22 il sonra alınan qonorar - Dağınıq əlyazma...

22 il sonra alınan qonorar - Dağınıq əlyazma...
11 sentyabr 2024
# 09:00

Kulis.az Həmid Piriyevin Şota Rustavelinin "Pələng dərisi geymiş qəhrəman" eposunun tərcüməsindən bəhs edən "22 il sonra alınan qonorar" yazısını təqdim edir.

Azərbaycanda bədii tərcümənin ömrü o qədər də uzun deyil. Heç iki yüz il olmaz. Əlbəttə, ondan qabaq da adda-budda tərcümələr olub, amma tərcümə yaradıcılığı təxminən XVIII əsrin axırlarından başlayır. Onlar da əsasən təbdillər olurdu.

Sovet hakimiyyəti qurulandan sonra bir çox şey kimi tərcümə ədəbiyyatı da sistemli şəkildə həyata keçirilməyə başladı. O dövrdə fəaliyyət göstərən əksər ədiblər, həm də tərcümə ilə məşğul olmağa başladılar. Bəlkə də bilmirsiniz, amma Qorkinin ilk tərcüməçiləri arasında Əbdürrəhim bəy Haqverdiyev də vardı!

İndi bizə qəribə görünə bilər, amma iyirminci illərin sonlarından başlayaraq Knut Hamsun, Cek London, Erix Maria Remark da daxil, dövrün məşhur yazıçıları dilimizə qazandırılmağa başladı.

O dövrün aktiv tərcüməçiləri arasında Əhməd Cavad da vardı. Azərbaycan oxucuları Qorkinin “Uşaqlıq”, “Mənim universitetlərim” (“Mənim darülfünunlarım” adı ilə) povestlərini, Puşkinin bir neçə povestini, Şekspirin “Otello” və “Hamlet” faciələrini ilk dəfə məhz onun tərcüməsində oxumuşdu.

Otuzuncu illərin əvvəllərində, Əhməd Cavad Gəncədən Bakıya qayıdıb Azərnəşrdə tərcümə şöbəsinin redaktoru işlədiyi vaxt ona çox məsuliyyətli bir iş tapşırırlar: dünya ədəbiyyatının şah əsərlərindən birinin – klassik gürcü şair Şota Rustavelinin “Pələng dərisi geymiş qəhrəman” eposunun tərcüməsini.

Şota Rustaveli

Əhməd Cavad məhz həmin tərcüməni etmək üçün Gürcüstana yollanıb, məxsusi gürcü dilini öyrənir, gürcü ədəbiyyatşünaslarla fikir mübadilələri aparır.

Əhməd Cavadın tərcüməyə başladığı dəqiq tarixi bilmirəm, amma zənnimcə, 1935-ci ilin sonları və ya 1936-cı ilin əvvəlləri o, artıq işə başlamışdı. Çünki “Ədəbiyyat qəzeti”nin 1936-cı il 7 noyabr tarixli nömrəsində tərcümədən bir hissə çap olunmuşdu (“Bəbir dərisi geymiş pəhləvan: Ərəbistan padşahı Ərəstəvan haqqında: I nəğmə”).

Həmin ilin 15 noyabrında Gürcüstanın “Ədəbiyyat qəzeti”ndə “Azərbaycanın istedadlı şairi Əhməd Cavadın “Pələng dərisi geymiş qəhrəman” əsərini tərcümə etdiyi” haqqında xəbər getmişdi.

Dekabrın 25-i isə bizim “Ədəbiyyat qəzeti”mizdə Əhməd Cavadın tərcümə işi barədə yazdığı məqalə çap olunmuşdu. O, yazırdı: “Mənim iki dəyərli konsultantım vardır. Bunlardan birisi S.İordanişvilidir ki, ən dəyərli rustavelişünaslardan sayılır. İkincisi yenə Rustaveliyə aid bir çox elmi və tədqiqi əsərlər yazmış möhtərəm professor İ.Abuladzedir ki, onun mükəmməl farsca bilməsi, demək olar ki, məni qolumdan qaldırır...”

Bildiyimiz kimi, əsərin orijinalı həmqafiyə dördlüklər şəklində qələmə alınıb (a, a, a, a). Amma Əhməd Cavad dördlükləri “a, a, b, a” şəklində tərcümə edib. Həmin məqalədə Əhməd Cavad bu məsələyə də aydınlıq gətirir: “Məndən əvvəl tərcümə edən sənətkarlar onun bu xüsusiyyətini saxlamaq istərkən qafiyə dərdindən böyük təhriflərə uğramışdır. Mən cəsarət edib şəkli məzmuna qurban verdim, dördlüklərin hər üçüncü misrasını sərbəst buraxdım. Əvvələn, bu şəkil bizdə daha çox məqbuldur, ikincisi, məzmunun bütünlükdə qavranılması üçün çox əlverişlidir ki, tərcüməni dinləyən gürcü və Azərbaycan elmi işçiləri bunu bəyəndilər”.

Xüsusi bir məqamı da qeyd edim ki, Əhməd Cavad baş obrazlardan olan Tinatinin adını Təntənə kimi tərcümə edir.

Tərcümə 1936-cı ilin sonlarına qədər tam hazır olur və 1937-ci ilin əvvəli Birinci mükafata layiq görülür.

Amma Əhməd Cavadı mart ayında Yazıçılar İttifaqından çıxardıqları üçün tərcümənin çapını da saxlayırlar.

Xəlil Rza Ulutürkün 8 fevral 1966-cı il tarixli gündəlik qeydində oxuyuruq:

“- Müşfiqin Xəyyamdan tərcümə etdiyi rübailər sizin əlinizə necə keçmişdir? – deyə Məmməd Rahimdən soruşuram.

- Onda Məmməd Arif Azərnəşrdə şöbə müdiri idi, bizə tərcümə verirdi. Bəzən də kitab redaktə edirdik. Əhməd Cavad tutulandan sonra Məmməd Arif çox heyifsilənirdi ki, onun Şota Rustavelidən tərcümə etdiyi “Pələng dərisi geymiş pəhləvan” zaya çıxdı. Poemanın yeni tərcüməsini hazırlamağı mənə, Müşfiqə, bir də Səmədə tapşırdılar. Əhməd Cavad poemanı 15-lik heca vəznində a, a, b, a qafiyə düzülüşü ilə tərcümə etmişdi. Ancaq biz 16-lıq vəzni seçdik. Müşfiq təxminən 200 misrayacan tərcümə etmişdi, gətirib Azərnəşrdə oxudu. Hamımız heyran qaldıq. Xüsusilə qılınc oynatmağı Müşfiq gözəl vermişdi. Müşfiqə qulaq asanda Səmədin gözlərində od yanırdı. “Şaqqıldatdı şaşkaları leş bir yana, baş bir yana” – Səmədin bu misrasında, mənə elə gəlir ki, Müşfiqin təsiri var. Nə isə... Müşfiq tutulanda onun payını tərcümə etməyi Süleyman Rüstəmə tapşırdılar. Elə həmin macal Xəyyamın “Rübailər”i çap olunub mətbəədən gəlmişdi. Gərək ki, birinci korrekturası olmalı idi. Müşfiq tutuldu. Mən möhürlü qrankaları apardım evə, Müşfiq bəraət qazananda yenə gətirib verdim Azərnəşrə...”

Əslində, Əhməd Cavad da əsəri 15-lik yox, 16 hecalıq vəzndə tərcümə etmişdi. Həm də, başqa bir məqam, Əhməd Cavadın tutulması ilə bağlıdır. Gündəlik qeydində bu məlumat da səhv gedib, yəqin, Məmməd Rahim ya tarixləri qarışdırıb, ya da bilərəkdən səhv deyib. Çünki Əhməd Cavadla Mikayıl Müşfiq eyni gündə - 1937-ci il iyunun 4-dən 5-ə keçən gecə həbs edilib (həmçinin, Hüseyn Cavid də).

Çox güman, Mikayıl Müşfiq Məmməd Rahimin dediyi həmin 200 misranı aprel, may aylarından işləyibmiş. Və yəqin ki, o tərcümə çoxdan məhv edilib...

Yuxarıda da qeyd edildiyi kimi, əsərin tərcüməsini Səməd Vurğun, Məmməd Rahim və Süleyman Rüstəm edib tamamlayır. Bildiyim qədərilə, hər üçü tərcüməyə görə Dövlət Mükafatı alır. Həmin tərcümə iki dəfə, Rustavelinin yubileyləri ərəfəsində - 1947 və 1966-cı illərdə kütləvi tirajla çap edilir.

“Ədəbiyyat və incəsənət” qəzetinin 25 dekabr 1966-cı il nömrəsində Səməd Vurğun və Süleyman Rüstəm o əsərin tərcüməsi haqqında təəssüratlarını çap etdirirlər (Səməd Vurğunun məqaləsinin təkrar çapı idi). Səməd Vurğun yazır: “Bu böyük əsər insanı o qədər cəlb edir ki, tərcüməsi üzərində çalışarkən işdən ayrılmaq mənə ağır gəlirdi; o mənim bütün hisslərimə, bütün daxili qüvvəmə bu dərəcədə hakim kəsilmişdi”.

Süleyman Rüstəm isə əsərin birinci çapını xatırlayır: “Yadımdadır, əsər bir neçə günün içərisində kitab mağazalarından evlərə, evlərdən ürəklərə köçdü. Hər evdə bir daha gürcü və Azərbaycan xalqlarının qədim dostluğundan şirin-şirin söhbətlər başlandı”.

Əhməd Cavadın tərcüməsi uzun müddət itmiş hesab edilir. Amma Əhməd Cavad bəraət alandan sonra Ədəbiyyat İnstitutuna təhvil verilən əlyazmaları içində Rustavelinin eposunun tərcüməsi də olur. Ədəbiyyatşünas Dilarə Əliyeva dəftər səhifələrinə, kağız parçalarında yazılmış həmin dağınıq əlyazmanı götürüb işləyir, qaydaya salır. Dilarə xanımın əslən Gürcüstandan olması tərcüməni orijinalla tutuşdurmağına kömək edir. Məlum olur ki, bəzi dördlüklərin bədii yox, ancaq sətri tərcüməsi qalıb, bəzi hissələr isə, ümumiyyətlə, əlyazmalar arasında mövcud deyil. İstedadlı tərcüməçi Ələkbər Ziyatayı işə cəlb edirlər. Ələkbər Ziyatay Əhməd Cavadın mövcud sətri tərcümələri, olmayanları isə Dilarə xanımın sətri tərcümələri əsasında bədii formada işləyir, poemanın tərcüməsini tamamlayır (məxsusi qeyd edim ki, Ələkbər Ziyatay da tərcüməni işləyərkən Əhməd Cavadın seçdiyi formaya yox, orijinal formaya sadiq qalır, yəni dördlükləri “a, a, b, a” şəklində yox, “a, a, a, a” şəklində tərcümə edir).

Əhməd Cavadın tərcüməsi professor Bəkir Nəbiyevin ümumi redaktəsində, Ələkbər Ziyatayın və Əziz Mirəhmədovun redaktəsində 1978-ci ildə “Elm” nəşriyyatında 46 000 tirajla çap olunur.

Daha bir maraqlı məqamı qeyd edim. Ülviyyə Tahir “Şükriyyə taleyim” romanında yazır ki, 1959-cu ildə Əhməd Cavadın oğlu Yılmazın toyuna hazırlaşırlar. Evi boşaldanda Şükriyyə xanım Əhməd Cavadın köhnə paltarlarını yığır ki, ehtiyacı olanlara hədiyyə etsin. Sonuncu dəfə Cavadın əynində gördüyü pencəyi götürəndə pencəyin döş cibində kağız olduğunu görür. Bu, Əhməd Cavadın “Pələng dərisi geymiş qəhrəman” üçün almalı olduğu qonorarın qəbzi idi. Şükriyyə xanım o qəbzi Elmlər Akademiyasına aparır, Yusif Məmmədəliyev məsələni həll edir və Əhməd Cavadın qonorarı 22 il sonra ailəsinə çatır...

Sonda müqayisə üçün “Pələng dərisi geymiş qəhrəman”ın hər iki tərcüməsinin birinci bəndini təqdim edirəm:

Yeri-göyü xəlq eləyən öz qüdrət və cəlalından,
Səmadən nur nəfəsilə paylamışdır əşyaya can.
Bol nemətli bu dünyanı bağışlamış insanlara,
Yer üzünün şahlarına rövnəq vermiş camalından.

(Əhməd Cavadın tərcüməsi)


Kim ki, bütün kainatı xəlq eyləmiş sənətiylə,
O varlığın fövqündədir öz ilahi qüdrətiylə.
Vermiş bizə - insanlara bu dünyanı nemətiylə,
Yer üzünün sultanları yaşar onun surətiylə.

(Səməd Vurğunun tərcüməsi)

# 4615 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #