Kulis.az şair-tərcüməçi Firidun Ağazadənin şeirlərini təqdim edir.
Səbirli adam
1988-ci ilin Meydan Günlərində o kişi yenə səbirli idi
Hərdən özündən çıx, səbirli adam
Hərdənbir özündən çıxmaq yaxşıdır.
Bir mətləbə can yandır,
Biganəlik donundan,
Laqeydlik buzundan çıx.
Hərdən özündən çıx!
Haqq yolunda savaşlara atıl,
Dirsəyindən, dizindən çıx.
Sakit, səbirli kişi,
Hərdən özündən çıx.
Bu xalqın oğlusansa,
“Həyəcan!” deyənlərə səs ver!
Cana gəl!
Meydana gəl!
Azğına qurd üzünü göstər!
Tifilə mərd üzünü göstər!
Özündən çıx,
İçindəki özünü göstər!
...Səbrimizdə can qoymadı
Xəyanət daşları...
Hirslən, namərdə bir söyüş söy barı.
Od yağdır – ağzından çıx.
Nə qalmısan içində? –
Dikəl, dartın,
Boynundan, boğazından çıx.
Bunlardan çıxa bilməsən əgər,
Cəmdəyini götür, yer üzündən çıx!
Şəhərdə onuncu sinfin oğlanları
Tələbəlik dostlarıma
Anası, bacısı kraxmallamış
Ağ köynəklər geyib, çıxıb bulvara
Sevmək istəyirlər bu havalanmış
Kişi qırıqları,
biz dura-dura.
Dünənki çərpələng hərləyənlərdi,
Üzlərindən uşaq sevinci yağır.
Bığ yeri təzəcə tərləyənlərdi,
Məhəbbət filminə birinci baxır.
Eşqi hənək sayıb, oyun bilirlər,
Hərdən də vurulub sevirlər guya.
Özləri də bilmir kimi sevirlər,
“Gedir onuncular üzü sevgiyə”.
“24”
Ey digital dünya! Sən bizimlə bineyi-qədimdən yol gəlirsənmiş. Dünya elə əvvəldən rəqəmsal imiş. Bədii ədəbiyyatda adı rəqəmlə ifadə olunmuş əsərlər çoxdur, rəqəmlərə və rəqəmlə yazılmış şeirlər də çoxdur. Üç misal: V. Mayakovski “150 000 000”, Rəsul Rza “1418”, Əzizə Cəfərzadə “1501” və sair. Mənim də illər öncə yazdığım rəqəmsal bir şeir var. Qoy, biri də bizim olsun.
O bir avtobus idi;
Səhər-axşam
Təkərlərinə intizarım dolanırdı
Bakıdan Şüvəlana qədər.
Dəli könül içimi yandırırdı,
Dəli xəzri çölümü,
Mən gözləyən sərnişin gələnə qədər.
O bir avtobus idi;
Baxışlarım həlak idi dalınca.
Ümidlərim sapa dönmüşdü,
Həsrət – qılınca.
Bir gün
Gəlib çıxmadı mən gözləyən sərnişin.
İndi daha onunla nə işim?
O qızı mənim yadıma salmayın, qızlar.
Dəlinin yadına daş salmayın, qızlar.
1. Mən, söz və qəmim
Otuz ildi
Ömrün arabasını çəkirik
Mən, söz və qəmim.
Otuz ildi
Həsrət buludu başımda -
İlk məhəbbətin xarabasını tikirik
Mən, söz və qəmim.
2
Hərdən
Mənə elə gəlir
Hətta b. e. ə.
Səni sevmişəm mən.
3
Bəzən
Ruhumu əzən
Bir qüssədən imdad gəzəndə
Gildir-gildir
Gözümdən gəlir
Səninçün öldüyüm günlər.
4. Ağ qoç, qara qoç
Ağ qoç sənin eşqin idi,
Qara qoç – həsrətin.
Qara qoç apardı məni...
Bu nağılın Zümrüd quşu
yoxdu yəni?
5. Yaşın otuzunda
Mən köhnə aşiqəm, bala
Sevda qəmini görmüşəm.
Bəxtəvər eylər kimini,
Ağladar kimini - görmüşəm.
Ümid də ki, cığal şeydi,
Çox dözmüşəm bu cığala.
Öyrətmə sevdanı mənə,
Mən köhnə aşiqəm, bala.
6.
Ötən günlər baş-başadı ürəkdə,
Sevinc ilə qəm qoşadı ürəkdə,
Çiçək əkdim, daş daşıdım ürəkdə -
Mən də elə həsrətkeşin birisi.
Ömrün hansı üzü dönmüş anıdı
Qapımızı bu həsrətə tanıdan?
Bəlkə, elə qəmim gəlib tanrıdan? –
Mən də elə həsrətkeşin birisi.
Zaval dəymiş gümanların nə suçu?
Bəxt şorandı, mən - inadkar bir suçu...
Həsrət zalım ovsunçuymuş, ovsunçu
Mən də elə həsrətkeşin birisi.
7. Payız gəldi...
Küləklər arzumun saçını yolar,
Küsüb-barışaram şirin xəyalla.
Nə qədər saralar, nə qədər solar
Oxu daşa dəymiş sevgilər, allah!
Yenə dözmək olur baharda, qışda
Payızda
huşuma od vurur səsi -
Hər yaşda qəribdi,
On doqquz yaşda
Oxu daşa dəymiş sevgi nəğməsi.
8. “Faktla bağlı araşdırma...”
Sizin yaşadığınız
Onbirinci mərtəbə
Yoxdu daha, sökülüb.
Gəzdiyimiz yerlərin
Başına kül tökülüb...
Adı gizlin,
Xatirələr yaddaşımda
Yellənir yosun-yosun...
“İçərişəhər” adı ilə
Məni tanımır
“Baksovet” metrosu.
Nə sən tələbəsən,
Nə Jurnalistika Fakültəsi ordadır,
Nə o qızlar.
Şair qızı olanda nolar?
Kasıb tələbənin salamını almazlar?
Adı gizlin,
Sevənin dərmanı
Nə siqaretdi, nə viski.
Bir-iki xatirəni
Qulağından as ki,
Həmişə yanında olsun.
Həmişə yadında olsun.
Nə o trolleybus var,
Nə mənim ümid təsəllim.
Tramvayların başına daş saldı
Hacıbala müəllim.
O çəkməçi köşkünü də
Götürüblər oradan...
Ay “qiymətli itiyim”,
Bu payız günü
Xatirələr zülm eləyir mənə,
Tapım səni haradan?
Adı gizlin,
Bu yerləri gəzdikcə hərdən
Xatirələr alır “əqlimi sərdən”.
Bax, bax, İstiqlal küçəsində
Yenə keçid qazırlar,
İzimizi qazırlar bu şəhərdən...
Ta denən yaşamırıq da...
Ta denən ölmüşük də...
9. Sənin medalyonuna yazı
“Rəqibim oğlan,
Əgər bu qızı sevəcək olsan,
Sev, sözüm yox.
Sənin xoşbəxtliyində gözüm yox.
Amma bu qızın
Ürəyinə girə bilsən,
Ürəyinin “ən dərin guşəsində”
görə bilsən
Bir sevginin toz basmış
Xatirə lövhəsini,
Heç özündən çıxma.
Rəqibim oğlan,
Nə etmək olar?!
Fərqi də yoxdur,
Neçə yaz, neçə qış,
“Bu ürəkdə Firidun yaşamış!”
Yaşamış!
10. “Tut ağacı boyunca”
Sizin tuta mən çıxmışam, İradəbəyim,
Sizin tutu mən çırpmışam, İradəbəyim,
Daha “nöşün” hirslənirsən, yanasan səni?
İstəyirsən əvəz olsun,
Sən də çırp
məni.
Otuz ildən sonra
Adı gizlin, bu istəklə
Mən də bir Xüsusi Təyinatlıyam.
Gör necə bənzəyir sevgim Şuşaya -
Otuz ildən sonra qaytardıq,
qaytara bildik,
Amma gərəkdir gizli yaşaya.
Adı gizin, doğrusu,
Təkcə mənlik deyildi bu.
Əvvəl kim təhrik elədi?
Sonra kim təşviq elədi?
İndi nə qınayaq umub-küsəni?
Məgər Qələbə deyil
Otuz ildən sonra, nənə yaşında
qaytarmaq səni?
Əğyarın “beləsi belə”!..
Amma susma,
Bir-iki kəlmə ehsan elə, yaz.
Nənəyaşlım,
Barı illər ayrıcında bir paylaşım et,
Mən başa düşərəm – eyham ilə yaz.
Mən də bir Xüsusi Təyinatlıyam!
Bu gün otuz ililk həsrət
Hiddətimdə - ram!
Zəfər zəfərə qarışıb,
Mən öz mahnımı oxuram:
Gedin deyin filankəsə,
Şairlə girməsin bəhsə!...