Kuis.az İradə Musayevanın Müasir türk ədəbiyyatı və “erməni məsələsi” adlı məqaləsini təqdim edir.
Göy üzündən enən heç bir şeyə küfr etmək olmaz-deyə
onu tənbeh edən olmamışdı. Ona kimsə deməmişdi ki,
səmadan başına nə yağarsa yağsın qəbulundur.
Buna yağmur da daxildir.
(Əlif Şəfəqin “Ata və bic” romanı haqqında)
“Akademik nitqləri çox sevməyən və gündəlik danışıq dilində intellektual jargona üstünlük verən Varsenig Xala araya girdi: Əziz Barsam, sənə bir sualım var. Mənə ermənicə danışan bir türk göstərə bilərsənmi? Varsenig xala davam etdi, “De görüm neçə türk ermənicə öyrənib? Varmı elə türk? Bir nəfər də yoxdur! Niyə bizim analarımız onların dilini öyrənib, amma onlar əksini eləməyib? Kimin kimə hökm elədiyi açıq-aşkar ortada deyilmi? Sən qalx gəl Orta Asiyadan, şığı düz Anadolunun bağrına, sonra da başını qaldır ki, hər yerdədirlər! Orada məskunlaşmış milyonlarca erməniyə nə oldu bəs? Özlərinə oxşatdılar! Əridilər! Qətl edildilər! Yetim qaldılar! Sürgün edildilər! Mal mülklərindən oldular! Sonra da unuduldular! Mənim öz qızım necə olur ki bizim indi bu qədər az sayda və bu qədər kədərli olmamıza səbəb olanların əlinə buraxılsın? Mesrop Mashtots məzarında fırlanar!”
Əlif Şəfəq romançılığında paradoksallıqla paralelliyi orta məxrəcə gətirmək, orta həddə müqayisə və müzakirə predmetinə çevirə bilmək bacarığı var. İki anti-mövqe ailənin evində eyni taleli qızlar (Asiya və Armanuş) böyüyür və hər ikisi öz ailə üzvlərinə eyni istehza ilə yanaşır. Asya xalası ilə söhbət zamanı mübahisələr edir. Xalası “insanın pis adamlara və pisliklərə, hətta xəbis cinlərə də ehtiyacı var, insan həyatında elə anlar olur ki, yaxşılar və yaxşılıqlar kifayət etmir, pislərin yardımına ehtiyacımız olur” -qənaətini hökm kimi söyləyəndə Asya deyir: “Ən böyük xalam olaraq mənə nümunə olmalı deyilsənmi? Sən isə elə hey eyni sözləri deyirsən, deyib durursan ki, bizim pislərə, pisliklərə ehtiyacımız var. Bu evdə hər şey tərsinədir, vallah...” Dikran İstanbulyan adlı erməninin ağsaqqallıq etdiyi ailənin ailə qanunlarından usanan nəvə (əslində isə doğma atası Barsamdan uzaqda- atalığı türk Mustafanın himayəsində böyüyən) Armanuş isə öz erməni ailəsi haqqında deyir: “Bu ev Çexov karikaturaları ilə doludur, vallah”.
Müəllif bilərəkdən əsərin əsas ideya yükünü iki atadan uzaq, doğmaları arasında yad-yad gəzinən, əzab çəkən və daha modern, daha sərbəst, azad mühitə (elə bir mühitə ki, orada millətçilik fanatizm həddində deyil, kin, qisas borcluluğu, ailə qadağaları, yaddaş ağrısı və saxtakarlıq yoxdur) can atan qızların (Asya və Armanuş) taleyinə yansıdır. Bu qızları öz kinli kökündən ayırmaqla Əlif Şəfəq sanki yeni insan tipi yaradır ədəbiyyatda. İki bir-birinə nifrət edən ailənin və millətin doğuşu-Asya və Armanuş onlarla yollarını ayırır və gənc qızlar dost olurlar. Daha öyrəşdiyimiz motiv(iki anti millətin və ya qarşılaşdırılmış dinin aşiq gəncliyi-Əsli və Kərəm, Şeyx Sənan və Xumar və s) yox, iki xalq arasında düşüncənin, azad ruhun və intellektual əxlaqın, mədəniyyətin ünsiyyəti gəlir meydana...
Romanda daha maraqlı tiplər də var. Onların adını da müəllif fərqli təqdimatla şərtləndirir: Ultra Milliyətçi Filmlərin Qeyri Milliyətçi Senaristi, Ultra Milliyətçi Filmlərin Qeyri Milliyətçi Senaristinin yeni qız dostu, Olağanüstü Yetənəksiz Şair, Gizli Gay Köşe Yazan və bir də Alkoqolik Karikatüristin Həyatla Davalı Qadını... Bu qadın Zəlihadan da çox nihillist, hər şeyə küskün olan biridir. Onun daxilində saysız-hesabsız etirazlar, qırılmalar, sıxıntı travmaları var. Üstündə qisas, intiqam bombası gəzdirən bir qadın kimi tanıyırlar onu. Lakin onu heç kim anlamaq istəmir. Onun taleyindən hər kəs yan keçir, təhlükə mənbəyi kimi baxırlar ona. Fəqət, bu qadının xarakterindəki kəskin notları qabartmaqla müəllif, ümumiyyətlə, qadın və kişinin cəmiyyətdəki mövqeyinə də diqqəti cəlb etmək istəyib. Eyni dərəcədə istedadlı olan iki insandan biri-məhz kişi rəssamın adı daha çox hallanır. Kədərli çöhrəsindəki əzab onun olmaq istədiyi adam ola bilməməsi ilə əlaqəlidir. Həyatda izinə düşdüyü, arzuladığı uğurları qazana bilməyib. Həyatla həqiqətən də bir davası var bu qadının. Saxta, qorxaq, xəyanətkar, laqeyid və təmənnalı insanlar arasında özü ola bilmək hünəri də əlindən alınıb. O daima tərəddüd içərisindədir: “...Ərindən qat-qat yaxşı karikatura çəkdiyi halda onun qədər qədir-qiymət görməmək ağrısını zəhər kimi damarlarında daşıyan bu qadın indi qərar verə bilmirdi ki, əri yanında danışarkən on iki illik həyat yoldaşını içindən gəldiyi kimi məzəmmətmi eləsin, yoxsa ideal bir yoldaş kimi, heç nəyə baxmayaraq, qudurğanlığını ört-basdırmı eləsin. Bir-birlərindən nifrət etsələr də bu qədər evliliklərini davam etdirmişdilər; qadın gün gələr intiqam alaram ümidiylə, kişi də, gün gələr hər şey düzələr ümidiylə. Nə var, nə var bu zaman ərzində o qədər eyniləşmişdilər ki, çox şeydə, artıq bir-birlərindən oğurladıqları sözlərlə danışır, bir-birlərinin jestlərini daşıyırdılar. Hətta karikaturaları belə bir-birinə bənzəməyə başlamışdı. Deformasiya olmuş bədənlər çəkir, cəmiyyətin ən əyri tərəflərini ən kobud şəkildə nümayiş edən dialoqlar yazır və xüsusilə də insanları heyvanlaşdırırdılar. Depressiv heyvanlar aləmi ...”
Onu da qeyd edim ki, romanda ideoloji məkan kimi Qazançı, Çaxmakyan ailəsinin evinə əks olan bir məkan-Kundera kafesi də var. Buraya sənət, ədəbiyyat adamları toplaşır. Qrup halında bu kafedə bir yaşam ortağı olan insanlar var. Kundera kafesi yalnız modern üslublu, qiyafəli insanların toplaşdığı bir yer kimi deyil, ideoloji, prinsipial mövqeli əksliyi ilə də diqqəti cəlb edir. Buradakı insanlar mükəmməlliyə, qüsursuzluğa, şöhrətə və daha yüksək sosial məqamlara can atmaq istəməyən, lakin ağıllı və istedadlı adamlardir. Bu kafenin təbii, səmimi insanlarının həyat hekayəsini qısaca da olsa anladan yazıçı göstərir ki, insan qüsurları, səhvləri, nöqsan və günahları ilə belə özü ola bilirsə və ən əsası, özünü həmin statusda da təqdim etmək gücünə sahibsə, bu daha gözəldir, daha insancadır... Ədavət, mühafizəkarlıq, komplekslər içərisində sıxılan insan talelərini divarları arasında boğan iki evin-erməni Çaxmakyanlar və türk Qazançılar ailəsinin cəmləndiyi evin, yuvanın ziddinə olaraq Kundera kafesinin demokratik, rahat bir ab-havası var. Burda da mübahisələr, dartışmalar olur. Amma kinli və təhqiramiz ədalarla deyil, səmimi, elmi-mədəni məsələlərlə bağlı ideya, əqidə, məslək və sənət davaları, polemikaları... Asyanı da burda tez-tez görmək olar: “Asiya Qazançı öz evində tapa bilmədiyi daxili dincliyini burada tapardı. Kafe Kundera onun sığınacağı idi. Nə geydiyinə, nə dediyinə qarışmayan bu insanların yanında özünü rahat hiss edərdi. Qazançı ailəsi onu əsla çata bilməyəcəyi bir mükəmməlliyi əldə etməyə israr edərkən, Kafe Kundera əhli onu olduğu kimi qəbul edər, üstəlik, insan deyilən məxluqatın onsuz da qəbahətli, qüsurlu və islaholunmaz olması fərziyyəsindən yola çıxardı”.
“Ata və bic” romanında daha çox diqqəti cəlb edən “Yetərincə ermənisimizmi” başlıqlı bir testin məzmunudur. Əlif Şəfəqi ermənipərəstlikdə suçlayan insanları doğrudan anlamaq olmur. Müəllif erməni kinini, nifrətini və mühafizəkarlığını bundan da istehzalı, bundan da kəskin üslubda verə bilərdimi? Armanuş həmin testin bütün suallarına “bəli” yazır. “Bəli” yazır ki, sonda həqiqi bir erməni olduğu cavabını alsın. Və nəticədə qəribə vəziyyət yaranır. Erməniliyi qana, iliyə qədər yeridən insanların hazırladığı bu qəribə test Armanuşun erməniliyini şübhə altına alır. Oxucu da əvvəldən bilirdi ki, Armanuş erməni kökü üstə etibarlı əsaslarla dayanmayıb. Bu testin maddələrinə diqqət edin, Ə.Şəfəq erməni ruhundakı xudbin və qaranlıq məqamlara bir projektor gücü ilə işıq salır: “Kifayət qədər Ermənisinizmi testi: 1. Uşaqlığınız boyunca əl ilə hörülmüş ədyalların altında yatdınızmu, məktəbə gedərkən əl hörgüsü jiletlər geydinizmi? 2. Altı ya da yeddi yaşına qədər hər ad gününüzdə əlinizə bir Erməni Əlifbası kitabı verildimi? 3. Evinizdə, qarajınızda ya da büronuzda Ağrı dağının ən azı bir ədəd rəsmi asılıbmı? 4. Evdə ermənicə sevilib oxşanmağa, ingiliscə töhmətlənib danlanmağa və ya türkcə arxanızdan qeybət edilib işlər çevrilməsinə vərdiş etmisinzmi? 5. Qonaqlara kartof çipsiyle humus, badımcanlı çörək üstü sandviç ikram edirsinizmi? 6. Mantı dadına, sosiska qoxusuna, basdırma asılılığına bələdsinizmi?
7. Həddindən artıq əhəmiyyətsiz mövzularda tezcə hövsələdən çıxıb əsəbiləşir, amma həqiqətən narahatlığa və ya çaxnaşmaya səbəb olacaq əhəmiyyətli bir şey olanda sükunətinizi qoruya bilirsinizmi? 8.Kəmərli burnunuzu əməliyyat etdirdiniz mi? (Ya da etdirməyi planlayırsızmı?)
9. Soyuducunuzda bir qab nutella, yük otağının harasındasa bir nərd taxtası varmı? 10. Salonunuza çox sevdiyiniz bir xalı salınıbmı? Heç olubmu ki, üstündə yeriməyə belə qıymayasız? 11. Əzgisi çox oynaq olduğu və sözlərini anlamadığınız halda Lor- ke Lorke oynayarkən içinizə hüzn dolurmu? 12. Hər axşam yeməyindən sonra yığışıb meyvə yemək evinizdə köklü bir adətdirmi? Atanız neçə yaşında olursuz olun sizin üçün hələ də portağal soyurmu? 13. Heç olubmu ki, qohumlarınız ağzınıza yemək tıxıb, “doydum” sözünü qəbul etməsinlər? 14. Düdük səsi ətinzi ürpədirmi və ərik ağacından hazırlanmış bir fleytanın necə bu qədər kədər ifadə edə bildiyini bilmək marağı içinizi yeyibmi? 15. Ürəyinizdə keçmişinizi öyrənməyinizə icazə veriləndən daha artığı olduğunu hiss edirsinizmi? Bu sualların hamısına “bəli” cavabı verən Armanuş neçə bal topladığını görmək üçün aşağıya baxdı. 0-3 bal: İncimə, dost, sən erməni yox, “yad” san. 4-8 bal: İçimizdə bir yad kimisən. Böyük ehtimal ki, bir erməni ilə evlisən. 9-12 bal: Erməni olduğun az qala qətidir. 13-15: Heç şübhə yoxdur ki, məğrur bir ermənisən. Armanuş gülümsədi. İçindəki səyahət arzusu yenidən canlandı. Beyninin dərinliklərində gizli bir qapı açılmışdı sanki. Getmək lazım idi. Bir səfərə həddindən çox ehtiyacı var idi”.
Armanuşun bu yolçuluğu isə türk ailəsindən və ictimai-siyasi, sosial mühitindən, cəmiyyətindən keçir. Asyanın vasitəsi ilə Kundera kafesində intellektuallarla ünsiyyətdə olur və inancları sarsılır...
Əlif Şəfəqi ermənipərəstlikdə suçlayan adamlar çox zaman onun əsərlərinin altqatdakı mənasına fikir vermədən mülahizələr yürüdür və hətta bu məsələ ilə bağlı onu məhkəməyə veriblər. O isə bu anlaşılmazlığa əhəmiyyət vermədən tarixi proseslərin analitik-bədii təsvirini yaradır. Müəllif erməni və türk münasibətlərindəki barışmazlığın portretini, obrazını məlum ictimai-siyasi hadisələr fonunda deyil, uydurma, macara, nağıl süjetləri əsasında da deyil, hər iki millətin xislətini, yaddaş və ya yaddaşsızlıq spesifikası faktlarından yararlanaraq əks etdirir. Armanuş ermənilərdən, hətta erməni atasından uzaqda, yad-türk əsilli atalığın himayəsində böyüyür, fəqət, erməni kimi... Onun “erməni yaddaşı” hara getsə onunladır. Bu qədər gənc olmasına baxmayaraq keçmişin içərisindən keçib gəlmiş biri kimi mühakimələr yürüdür. Sevdiyi və pərəstiş etdiyi - türkün ən qatı düşməni Baron Bağdasaryanı tarixi düşmənçilik yolundakı mübarizəsində özünə ustad hesab edir. Əlif Şəfəq göstərir ki, ermənilər nə qədər cəhd etsələr də, dünyada tanına bilən mədəni bir cəmiyyət, millət ola bilmir. Diasporalarda nifrət dolu planlar hazırlamaqla öz qısır ideyalarını yayımlamaqla məşğuldurlar. Armanuş türk ailəsinin qonağı ola-ola onlara erməni soyqırımı haqqında əhvalatları ən kəskin çalarları ilə anlatmağa çalışır. Və bu insanlar –Asyanın türk ailəsi, “Qazançılar” soyadlı qadınlar bu əhvalatları dinlərkən kədərlənir, sarsılır, həyəcanlanır və sanki özlərini günahkar bilirmiş kimi utanırlar hətta... “Susuz, ac pərişan yürümek zorunda qalmışlar. Aralarında hamilə qadınlar varmış, yaşlılar, qundaxda körpələr... Dayanıb dincəlmələrinə belə icazə verilməmiş, kilometrlərlə yol getmişlər. Ta Der Zor çöllərinə qədər. Yolda xəstələnənlər, intihar edənlər olmuşdur. Armanuşun səsi yavaşıdı: Bəziləri aclıqdan ölmüş, bəziləri isə öldürülmüşdür”. Bu dəfə Asya bir kəlməni belə buraxmadan tərcümə etdi. “Bu vəhşiliyi kim etmişdir?”-deyə soruşdu Çevriyə xala”.
Məsələn, bu nüansın psixoloji baxımdan təhlilinə varsaq, nəticə fərqli olacaq. Gənc erməni qızı Armanuş bir türk ailəsinin qonağıdır. Bu ailə yeganə oğlu Mustafanın ögey qızı Armanuşu hörmətlə qarşılayır. Bu ailənin atasız böyüyən nəvəsi, Armanuş yaşda olan Asyanın təhsili, savadı, dünyagörüşü və intellekti kifayət qədərdir. Armanuş onun yaddaşını oyatmaq və tarixi düşmənçilik toxumunu onunla özü arasındakı münasibətlər fonunda cücərtmək istəyir. Amma Armanuş nəticə əldə edə bilmir. Türklərin erməniləri amansızlıqla qətlə yetirməsi fraqmentlərinin az qala 1 əsr yaşı var-desə də bu fraqmentlərin ovqatı onun yaddaşında sanki günün hadisəsi kimi əks-səda verir. Asya isə kinsiz və daha səmimidir. Armanuşun məkrinə etinasız yanaşır, onu heç nədə suçlamır. Türk ailəsi bu erməni qızının hansı niyyətlə gəlməsini belə çözmür. Sadəcə öz qonaqsevərliklərini nümayiş etdirirlər. Hətta Fəridə xalası- “Söyləmədi demə, bu qız buraya xəzinə sandığı tapmaq üçün gəlmişdir” –deyəndə, “Necə də bildin! Mən də sənə bunu anlatmaq istəyirdim, elə. Bu qız təyyarədən düşən kimi əllərində nə görsəm yaxşıdır? Çamadan əvəzinə yer qazmaq, xəzinə tapmaq üçün bel ...” –demişdi Asya. Xalası isə “Sən hələ zarafat elə, sonra görərsən”-deyib özündən çıxmışdı...
Erməni insanı sanki 1 əsrdir sadəcə bir günə, bir tarixə nifrətlə zəncirlənib. Həmin günün ətrafında baş verən ictimai-siyasi hadisələrin obyektiv təhlilindən uzaq bir arayışı, hadisəni əllərində şüar kimi gəzdirirlər. Müharibə, mübarizə apardıqları qarşı tərəfin həqiqətinin üstündən gözüyumulu keçib, təhrif olunmuş bir tarix dərsi yayımlayırlar dünyaya. Qazançılar ailəsində tarixi, dini bayramlardan, türklər üçün əlamətdar olan bayramlardan söhbət gedir. Banu xanım Asyaya deyir ki, Armanuşdan soruş gör onlar üçün əsas, önəmli günlər hansıdır. Və bunu sordurarkən düşünür ki, ortaq bir əlamətdar günləri olacaq yəqin. Lakin əksinə, Armanuş hiddətlə bircə tarix xatırladır: 24 aprel, 1915...
Bu söhbətdə yenə türk və erməni ruhundakı ayrılıqlar gəlir ortaya. Banu ortaq gün, ortaq paylaşma istəyi ilə qonağı dilləndirir, qonaq anti-mövqe nümayiş etdirir. Hər iki xalqın – az qala düşmən “qövm” kimi yaradıldıqlarını düşünən hər iki cəmiyyətin xeyli ortaq cəhəti olduğunu da müəllif maraqlı misallar və təəccüblə vurğulayır. Zəliha Armanuşa deyir ki, biz türklər məslək, sənət, peşə bildirən sözlərə “çı-çi- çu- çü şəkilçiləri artırırıq, məsələn, -Qazançı... Ermənilər də eyni cür edir – Çaxmaqçı-Çaxmaqçıyan... Armanuş isə deyir: “Desəniz, daha bir ortaq nöqtəmiz var...” və s. “Ortaq nöqtə mərkəzi”nin pərdəsini müəllif hər kəskin mübarəzənin yekununda gözlərimiz önündə açır. Və həm də qaranlığa zillənmiş, kor-kor yaşamına davam edən insanların gözlərini də açır -işığa, xoş, rahat yaşam ünvanına...
Bir insan, bir qadın kimi ünsiyyətdə heç bir problem hiss etməyən bu obrazların xarakter olaraq səciyyələndirilməsində Əlif Şəfəq çox mühüm bir nöqtəni-əngəl, problem, tarixi faciələrə rəvac verən bir düyün məqamını kuliminativ hədd kimi süjetin mərkəzində saxlayır. Yaddaş! Səhvlərdən doğan və zaman-zaman pisliyə, fəlakətdoğurucu hadisələrə işləyən, daima təzələnən, gündəmdə saxlanan və irs, miras kimi qorunub nəsildən-nəsilə ötürülən erməni yaddaşı! Armanuş Asyadan hansı musiqini dinlədiyini, nə oxuduğunu, nə düşündüyünü soruşur və təəccüblənir. Niyə onun yaddaşı yoxdur, niyə özü erməni musiqisi dinlədiyi, erməni tarixinə dair kitablar oxuduğu və yaddaşını sırf bu istiqamətdə formalaşdırdığı halda qarşısındakı türk qızı dünyaya boylanır, dünya musiqisi, tarixi, mədəniyyəti haqqında düşünür?-deyə... Onun kinsizliyi, “yaddaşsızlığı” Armanuşun mübarizə ehtirasını öləzilədir... Əsəbi halda Asya ilə mübahisə edir: “Dinlədiyin musiqi batı yönümlüdür, niyə öz kökünə uyğun musiqilər dinləmirsən?
- Öz kökünə uyğun nə demək?-deyə çaşdı bir anlıq Asya. -Biz Batılıyız.
- Xeyr, deyilsiniz. Türklər Orta Asiyadan gəldi, amma nədənsə daima bunu inkar edib dururlar. Əgər biz ermənilərin də öz evimizdə qalmağımıza imkan versəydiniz, diaspora xalqı olmaq əvəzinə biz də Orta Asiyalı qalacaqdıq!-dedi Armanuş.
- Nə demək istəyirsən?
- Nə demək istəyirəm? Sultan Hamidin pantürkist, panislamist boyunduruğundan, 1909 Adana qətliamından, ya da 1915-ci il soyqırımından. Bunlar sənə nəyisə xatırlatmırmı? Erməni soyqırımı deyilən bir şey eşitmədinmi heç? Bunlardan bəhs edirəm –dedi Armanuş.
- Mənim cəmi 19 yaşım var, deyə çiyinlərini çəkdi Asya.
- 19 yaşında olmağın tarixi bilməməyinə əsas vermir-dedi və Asyanın gözlərinin içinə baxdı. Necə bu qədər laqeyid və etinasız ola bilirsən?”
Asya isə bu sözlərin mənasını anlamadığı üçün özünü günahkar bilmədi. Bu məqamda da Əlif Şəfəq yüzlərlə eyni mənaya yozulan misallardan yararlanma üsulundan istifadə edir. Kinsiz və nifrətsiz türk düşüncəsi günəşə, işığa, erməni “yaddaşı”ndan püskürtü kimi qalxan nifrət isə qaranlığa və uçurumlara ünvanlanır: “Asya başını qaldırıb topa-topa buludların arxasındakı günəşin bir anlığa görünməsinin dadını çıxararaq bir müddət sakit durdu. Sonra pıçıltı ilə:
“ - Tarix, keçmiş səni özünə əsir etmişdir -dedi.
- Amma eyni tarix sənin üçün bir anlam ifadə etmir, eləmi? – şübhəli və incik səslə dedi Armanuş.
- Nə faydası var ki? Keçmişi bilsəm nə olacaq, kollektiv, birgə hafizə, yaddaş məsuliyyəti yoxdur çiynimizdə - Asya əsəbi halda dilləndi...
- Tarixin əsir etmək məsələsinə qayıtsaq, bütün acılarına rəğmən bu gün bizi bir arada tutan məhz tarixdir-dedi Armanuş.
- Əgər doğrudan elədirsə, bu hər kəsə nəsib olmayan böyük bir ayrıseçkilikdir”.
Ardı var...
“Ədəbiyyat qəzeti” 20 yanvar, 2017.