Kulis.Az gənc şair Hikmət Orhunun yeni şeirlərini təqdim edir.
Tale
Bu taleyin əlindən
nə qurtula bilirəm,
nə yaşaya bilirəm
adam kimi...
Sevinci baş ağrısı,
kədəri boynuma yük.
Nə tullaya bilirəm,
nə daşıya bilirəm
adam kimi...
Mənə rəhm eləmədi -
göy üzündə tanrılar,
yer üzündə ağalar...
Sevgililər də atdı,
zaman məni balaca uşaq kimi
barmağında oynatdı...
Mənimki belə gəlib,
elə belə də gedəcək...
İndən belə
nə bu ağrılar dinər,
nə yaralar sağalar...
Qal
Dərdi qardaş payı kimi
bölməyə nə var, bölməyə?
Ağlama,
gülməyə nə var, gülməyə?
Yaşa,
ölməyə nə var, ölməyə?
Bir göz qırpımında gözdən
itməyə nə var, itməyə?
Bir film kimi
bitməyə nə var, bitməyə?
Qal,
getməyə nə var, getməyə?
O ha dərilmir ağacdan -
qarmağa nə var, qarmağa?
Torpağın saçını yolur -
dırmığa nə var, dırmığa?
İsadı əzab çəkən,
çarmıxa nə var, çarmıxa?
Portret
Bir rəsmdə iki adam
birinin sol əli yox,
o birinin sağ ayağı.
Sağ ayağı olan
sol əli olanın dayağı...
Sol əli olan...
Sən və mən
Sən balaca,
bapbalaca bir ümid.
Sən balaca,
bapbalaca bir arzu.
Sən balaca,
bapbalaca bir işıq.
Mən balaca,
bapbalaca bir adam.
Sənə tutunub yaşayıram;
bapbalaca ümidə,
bapbalaca arzuya,
bapbalaca işığa...
Ona
Gözəl gözlərin necə günəşli,
Qara saçların necə aylı...
Gözəlliyin on qatı var,
Say görüm, necə sayılır?
Pambıq əllərin necə qaynar,
Gülər üzün necə işıqlı.
Çölünə özüm bələdəm,
Bəs, için necə - işıqdı?
Sözün, söhbətin necə şeirli,
Gülüşün necə bəstəli...
Bir bilsən, ürəyim səni
Necə istədi...
Morq
İlan kimi şütüyür qatar
qıvrıla-qıvrıla.
Sıyrıla-sıyrıla
gedir qatar
evlərdən,
küçələrdən,
küçə işıqlarından...
Gecə işıqlarında
yeriyən adamlardan...
Mən olan kupenin içi bumbuz,
çölü bumbuz...
Mən olan kupenin sərnişinləri
ağ mələfəni üstünə çəkib
uyuyur ölü kimi.
Siçan balası
Kürdəmir kafelərindən birinin
tualetindən yazıram bu şeiri..
Elə indicə bir siçan balası qaçdı
ayaqlarımın arasından...
Elə indicə
yaşamaq haqqı qazandı biri
öz hesabına...
Sonun başlanğıcı
Özümü bildim biləli,
nə qədər qadın gəlib keçdi
həyatımdan “bezbilet”.
Biri danışdı, güldü,
əllərini vermədi tutum.
Biri öpdürmədi.
Biri yatağıma qədər gəldi,
amma yatmadı,
qurudu matım-qutum...
Məni yıxdı, sürüdü
fatimələr, tamaralar, asiyalar...
...sonda masturbasiyalar...