Gündüzü yandırın - Rza Bərahəninin şeirləri

Gündüzü yandırın - Rza Bərahəninin şeirləri
11 may 2023
# 10:40

Kulis.az təbrizli şair Rza Bərahəninin şeirlərini təqdim edir.

Röya

Mən indi yuxu görürəm,
günəşin qanlı alovunun altında
sıxıram qollarımın arasında...
Dənizin dalğası üzərində atın kişnərti himni qamçılanır
və bir mağara qayıdır başqa sahilin sıldırımlarının altına
və o, bir ayağını dağın şərq tərəfinin üstünə qoyur,
bir ayağını da qərb tərəfinin üstünə...
və mənim uşağımı
Okeanın dağa oxşar,
dağa oxşar dalğalarının üzərində doğur.
Və uşağım Tanrının torpağını axtarır.

Mən indi yuxu görürəm...

Heç kim

Səndən savayı kimsə görməyəcək,
ürəyimin qırmızı sıldırımlarının arasında
necə bir sevgi ağacı böyüyür.
və bu sevgi yarpaqların, boyalı budaqların üstünü
səndən savayı kimsə görməyəcək
işığın necə töküldüyünü.
səndən savayı kimsə görməyəcək
günəşin susuz baxışında necə böyüdüyünü
Heç kim səndən savayı görməyəcək...

Əlvida

Mən günəşin işığını, səni və sevgini
atların belinə mindirirəm,
çevik və çapar atların belinə.
Ürəyimin duası, mən və qan
günəşin işığı, işıq yoludur.
Onun ürəyinin duası və onun qanı
sənin işıq yolun, sevginin işıq yoludur.

Mən oturmuşam, ətrafım, içim, qanım gecədir.
Məndən soruşma! Qaranlıq gecədən soruş,
zəmanə qadınının mərmər əllərini
dünyanın ən uca ağacının altında
qazdı məzarı və avand millətin allahını
məzarın içində basdırdı

Günəş işıqlarının ürəyindəki dualar
sevginin işıq yoludur.
Və mən oturmuşam, ətrafım, içim və qanım gecədir.

Mənə söylə

Mənə söylə, söylə,
necə eşidim minlərcə yarpağın tökülmə səsini budaqlardan?
Mənə söylə, söylə,
necə eşidim ulduzun yağan səsini buludlardan?

Mən ağacdan doğulmuşam!
Sən ey, danışığı ağaclara küləyin əsməsi olan adam.
Mənə söylə, söylə,
ağacı kim doğmuşdur?

Məni ulduz doğub.
Sən ey, danışığı axan arxlara bənzər, soyuq arxlara bənzər
Mənə söylə, söylə
Ulduzu kim doğmuşdur?
Ulduzu, ağacı sən doğmusan.
Sən ey, quşların uçmasıdır danışmağın
Mənə söylə, söylə
Səni kim doğmuşdur?

Xaçı yandırın

Xaçı tullayın!
Və günortaya baxan o çarmıxa çəkilmiş adamı tullayın.
Çünki o təkcə özü üçün ölməyib,
təkcə özünü qurtarmaq üçün ölməyib...

Xaçı yandırın!
Və xaçdan günortaya baxan adamı yandırın,
və külünü dalğaların arasında buraxın.
və onu səslər, həyatların hay-küyünün arasında yaddan çıxardın.
Çünki o təkcə özü üçün ölməyib,
təkcə özünü qurtarmaq üçün ölməyib...

O diri idi və indi ölübdür.

Gündüzü yandırın!
Gecəni yandırın!



Farscadan tərcümə: Əli Çağla

# 2021 dəfə oxunub

Oxşar xəbərlər

"Yenidən birləşmək üçün dartınan sınıq aynanın parçaları kimi" - Güneydən şeirlər

"Yenidən birləşmək üçün dartınan sınıq aynanın parçaları kimi" - Güneydən şeirlər

17:00 16 yanvar 2024
Qapımı döydü polis - Güneydən yeni şeirlər

Qapımı döydü polis - Güneydən yeni şeirlər

17:09 30 mart 2023
Öpüşmək qadağan olmadan öncə - Güneydən şeirlər

Öpüşmək qadağan olmadan öncə - Güneydən şeirlər

16:00 18 mart 2023
Sürgünəm iç-içə yuxular içində - Güneydən şeirlər

Sürgünəm iç-içə yuxular içində - Güneydən şeirlər

17:00 13 oktyabr 2022
Köksündə olsa da azadlıq həvəsi... – Güneydən şeirlər

Köksündə olsa da azadlıq həvəsi... – Güneydən şeirlər

17:00 2 sentyabr 2022
“Azər” o tayda səndədi, “baycan” mənimkidir – Güneydən şeirlər

“Azər” o tayda səndədi, “baycan” mənimkidir – Güneydən şeirlər

15:00 26 avqust 2022
#
#
# # #