“Tik-tok”da videosu çıxdığına görə döyülən qadın

“Tik-tok”da videosu çıxdığına görə döyülən qadın
14 aprel 2021
# 10:44

Düzü, “tik-tok”la son günlərdə tanış olmuşam. İndiyədək “tik-tok”u hansısa uşaq oyunu hesab edirdim. Sonra məlum oldu ki, bu da “İnstagram” kimi bir sosial şəbəkə tətbiqidir, sadəcə bir az fərqlidir, burda qısa bir vaxtda məşhur olub pul qazanmaq mümkündür.

Ona görə, cavan-yaşlı demədən, özündə trend olmaq potensialı görən kəs nəinki bacardığını, hətta bacarmadığını da nümayiş etdirərək “tik-tok” aləminə qatılır. Ağıllı adama isə burda nadir hallarda rast gəlmək olar.

Bir sözlə, düşüncəsizlikdən qaynaqlanan şoular, bir-birini təkrarlayan vulqar hərəkətlər, ədəbsiz ifadələr baş alıb gedir. İnsan bir anlıq fikirləşir ki, görəsən doğrudanmı dünya budur? Doğrudanmı yaşamaq belə bəsit nəsnələrdən ibarətdir? Əgər belədirsə, onda indiyə qədərki duyğularımıza, yaşantılarımıza təəssüf olsun!

Xarici ölkələrin birində belə bir sorğu aparılıb: “Tik-tok nəyə lazımdır?”

Respondentlərin çoxunun cavabı belə olub: “Degeneratları üzə çıxarmaq üçün”. Maraqlı cavabdır, deyilmi? Amma bu, əksəriyyətin fikrini ifadə etsə də, “tik-tok”un reytinqləri aşağı düşmür, əksinə yüksəlir.

Həyatı bu dərəcədə ciddiyə almamaq heç bir ədəb qanunlarına sığmır! Bu əcaib şouların qəhrəmanları deyəsən ümumiyyətlə lüğətlərindən “utanmaq” sözünü çıxarıblar, ya da ümumiyyətlə heç bu barədə təsəvvürləri yoxdur.

“Tik-tok”da bu sayaq ictimailəşmək qədim qəbilə düşüncəsini andırır. Adamlar milyonların gözü qabağında utanmadan ən açıq-açıq, ən intim məsələlərə toxunurlar. Utanmaq hissinin itməsi çox böyük mənəvi problemdir. Çünki bu hissi itirən adamın həyatda artıq itirəcək heç nəyi yoxdur və o hər şeyə qadirdi.

Halbuki belə bir internet xidmətindən faydalı bir şəkildə istifadə etmək olar. Müəyyən dəyərlərin təbliği üçün sosial şəbəkələrin misilsiz xidməti ola bilər. Ya hansısa bir ideyanı irəli sürmək, ardıcıllar tapmaq, hansısa bir kitab müzakirəsi aparmaq, maarifləndirici işlər görmək və s. Məsələn, rusiyalı bir müəllim maraqlı bir layihə hazırlayıb. O, tarixi şəxsiyyətlərin obrazında çıxış edərək dərslərini videoya çəkir və “tik-tok”da yayımlayır. Razılaşın ki, belə dərslər şagirdin yaddaşında daha yaxşı qalır. Nəinki şagird, elə mən özüm də belə bloqlara həvəslə baxaram.

“Tik-tok” kabusu isə gün-gündən daha da çox yeniyetmə və gənci məngənəyə salır, özündən asılı duruma gətirir. Videolarla trend olan gözəl qadınlar qısqanc ərlərin qəzəbinə tuş gəlir, döyülərək xəstəxanalıq olur, həyatlarını itirirlər. Bir müddət əvvəl Latın Amerikasında baş vermiş hadisə bütün dünyanı sarsıtdı: açıq-saçıq videolarıyla məşhur olan bloger qadın azyaşlı qızının gözü qarşısında əri tərəfindən qətlə yetirildi.

“Tik-tok” qurbanları ətrafımızda da var. Tanış bir ailə bu mərəzin üzündən dağılmaq təhlükəsiylə üzləşdi. Onlar kiçik qəsəbədə yaşayırlar, dar bir çevrələri var. Qadının deməyinə görə, rəfiqəsi rəqs etdiyi videoda onun da görünməyini istəyib, o da çox yox, elə üçcə saniyə rəqs edib. Video yayıldıqdan sonra ər xəbər tutub və “məni rüsvay elədin, el içinə necə çıxacam” deyə arvadını öldürməklə hədələyib. Bir müddət sonra ər arvadını bağışlayıb, amma evdəkilərin əsəbləri pozulub, böyüklər də, uşaqlar da mənəvi travma alıb.

Bir qaqaş isə işini möhkəm tutub. “Tik-tok”da videosu olan sevgilisindən elə bəri başdan ayrılıb. “Yaxşı qızın tik-toku olmaz” deyir. Bir neçə min izləyici toplamağa nail olmuş qız isə oğlanı geridəqalmışlıqda ittiham edib. Onun da fikrincə, müasir fikirli oğlan bu kimi texnoloji nailiyyətlərə biganə olmamalıdır.

Demək ki, artıq müasirliklə geriçiliyin sərhədlərini “tik-tok” həll edir! Hədər yerə Türkiyədə belə bir ifadəni tez-tez dilə gətirmirlər: “Tik-tok gəncliyi”!

“Tik-tok gəncliyi” bir-biriylə bəhsə girib fərqli, orijinal videolar çəkmək üçün özlərini riskə atır, qeyri-qanuni işlər görür, həbsə düşür, maddi və mənəvi zədə alırlar. Mütəxəssislər “tik-tok” və bu kimi sosial şəbəkə asılılığı olan yeniyetmələrə güclü valideyn nəzarətinin vacib olduğunu söyləyir.

Ən təəssüf doğuran hal isə yaşlıların bu sərsəm şoularda iştirakıdır. Bu yaşlı-başlı adamlar bu aləmə necə düşüblər? Onların nə kimi səbəbləri var? Heç bir səbəb belə ədəbsiz hərəkətləri sığortalaya bilməz.

Əndazəsini aşan “tik- tok” qəhrəmanlarına belə bir məsləhət verərdim ki, hansısa bir şounu da ağıllıca yaratmaq lazımdır, insan belə vulqar hərəkətlərlə populyarlıq qazana bilməz, qazansa da, o yolla qazanılan məşhurluq heç də xeyrə əlamət olmaz.

“Tik-tok nəyə lazımdır?”

Bu sorğuya respondentlərin bir hissəsi isə belə cavab verib: “Cahilləri üzə çıxarmaq üçün”. Gördüyünüz kimi, bütün dünyada əndazəni aşan şoulara münasibət yaxşı deyil.

Bir qisim insanlar isə belə bir münasibət bildirib: “Tik-tok yaxşıdır, çünki orda yaxşı ovqat var, neqativlik yoxdur”. Yaxşı ovqata hər zaman, xüsusilə də indiki pandemiya dövründə çox ehtiyac var, amma əndazəni aşan bu şoular pozitivlik deyil, daha çox özünü unutmaq, özünü tərk etməkdir. Get-gedə həddini aşan sərbəstliyin sonrakı gedişatını isə təsəvvür belə etmək istəmirəm.

# 2968 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #