Kulis.az Çezare Pavezenin şeirlərini Həmid Piriyevin tərcüməsində təqdim edir.
Deolanın düşüncələri
Deola səhəri kafedə keçirdir
və heç kim ona baxmır. Bu vaxtlar şəhərdə hamı qaçır
sübh günəşinin altında. Deola da heç kimi axtarmır,
sakit-sakit siqaretini tüstülədib səhərini keçirdir.
Pansionda olanda bu saatları yatmaq məcburiyyətində qalırdı
gücünü bərpa etmək üçün. Yatağın üstündəki həsiri
batırırdı çirkli ayaqqabılarıyla əsgərlər və fəhlələr,
onu yoran müştərilər. Amma tək olanda fərqlidi hər şey:
Daha az yorulub daha yaxşı iş görə bilər insan.
Dünənki kişi onu tezdən oyadıb
öpmüş, özüylə stansiyaya gətirmişdi
(İmkanım olsaydı, səninlə Turində qalardım, həyatım)
ona xoş yolçuluq diləməsi üçün.
Çaşqındı, amma həm də canlıdı,
xoşu gəlir Deolanın sərbəst olmaqdan, südünü içməkdən
və şirnisini yeməkdən. Bu səhər yarı xanımdı
və keçmiş günlərə baxanda, bunu darıxmamaq üçün edir.
Bu saatlarda pansionda hamı yatır və içəridən qapalı otaq iyi gəlir.
Pansion sahibəsi gəzməyə çıxır – burda qalmaq axmaqlıq olardı.
Axşam klublara getmək üçün gözəl olmalıdır insan
və pansionda, otuz yaşında olan-qalan gözəllik də itib gedib.
Deola güzgüyə yanakı söykənib oturub
və güzgünün sərinliyində əksinə baxır. Üzü bir az solğundur:
Havanı bürüyən ağır dumana görə deyil bu solğunluq. Qaşlarını düyünləyir.
Maridəki kimi iradə lazımdır
pansionda yaşamağa davam etmək üçün (çünki, əziz xanım,
Kişilər arvadlarını və sevgililərini atmadan, sıfr arzularını
Təmin etmək üçün gəlirlər bura) və özünü yormamağa çalışırdı Mari,
sevinc doluydu və həyatdan ləzzət alırdı.
Kafenin qabağından keçənlər Deolanın fikrini dağıtmır,
ancaq axşamlar işləyir o, onları yavaş-yavaş fəth etməyə çalışır
klubun musiqisi altında. Bir müştəriyə göz süzdürməklə
və ya stolun altından ayağını basmaqla.
Bir müştəri bəs edir ona hər axşam və
həyatını qazanır belə. (Bəlkə dünənki müştəri məni
doğrudan da özüylə aparardı.) Bu bəs edir
ürəyi istəyəndə tək qalmağa, səhərlər kafeyə gəlməyə.
Və heç kimi axtarmamağa.
***
Qan tökülən təpələri
tanımırsan sən.
Hamımız qaçdıq,
atdıq silahlarımızı və adlarımızı.
Qaçırdıq və bir qadın
baxırdı dalımızca.
Aramızdan təkcə biri
fikrini dəyişib dayandı
yumruğunu sıxaraq.
Bomboş göyüzünə baxdı
və öldü divarın dibində.
Bir adı qaldı, bir də qanlı köynəyi.
Bir qadın bizi gözləyir təpələrdə.
9 noyabr 1945
***
Ölüm gələcək və gözləri sənin gözlərin olacaq.
Vicdan əzabı və ya pis vərdiş kimi
səhərdən-axşamacan gözünü qırpmadan bizi
addımbaaddım izləyən kar ölüm. Gözləri sənin gözlərin.
Gözlərin boş söz kimidir, səssizlik,
susdurulmuş hayqırtı kimi.
Belə görürsən onları hər səhər,
təkbaşına əksinə tərəf əyiləndə güzgüdə.
Ey əziz ümid, həmin gün öyrənəcəyik
sənin həm həyat, həm də boşluq olduğunu.
Ölüm hər kəsə başqa cür baxır.
Mənim ölümüm sənin gözlərinlə baxacaq mənə.
Nəsə olacaq – pis vərdişi tərgitmək kimi,
güzgüdə ölmüş bir simanın canlandığını görmək kimi,
kip sıxılmış dodaqlara qulaq asmaq kimi.
Heçliyin susqunluğuna enəcəyik.
22 mart 1950
Cənub dənizləri
Səssiz gəzişirik bir təpənin yamacında
Axşamüstünün gecəyə qovuşmağa tələsdiyi vaxt,
Ağ paltarlı böyük divə oxşayır əmim oğlu,
Hərəkətləri ağır, üzü günəşdən yanmış, susqun div.
Bizə bu qədər səssiz qalmağı öyrədə bilmək üçün
Deyəsən çox tənha qalıb babalarımızdan biri
- ya axmaqlar arasındakı dahi, ya da yazıq dəlinin biri –
Əmim oğlu danışdı bu axşam.
Onunla gəzməyə çıxıb-çıxmayacağımı soruşdu.
Aydın gecələrdə təpədən
Turinin uzaq işıqları görünür.
“Turində yaşadığına görə...” dedi,
“...amma haqlısan. Həyat doğulduğun yerdən uzaqda keçməlidir.
Həm pul qazanarsan, həm də həzz alarsan.
Axırda da mənim kimi qırx yaşında qayıdıb
Hər şeyin dəyişdiyini görərsən.
Amma həmişə yerində taparsan
Lanqe adlanan bu yeri.”
Yorğun halda bunları dedi mənə,
Ağır-ağır dediyi sözlər
Təpənin daşları kimi quruydu.
O qədər quruydu ki, nə başqa dillər, nə də başqa dənizlər
Onlara təsir edə bilməmişdi.
O isə, yorğun kəndlilər kimi
Yorğun baxışlarla yoxuşa tərəf gedir.
Düz iyirmi il bütün dünyanı gəzib.
O gedəndə qadınların qucağında gəzdirdiyi körpə idim hələ.
Öldüyünü dedilər bir ara.
Sonra hərdən qadınların ondan danışdığını eşitməyə başladım.
Amma kişilər insafsızdır. Onu yaddan çıxartdılar.
Çoxdan ölmüş atama bir dəfə gəmiylə
Üstünə yamyaşıl marka yapışdırılmış açıqca gəldi.
Hamı çaş-baş qalmışdı, kimsə baxıb dedi ki,
Açıqca Sakit okeandan, Avstraliyanın cənubundakı
Suları köpək balıqlarıyla dolu
Tasmaniya adasından gəlib.
Bunu da əlavə etdi ki,
Demək, əmim oğlu mirvari ovçuluğu da edirmiş.
Hərə bir söz dedi. Axırda bu qərara gəldilər ki,
Əmim oğlu ölməyibsə də, ölümünə az qalıb.
Sonra hamını açıqcanı unutdu
Və aradan xeyli vaxt keçdi.
Çox keçdi quldur-quldur oynadığım,
Dostumla ağac üstündə oynayanda budaqları sındırdığım,
Sonra bir düşmənimin başını yardığım üçün döyüldüyüm vaxtdan.
Başqa günlər, başqa oyunlar, düşüncələr, xəyallar.
Başqa qorxular öyrətdi bu şəhər mənə.
Əmim oğlu qayıdıb gəldi. Müharibə qurtardı.
Əmim oğlu qayıdıb gəldi, liliputlar ölkəsinə div kimi.
Bir az pul da yığıbmış.
Qohum-qonşu pıçıldaşırdı: “Uzağı bir ilə yeyib qurtarar hamısını.
Sonra yenə gedər.
Ölümü qürbətdə olar bir baltaya sap ola bilməyənlərin”.
Qərarlı idi əmim oğlu. Kənddə bir az yer aldı.
Sementdən qaraj tikdirdi. Benzin satmağa başladı.
Bir də reklam asdı qabaqdakı döngədə, körpünün yanında.
Bir nəfəri işə götürdü, benzini satsın deyə.
Özüsə siqaret damağında, Lanqe torpaqlarında gəzib-dolaşmağa başladı.
Kənddən evləndi. Başqa ölkələrdə gördüyü qızlar kimi
İncə belli, sarışın qızla evləndi.
Amma yenə tək gəzib-dolaşdı. Həmişə ağ paltarda,
Əlləri arxasında, üzü günəşdən yanmış,
Bazarları gəzib atların qiymətini soruşurdu.
Niyyəti baş tutmayanda mənə dedi ki,
Bütün heyvanları alıb vadiyə yığmaq,
Hamını maşın almağa məcbur etmək istəyirmiş.
“Amma”, dedi, “bilməliydim,
Burda adamlarla öküzlərin eyni kökdən gəldiyini”.
Yarım saatdır gedirik. Təpəyə çatmağa az qalıb.
Getdikcə çoxalır küləyin vıyıltısı.
Birdən əmim oğlu dayanıb mənə baxır.
Sonra yenə gedir yoxuşla.
Torpaq və külək qoxusu qaplayır qaranlıqda ikimizi də,
Uzaqda bir neçə işıq görünür: kənd edvləri,
Səsi güclə eşidilən maşınlar.
Mən isə
Bu adamı dənizdən, uzaq ölkələrdən və hələ də bitməyən susqunluqdan
Qopardıb mənə qovuşduran gücü fikirləşirəm.
Əmim oğlu səfərləri haqda danışmaz.
Təkcə haralara getdiyini deyər başdansovdu şəkildə,
Bir də maşınları fikirləşdiyini.
Cəmi bir xatirəsi qalmışdı içində:
Hollandiyada Balina adlı balıqçı gəmisində
İşləyəndə bütün dənizləri gəzmişdi.
Və görmüşdü
Oxlarla vurulan balinaların
Qan içində çırpındığını.
Hərdən bunu danışır.
Amma ona
Yer üzünün ən gözəl adalarında
Səhərin necə açıldığını görən bəxtəvər olduğunu deyəndə
Gülümsəyib:
“Günəş artıq çıxan kimi
Gün köhnəlirdi bizim üçün” deyirdi.