Hansı məşhur yazıçılar ədəbi oğurluq edib?

Hansı məşhur yazıçılar ədəbi oğurluq edib?
29 yanvar 2016
# 12:12

Özünün Nobel məruzəsində İosif Brodski bir sitat gətirdi; o, tam əmin idi ki, bu sitat digər bir Nobel mükafatı laureatı, görkəmi italyan şairi və ədəbi tənqidçisi Eudcenio Montaleyə aiddir.

Amma iki ildən sonra Montalenin çoxsaylı oxucularında, eləcə də Brodskinin özündə belə bir əminlik qalmamışdı. Günah kimdə idi? Müəlliflik hüququnu şair Montaleyə verən Brodskidəmi? Əslində bu, taktiki səhv idi - əgər səhv adlandırmaq mümkündürsə. Montale özü, amerikalı Henri Ferstin məqalələrini özünün imzasıyla verməyi normal və mənəvi cəhətdən doğru hesab edirdi. Ölümündən sonra onun ifşa edilməsi böyük qalmaqal və səs-küy doğurmuşdu. Heç kim şübhə etmirdi ki, şeirlərini Montale özü yazır. Onun prozasına gəldikdə isə - rəylər, bədii məqalələr, esseistika - onlar hər ay İtaliyanın çox məşhur və nüfuzlu “Korrere della sera” qəzetində dərc olunurdu, - İtaliya ədəbiyyatının bilicisi və pərəstişkarı Ferstin adı ilə bağlı idi.

Belə hallarda olduğu kimi, redaktorlar, naşirlər, jurnalistlər Montalenin hərəkətindən çox, müəllif mülkiyyətinin sərhədlərini müzakirə eləməyə başladılar. Onlar başqa bir Nobel mükafatı laureatı, dramaturq və novellaçı Luidci Pirandellonu nümunə göstərirdilər (deyilənə görə onun romanlarını Stefano Landi yazırdı).

Plagiata bir növ vərdiş etmiş məşhurların siyahısına Mixail Şoloxovu da aid etmək olardı; onun da “Sakit Don”a müəllifliyi dəfələrlə şübhə altına alınmışdı: dedi-qodular gəzirdi ki, guya “Sakit Don” əsərini başqa bir Don yazıçısı Fedor Kryukov yazıb. Qərbdə Fedor Kryukov haqqında “Sakit Don” əsərinin əsl müəllifi kimi bir neçə kitab dərc olunub. Ancaq indi, mətnin kompüterdə təhlilindən sonra bu şübhələr dağılıb.

Ədəbi plagiata Nobel mükafatı laureatlarından heç də az populyar olmayan yazıçılar arasında da rast gəlinir. Məsələn, Aleksandr Düma (ata) məhkəmə həkimi Maynarın əsərini redaktə edib onu “Kit ovçuları” adıyla öz imzasıyla nəşr etdirmişdi! Jorj Sand isə pyeslərinin birinə Aleksandr Dümanın (oğul) yazdığı bütöv bir dialoqu daxil etmişdi.

Nyu-Yorkun plagiat faktlarına da göz yetirək: Ceykob Epşteyn “Yabanı yulaf” adlı ilk romanıyla böyük uğur qazanmışdı. Amma mətn yaxından incələnərkən başqa bir müəllif Martin Amisin “Reçellin məktubları” romanına oxşarlığı gözə çarpdı. Maraqlıdır ki, Amisin əsəri, plagiatçı Epşteyndən fərqli olaraq, tənqidçilərin tərəfindən heç də tərif və atəşfəşanlıqla qarşılanmamışdı.

Amerikalı müəllif Tomas Mallon özünün dəfələrlə nəşr edilmiş “Oğurlanmış sözlər: plagiatın mənşəyi və viranedici basqınları” kitabında plagiatçların kifayət qədər geniş siyahısını təqdim edir. (Qeyd edək ki, onların arasında məşhur müəlliflər də var). İtalyan skandalı və bir neçə yeni insident təbii ki, kitaba daxil olmağa macal tapmayıb, amma Mallonun kitabının sayəsində bu məsələlər aktuallıq qazanıb və müzakirələr daha da kəskin hal alıb. Çünki ədəbi cəmiyyət hər dəfə açıq-aşkar plagiatçılıq faktı ilə üz-üzə qalanda ruh düşkünlüyü və çaşqınlığa qapılır və düşünür ki, bu ədəbi saxtakarlıq yalnız müəllifin şəxsi vicdanına qalmış bir şeydir. Bu spesifik sahədə özgə mülkiyyətinə qəsd etmə hallarına cəza müəyyən olunmayıb - ya reputasiyası zədələnmiş söz oğrusu sərbəst buraxılır, ya da o, mənfi də olsa qazandığı “şöhrəti” öz xeyri üçün istifadə edir.

Belə sürüşkən və incə situasiyalarda ədalət nadir hallarda qələbə çalır, yaddan çıxarmayaq ki, ədəbi oğurluqda iki tərəf var - plagiatçı və zərərçəkmiş orijinal müəllif, hansının ki, əsərini ədəbi oğru ya öz adından təqdim edib, ya da öz işlərində mənbəyə istinad etmədən istifadə edib. Birinci halda plagiat göz qabağındadır və ədalət çox sadə üsulla - müəllifliyi onun halal mənbəyə qaytarmaqla bərpa etmək olur. Məsələn, əgər şair Vasili Juravlev Anna Axmatovanın şeirinin altına öz imzasını qoyursa, bu o demək deyil ki, həmin şeirin müəllifi avtomatik Vasili Juravlev hesab olunur.

Elə də olur ki, plagiat birinci haldakı kimi sərt olmur, gözə çox batmır, plagiatçı başqasının nümunəsini elə ustalıqla mənimsəyir ki, bütöv parçaların oğurluq olması ilk baxışda gözə çarpmır. 70-ci illərin sonlarında ingilis nasiri Donald Tomas (hələ o zamanlar ədəbi saxtakarlıqda ad çıxarmışdı), özünün “Ağ otel” romanına rus yazıçısı Anatoli Kuznetsovun “Babi Yar” romanından bir parça salmışdı. Tomasın oğurladığı plagiatın üzə çıxmasının əsas səbəbi həmin o hissənin unikal sənədli hekayə olması idi - Anatoli Kuznetsov hələ balaca olanda Babi Yarda sovet yəhudilərinin kütləvi güllələnməsinin şahidi olmuşdu. Plagiat ifşa olundu, amma səs-küylə yox, sadəcə arada bir az pərtlik oldu, vəssalam. Tomasın reputasiyasına heç bir xələl gəlmədi, əvəzində isə zərər çəkən Kuznesov oldu. Çünki Tomasın kitabından həmin hissə çıxarılmadı, mətn dəyişilmədi, heç olmasa izahedici içlik belə qoyulmadı. Babi Yar haqqında həmin o unikal hekayə indiyə qədər iki müəllifli hesab olunur.

Kollektiv mülkiyyət (müəllif və onun plagiatçısı) haqqında bu, yeganə hadisə deyil. Ədəbiyyatda və elmi işlərdə belə hallara çox rast gəlinir. Plagiatçı müstəqil müəlliflik ərazisinə “basqın edəndə”, itirən müəllifin özü olur. Bu halda ən yaxşı nümunə Texas Texnoloji İnstitutunun tarixçi professoru Ceyms Sokoludur. Uzun illər ərzində o öz məqalələri, kitabları üçün başqa müəlliflərin materiallarını, konsepsiyaları, bütöv fəsilləri oğurlayırdı. O, bu kleptomaniya oyununa elə aludə olur ki, hətta başqa bir alimin doktorluq dissertasiyası olan “Dastan və modernizm” elmi əsərini öz imzasıyla çap etdirmək fikrinə düşür. Texasda yaxalanıb ifşa olunan professor utanmaq əvəzinə, qəzəblənib az qala hər kəsi ona qarşı ədalətsiz olmaqda ittiham edir və Nyu-Yorka yollanıb daha nüfuzlu bir universitetdə başqa müəllifə aid olan kitabı öz imzasıyla çap etdirir...

Müəllif üçün öz yazılarının nə dərəcədə qiymətli olduğuna “plagiat” sözünün etimologiyası da şahidlik edir. O, latınca “plagiary” sözündən yaranıb, “uşaq və ya qul oğrusu” mənasındadır. Amma 17-ci əsrin sonlarından başlayaraq bu söz yalnız yazı oğrularını ifadə etməyə başladı.

Cəmiyyətin plagiata ikimənalı və qeyri-müəyyən yanaşması onunla izah olunur ki, konsepsiyanın özü kifayət qədər gec, demək olar ki, orijinal müəlliflik ideyası ilə eyni vaxtda ortaya çıxdı. XV əsrdə çap maşını kəşf olunana qədər kitablar əlyazma şəklində olurdu, bu zaman ədəbi plagiat zəruri idi, çünki bu, kitabı tirajlamağın yeganə yolu idi. Yalnız orijinaldan köçürüldükdə (təbii ki, müəllifin adı qeyd olunmurdu) oxucular arasında yayılırdı. O vaxtkı müəllif öz sözlərini qısqanmırdı, çünki onun başqa yolu da yox idi, əgər kitab tirajlanmasaydı, oxunmayacaqdı. Ona görə XVII əsrə qədər yazıçılar öz imzalarını yazdıqlarına bənd etməyə xüsusi səy göstərmirdilər, çünki orijinalın mühafizə sertifikatları yox idi.

Bu yerdə Şekspiri xatırlayaq. O, öz pyesləri üçün süjetləri və xarakterləri ürəyi istədiyi yerdən götürürdü, nadir hallarda mənbəyə istinad edir və hətta öz şəxsi müəllifliyinin də qayğısına qalmırdı, hər hansı bir müəllif Şekspirə qonorar ödəmədən onun yazdıqlarını çap edə bilərdi.

Amma hətta həmin o haqq-hesab tələb olunmayan müəlliflik dövründə də öz müəlliflik hüquqlarının qayğısına qalan bir neçə yazıçı vardı. XVI əsrdə ingilis ədəbiyyatında Tomas Çerçyardı nümunə göstərə bilərik. O özünün uzun ömrünün böyük bir hissəsini öz ədəbi rəqibləri ilə amansız mübarizəyə sərf etmişdi; onları oğurluqda ittiham edir və satisfaksiya tələb edirdi.

XVII əsrin əvvəllərinə qədər ingilis yazıçılarının arasında yalnız o öz əsərlərini qorumaq üçün müasirlərinin fikrincə “son dərəcə ifrata” əl atırdı. Yazıçıların açıq-aşkar bir-birlərindən oğurladıqları vaxt Çerçyardın mövqeyinin nə qədər orijinal və yersiz olduğuna əmin olmaq üçün onun kəskin şəxsi instinktlərini daha məşhur olan və özü də iki əsr sonra yaşamış Hötenin mövqeyi ilə müqayisə edək. Görkəmli alman yazıçısı ona xas olan mədəni universalizm hissiyyatı ilə anlayırdı ki, mədəniyyətin geniş yayıldığı dövrdə yaşayır və ona görə müstəqil orijinallığı çox da qiymətləndirmirdi. O hesab edirdi ki, əsrlərlə toplanmış ədəbi nailiyyətlər həssas yazıçıya hava kimi nüfuz edir və o artıq öz əsərini başqasından mənimsədiyi materialdan seçib ayırmağa çətinlik çəkir. Höte öz katibi Ekkerman ilə söhbətində tez-tez bu fikirləri dilə gətirirdi: “Orijinallıqdan çox danışırlar - axı bu nə deməkdir? Biz dünyaya gələndən ömrümüzün sonuna kimi ətraf aləmin təsiri altında oluruq. Biz öz enerjimiz, gücümüz, arzularımızdan başqa nəyi özümüzünkü hesab edə bilərik? Əgər öz sələflərimdən və müasirlərimdən əxz etdiklərimi yaradıcılığımdan çıxsaydıq, yerdə çox az şey qalardı”.

Əlbəttə, dünya ədəbiyyatına bizim zəngin mirasımız kimi yanaşmamız ilə (özümüzə münasib olanları mənimsəməyimiz, bəhrələnməyimiz) məqsədli şəkildə edilən plagiat arasında ümumi heç nə olmasa da, texniki cəhətdən bəzən onunla üst-üstə düşür. Höteyə ədəbi mülkiyyətin arxaik hissiyyatı doğmadır, o, yazıçıların əsərlərində ənənəvi, qəbilə xüsusiyyətlərini qiymətləndirir, nəinki individual olanları. O, bəhrələnmə ilə plagiat arasındakı fərqləri görə bilmir. O, tutaq ki, öz orijinal sözlərinə görə qürur duyan knyaz Vyazemski üçün vacib olan incə məsələləri hiss edə bilmir. Hətta XVI əsrin çox da tanınmayan yazıçısı Tomas Çerçyard da dünya ədəbiyyatı xəzinəsindən qanuni miras kimi ürəyi istədiyi kimi bəhrələnən Höteni ədəbi oğurluqda ittiham edə bilərdi.

Qeyd edək ki, Hötenin bütün dövrlərin və xalqların ədəbiyyat incilərinə qohum münasibəti onun dövrü üçün tipik deyildi, əksinə, normadan yayınmaq idi. Hötedə bu hiss təbiətin riqqətli fəlsəfəsindən qaynaqlanırdı, bu fəlsəfəyə görə, mədəniyyət təbiətin yaradıcılığıdır, o öz bəxşişlərini özünün seçdiyi bəndələrə - yazıçılara, filosoflara, rəssamlara, musiqiçilərə bəxş edir. Hötenin dövründə plagiat anlayışı artıq ədəbiyyata daxil olmuşdu. XVIII əsrin əvvəllərində müəllifliyin orijinallığı ideyası formalaşıb qurtaranda təbii olaraq ortaya onun bədxah kölgəsi - plagiat çıxdı.

İndi isə Mallonun “Oğurlanmış sözlər” kitabına qayıdaq, bu kitabda müəllif xronoloji ardıcıllıqla yüzilliklər ərzində ədəbi skandalları canlandırır. İslaholunmaz peşəkar plagiatçıların siyahısı maraq doğurur. Az qala birinci yerdə məşhur imzalardır - Lorens Stern, Semuel Koldric, Stendal və Henri Lonqfello. Hardasa kitabın ortalarında oxucunu şübhə bürüyür - görəsən ədəbiyyat tarixində heç olmasa bircə yazıçı tapmaq olarmı, söz oğurlamaq istəyinə heç olmasa bircə dəfə meyl etməsin? İndiyə qədər “plagiat” anlayışı tərəddüd doğurur - plagiatçı formal olaraq heç də həmişə eklektikdən və təqlidçidən seçilmir. Hər halda insan imitasiya edən varlıqdır, yazıçı isə Sol Bellounun dediyi kimi, “təqlid edən oxucudur”.

Mallonun kitabında ən maraqlı və informasiya cəhətdən dəyərli olan ədəbi kleptomanların nəzəriyyəsinə dair məzəli lətifələr deyil, plagiatın öz daşıyıcısını maniya kimi, zəhlətökən ideyalar kimi ədəbi intihara aparan psixoloji motivasiyasıdır. Plagiatçının bu gözlənilməz xarakterini hətta ən inadkar oxucu da qəbul etməlidir, çünki Mallon plagiatçının motivasiyasının psixoanalitik tədqiqində inamlı görünür, bir də onun faktlarla danışmaq üçün kifayət qədər zəngin materialı var. O qeyd edir ki, qərəzli plagiat faktları ədəbi psixopatiya ilə dolayısıyla əlaqəlidir.

Mallonun müşahidəsinə görə, əsl plagiatçı qarşısıalınmaz istəyə tabe olaraq, impulsiv hərəkət edir. Belə ədəbi psixozun klassik örnəyi – özgə əsərləri məqsədsiz şəkildə mənimsəyən məşhur ingilis şairi, tənqidçisi və filosofu Semuel Koldricdir. Özünün məşhur ədəbi bioqrafiyasına Şellinq və Şleqeldən bütöv hissələri öz mülkiyyəti kimi əsərinə daxil etməyə əslində onun ehtiyacı yox idi, o bunlarsız da keçinə bilərdi, həm də mənimsədikləri elə şəxslərə aiddir ki, plagiat dərhal gözə çarpır... Maraqlısı odur ki, o, hay-küy açıb ədəbi oğurluqda başqalarını ittiham edirdi, baxmayaraq ki, özü sistematik olaraq bu cinayəti işləyirdi. Məhz Koldricin psixopatik hərəkətlərinin zəncirvarı reaksiyası Mallonun mühakimələrində plagiatçının psixologiyasının obrazını yaradır.

Birincisi, o özünün əsərlərində elə bir orijinal istedadını ortaya qoyur ki, plagiata ehtiyacı olduğu ağlasığmaz görünür. Sonra o, plagiatçı yazıçılara nifrət etdiyini dilə gətirir və öz yaradıcılığında buna qətiyyən yol vermədiyini iddia edir. Nəhayət, onun plagiatı nəzərə elə çox çarpır ki, (ona ehtiyac olmadığı bir kənara qalsın) istər-istəməz düşünürsən: bəlkə o özü ictimaiyyətin onu ifşa etməsini arzulayır? Bu psixoloji vəziyyətdir, cinayət başında yaxalanıb ifşa olunmaq kimi gizli arzudur.

Rus ədəbiyyatında necə deyərlər, “cins” plagiatçı Noqtev deyilən bir adam idi, o, Puşkinin “Qaratoxmaq qadın” povestini əsər meydana çıxandan yarım əsr sonra öz imzasıyla çap etdirmişdi.

Mallon “Oğurlanmış sözlər” kitabının sonunda bilərəkdən oğurluq edən plagiatçı haqqında təsəvvürlərin tam əksinə - özü öz qəsdinə duran, mazoxizmə meylli ruhi xəstə obrazını yaradır. Elə bir obraz ki, insanda ancaq mərhəmət hissi oyadır.

Tərcümə: Günel Natiq

Kaspi.az

# 2229 dəfə oxunub

Müəllifin son yazıları

# # #