Bakının yaşı keçmiş ofisiant qadınları: Onları necə alçaldırlar? 

Bakının yaşı keçmiş ofisiant qadınları: Onları necə alçaldırlar? 
15 iyun 2021
# 15:30

“Yaşı 35-ə qədər olan qadınlar işə dəvət edilir”.

Yəqin, bu elanla hamınız qarşılaşmısınız. Yaşı 35-i ötmüş, işə ehtiyacı olan qadının bu elan qarşısındakı vəziyyətini göz önünə gətirin.

Acınacaqlı haldır.

Əgər, fiziki sağlamlıqdan söhbət gedirsə, yaş sağlıq meyarı deyil. Orta yaşlı çox qadın tanıyıram ki, gənc həmcinslərinə nisbətən fiziki cəhətdən daha qüvvətli və enerjilidir.

Yalnız yaşı 35-ə qədər olan insanlar yeni işə aqaptasiya ola bilər- bu da yanlış düşüncədir. Yeniliklərə açıq olmaq fərdi keyfiyyətdir və yaşdan asılı deyil.

Yox, əgər, bu səbəblərdən heç biri deyilsə, onda məsələ daha eybəcər hal alır və mənəviyyatımıza təsirsiz ötüşmür.

Yaşı 35-i ötmüş təhsilsiz qadınlar daha böyük problemlə üz-üzədir. Bu yaş qrupundakı qadınlar çox vaxt restoran-kafelərdə təmizlik işlərində çalışmaq məcburiyyətində qalırlar.

Bu da əlavə çətinliklər törədir.

Həm ağır zəhmət, həm də restoranlarda işləyən qadınlara birmənalı olmayan münasibət ikiqat ağırdır.

42 yaşlı Aliyə kafelərin birində qabyuyan işləyir, yığılan zir-zibili kisələrə yığıb atmaq onun öhdəsinə düşür:

“Kisələr təxminən 30 kq ağırlığındadır. Kişilərdən heç biri bu işi görmək istəmir və yaxud daha çox zəhmət haqqı tələb edir. Kişilər üçün iş tapmaq daha asandır, onlar razılaşmaya bilər, amma mənim belə seçimim yoxdur.”

Aliyə mənə etiraf edir.

Əslində, dünyanın hər yerində kişilər üçün iş tapmaq daha asandır, nəinki qadınlar. Hətta, yapon qadınları da işə qəbul zamanı cinsi ayrı-seçkiliyə yol verildiyindən şikayət edir. Yaponiyada iş həyatında birinci yerdə yapon kişilər, ikinci yerdə əcnəbi kişilər, üçüncü yerdə qadınlardır.

Bu münasibət iş həyatının bütün sahələrinə sıçrayıb. Üstəlik, eyni işi görən kişi və qadının məvacibi də bərabər deyil.

Mərkəzdəki kafelərdən birində işləyən 35 yaşlı Arzu rayondan gəlib. Övladı olmadığı üçün ailəsi dağılan qadın yenidən ailə qurmaq arzusu ilə uzun illər elçi yolunu gözləyib. Amma irəli çıxanlar qeyri-ciddi insanlar olub.

O da bəxtini sınamaq üçün Bakıya üz tutub. Restoranların birində ofisiant kimi işə düzəlib. Öhdəsinə düşən iş çox və ağır olsa da, şikayət etməyib, çünki, əmək haqqı müəyyən qədər dolanışığını ödəyib.

Bir il sonra bir adamla tanış olub. Az sonra evlənmək qərarına gəliblər. Ancaq oğlanın ailəsi gəlinin kafedə işlədiyindən xəbər tutar-tutmaz evliliyə mane olub.

Arzu hələ həmin kafedə işləyir. Düzdür, indi daha ümidsizdir, çünki yaş keçir, restoran sahibi isə tez-tez xəbərdarlıq edir ki, daha gənc işçi tapacağı təqdirdə onu işdən çıxaracaq. Bu halda Arzu Bakıyla bağlı arzusuna da son qoymalı olacaq.

42 yaşlı Mədinə ailə qurmazdan əvvəl müəllim işləyib, vaxtilə həyat yoldaşı işləməyə icazə vermədiyi üçün özünü evinə və uşaqlarına həsr edib. Bir neçə il qabaq ailə başçısı dünyasını dəyişib. Əvvəlcə Mədinəyə atası dəstək olub, sonra o da dünyadan köçüb. Mədinə iki uşaqla yalqız qalıb. Köhnə iş yerinə qayıtmaq istəyən qadına rədd cavabı verilib. Mədinə “CV”-sini bir neçə təhsil ocağına göndərib, yeni vakansiya olanda çağıracaqlarını bildiriblər. Mədinənin isə gözləmək lüksü yoxdur, evdə qayğısına qalmalı olduğu iki uşaq var. Bir-iki ofis işində bir-iki ay işlədikdən sonra müxtəlif problemlər ortaya çıxıb, birində əməkhaqqı verilməyib, digəri bağlanıb və s. Yalnız kafelərin birində iş tapa bilib. Ancaq xoş olmayan münasibətin şahidi olub. Kafedə çalışan cavan oğlanlardan yersiz sözlər, nalayiq təkliflər eşidib.

Canını dişinə tutub birtəhər dözüb.

“Diqqət çəkməmək üçün necə gəldi, geyinirdim, onda da müdir acıqlanırdı ki, üst-başına fikir ver, müştəriyə bu görkəmlə xidmət göstərəcəksən?”

Artıq necə davranacağını bilmirmiş:

“Gülərüz olmaq bir problem, qaşqabaqlı gəzmək başqa problem yaradırdı. Niyə insanlar elə düşünür ki, əgər müəyyən yaş həddinə çatmış qadınsansa və işə, pula ehtiyacın varsa, demək, pis yola düşə bilərsən. Neçə dəfə hər şeyə tüpürüb getmək istədim, amma uşaqlar gəldi gözümün qabağına.”

Gənc ofisiant qızlarla müqayisədə Mədinə daha alçaldıcı münasibət görüb:

“Mənim statusum daha aşağıydı. Mənə alçaldıcı sözlər söyləyirdilər, çünki bilirdilər ki, bu işdən asılıyam, gənc qızlar kimi asanlıqla iş tapa bilməyəcəm”.

Mədinəni dinləyəndə gözümün qabağında nə vaxtsa gördüyüm bir mənzərə canlandı. 40 yaşlarında olan qadın xüsusi canfəşanlıqla stoldan stola qaçırdı, elə bil özünün hələ işə yaradığını sübut etmək istəyirdi.

Rus nağıllarının birində qocalmış iti sahibi evdən qovacağı ilə hədələyir, çünki daha qurdlarda vahimə yarada bilmir. Bir qadın haqqında düşünərkən bu təsirli nağılı xatırladım.

Ömür Tanrının insana hədiyyəsidir. Və hər yaş mərhələsini təlaş və qorxuyla deyil, maraq və həyəcanla qarşılamaq gərəkdir. Təəssüf ki, belə şərtlər altında bu mümkünsüzdür.

Mədinəylə bağlı əhvalatın kulminasiya nöqtəsi onun yaşlı bir əyyaşa verdiyi cavab olub. Ona qarşı nalayiq hərəkət edən əyyaşın üzünə şillə vuran qadın restoran müdirinin qəzəbinə tuş gəlib. Mədinədən tələb ediblər ki, təcili olaraq “hörmətli” müştəridən üzr istəsin, əks halda ondan polisə şikayət edəcəklər.

“Üzr istədikdən sonra özümə nifrət etdim”, - deyir Mədinə. Amma hələ də həmin restoranda işləməyə məcburdur, çünki müştərini “təhqir etdiyi” üçün cərimə edilib və aybaay maaşından tutulur.

Heç bir cəmiyyətdə insan təkbaşına deyil və gələcəyi yalnız özü üçün qurmur. Bu gün kiməsə göstərdiyimiz münasibət sabah bizim özümüzə tuşlana bilər. Özümüz öz silahımızın hədəfi ola bilərik.

Heç kim özünün də günah payı olan stereotiplərin yaratdığı xarabalıqların altında əzilmək istəməz...

# 5103 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #