Kulis.az Həmid Piriyevin "Darıxmaqlıq fəsli" köşəsini təqdim edir.
Əlbət, siz də fikir yetirmiş olubsunuz ki, bizim bir para ədib adlandırdığımız qələm əhli darıxmağa həddindən ziyadə aludəçilik içindədirlər və bu cürə də darıxıb nisgil çəkməklə ömür-günü yola verməkdədirlər.
Qotazlı qırmızı fəsimi içindəki qara ipək astarını görmək etibarilə üzüaşağı qoyuban fikrə getdim ki, aya, bu nədən ola?
Nədəndir ki, adi-gündəlik həyatda deyibən gülən, günəşin hər səhər doğub bərq vurmaqlığına, bahar nəsiminin mehvari dalğalanıb da uzun-qısa tellərini darayıb yalamağına sevinən bu adamlar əlinə qələm alan kimi dönüb olur darıxmaqlıq dəlisi, dərd aşiqi, kədər-qüssə munisi?!
Fəsimin içinə baxanda bir tək qıraqlarının başımı dövrələyən hissəsindəki ipəyin bir qədər süzülüb incəldiyini, bir qədər də çirkdən bozardığını gördüm, başqa da bir zad görmədim və əlbət, sizin də diqqətinizdən yayınmış olmaz ki, sualımın cavabını da fəsimin içində tapmadım.
Və bununla da razılaşmış olarsınız ki, belə sualların cavabları fəsin-börkün-papağın içində olmaz, fəsin-börkün-papağın içində olsa-olsa əmgəyimizdən, gicgahımızdan və yaxud peysərimizdən qopan bir neçə saç teli olar və yaxud evlərdən uzaq, bit-sirkə olar, sualların cavabları isə fəsi-börkü-papağı qoyduğumuz başın içində olar.
Mən də fəsimi qoydum bir qırağa və qoya-qoya fikir etdim ki, gərək ay axırı məvacibimi alan kimi, hər şeydən əqdəm təzə fəs alım, payız da hövlnak-qaranəfəs çatdırıb özünü yay çıxmamış dabanbasma. Hələ köynəyimin yaxalığı da kirşanlanmaqdan didilib-dağılmaqdadır. Eyb etməz, o da qalsın gələn məvacibə.
Gəl-gələk bizim darıxan qələm əhlinə. Atalar yaxşı deyib ki, söz vaxtına çəkər. Elə darıxmaqlıq fəsli kimi tanınan qüssə fəsli payız gəlib kəsdirib qapımızın kandarını, elə bu söhbəti etməkliyin əsl məqamıdır.
Sözüm yox, Füzuliyi-binəva da vaxtikən dərd əlindən dağa çıxmışdı, hərçənd, bilmirəm, İraqda dağ var, yainki yox, amma zənn edirəm, olmamış deyil. Hə, Füzuli ki, dağa çıxmışdı, bizimkilər də ondan vərəsə kimi aldıqları darıxmaqlığın əlindən bilmirlər neyləsinlər, çün Bakıda dağ qıtlığıdı, beş-altı təpəmiz var, onlarda da şəhər görkəmli qəsəbələr, Fərhadın tişəsi kimi göylərin bağrına sancılan hündürmərtəbəli, cah-calallı, yarlı-yaraşıqlı binalar yerləşməkdədir, ol səbəbdən bizim sözü lətif, özü şirin qələm əhlimiz darıxmaqlığı dağdan düşürdüb salıblar düzənlikdəki qəhvəxanalara, zirzəmilərdəki pivəxanalara, mərkəzətrafı kababxanalara.
Bazarnı küçəsi ətrafındakı qəhvəxanalara girsən, bir şairin əlində qəhvə fincanı darıxdığını görərsən, Kömürçü bazarı tərəfdəki pivəxanaların məxsusi guşəsində də... şairlər köpüklü pivədən içir, darıxmaqlığın ləzzətini noxudla çıxarırlar. Nikolayevski kilsəsinin yanındakı kababxanalar da darıxmaqlığını araqla ovudan şairlərdən xali deyildir.
Amma bunu da deməliyəm ki, bizim qaraqaş-qaragöz munisi-şəriflərimiz darıxmaqlığı bir az hədəqəsindən çıxartıblar, əndazəsini böyüdüblər və ol səbəbdən yeri gəldi-gəlmədi darıxırlar.
Ən təzə ədəbiyyatımızı axtarıb-araşdırsan, yüzlərlə darıxmaqlıq şeiri taparsan ki, oxu, yan bu darıxmaqlıq əlindən gözləri giryan, qəlbi nalan qalan zərərdidələrin halına və də istəyirsən, ağla gildir-gildir, yaş gözündə gilələnib almacıq sümüklərindən süzülsün çənənə, tökülsün körpücük sümüklərinin üstünə.
Qorxuram, yüz il sonra hər kimsə ki, indiki dövrümüzün ədəbiyyatını axtarıb-araşdırıb haqqında yazmaq qərarına gəlsə və qərarında qəti olduğuyçün də axtarıb-araşdırıb tapıb oxusa, darıxmaqlıq şeirlərinin əlindən bilməz neyləsin, ya bezar olub bu işin başını buraxar başqa bir hərdəmxəyalın öhdəsinə, ya da yazar ki, yüz il qabaq ədiblərin darıxmaqlıqdan başqa işi-peşəsi-azarı yoxmuş.
Darıxmaqlıq şeirlərinin də əksəri bir-birinin oxşarıdır, çün, ədiblər əslində darıxmaqlıqdan çox uzaqdırlar, di gəl, baxırlar özlərindən əvvəlki fəqir-füqəra şairlərə, görürlər, onlar darıxır, sual edirlər ki, bəs biz neyçün darıxmayaq ki? Özümüz kimdən, misramız kimin misrasından əksik qalar yan-yana dursaq və yainki qoysaq? Onlar da başlayır darıxmaqlığa və darıxmaqlıq canlarında olmadığı üçün, olur mabədlərinin bənzəri, bir parasısa bir az da qabağa gedib it kimi darıxır...
Elə bu yazını qaraladığım vaxt ölüşgün payız günəşi otağımın pəncərəsini döyüb solğun şüalarını üzümə saldı.
Durub pəncərəni açdım ki, şüalar maneəsiz otağıma daxil olub gözümü-könlümü oxşasın, bir də gördüm, pəncərəmin altında bir it əl-ayağını uzadıb günəşlənməkdədir. Özlüyümdə "əlimə yaxşı düşmsüsən..." fikirləşib dedim, ey gözəl tüklü, inci dişli, sallaq qulaqlı kəlbi-əqur. Başını çevirib üzümə baxdı, soruşdu, nə var? Dedim, sən də darıxırsan, hə? Sağ pəncəsiynən sağ yanağına yüngül şillə çəkib dedi ki, bax, bu ölsün, mən bilmirəm, darıxmaq-zad nəmənə şeydir. Dedim, axı hər kim darıxsa, onunçün deyirlər ki, bəhmənkəs lap it kimi darıxır. Dedi, dəxi orasını bilmənəm, mənim bəni-adəmlərin işlərindən başım çıxmaz. Dedim, bəlkəm, hərdən-hərdən uladığın üçün darıxdığını zənn edərlər? Dedi, bizlər darıxdığımız üçün ulamarıq, ya həzzdən ulayarıq, ya aclıqdan və yainki də kefimiz ulamaq istər, ulayarıq, bundan sonra da hər kim it kimi darıxmaq istəsə, ona mənim adımdan çatdır ki, öz işlərinə məni və mənim cinsimdən olanları urcah eləməsin, könlü darıxmaq istəyirsə, qoy elə adam kimi darıxsın...
Bu dəm külək qalxdı, küçədə bir tozanaq qopdu ki, görək gözünnən görəsən, deməknən olmaz. İt durub harasa izal oldu, mən də pəncərəni bağladım toz zərrəcikləri otağıma daxil olmasın.
Kulis adlandırdığımız pərdəarxasının mühərrirlərindən Həmidi-Sani və yainki bilməm neçənci əfəndi
Mabədi var...