Ülviyyə Heydərova: “Dublyajda “eşşək” sözünü də dəyişmək istəyirlər” – Müsahibə

Ülviyyə Heydərova:  “Dublyajda “eşşək” sözünü də dəyişmək istəyirlər” – Müsahibə
2 yanvar 2023
# 11:00

Kulis.az Xəzər Media Mərkəzinin dublyaj şöbəsinin rejissoru və səs rejissoru Ülviyyə Heydərova ilə olan müsahibəni təqdim edir.

– Necə oldu ki, dublyaj sahəsinə gəldiniz?


– Yoldaşım Lider TV-də dublyaj sahəsində işləyirdi. Mənim də həmişə bu sahədə özümü sınamaq arzum var idi. Çox vaxt özümü cizgi filmlərinin səsləndirmələrində görürdüm. Ondan xahiş etdim ki, məni çalışdığı yerdə dublyaj sahəsinə yönəltsin. Razılaşdıq. Ora getdikdə səs duyumumun yaxşı olduğunu görüb səs rejissoru kimi onlarla işləməyimi istədilər. Beləliklə, səs rejissoru kimi fəaliyyətə başladım. O zaman dublyaj indikindən fərqli formatda idi.

2012-ci ildə Lider TV-də dublyajın fəaliyyəti dayandırıldığı üçün oradan ayrıldım. Bir sıra yerlərdə çalışdım və son dayanacağım Xəzər TV oldu. 2017-ci ildən Xəzər Media Mərkəzinin dublyaj departamentində çalışıram. Burada imkanlar daha genişdir. İndi əvvəlkindən fərqli çalışırıq.

– Dublyaj işi indi asandı, yoxsa əvvəl daha asan idi?


– Əvvəl daha asan idi. İndi tələblər çoxdur.


– Dublyaj sahəsində pul var?

– Bu aktyorlarımızın da yaralı yeridir. Çox istərdik ki, onların qanorarları artırılsın. Artıq aktyorlar arasında belə bir tendensiya yaranıb. Onlardan işi incəliklə görməklərini tələb etdikdə deyirlər bizə verilən pula dəyməz. Bildirirəm ki, bir işə başlamışıqsa, tam görməliyik. Heç kimə maraqlı deyil biz əməyimizin qarşılığını alırıq, ya yox, hamını nəticə maraqlandırır. Ölkəmizdə bu sahəyə diqqət yoxdur.


Bir ara dublyaj sahəsinə diqqət yetirdilər. Mədəniyyət Nazirliyi və Milli Teleradio Şurası birlikdə seminarlar təşkil etmişdilər. Sevindik ki, artıq ölkəmizdə dublyaj sahəsinə maraq var, yeniliklər olacaq. O vaxtdan artıq iki il ötsə də,heç bir dəyişiklik, inkişaf yoxdur.


– Azərbaycanda dublyaj sahəsində hansı problemlər var?

Problemlər bütün dövrlərdə olub. Özümüz onları aradan qaldırmağa çalışmışıq. İlk başda aktyorların qonorar problemi durur. Daha sonra tərcüməçi və redaktor problemi var. Nadir hallarda savadlı tərcüməçi tapmaq olur. Bəzən tərcüməçiliklə məşğul olan mərkəzlər bizə irad bildirirlər ki, düzgün tərcümə etməmisiniz. Qeyd etmək istərdim ki, film tərcüməsi adi kitab tərcüməsindən fərqli olur. İş prosesində bir çox nüanslara diqqət yetirilməlidir.

– Etiraf edək ki, tərcümələr bəzən həqiqətən də gülməli alınır. Məsələn, "Atla gel, Şaban" filminin adı "Tullan gəl, Şaban" kimi verilir. Kamal Sunalın filmləri artıq köhnə sayılır. Digər tərəfdən bu bizim tərcüməmiz deyil və başqa kanallara biz cavabdeh deyilik.


– Sizin buna münasibətiniz necədir?

– Dublyaj sahəsi yeni fəaliyyət göstərəndə, bir çox gülünc tərcümələrə rast gəlmək olurdu. Bizim də ilk növbədə məqsədimiz, belə halları aradan qaldırmaqdır. Bir ara həqiqətən çox gülməli tərcümələr olurdu. Bu birbaşa tərcüməçinin tərcümə etdiyi dili mükəmməl bilməməsindən irəli gəlir. Tərcüməçi ümumiyyətlə çox savadlı olmalıdır.Hər iki dili də mükəmməl bilməlidir.

Məsələn bir filmdə deyilir ki, mən arıqlayım rus maykaları geyinəcəyəm. Rus dilində həmin filmə baxanda isə görürəm ki, “uzkiye mayki” yəni dar mayka geyinəcəyəm deyilir. Belə hallarla tez-tez qarşılaşırıq, və problemi aradan qaldırmağa çalışırıq.

"Uzki”ni dilimizə ruskiye kimi tərcümə edəndə filmin məğzi də dəyişir.

Düzdür, savadlı tərcüməçilər var. Amma onlar da film tərcüməçiləri deyil. Yenə də qeyd edim ki, kitab tərcüməsi ilə, film tərcüməsi çox fərqlidir.

– Dublyajla bağlı hansısa kursun yaradılmasına ehtiyac var?


– Bu mənim ən böyük arzumdur. Biz dublyajı özümüz öyrənib bu səviyyəyə çatdırmışıq. Görün məktəbimiz olsa idi nələr edərdik. Sırf dublyaj səs rejissorlarını, aktyorlarını, tərcüməçilərini, redaktorlarını birləşdirəcək vahid bir mərkəz olsa, dublyaj sahəsi inanılmaz dərəcədə inkişaf edər. Kurslar yaradılsa, biz xaricdən dublaj məktəbinin professionallarından da ölkəmizə dəvət edərik.

– Ölkəmizdə peşəkar dublyaj ustalarından kimləri tanıyırsınız?

– Bizim sahədə bir çox peşəkar dublyaj aktyor və aktrisalarımız var. İlk növbədə Eldəniz Rəsulov, Ədalət Məmmədov və Nəcibə Hüseynovanı qeyd etmək istərdim. Onları dublyajın pionerləri kimi tanıyırıq. Amma yenə də Ədalət müəllimlə danışanda deyir ki, halal olsun, siz bizdən də irəliyə getmisiniz. Dublyaja ömrünü həsr edən bir adamdan bunu eşitmək inanın nə qədər qürur vericidir.


– Son illər dublyaj sahəsində nələr dəyişib?


– İndi dublyajın orfoepiyasında da ciddi dəyişikliklər var. Əvvəllər aktyorlar səsləndirmədə daha çox kitab cümlələri işlədirdilər. İndi isə danışıq dilində səsləndirirlər. Bu arada böyük fərq və təbiilik yaradıb.


– Yerli kinoteatrlarda dublaj üçün xüsusi maliyyə ayrılır?


– Düzü mən televiziya dublajı sahəsində çalışdığım üçün bu prosesdən o qədər də xəbərdar deyiləm.


– Ən çox hansı janrda və dildə olan filmlərin dublajı çətin olur?


– Ümumiyyətlə peşəkar biri üçün bunun heç bir fərqi yoxdur. Amma filmlərin əksər vaxtlarda ingilis dilindən tərcumə edildiyinə görə, bu dildə olan filmlərin dublyaj prosesi daha asan olur. Rus dilində də rahat işləyirlər. Dil baxımından o qədər də çətinlik çəkmirlər. Bəzən monoton filmlər, bizim emosional aktyorlarımızı yorur. Fantastik filmlərin dublajı isə asan olur.


“Türk dilindən niyə dublaj edirsiniz? Onsuzda hamı başa düşür də” - bəzən bunu deyən adamları bizim iş prosesinə dəvət etmək istəyirəm. Qoy gəlib özləri çətin məqamları görsünlər. Onların şivələri qəlizdir. Elə bilirlər türk filmlərinə çox baxdıqları üçün bu dilə bələddirlər. Məsələn, “Babam ve oğlum" filmini dublaj edəndə bir çox tərcümə problemləri ilə rastlaşdıq. Hətta tərcüməçi belə bəzi sözlərin mənasını dilimizə çevirə bilməmişdi. Bizə isə irad tuturlar ki, niyə türk dilindən dilimizə tərcümə edirsiniz? Türk dili öz dilimizdir. Elədirsə, gəlin o problemli sözləri tapın. Bizim dilimiz Azərbaycan dilidir. Bu, tərcümə mütləqdir.


– Kamal Sunalın filmləri bizim kanallarda veriləndə Şabandan başqa bütün obrazları bizim aktyorlar səsləndirmişdi.


– Çox gülünc mənzərə idi. Bunu ya tam saxlamalı, türk dilində verməli idilər, ya da bütün obrazları səsləndirməli idilər. Bizdə türk dilindən anonslar belə çox məzəli dublyaj olunur. Daha çox komediya filmlərinin dublyajı uğurlu alınır. Bayağı səslənmir.


– Siz olsanız, Şabanı səsləndirmək üçün hansı aktyoru seçərdiniz?


– Bu potensiala malik bir çox aktyorumuz var. Bu yaxınlarda aktyor Mahir Mirişli də bu obrazın öhdəsindən məharətlə gəlib və çox gözəl səsləndirib.


– Bizdə dublaj sahəsində aktyor problemi də var...

– Aktrisa Nəcibə Hüseynova ilə “Annem” türk filmini dublaj etmişdik. Orada Nəcibə xanım qızının xəstəlik xəbərini eşidən cəfakeş bir ananı səsləndirib. Nəcibə xanım o qədər gözəl obraza girmişdi ki, səsləndirmədə həqiqətən ağlamışdı. Hər aktyor bunu bacarmır. Aktyorların əksəriyyəti deyir ki, bu dublajdır, səhnə deyil, rola girək. Səsləndirmə edəndə də səhnədəki kimi olmalısan. Hər obrazı yaşayıb, onun emosiyalarını özününkiləşdirib canlandırmalısan. Onda səsləndirdiyiniz obraz o qədər inandırıcı olur ki, tamaşacı da o filmə həvəslə baxır. Özünü səhnədə hiss etməlisən. Rusların dublyajlarına fikir vermisiniz? Elə bilirsən ki, canlıdır. Aktyor səhnədədir. Bütün səs tembrları yerinə oturur. Amma səhnə deyəndə, mən pafosu nəzərdə tutmuram. Qətiyyən. Pafos ən sonda gəlir.


İndi bizim sahədə çalışan bir çox aktyorlar, ilk addımlarını hələ İncəsənət Universitetinin tələbələri ikən “Lider” televiziyasının dublyaj studiyasında atmağa başladılar . Onlar üçün individual bir studiya ayrılmışdı. Və onların bu peşəyə yiyələnməyi üçün şərait var idi. İndi isə təəssüf ki, dublyaj məktəbi olmadığına görə, gənc aktyorlar bundan məhrumdular. Amma, bu yaxınlarda, bizim təşəbbüsümüzlə böyük bir kastinq keçirildi. Və bu kastinq nəticəsində, bir çox gənc və istedadlı səslər üzə çıxdı. Və inanıram ki, o gənclər də dublyaj sahəsinin inkişafına öz töhfələrini verəcəklər. Bu layihənin keçirilməsində bizə dəstək olan Xəzər Media Mərkəzinin rəhbərliyinə minnətdarlığımı bildirmək istərdim.

Uşaq səsini tapmaqla bağlı problemimiz olur. “The Lion King” filmini səsləndirəndə çox əziyyət çəkdik. Müdiriyyətdən xahiş etdim ki, məni tələsdirməyin, bir ay vaxt verin. Onların filmdə oxuduğu mahnını biz də oxuyaq. Cizgi filmlərində mahnı oxumaq səhnələrini dublaj etmək çətin olur.

– Dublyajda aktyor seçimi necə edilir?


– Dublyajın uğurlu alınması üçün düzgün aktyor seçimi vacibdir. Bizdə 20-30 aktyor var ki, bu sahədə profesionallaşıblar. Aktyor seçimində həssas olmaq lazımdır. Məsələn, bəzi aktyorlar həvəsli olsa da, səsləri o obraza uygün deyil. Onlara səslərinin üzərində çox işləməyi məsləhət görürük.

Bir filmə maksimum 6 və ya 8 aktyor dəvət edə bilirik. Elə filmlər var ki, orada 30 obraz var. 8 aktyorla 30 obrazı səsləndirmək də çətindir. Tamaşaçı səslər arasında bir az oxşarlıq hiss edən kimi etiraz edir, narazılığını bildirir. Bir aktyor bəzən 4 fərqli səsi çıxarmalı olur. Amma qeyd edim ki, bunu hər aktyor da bacarmır. Bizim sahədə isə görün necə peşəkar insanlar çalışır və bu sahəyə illərini həsr ediblər.


– Bir aktyor elə bir obrazı səsləndirə bilməz?

– Normalda belə olmalıdır. Amma bu büdcəyə bağlı məsələdir. Elə olsa, biz dəvət etdiyimiz bütün aktyorlara qonorar yaza bilmərik. Bilirsiz, bizdə dublyaj o qədər də inkişaf etmədiyinə görə, maliyyə cəlb edən sahə sayılmır. Ona görə də hər bir televiziya kanalı, bacardığı qədər vəsait ayırmağa çalışır. Yenə də sağ olsunlar ki, bu yolda bizlərə dəstək olurlar.

– Qonorar aktyorun səsləndirdiyi mətnin ölçüsünə görə təyin olunur?

– Əvvəllər belə olub. Yəni, vərəq sayı və yaxud dəqiqə sayı ilə qonorar hedablanırdı. İndi isə film sayı əsas götürülür.

– Filmlərdə müxtəlif söyüşlər səsləndirilsə də, əksər hallarda tərcümə eyni olur. Sizcə, bu doğrudur?

– Efir senzurası deyilən bir şey var. Buna əsasən bəzi sözləri efirdə vermək olmaz. İndi internet portalları kifayət qədərdir. Və bəzi internet səhifələrində dublyaj olunmuş filmlərin tərcüməsi olduğu kimi saxlanılır. Yəni, orada bütün söyüşlər tərcümə olunur. Bəzən şikayətlər də olur bununla bağlı. Amma normaldır. Bu, internetdir. İstəyən baxacaq, istəməyən yox. Efir mədəniyyəti isə buna yol vermir.

Düzdür davamlı olaraq "lənətə gəlsin", "sən dəli olmusan?" ifadəsini eşitmək izləyiciyə gülünc gəlir. Amma bəzən adi "eşşək" sözünü belə dəyişmək istəyirlər. Bunun tərəfdarı deyiləm.

İradlarda haqlılıq var. Amma digər tərəfdən, küçədə söyüş eşidərkən buna görə dava salan birinin, ailəsi ilə birlikdə TV izləyəndə, söyüşlərin bu şəkildə tərcümə olunmasına irad tutmağa haqqı yoxdur.


– İndi hansı filmin dublyajı ilə məşğul olmusunuz?



– “Oyanış: Böyük Səlcuqlu” serialı üzərində çalışırıq. Komandamız 10 peşəkar aktyordan ibarətdir. Çox savadlı tərcüməçi və redaktorumuz da bu komandaya daxıldir. İzləyicilərdən müsbət rəylər almağımız, bizi daha da ruhlandırır.

– Son olaraq yerli dublyajı bəyənməyənlərə, bu sahə ilə maraqlananlara nə demək istərdiniz?


– Azərbaycanda yaxşı dublyaj yoxdur deməsinlər. Var. İşinə can qoyan adamların hesabına bu sahə daha da inkişaf edəcək. Dublyaj sahəsində yaşlı, uşaq, gənc, fərq etmir, bütün səslərə ehtiyac var. Vahid məktəb olmadığı üçün onları bir araya gətirə bilmirik. Əgər kiminsə həvəsi varsa, bacarığı olduğunu düşünürsə əl çəkməsin. İstəyinə doğru getsin. İnanıram ki, yaxın illərdə bu sahəyə diqqət göstəriləcək. Dublyaj sahəsindəki problemlər həllini tapacaq. O zamana kimi biz də səylərimizi davam etdirəcəyik.

# 3538 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #