Allah rəhmət eləsin, yoxsa eləməsin?

Allah rəhmət eləsin, yoxsa eləməsin?
16 dekabr 2014
# 14:00

Bizlər hər hansı ölüm xəbərini eşidən kimi dərhal "Allah rəhmət eləsin!" deməklə guya ki, mərhumun ruhunu "alqış yağışı"na (?) qərq edirik və bunu deməklə narkoman dozası kimi daxili tonusumuzu tarazlayırıq. Sanki, "ölüb, ölüb dəə" deyərək özümüzçün aototreninq etmiş oluruq. Bizlərdə, ölümlər burmabuynuz qoç və ehsan yeməklərilə assosiasiya olunur və dərhal ağız şirəmiz çeşmələyir...


Bu söz birləşməsi yüzə-yüz öz daxili rahatlığımıza hesablanıb. Eyni zamanda bu ifadə Allaha sanki "nəzarət etmə" ab-havası yaradır - "Allah rəhmət eləsin!"
Bəs yaxşı, tutaq ki, Allah rəhmət eləmədi? Elədi-eləmədi, bundan bəndələrə nə?..Bunu deməklə Allaha əmrmi edirik? Yumşaq halda desək, Onu təlimatlandırırıq bəlkə? O ucadırsa, böyükdürsə sənin əmr ya təlimat verməyin ayıb deyilmi? Ümumiyyətlə, bu söz birləşməsinin açması nə? Əmr, təlimatlandırma deyilsə, onda niyə "eləsin!" (hərdən hətta 3 nida işarəsi qoyuruq) deyirik? Bəlkə bu, insanın ölümünə acımaqdır, yaxud Allahın onu rəhm etməsini arzulamaqdır, duadır? Elədirsə, niyə "Tanrım (kaş) rəhm edə..." formasında deməməliyik? Birincidə əmr, təlimatlandırma, ikincidə dua, yalvarış...

Birinci formada dindarlar dinsizə, ateistə, başqa dini mənsubiyyət sahibinə öz inanc mövqeyindən çıxış edərək bunu deməkdə xəsislik edirlər. Qəzəbini biruzə verərək, "Allah rəhmət eləsin!" kəlməsini işlətməzlər. Çünki, Allah onunçün özəldir - bu nə tapşırsa, O, onu edəcək. Bu isə istəmir. Cümlənin tərkibində Allaha tapşırıq var deyə, bu da daxili eqosunun diqtəsinə tabe olub, Ona "göstəriş verməkdə" gözləmə mövqeyindədir. Cibinə puldan-paradan bassan, yaxud ehsan yeməyini bol etsən bunu deyəcək. İkinci anlamda ("Allah kaş rəhm edə...") Allaha əsl tapınma var, məsumluq, itaət var. Belə yanaşmayla dindar olan kəs onun aləmində günah sahibi olanlara da rəhm diləyir. Belə yanaşmada bəşərilik, humanizm var. Axı istənilən kəsin ruhu kosmik anlamda bizim ruhumuzla və kosmosla əbədi zəncirin bir həlqəsidir. Cümlənin energetikası altşüurda öz müsbət bəhrəsini vermiş olar. Dinləri səmavi sayırıqsa, ikinci format daha məqbul sayılmaıdır. Bu formatda dindar daha humanist, daha tolerant olmalıdır. Halbuki, indi əksini müşahidə etməkdəyik...


Bilirəm, mənim yuxarıda ərz etdiyim fikirlərə ağız büzəcəklər. "Allah rəhmət eləsin!"in "Tanrım, özün rəhm elə...", ya "Allah kaş rəhm edə..." cümlələrilə əvəzlənməsini müzakirə etmədən ziyanlı bir fikir kimi iqnor edəcəklər. Amma, mən insanı diri ya ölmüş halda Kosmosun bir zərrəciyi hesab edirəm.


Hər şey nisbi olduğu kimi, Allahın varlığını da kim hansı formada qəbul edərsə, onun öz işidir. Ümumiyyətlə, qəbul etmirsə də öz işi...Lakin, İNSAN olaraq irqindən, millətindən, cinsindən, dini mənsubiyyətindən, dilindən, yaşam tərzindən asılı olmayaraq bir-birimizə sağlığımızda sayğılı, rəhmli olmalı, həyatdan köçənlərə də sayğımıza sadiq qalmalıyıq! Allah, Tanrı, Boq, Krişna və s. ("google"də Onun 847 adı çıxdı) varsa və ona inanırıqsa da, Onun( yaxud, onların) işinə qarışmayağın! Hər kəs öz içində 848, 849, 850-ci və s. Allahını gəzdirməlidir. O vaxt "Yer kürəsi - bəşəriyyətin birotaqlı mənzili" (R.Tağı) əbədi nura qərq olar...

# 11045 dəfə oxunub

Müəllifin son yazıları

# # #