Erkən nikahlarda bəkarət amili

Erkən nikahlarda bəkarət amili
4 sentyabr 2019
# 13:10

Erkən evliliklərin bir səbəbi də bəkarət tabusuyla bağlıdır. Valideyn qızının bəkarətinin əldən getməsindən qorxaraq tez-tələsik onu ərə verməyə çalışır.

Belə ifadələri tez-tez eşidirik: “Gecə vaxtı küçəyə çıxma, qız uşağısan”, “Axşama düşmə, qız uşağısan, başına bir iş gələr” və s.

Bu sözlərdən bu nəticəyə gəlmək olar ki, valideyn qızından çox onun bəkarətinin qayğısını çəkir. Belə çıxır, evli qadın gecə vaxtı küçəyə çıxa bilər, təcavüzə tuş gələ bilər, necə olsa, bəkarətini itirmək kimi bir problemi yoxdur.

Sosioloqun “bəkarət problemi aradan qaldırılmalıdır” yazısından sonra ən azı müzakirə xarakterli rəylərin olacağını gözləyirdim. Amma aqressiv münasibətin şahidi oldum. Hətta “əxlaqsızlığı təbliğ edirlər” kimi “şüar”lar irəli sürüldü. Məgər əxlaq - bəkarətin qorunub saxlanılması ilə ölçülür? Məgər fahişələr bəkarətlərini evlənmədən itirdikləri üçün bu yola cəlb olunublar? Yoxsa, toy gecəsi bəkarətini itirən qadın ömürlük saflığın təcəssümünə çevrilir? Toy gecəsindən əvvəl bəkarətini itirmiş neçə qadın tanıyıram ki, sadiq həyat yoldaşıdırlar və bəkarətini toy gecəsi itirən qadınlar tanıyıram ki, sədaqətin nə olduğunu heç bilmirlər.

Düzünü desəm, bəkarətdən yazarkən özümü hindu qəbiləsinin bir nümayəndəsi kimi hiss edirəm. O həmin hindu qəbiləsidir ki, qızların bakirəliyini ciddi şəkildə nəzarətdə saxlayır. İnsanlarımızın dünyagörüşü o cəngəlliklərdən çox uzağa getməyib.

Əgər problem toy gecəsi əldə edilməli olan döşəkağıdadırsa, gənc qızlar bunun çarəsini çoxdan tapıblar. Himenoplastikadan yəqin ki, çoxları xəbərdardır. Tanışımız əməliyyatdan sonra onun yatdığı otağa gətirilən qızın kimliyilə maraqlananda tibb bacısı “toyqabağı bəkarətini bərpa etdirib, narkozdan ayılsın, evə göndərəcəyik”, deyib. Bu əməliyyatlar artıq heç kimi təəccübləndirmir. Hətta ərə gələn bir qız bakirə çıxmayanda oğlanın qohumları deyirmiş ki, müasir qızdır, amma himenoplastikadan, mümkün olan vasitələrdən xəbəri yoxdur. Madam gəlin gəlirsən, niyə bəkarətini bərpa etdirməmisən? Belə çıxır ki, aldatmağın da öz növləri var.

Digər tərəfdən, elə bil qadının hissləri, ehtiyacları yoxdur. Əgər qadının ərə getmək imkanı yoxdursa, bioloji tələbatını necə təmin etməlidir? Bu arxaik adətlər insanlıqdan uzaq düşüncəni təlqin edir. İnsan ölənə qədər əzab çəkməlidir, xəstəliklərə məruz qalmalıdır, amma bəkarətini əldən verməməlidir.

Əcnəbi xalqlar belə bir arxaik anlayışın mövcud olduğu patriarxal toplumlardan ürəkağrısıyla bəhs edirlər. Onlar bunu qadınlar üçün “alçaldıcı durum” adlandırırlar. Hətta bu tabular Afrikadakı ənənələrlə müqayisə olunur. Bəzi Afrika tayfaları bəkarət məsələsinə elə “həssaslıqla” yanaşırlar ki, qadının həyatını iki mərhələyə bölürlər: bəkarətini itirməzdən əvvəl və sonra.

Maraq doğuran bir məsələ də var. Əxlaqsızlıq anlayışı niyə ancaq qadınlarla bağlı məsələlər çözüləndə yada düşür? Ailə qurana qədər neçə qadınla görüşən, hətta evlənəndən sonra da kənarda əyləncə axtaran kişi əxlaqsız sayılmırmı? Əgər bakirəlik bu qədər önəmlidirsə, onda gənc oğlanlardan da gələcək həyat yoldaşlarına sadiq qalmağı tələb edək. Qoy onlar da qızlar kimi saf və məsum şəkildə evlənəcəkləri günü gözləsinlər. “Kişilərlə qadınları müqayisə etməyin”, deyəndə yadıma Linç qanunu düşür. Kimin “zənci”, kimin “ağdərili” olduğunu müəyyən etmək isə çətin deyil.

Bəkarət tabusu çox qadınların həyatını məhv edib. Bəkarətini itirəcəyi qorxusundan qarşı cinslə normal münasibət qura bilməyən qadınlar özlərini tənhalığa məhkum ediblər. Ya da əksinə hansısa təsadüfi qəza nəticəsində bəkarətdən məhrum olan qızlar intihar ediblər, toy gecəsi “təhqir olunmuş” ər tərəfindən döyülüb, öldürülüb, küçəyə atılıblar. Hətta bakirəliyi qiymətli xəzinə kimi qoruyub saxlamış qadınlar da qarşı tərəfin təzyiqlərindən yaxa qurtara bilməyiblər.

Bu yaxınlarda belə bir olay baş verib. 24 yaşlı təzəbəy toy gecəsi gəlinin bakirə olmamasından şübhələnir. Təzə gəlinin məsumluğuna heç cür inanmayan ər onu tibbi ekspertizadan keçirir. Ekspertiza iki dəfə eyni rəyi verir. Sübut olunur ki, gəlin toy gecəsinə qədər cinsi əlaqədə olmayıb. Ancaq ər onu ittiham etməkdə davam edir. Bütün bu təzyiqlərə dözə bilməyən qadın sonunda sirkə turşusu içərək intihar edir. Onu intihar həddinə çatdıran adam isə azadlıqdan məhrum edilir. Baxın, gərəksiz, cahilcə bir önyarğı gənc ailənin həyatını necə məhv etdi. Və bu nümunələr kifayət qədərdir.

Bəzi kişilər evlənmək üçün azyaşlıları seçirlər. “Aman, əlinə kişi əli dəyməsin”. Necə deyərlər, “xain xoflu olar”. Halbuki bəkarət məsələsi yaşla bağlı bir durum deyil. Yaşı 40-ı ötmüş, amma hələ də bəxtlərinin açılacağı ümidilə bəkarətlərini qoruyub-saxlamış qızlar var. Cəmiyyətimizdə isə belə bir düşüncə tərzi hökm sürür ki, azyaşlıdırsa, deməli bakirədir, bu müddətdə kişilərlə görüşməyə sadəcə olaraq macal tapmayıb.

Azyaşlının təbii ki, fikri soruşulmur, ona seçim haqqı verilmir. Bu qadınlar əvvəl valideynləri, sonra ərləri tərəfindən kölə olmağa məhkum edilirlər. Belə evlilik valideynə də sərf edir. “Nə qədər ki, gözü açılmayıb, baş-göz etmək lazımdır”, deyən valideyn qızını ərə verdikdən sonra artıq məsuliyyət daşımır. “Özü bilər, əri bilər”. Əsas odur ki, bəkarətini hifz edib sağ-salamat ər evinə göndərə bilib.

Nəticədə də özünü, istəklərini, arzularını doğru-dürüst müəyyənləşdirə bilməmiş qız təhsil almaq əvəzinə bir kişinin qollarına atılır. Beləcə, bakirəliyi ona baha-başa gəlir.

Mütəxəssislərin qərarı belədir ki, bəkarət tabusunu ancaq cinsi maariflənmə ilə aşmaq olar. Hər kəs öz sərhədlərini özü müəyyən etməli və öz qərarını özü verə bilməlidir.

# 4667 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #