Kulis.az aktyor Natiq Fərzəliyev ilə müsahibəni təqdim edir.
– Fəxri ad alan sənətçilərlə bağlı gileylənmişdiniz. Sizcə, layiq deyillər?
– Görürsən ki, dünən səhnəyə çıxan adam Xalq artisti olur, 40 il fəaliyyət göstərən biri isə kənarda qalır. Mənə dedilər ki, məsələni rəhbərliklə həll elə. Rəhbərlik görmür ki, bu adam neçə ildir işləyir? Təqdimat teatr rəhbərliyi tərəfindən Mədəniyyət Nazirliyinə, oradan da Prezident Aparatına göndərilir. Yəni bunun bünövrəsini elə teatrın rəhbərliyi qoyur.
Mən tək özümə görə etiraz etməmişəm. Ümumi Gənc Tamaşaçılar teatrının kollektivi adından feysbukda yazmışdım...
Addımı mən atdım. Sonra gördüm ki, başqaları da mən deyən fikirdədilər. Teatrda narazılıqlar var. Səslərini çıxarmırlar. Zəhmətinin bəhrəsini görməyən adamların susması daha pisdir. Ömür boyu az maaşla səhnənin tozunu udmaq olmur.
– Neçə ildir orada çalışırsınız?
– Əvvəllər Dövlət Gənclər Teatrında işləmişəm. 2009-cu ilin mayından. Yanvar ayında direktor İntiqam Soltan məni Mingəçevir Dövlət Teatrına dəvət etdi. Eyni zamanda orada da çalışram. Hətta Valeh Kərimovla bir tamaşa da təhvil vermişik. Hamı onu “Moşu” kimi tanıyır. Özününsə bundan acığı gəlir.
– Teatrın kollektivi ilə probleminiz yoxdur ki?
– Yox. Şəxsi problemim olsa belə, onun işə dəxli yoxdur. Bir aktyor küsülü olduğu həmkarını ilə də tamaşada oynayır.
Hər dəfə ad verilməsi məsələsi gündəmə gələndə ya teatr rəhbərliyi, ya da nazir dəyişib. Mən qalmışam qıraqda.
– Serial, kino yoxsa teatr… Sizin üçün hansı daha doğmadır?
– Hamısı çətindir, hamısı doğmadir. Ancaq əsas teatrdır. Kinoda və ya serialda bir dəfə çəkilirsən, onunla da bitir. Teatr isə canlıdır. Səhnədə ola bilsin, improvizə etmək istəyirsən alınmır. Növbəti dəfə daha yaxşı oynaya bilirsən. Canlı olduğu üçün teatr mənə daha doğmadır. Serial, film aktyordan daha çox montajçının işdir. Səhnədə isə aktyor necə varsa, elə də olur. Kinodan gələnlər olub ki, teatrda alınmayıb. Oynaya bilməyiblər.
Kino aktyoru çərçivəyə salır.
– Amma teatrda çalışan aktyorlar az tanınır...
– Çünki teatrın tamaşaçı auditoriyası geniş deyil. Çox gözəl aktyorlarımız var ki, illərlə teatr çalışsa da, tanınmırlar.
– Seriallardan, yaxud filmlərdən təkliflər var?
– Təkliflər var, amma qərar verməmişəm. Rəhmətlik Hüseynağa müəllim əvvələr mənə tez-tez efirlərə çıx deyirdi. Günlərin bir günü dedi ki, daha bəsdir, sən artıq tanınırsan və seçim etməlisən. Hara gəldi getməməlisən.
İndi də yaradıcılığımın elə dövrüdür ki, gərək seçim edim. Pul xətrinə istənilən filmə çəkilə bilmərəm.
Çünki bayağı ssenarilər də çoxdur.
– Sizi bir çox izləyici "Aramızda qalsın" serialından sonra tanıdı. İstəyərdim, bir az bu haqda danışaq...
– Bu serialdan sonra çoxu mənə “Böyükkişi müəllim” deməyə başladı. Təklif Xəzər TV-dən gəlmişdi. Əvvəlcə qonaq kimi dəvət etdilər bir neçə bölümə çəkildim.
Sonra rəhbərlik çağırıb dedi ki, istəyirəm, daimi çəkiləsən. Mənin olduğum səhnlər daha reytinqli olur. Sonrakı bölümlər üçün razılığa gəldik. O dövrdə seriallara çəkilən aktyorlar da peşəkar idi.
– Tiktokerlər, aparıcılar, vaynerlər deyildi...
– Bəli səhnəni aktyor ələ alırdı. Səhnə mədəniyyəti, səhnə hərəkəti nədir, mən bunları bilirəm. Tiktoker nə bilir, səhnə hərəkəti nədir? Aktyor aktyorla tərəf müqabili olduqda bir-biriləri daha yaxşı başa düşürlər.
Peşəkar olmayan aktyor rejissora da çətinlik yaradır. O qədər mübahisələr görmüşəm. Sənət adamı olmyan birini seriala çəkəndə 10 dəqiqəlik səhnə bir saata ərsəyə gəlir. Əlbəttə, bu, bütün heyətə təsir göstərir.
– Çox vaxt deyirlər, sovet dövründə aktyorlar daha yaxşı yaşayıb. Siz bu haqda nə düşünürsünüz?
– İndi çox yaxşı imkanlarımız var. Amma ümumiyyətlə, Azərbaycan aktyoru tarixən ac olub. Ola bilsin ki, 5-10 nəfər öndə olub, filmlərə çəkilənlər yaxşı yaşayıb, amma digərləri kasıb olub.
Sovet vaxtında da maaş az idi. İndi nisbətən yaxşıdır. Aktyorlar teatrın maaşından əlavə seriallardan, kinolardan, tədbirlərdən də pul qazanırlar. Qazanc yeri olur. Gərək özün diribaş olasan.
Mən 20 ildən çox tamada işləmişəm. İndi getmirəm.
– Sizcə, tamadalıq peşəkar aktyorun imicinə xələl gətirir?
– Gördüm ki, dolanmaq, çətindir getdim. Yaxşı da pul qazanırdım. İndi toyu müğənnilər özləri idarə edirlər. Aktyora ehtiyac qalmır. Toy idarə etmək insanın əsəblərini korlayır. Hərə bir evdən gəlir, içirlər düşürlər ortaya. İndi gəl bunları yola ver... Çox çətindir.
Bir toyda bəylə gəlini yola salırdıq. Toyun axırı idi. Gəlin mənə yaxınlaşıb mikrofonu əlimdən aldı. Üzünü bəyə tutub dedi ki, mən sənin kimi əri tapa bilərəm, amma atamı yox. Qızıları çıxardıb verdi bəyə. Atası ilə getdi. Bizdə baxa-baxa qaldıq. Dedik, vaxsey, indi bizim pulumuzu kim verəcək...
Bir dəfə də toy aparırdım. Ofisiant aş gətirirdi. Bəylə gəlinin stoluna yaxınlaşdı. Aşı uzatdı ki, bəy üstünə şirinlik qoysun. Aş gəlinin üstündəki şamla birlikdə gəlinin üstünə çevrildi. Gəlinin paltarı alışdı. Bəy ofisianta bir yumruq ilişdirdi. Aləm dəydi bir-birinə.
– Həmkarlarınızla aranız necədir?
– Heç kimlə problemim yoxdur. Hamı xətrimi çox istəyir. Yaxşı oluram ki, onlar da mənə qarşı yaxşı olsunlar. Teatrda adımı “problem Natiq” qoyublar. Kiminsə həll olunmalı problemi olanda deyirlər, Natiqə de.
Bu da məndə bir xəstəlikdir. Yoldaşım deyir, sən tanımadığın adamların problemi olan kimi köməyə gedirsən, amma öz probleminə bu qədər can yandırmırsan.
Başqasının işinə görə kiməsə yalvararam, qarşısında diz çökərəm, amma özümə görə yox. Kollektiv ona görə məni çox istəyir. Və heç vaxt qarşılıq güdməmişəm. Neçə vaxtdır titulların verilməsi aktyorlar arasında intriqalar yaradır. Onları xəstə edir. Mən tək özümü demirəm. Hamı bilir ki, xalq məni sevir. Bundan böyük mükafat olar?! Amma illərini sənətə həsr edən adam zəhmətinin bəhrəsini görməyəndə ona psixi təsir edir. Hər şey də əsəbdən yaranır.
İndi 65 yaşı olan aktyoru işdən çıxarıb evdə oturdurlar. Aktyor səhnədə ölməlidir. Biz belə görmüşük.
– Sizin neçə yaşınız var?
– 62 olacaq.
– 3 iliniz qalıb...
– Hə. Məni də atacaqlar bayıra. Mən 92 yaşlı Ağa Sadıq Gəraybəylini səhnədə görmüşəm. Aktyoru işdən çıxardınsa, demək, onu ölümə göndərirsən. Sənət adamı kövrək olur.
Yaşlıları işdən çıxarırlar. Bəs tamaşalarda nənəni, babanı kim oynayacaq. Cavan uşaqlar? Bu düzgün deyil axı. Teatrda gənclər çoxdur. Hamısına da xoş münasibət var.
Hər kəsin öz yeri olmalıdır.
– Heç olub ki, hansısa rolu oynamaq istəmisiniz, ancaq xarici görünüşünüz imkan verməyib?
– Mənim üçün xüsusi obraz yazıbar. Aktyor rejissordan asılıdır.
Durub desəm ki, Hamleti oynayım, deyərlər, dəlisən. Axı bu mümkün deyil, niyə istəyim. İstək ilə reallıq uyğun gəlmir.
Tələbə olanda doğulduğum Yevlax rayonuna getmişdim. Atam xəstə idi. Oradakı tədbirlərdə çıxış edirdim. Səkkiz marta görə tədbir var idi, günorta orada çıxış etməli idim. Həmin gün səhər atam rəhmətə getdi. Tabutu elə ortadaca qoyub getdim tədbirə. Dedim, bu mənim şəxsi həyatımdır, digəri isə işim. Səhnədə atamın ölümünü hiss etdirmədim. Bircə teatr kollektivi bildi. Tamaşaçılar güldülər, əl çaldılar... İndi belə aktyorlar yoxdur. Yaxını ölür, tamaşaya gəlmir...
– Bəlkə qınaqdan qorxurlar?
– Axı şəxsi həyatı işə qatmaq olmaz. 300 adam bilet alıb sənin tamaşana gəlirsə, doğman ölsə də, o səhnəyə çıxmalısan...Təbii ki, məni də qınayanlar oldu.
Ümumiyyətlə, indi gənclər teatra gəlir, başlayır deyinməyə ki, bu maaşla işləyə bilmərəm. 30-35 nəfər aktyorluq fakültəsini oxuyur. Onlardan ikisi ya üçü gəlib teatra çıxır.
Az maaş alan hamı getsə, bu sənətdə kim qalacaq? Sona ancaq sevənlər qalır.
Uşaqlığımdan bilirdim ki, çətin sənətdir. Buna baxmayaraq bu sənəti sevirəm. Aktyorun evi teatrdır. Şəxsi həyatım ondan sonra gəlir.
İki saatlıq tamaşa bütün problemləri unutdurur.
– Sizcə, dövlət aktyorlara ev verməlidir?
- Jurnalistlərə ev verilməsini alqışladım. Amma evi olmayan qaldı qıraqda, olan bir də aldı. Siyahını tərtib edənlər düzgün olsalar, heç nədə problem olmaz. Yazıçılara, jurnalistlərə ev verildi. Bəs aktyorlar? Aktyorlar binası niyə də olmasın?
Aktyorlar teatrlara yaxın yerlərdə yaşamalıdır. Tamaşa gecə bitir, aktyor evə səhər çatır.
– Bu, aktyorları dövlətdən asılı etməz?
- Edər. Amma evin varsa, işin varsa, daha nəyə etiraz edirsən?
– Son illərdə çəkilən filmlərimizi bəyənirsiz?
– Vaxt var idi, kinostudiyanın həyəti qaynayırdı. İndi orada bir adam tapmırsan ki, söhbət edəsən. Saysız-hesabsız itlər ulayır orada. Həmin qaynaşma yoxdur.
Bu gün çəkilən filmlər də kommersiya filmləridir. Çoxu peşəkarlıqdan uzaqdır. Çünki çəkən rejissor, oynayan aktyor özü peşəkar deyil. Sadəcə, pul tapan kino çəkir.
Hər şey peşəkarların əlndə olmalıdır.
Efirdə söyüşlə danışmaq olmaz. O gün televizorda bir seriala baxırdım. Qız oğlana “kələ” deyirdi. Kələ nədir? Bəs, efir mədəniyyəti? Nəzarət yoxdur?
Situasiya tələb edirsə, o başqa. Mən bir monotamaşada “oğraş” sözünü işlətmişəm. Yerinə düşüb. Belə söz işlənir. Amma daha “kələ” nədir.
– Fəaliyyətinizlə bağlı özünüzə nə arzu edirsiniz?
– İstərdim, haqsızlıq olmasın. Hamı zəhmətinin bəhrəsini alsın. Villa istəmirəm. Öz zəhmətimin qarşılığinı istəyirəm.
Rəzzaq Məmmədov - o da yaşına görə işdən çıxarılan aktyorlardan biri idi - vəfat edəndə yanında oğlu və həyat yoldaşından başqa heç kim yox idi. Mən özümə qarşı belə biganə münasibətdən qorxuram...