Kulis.az şair İlham Qəhrəmanın “Orğu şairlər” məqaləsini təqdim edir.
2000-ci ilin yay günlərinin birində “Bülbül” prospektinin Yazıçılar Birliyinə dönən tinində Qəşəm Nəcəfzadəylə rastlaşdıq. Qəşəm o vaxt “Pərvanə” ədəbi birliyini idarə edirdi. Xoş-beş-on beşdən sonra Qəşəm soruşdu ki, “Əzab” şeiri sənindi (Qəşəm həm də şeirdən yadında qalan bir-iki misra da dedi). Dedim? hə, təzə yazmışam. Dedi, bəs bu şeiri filan şair “Pərvanə”nin son iki-üç toplantısında öz adından deyir. Düzü bir az pis oldum. Axı o adamla uzun illərin dostu olmuşuq, şeiri də məndən redaksiyaya gələndə götürmüşdü (onda “Azərbaycab XXI əsr” qəzetində işləyirdim). Zəng etdim özünə, gülə-gülə boynuna aldı və dedi ki, şeir çox xoşuna gəlib, müəllifin adını deməməsi də heç nəyi dəyişmir, axırda hamı biləcək ki, şeir sənindi. Nəsə ötürdüm getdi... Amma necə ötürdüm?! Belə bir şeir yazmaqla:
Çəmini tapmışam – havalananda
Özümü söz adlı pirə gətirdim.
Bulaqlar cəm olan dərələrsayaq, -
Doqquzun ağzını birə gətirdim.
Sözü Ağa tutdum, özümü təhkim,
Özgə ağasına olmadı ərkim...
Oğru şairlərin “vay”ına çöküm, -
Hirsimdən gör nəyi şeirə gətirdim.
Mən mən olmaram eyy... qəddim əyilə,
Az-çox hər nə tapdım, ona qailəm.
Mən özümə görə şair deyiləm, -
Çoxunun kürəyin yerə gətirdim.
2000
Bəli, oğru şairləri heç xoşlamıram.
Adətimdi, yazdığım şeirlərə istisnasız olaraq tarix qoyuram və həmin ərəfədə yazılı mətbuatda çapına çalışıram. Bu bir növ mənim şeirlərimi oğru-əyridən sığortalamaq qaydamdı (instinkt də demək olar –İ.Q.).
Avqustun 18-də “Gözü qaram” adlı şeir yazdım və facebook-da paylaşdım. Aradan bir gün keçəndən sonra şair dostum Sabir Yusifoğlu öz səhifəsində paylaşdığı şeirə məni də tağ etdi. Gördüm, mənim yaqzdığım şeirdəki iki misra onun məndən əvvəl yazdığı həmin şeirdəki iki misrayla üst-üstə düşür.
Məndə belə idi:
Gözü qaram,
Sən gedəndən sonra bildim,
Sənsiz nə yox kimi yoxam,
Nə də ki, var kimi varam.
Sabir Yusifoğlunun məndən əvvəl yazdığı şeirdə isə belə bənd var:
Mən susuz səhrada
karvandan qalan,
səmtini itirmiş zəvvaram sənsiz.
Yaşamaq adıynan
can verməkdi bu,
nə yox kimi yoxam,
nə varam sənsiz.
Başa düşdüm ki, Sabir məni paylaşmaya tağ etməklə onun misralarını şeirdə işlətməyimə eyham vurur. Baxmayaraq ki, hər ikimiz şeirdə xalq arasında dərvaya düşən adamlar tərəfindən işlədilən “nə var kimi varam, nə yox kimi yoxam” fikrini işlətmişdik. Yəni misralar xalq deyimi ilə bizim halımızın sevgiliyə bəyanı idi, burda yaradıcılıq yoxdu, yaradıcılıqla canlı xalq dilindən bəhrələnmə var. Amma mən dərhal şeirin həmin bəndini dəyişdim və Sabir Yusifoğluna da messencerdə bu haqda yazdım:
Gözü qaram,
sən gedəndən sonra inan
mən elə otur-durdayam, -
bir yerdə tapmıram aram.
2002-ci ilin payızında “Sahil” bağında İbrahim İlyaslı, Qiymət Məhərrəmli, Cənubi Azərbaycanın Ələmdar şəhərindən Rza Çəngi (Dehqan) və bir başqa şairlə qarşılaşdıq. Təzə yazdığım “Asilik” qoşmasını oxudum. Xahiş etdilər bir də oxudum. Sonra həmin “başqa şair” qoluma girib xahiş etdi ki, şeiri ona yenə oxuyum. Bu minvalla 4-5 dəfə bağda o baş-bu baş gəzə-gəzə şeiri həmin “başqa şair”ə oxudum. Aradan bir az keçdi, “başqa şair” şeirin bütün rədiflərini və ruhunu saxlamaqla bir şeir yazdı. Əsəd Cahangir o “başqa şair”ə AYB-də mənim yanımda dedi ki, şeirin başında heç olmasa İlham Qəhrəmana ithaf etdiyini yaz. Həmin “başqa şair” hansısa qəzetdə bir dəfə şeiri “İlham Qəhrəmana” qeydiylə çap etdirdi. Daha sonra həmin şeir Türkiyədə çap olunanda artıq mənim adım yox idi və şeiri təqdim edən türkiyəli yazar həmin şeirdən misallar çəkib “başqa şair”i xeyli tərifləmişdi.
Bu gün (22.08.2019) səhər sosial şəbəkədən təxminən belə bir mesaj gəldi – Şərif Ağayar şərhdə səni yad elədi. Baxdım ki, Yafəs Türksəs şeir paylaşıb, birinci bəndində mənim 1997-ci ilin may ayında yazdığım “Qu quşu” şeirimin misralarını olduğu kimi işlədib.
Yafəsin bu gün paylaşdığı şeirdə:
Ömrün payızında sevirsən məni
Tufana, borana çatıb durassan.
Mənim ürəyimin sağ yeri yoxdu
Sən necə orada yuva qurassan?
Mənim vaxtilə yazdığım “Qu quşu” şeirimdə isə bənd belədi:
O nə səsdi elə -
asi düşmüsən,
Yenəmi dünyayla
dava qurmusan?!
Mənim ürəyimin
sağ yeri yoxdu,-
Sən necə orada
yuva qurmusan?!
Ağlama, Qu quşu.
Göründüyü kimi Yafəs Türksəs mənim misralarımı, həm də yaradıcı və bədii tapıntı sayılacaq misralarımı öz şeirində dədə malı kimi istifadə edib. Və şair dostu Mübariz Məsimoğlu da şərhdə ona şeirdəki dil səhvlərini irad tutmaqla uğur diləyib. Şərif Ağayar isə şərhdə mənim misralarımı qeyd edib və adımı yazıb. Burda sözü qırmızı deməklə Şərif mənim müəllif haqqımı müdafiədən çox Yafəs Türksəsə “özünü biabır etmə” demişdir.
Burada qəribə situasiya yaranır – Şərif mənim yaradıcılığımı oxuyub və oğruya günün günortasında bu qədər də ağ eləmək olmaz deyir. Mübariz isə oxumadığı üçün oğrunun əlindəki malı oğrunun hesab edir. Bu hələ necə deyərlər bizim sağlığımızda baş verənlərdi. Bəs yaxşı biz olmayandan sonra bu oğruyla doğru necə olacaq?
Axı bu məndən oğurluq edən və mənim başını tutduğum oğurluqdan 1-2 misaldı. Belə misallar çoxdu. Burda deyirlər: dinmirsən olmur, dinirsən pis kişi olursan.
Redaksiyadan: Yazı yayımlanana qədər Yafəs Türksəs şeirə düzəliş edib və bəhs olunan şərhləri pozub.