətləndirin və s. Allahın qəzəbinə gəlmiş bu “böyük güc”lər nəinki onun bəndələrinə, təbiətinin qanunauyğun gedişatına, hətta dünyanın mövcudluq mexanizminə, zamanına belə müdaxilə etmək iddiasındadırlar... Fəqət, onların hamısı Nizaminin İsgəndəri kimi müdrik ola bilmir ki, elm və dini şüur hesabına əbədi hakimiyyət və varolma iddiasının qeyri-mümkünlüyünü dərk edəndən sonra adiliyə, sadəliyə və insan kimi kamilləşmənin –fövqəlhakimiyyət yox, fövqəlinsan olmanın dəyərini, məntiqini anlasınlar... Hər iki diktator “mən hakimiyyətəm – hakimiyyət mənəm” –deyirdi. “Proletariatın ilk diktatoru” adlandırılan Maksimilian Robespyer isə deyirdi: “Mən xalqın müdafiəçisi deyiləm, mən xalqın özüyəm”. Bədii obraz yox, real diktator olan bu insanın (XVIII əsr Fransa inqilabının lideri) “məktəbi”, nəzəriyyələri çox faciələr törətdi. Onun diktaturası irsi deyildi, inqilabdan alovlanan ideoloji xəstəlik idi. O da ziyalıların düşməni idi. Kral ailəsini məhv etdikdən sonra Robespyer orta sinifi və ”satqın” ziyalıları məhv etmək haqqında düşünürdü. O həmçinin dinin düşməni idi. Bu faktları da yazarların hər ikisi öz diktatorlarının simasında əks elətdirə bilib.
Bir ildən az olan hakimiyyəti dövründə Maksimlian Robespyer hər gün yüzlərlə insanı “vətən xaini” elan edərək gilyotinə yollayırdı və o, artıq qısa zaman kəsiyində Fransanın kabusuna çevrilmişdi. Tarixçilər yazırdı ki, Robespyer istər Leninin, istər Trotskinin, istərsə də Stalinin ilham mənbəyi idi. İlk dəfə siyasətə “terror” və “xalq düşməni” terminlərini gətirən Robespyer özünü bir çox şeylərin fövqündə görürdü... Ona görə də hesab etmək olar ki, Robespyer özündən sonrakı bütün solçu diktatorların atasıdır. Ölümünə az qalmış özünün dinini elan etmişdi və artıq özünü tanrı elan etməyin bir addımlığında idi.
Sonsuz və mütləq hakimiyyət iddiası ilə hakimiyyətə gələn bu diktatorun xarakteri “XX əsr diktatorlarının əsas hakimiyyət prinsipinə çevriləcəkdi. Eyni xarakteri dünyanın ən böyük diktatorları, tiranları nümayiş etdirəcəkdilər. Sonralar Lenin, Stalin, Hitler kimi despotlar Robespyerin hakimiyyət tipini tətbiq edəcəkdilər. Özlərinin yaratdıqları hakimiyyət qurumlarına inanmayacaq, çuğulçuluğu öz hakimiyyətlərinin qorunmasının əsas yolu hesab edəcəkdilər. Stalin onu ideallaşdıracaq, Hitler Robespyerin iradəsinə pərəstiş edəcəkdi. Marks və Lenin Robespyerin dövlət terroru ideyasını kazarma kommunizminin əsas ideyası olaraq qəbul edəcək və bu ideya Lenin və Stalinin hakimiyyəti illərində tam olaraq reallaşacaq və terror dövlət siyasətinin tərkib hissəsi olaraq qəbul olunacaqdı.
Robespyerin “xalq düşməni” termini Stalin və Maonun hakimiyyətlərinin əsasını təşkil edəcəkdi. Stalinin məşhur “oğullar atalarına görə cavabdeh deyillər” kəlamının müəllifi də Robespyerdi. Robespyerin içindən doğan hakimiyyətində yalan, ikiüzlülük və zalımlıq var. Robespyerin hakimiyyət ideyasının son nöqtəsində şüurların konveyirləşdirilməsi və xalqın zombiləşdirməsi ideyası dururdu və bu ideya Stalin, Hitler və Mao tərəfindən reallaşdırılmağa cəhd edildi. Təcrübə uğursuzluqla nəticələnsə də, Robespyerin yaratdığı “Ali Şəxsiyyət” kultu və bu kultun mütləq hakimiyyət ideyası hələ də yaşamaqdadır.
XX əsr solçularının böyük və qanlı hakimiyyətlərinin memarı məhz Robespyerdi. 10 aylıq hakimiyyəti olan Robespyer dünyanı qanla çalxalayan və milyonlarla insanı sistemli şəkildə öldürən böyük hakimiyyətlərin rüşeymi idi. XX əsrin bütün diktatorları hakimiyyətlərinin mənşəyini Robespyerin hakimiyyət tipindən almışdı...”
Onun dostu yox idi, ətrafında olan hər kəsi qorxudurdu. Və buna görə də o qorxunc Yakobinçilər klubunun lideri olmasına baxmayaraq tənhaydı.... Bəli, inamsızlıq, qorxutmaq, şübhələr və tənhalıq – bunların hamısı C.Oruelin “Böyük qardaş”ının, Markesin qoca diktatorunun xarakterik cizgiləridir...
Corc Oruelin “Böyük qardaş”ı və Q.Q.Markesin “millət atası” xalqı idarə etmək yox, onun üzərində mütləq hakim olmaq uğrunda mübarizə aparırdı.
“Məhkəmələrin işi demək olar ki, tamamilə sadələşdirilmişdi. Məhkəmələr sadəcə ölüm hökmünü elan etməliydilər. Hər bir vətəndaşın müqəddəs borcu “vətən düşmənləri” haqqında çuğulluq etməkdi. Çuğulçuluq etməyən vətəndaş əksinqilabçı olaraq bilinirdi və cəzası ölümdü. 1794-cü ilin iyununda Robespyer Konventə qanun layihəsi irəli sürdü. Qanuna görə hər bir vətəndaş vətən xainini çuğullamalı və gərəkirsə onu həbs etməliydi. Maraqlı burası idi ki, “Vətən xaini”ni vətəndaş özü təyin edirdi”.
“1984” romanında balaca oğlanın əlində oyuncaq tapança Uinstona hücum çəkərək “sən fikir cinayətkarısan, sən satqınsan” –deməsini xatırlatdı bu tarixi fakt...
Q.Q.Markes öz qəhrəmanını situasiyadan-situasiyaya salaraq təhlil edir, araşdırır, onun hegemonluq iddiasında olan hər şeyə hakim qəlbinin dərinlklərinə enir. Xalqın qeydinə qalan “ədalətli şah” qiyafəsi də olur bəzən qoca diktatorun, amma yenə də paradokslar və gülünc mənzərələr fonunda: “bir vaxtlar qəlbində qaladığı həyəcan tonqalının son közərtilərini tapdalayıb söndürərək, işgəncələrin ləğvi barədə fərman verməyi qərara aldı və ürəyində özünə söz verdi ki, bu gözəl məmləkətdə bir daha işgəncəyə yol verilməyəcək. Qərardan sonra bütün timsahları öldürdülər, diri-diri adamların sümüklərini sındırıb üyüdən işgəncə kameralarını sökdülər, sonra əfvi-ümumi elan edildi, yalnız bundan sonra, gələcək haqqında fikirləşərkən, birdən-birə ölkəni fəlakətə sürükləyən bütün səbəblərin kökünü tapdı – bekarçılıqdan beyinlərində cürbəcür fikirlər dirçələn adamların həddən ziyadə boş vaxtını doldurmaq lazım idi. Bundan ötrü o, mart poeziya yarışlarını və gözəllik kraliçası adı qazanılan gözəllik müsabiqələrini yenidən bərpa elədi, Qəraib ölkələri içində ən gözəl həndbol meydançası, ən böyük bağlı stadion tikdirib bizim komandanı, “Qələbə, yaxud ölüm!” devizi altında oynamağı boynumuza qoydu. Hər kənddə pulsuz süpürgəçilər məktəbi açdırdı, orda təhsil alan qızlar isə ilhamlanıb nəinki evləri, küçələri və maşın yollarını da süpürürdülər. Dəstə-dəstə adamlar zibil qalıqlarını bir kənddən o birinə, ordan da geriyə daşıya-daşıya çaş-baş halda bir-birinə baxırdılar. Hər zibil qalığı “Millətin təmizliyi qeydinə qalan müqəddəs apostolumuzu hifz et, ilahi!” - şüarları və dövlət bayraqlarıyla müşayiət olunurdu. O isə həmin dəqiqələr, yalvara-yalvara ondan bir çimdik duz istəyən cüzamlı xəstələrlə, korlarla, ifliclərlə dolu bağın içiylə ayağını sürüyə-sürüyə gəzir, huşa getmiş heyvan aramlığıyla öz həmvətənləri üçün yeni-yeni məşğuliyyətlər planı fikirləşib tapır, ayaqüstü, yaxın günlərdə açıq səma altında, boş çənlərdə dünyaya gələn körpələri xaç suyunə çəkir, onların hər birinə öz adını verirdi. Yaltaqlar: “Yeganə və vahid xilaskarımız!..” - deyib onu şərəfləndirirdilər”. (“Patriarxın payızı”) Halbuki, ona və onun hakimiyyətinə qarşı törədilən sui-qəsdin (doğrudur bu hadisə onun oxşarının başına gətirilmişdir) cavabı isə bir başqa olmuşdu. Şübhələndiyi və etirazçı hər kəsi amansızlıqla qətlə yetirir, o dünyaya göndərirdi. Özü isə üzünə kədərli ifadə verib, guya cinayətdən xəbəri yoxmuş kimi acı təbəssümlə, matəm hüznlü sifəti ilə dərdə şərik olduğunu bildirir və hər biri üçün: “Yazıq!” deyirdi və heç kimin ağlına belə gəlmirdi ki, bütün bu qəfil ölümlər bilavasitə onun gizli əmriylə həyata keçirilir. Hər ölən haqqında hörmətlə rəsmi xəbərlərdə belə məlumat verilirdi: “vəzifə borcunu yerinə yetirərkən həlak olub”. Hər biri də xüsusi təntənə ilə milli qəhrəmanların qəbristanlığında dəfn edilirdi. “Qəhrəmansız vətən, qapısız ev kimi bir şeydir, senyor!” –deyirdi Markesin diktatoru…
Corc Orueldə “satqınları” və “fikir canilərini” şantaja, ifşaya görə mükafatlandırmanın adı “Şüurlu Xidmətə Görə” ordeni idi, Markesdə isə daha maraqlı idi. Prezident həmin “xilaskarları” sıraya düzüb bir-bir barmağını onların sinəsinə uzadıb deyirdi: Sən kapitansan, sən generalsan, sən də generalsan, qalanları da leytenantdır...
Hillari Mantel “Robespyer haqqnıda esse” –də yazırdı ki, O, bir neçə dəfə aqibətinin pis qurtaracağını və dəhşətli ölümlə öləcəyini bacısına söyləmişdi. Və haqlı çıxdı… İntihara cəhd, güllənin dağıtdığı çənə, bir gecəlik can çəkişməsi və səhər tezdən məhkəməsiz edam...
Diktatorlarda, görünür, “hakim intuisiya” da olur, çünki Markesin qoca diktatoru da öz ölümünün məzmunundan xəbərdar idi və tez-tez bu barədə düşünürdü... Cəmiyyəti ədalətli qanunlar, ağıl və demokratik prinsiplərlə idarə edə bilməyəndə hökmdarlar silaha, təxribata, şantaja əl atırlar. Qoca diktator da tələ qurur və qonaqlıq adıyla təşkil etdiyi tədbirdə “tədbirlər” görür, qanlı səhnədə xəyanətkarı da, qəhrəmanı da özü müəyyənləşdirir: “Əsgərlər ayaqlarını qanlı gölməçələrlə şappıldada-şappıldada axşamkı qonaqlığın tör-töküntüsünü təmizləyirdilər, bu dəhşətli hadisədən az qala ağlını itirmiş Bendisyon Alvarado başını tutub, əhəngləndikcə qan sızan divarlara baxırdı. Divarlar qanla tərləyirdi. Xalıları sulu paltarı sıxan tək, nə qədər burub sıxırdılarsa, qanın ardı kəsilmirdi, dəhlizlər boyu qıpqırmızı şırımlarla axır, otaqlara dolurdu… Son müharibənin igid qəhrəmanlarının qətlini ört-basdır eləməkdən ötrü səylə yuyulub silinən, divarlardan qaşınan qan, azalmaq əvəzinə, əksinə, elə bil get-gedə bir az da artıb çoxalırdı. Bu qanlı qətl barıdı rəsmən elan olundu ki, müharibə veteranlarını, hansısa naməlum səbəbdən birdən-birə ağıllarını itirmiş öz mühafizəçiləri öldürüblər. Daha sonra öldürülənlərin milli bayrağa bürünmüş cənazələri qəhrəmanlar qəbristanlığında basdırıldı, dualarını isə yepiskopun özü oxudu”. (“Patriarxın payızı”) Belə cəmiyyətlərdə qəhrəman yaranmır, düzəldilir. Necə ki, hakimiyyət zirvəsinə çatan kimi o, xüsusi dekretlə Bendisyon Alvaradonu (anasını) Vətən anası elan etdi...
“Patriarxın payızı” romanında müəllifin məcazlardan belə istehzalı şəkildə istifadə etməsi mətnin ideolji siqlətini bir az da artırır. Sarkazm elə ustalıqla ifadə edilir ki, üst qatda olan mətnin məzmunu pozulmur. Zamanı da öz “hökmünə” alan diktator “saat səkkiz deyil, dördə beş dəqiqə işləyib” etirazından hiddətlənir. Və anındaca “hökmü” qanuniləşir. O Allahın əlində olan hökmlərə sahiblənmək istəyir və xalq, məmurlar da bu “şərikliyi”, şirki dəstəkləyir. Aydındır ki, sübh Allahın izniylə açılır, zamanın da, məkanın da hökmü Haqqın əlindədir. Amma - “Onu isə heç nə təəccübləndirmədi, gözləri, gözlənilmədən açılan səhərin sübh şəfəqindən qamaşa-qamaşa, bir-birinə macal vermədən onu “sübhü yaradan”, “zamanın hökmdarı”, “günəş şəfəqlərinin mühafizəkarı” - deyə vəsf edən yaltaqların müşayiəti ilə iclas zalına yollandı, general ştabının zabitlərindən biri onun qabağını kəsib təzim edərək, saat, səkkizi yox, dördə beş dəqiqə işlədiyini göstərdiyi barədə hesabat verəndə, o, zabitin qulağının dibinə yağlı şillə ilişdirib, səsi bütün ölkəni başına götürə-götürə: “Saat səkkizdir, lənət şeytana! Səkkizdir!” - deyib çığırdı”. (“Patriarxın payızı”)
Siyasi-alleqorik roman hesab edilən “1984” 1950-ci ildə Stalin tərəfindən SSRİ-də qadağan edildi. Çox maraqlıdır, Stalin bu əsəri oxuyanda hansı hissləri keçirib? Yəqin ki, öz obrazının bu qədər dəqiqliklə rəsm olunması onu heyrətləndirib, lakin o əksini aynada görəndə qəzəblənibmi? Özünə qarşı ikrah hissi oyanıbmı içində? Məncə yox... Düşünürəm ki, əksinə, Stalin Uinston Smitin-şüurlu varlıq kimi düşünmədə israrlı olan sonuncu insanın içindəki iradənin, dözümün, qürur və humanizmin, həqiqət anlayışının və sevginin dara çəkilməsi prosesindəki “doğma” nəzəriyyələr və üsullar haqqında oxuduqca fərəhlənib, qürur hissi keçirib...
Hər iki romanda saysız-hesabsız portret, mənzərə və səhnələr var ki, yazıçı təxəyyülünün deyil, bəşər tarixinin, zamanın, dünya siyasətinin və “əbədi hakimiyyət” iddiasında olan diktatorlar xranalogiyasının danılmaz faktlarıdır. Bunların hamısını təhlilə cəlb etmək imkan xaricindədir. Lakin sənədli publisistika və siyasi roman materiallarının cilalanmış bədii mətni müəlliflərinə böyük yazar uğuru qazandırdı. Corc Oruel də, Q.Q.Markes də publisistikaya həsr etdikləri yazıları roman kitablarının divarlarına hördü. Publisist, jurnalist kimi həyatın dibinə qədər kəşfiyyata enən hər iki dahi oradan böyük,- tarixə və zamana, bəşəriyyətə və insanlığa öz sözünü deyən əzəmətli romançı kimi çıxdı... Ədəbiyyat publisistikanı uddu! Sözün hər iki mənasında...
SON