Atasının intihar etdiyi tüfənglə ölən yazıçı

Atasının intihar etdiyi tüfənglə ölən yazıçı
29 avqust 2023
# 09:00

Kulis.az Fəxri Uğurlunun "Köpək balıqları üçün ziyafət" adlı yeni yazısını təqdim edir.

Ernest Heminqueyin “Qoca və dəniz” povesti haqqında

Sən nə bəslərsən bu tərlanı, Nəbati, ruzi-şəb,
Mən bu dağı çox dolandım, bir şikarı yoxdu, yox.

Seyid Əbülqasim Nəbati

Bu povest Heminquey yaradıcılığının həm yekunu, həm zirvəsidir. Dünya şöhrətli yazıçı bundan sonra yaşadığı on ildə öz adına-sanına layiq yeni bir əsər yarada bilməmişdi.

1951-ci ildə qələmə alınmış povest ilk dəfə 1952-ci ilin 1 sentyabrında nüfuzlu “Life” jurnalında dərc olundu. Vur-tut iki gün ərzində jurnalın nə az, nə çox – düz beş milyon nüsxəsi satıldı. Ədəbi tənqid dərhal “Qoca və dəniz”i Herman Melvillin “Mobi Dik” romanı, Uilyam Folknerin “Ayı” povesti ilə bir sıraya qoydu. Həmişə Heminqueyi ədəbi cəsarətsizliyinə görə qınayan Folkner bu səfər onun tərifini göylərə qaldırdı: “Zaman göstərəcək ki, bu, bizim nəslin yaratdığı ən yaxşı sənət əsəridir. Bu dəfə o, yaradılışın mükəmməlliyini, Yaradanı kəşf elədi. Buna qədər onun kitablarında kişilər də, qadınlar da özləri özlərini qondarırdılar, özlərini öz palçıqlarından yoğurub yapırdılar; onların qələbələri də, məğlubiyyətləri də bir-birinin əlindəydi, hər dəfə onlar özlərinə də, özgələrə də nə qədər güclü-qüdrətli olduqlarını sübuta yetirməyə çalışırdılar. Bu dəfə isə o, hərəyə bir qismət yetirən ilahi mərhəmətdən yazıb: qocanın qisməti əvvəlcə balığı tutmaq, sonra onu əldən verməkdir; balığın qisməti qarmağa düşmək, canını dənizə tapşırmaqdır; köpək balıqlarının nəsibi isə qocanın qənimətini qamarlamaqdır. Tanrı onların hamısını sevir, hər birinə acıyır. Hər şey qaydasındadır. Heminqueyi də, məni də yaradan mərhəmətli Allaha şükürlər olsun ki, bizə də yaratmaq imkanı verib”.

The Old Man and The Sea, Book Cover May Vary: Hemingway, Ernest:  9780684801223: Amazon.com: Books

Müəllif özü isə əsərinə fəlsəfi qəlib tapmağa həvəsli görünmürdü, həmişəki kimi məramını sətirlərin, abzasların arxasında, aysberqin görünməyən qatında daldalamağa çalışırdı. Söhbətlərində, müsahibələrində də ondan bu istiqamətdə söz qoparmağa yönələn suallardan yayınırdı: “Mən gerçək qocanı, gerçək uşağı, gerçək dənizi, gerçək balığı, gerçək akulaları təsvir eləməyə cəhd göstərmişəm. Əgər niyyətim baş tutubsa, yəni bütün bunları olduğu kimi qələmə ala bilmişəmsə, onda yazım, əlbəttə, çox yana yozula bilər”. Kim istəsə, bu povesti realist əsər – bir balıqçının gerçək macərası kimi də oxuya bilər, ancaq peşəkar ədəbiyyat adamı üçün “Qoca və dəniz” fəlsəfi poema, fantastik pritçadır.

Əsərin triumfu özünü çox gözlətmədi – “Qoca və dəniz” 1953-cü ildə Pulitser, bir il sonra Nobel mükafatına layiq görüldü. Şöhrətin zirvəsinə çatandan sonra Ernest Heminquey eynən Martin İden kimi heç nə arzulamamaq mərəzinə mübtəla oldu. Çox əvvəldən canında yuva salmış qorxu, şübhə, bədbinlik içində lağım atıb onu yetişdiyi xoşbəxtliyin zövqündən məhrum elədi.

***

Ta cavanlığından o, qorxusunun səsini batırmağa çalışmışdı, qorxusunu özüylə qitədən-qitəyə, dənizdən-dənizə, döyüşdən-döyüşə, savaşdan-savaşa daşımışdı, məşhur hekayəsinin qəhrəmanı Frensis Makomber kimi qorxudan silkinmək üçün Afrika cəngəlliklərinə baş vurmuşdu, kəl ovuna, şir ovuna çıxmışdı. Ölümü, ölüm xofunu öldürməklə üstələmək istəmişdi. Boyu-buxunu, sağlam gövdəsi, güclü qolları, yaraşıqlı siması – hamısı, hamısı ölümə, faniliyə, acizliyə meydan oxusa da, yenə əzrayılın barmaqlarını yaxasından aça bilməmişdi.

The hunting legacy of Ernest Hemingway - The Ultimate Predator

Bilmirəm yalandır, ya gerçək, uşaqlıqda belə bir söz eşitmişdim: guya irili-xırdalı bütün vəhşilər, yırtıcılar meşədə, ya cəngəllikdə bir şıqqıltı eşidəndə ilk reaksiyaları bu olur ki, qırağa sıçrayırlar; guya yalnız qara bəbir səs eşitcək şıqqıltı gələn yerə şığıyır. Bir dostum bunu güc əlaməti sandığını demişdi, ancaq mən dostumla razılaşmamışdım, hesab eləmişdim ki (əgər deyilən doğrudursa), panteranın qorxusu o biri yırtıcıların özünüqoruma instinktindən daha böyükdür, daha dərinə işləyib. Qara bəbir kimi Heminqueyin də aqressiyası qorxaqlığından doğurdu, qorxusundan özünü ölümün episentrinə, savaş ocaqlarına, təhlükəli ov meydanlarına atırdı, biriylə sözü çəpləşəndə dərhal boksçu yumruğunu işə salırdı.

Ernest Heminquey insanı zəif, aciz göstərən əsərləri bəyənmirdi, “insan oğlunu məhv eləmək olar, ancaq diz çökdürmək olmaz” deyirdi. Məsələ burasındadır ki, onun da qəhrəmanları əksərən həyata məğlub olan, fələyə yenik düşən, ancaq uduzduğunu boynuna almayan, məğlub idimini üstünə götürməyən yorğun, üzgün, cəfakeş insanlardır. Sadəcə, onlar fələyin çarxına ilişəndə ağlayıb-sıtqamırlar, qismətlərini ləyaqətlə qarşılayıb məğrur yola salırlar. Bu mənada “Qoca və dəniz”in qəhrəmanını müəllifin həm həyat, həm də sənət kredosunun simvolu saymaq olar. Qoca balıqçı Santyaqo öz taleyinə-qismətinə əsl əxlaq cəngavəri kimi təmkinlə, təhəmmüllə, mərdi-mərdanə qatlaşır, ancaq onu yıxan fələyə qürurundan bac vermir. Şikayətlənmir, yalvarmır, sızıldamır. Onun yerə-göyə asiliyi, həm də acizliyi yalnız köpək balıqlarına ünvanladığı bu harayda ifadəsini tapır: “Qoy yuxunuza girsin ki, siz bir adam öldürdünüz!” Bu, qocanın həm qarğışı, həm lənəti, həm üsyanıdır.

***

Səksən dörd gün dənizdən əliboş qayıdan qoca qonum-qonşularında, balıqçı həmkarlarında mərhəmətdən savayı qəribə bir küdurət, nifrət hissi də oyadır. Hamı onu uğursuz, lənətlənmiş adam sayır, ondan gen dolanmağa çalışır. İş o yerə çatıb ki, qocanın sevimli şagirdi, beş yaşından özüylə balığa apardığı Manolini də atası ondan qoruyur, ustadının qayığında dənizə çıxmağı oğluna qadağan eləyir. Bütün bunları görsə də, qoca özünü sındırmır, səssiz təzyiqlərə, sözsüz qınaqlara ləyaqətlə davam gətirir. Ondan ötrü sənətiylə vidalaşmaq, okeanla üzülüşmək həyatın sonu deməkdir, odur ki, qoca balıqçı qartımış inadından dönmür, səksən beşinci günün səhəri cütavarlı qayıqda təkbaşına dənizin qoynuna atılır.

The Old Man and the Sea (1958) directed by John Sturges • Reviews, film +  cast • Letterboxd

Dəniz balıqçıdan ötrü həyatın özü deməkdir – həm iş yeri, yaşam qaynağı, həm də savaş meydanı, dünyayla alış-verişin, fələklə münasibətin tənzimləndiyi bazar. Bunlar üzdə görünənlərdir; əslində, Heminqueyin dənizi dalğalanan, çalxalanan, qıvrılıb-açılan kainatın timsalı, Şopenhauerin kar-kor, şüursuz, ölümsüz, intəhasız iradə okeanıdır. Bu okeanda yaşayan hamı ölümlü, hamı bir-birinin qatilidir, güclü gücsüzü yeyir. Burada udan-uduzan, yarıyan-yarımayan, tox-ac, xoşbəxt-bədbəxt yoxdur, sonucda hamı hamıya yemdir. Heç kimin yeyə bilmədiyi güclünü də uzaq başı zaman özü dişinə keçirir. Bu gözəl olduğu qədər də qəddar təbiətlə ya dil tapıb, alverə girib ondan bir pay qənimət qoparacaqsan, ya da bir başqası səni qənimət götürəcək.

Ömrünün qürub çağında qoca həyatla açıq döyüşə girir. Onun atdığı qarmaq nəhəng okeana meydan oxumaqdır, suyu qurumaqda olan üzgün vücuddan qopan cəsur, həm də ümidsiz çağırışdır. Uzun aradan sonra sevgili dəniz onun harayına hay verir – qayığına sığmayan azman marlin balığından ona pay verir. Heç vaxt qismətinə düşməmiş bu nəhəng balıq qocanın peşə təcrübəsində ən dəyərli qənimətdir. O, rəng alıb rəng verən yaraşıqlı balığa belə deyir: “Sən mənim qardaşımsan. Mən səni çox sevirəm, sənə böyük hörmətim var, bununla belə mən səni öldürməliyəm”. Budur okean həyatının məntiqi!

Ancaq misilsiz qənimət çox asanlıqla onun bəlasına da çevrilə bilər. Yaralı marlin balığı bütün gücüylə qayığı dartıb sahildən çox uzaqlara, okeanın ortalarına doğru aparır. Belə getsə, kimin ovçu, kimin ov olduğuna dəniz özü qərar verəcək. Amansız, azman okean qocanın dəmir iradəsini marlin balığının yedəyində uşaq topu kimi oynadır.

***

Qoca balıqçının çox sağlam, güclü gəncliyi olub, kimsə onun qolunu bükə bilməyib. Bir dəfə adlı-sanlı qaradərili pəhləvanla qol yarışına girib, tam bir sutka göz-gözə durub bir-birinin qolunu qatlamağa çalışıblar, sutkanın tamamında Santyaqo qalib gəlib, bundan sonra çempion kimi bütün ətrafa ün salıb. İndi o Santyaqodan əsər-əlamət qalmayıb, di gəl, dəniz ondan bəri bir saniyə belə qarıyıb qocalmayıb. İndi dəniz – həmişəki kimi gənc, qüdrətli, Santyaqo isə – can şirəsi qurumuş qoca.

The Old Man and the Sea (1958) - Turner Classic Movies

Niyə məhz qoca? Heminquey qəhrəmanını okeanla savaşa gənc yaşında da göndərə bilərdi. Fəqət gənclik ondan ötrü illüziyadan, aldanışdan başqa şey deyil. Qocalıq, ölüm – həyatın maskası yırtılmış gerçək sifəti, ömrün labüd, məntiqi sonluğudur. On illər boyu ona ziyafət vermiş dənizin indi Santyaqodan üzü dönüb. Sən demə, bu illər ərzində dəniz onunla sadəcə oynayırmış, onu qurbanlıq qoyun kimi bəsləyirmiş, ona qənimət yox, ümid verirmiş; çünki bir doyumluq yeməyin yalnız bir öynəyə yetdiyi həyatda heç bir qənimətdən söhbət gedə bilməz. Dəniz onu boğazından özünə bağlayıb gecə-gündüz ov iti kimi yem ardınca qovurmuş.

Axıra yalnız skeleti qalan misilsiz şikar insanın həyatdan ala bildiyi qənimətin rəmzidir. Deməyəsən qoca min bir əziyyətlə, ağlasığmaz dözümlə, böyük ustalıqla, neçə günlük müsibət bahasına ram eləyib ələ keçirdiyi tonluq balığı köpək balıqlarını bəsləmək üçün tutubmuş (Bu yerdə bir atalar misalı yada düşür: “Kim qazana, kim yeyə”). Akulaların açıq dənizdə rəqibi olmasa da, hazır yemdən niyə boyun qaçırsınlar? Sən saydığını say, gör fələk nə sayır – qoca xəyalında balığı satmaqdan götürəcəyi böyük qazancı sağa-sola xərclədiyi vaxt köpək balıqları qan iyi alıb qayığın başına toplaşırlar. Heminqueyin tapdığı, Folknerin tuşutduğu Allahın idarəçilik mexanizminin defekti burada özünü göstərir; belə çıxır bu əzazil Tanrının bütün hoqqaları sevimli köpək balıqlarını – okeanın bu amansız, zalım cəlladlarını zavallı, yorğun qocanın hesabına yedirtməkdən ötrüymüş. Hanı burada Folknerin dediyi ilahi mərhəmət, bu ki köpək balıqları üçün ziyafətdir! Bumu Allah, beləmi olur Tanrı? Məncə, onun adına Allah yox, fələk deyilməlidir. Elə Folknerin özünün də neçə-neçə qəhrəmanı fələyin əlində girinc qalmış zədəli, əzik insanlardır.

***

Qoca və dəniz. Biri şüurlu, cılız fani məxluq, o biri şüursuz, hüdudsuz baqi həyat. Biri zərrə, o biri küll. Ancaq burada zərrə ilə küllün vəhdəti yoxdur, burada küll zərrəni qoynuna alıb muradına yetirmir, tərsinə, bir gün onu ac qoyub barsız-bəhərsiz sahilinə tullayır. Burada zərrə eşqin cazibəsi hesabına küllə qovuşa bilməz, heç nifrətlə də ona yanaşa bilməz. Dəniz nə nifrət tanıyır, nə məhəbbət, nə etibar, nə insaf, nə sədaqət; onunla yalnız savaşmaq, ya da arada onun balalarını bu şəkildə yemləməklə ortaqlaşmaq olar. Lap uzağı, ondan nəsə qamarlamaq, bununla da bu dünyada verilən möhləti uzatmaq olar.

Manolin gələcəyin timsalıdır. Qocanın gələcəyi yoxdur, onun sabaha tək ümidi biliyini, zövqünü, yaddaşını bu yeniyetmə oğlana ötürməkdir – eynən Heminquey öz qəlbinin məhsullarını kitablarıyla gələcəyə ötürdüyü kimi. Qoca balıqçı da öz sənətinin ustası, ustadıdır, ona müəllifin obrazı kimi baxmağımız əsərdən heç nə əskiltməz. Santyaqo Heminqueyin özü kimi Tanrıya, əbədiyyətə, o dünyaya inanmır, hərçənd dara düşəndə İsa Məsihi yardıma çağırır, ona rüşvət boyun olur.

Oğlan bacardığı qədər qocanın xatirələrini əzbərləməyə, onun zövqünə şərik olmağa, onun qulluğunda durmağa, ondan daha çox bilik qoparmağa çalışır. Ustad-şagird bir-birinə sonda təsəlli verir, ümidli danışırlar, ancaq hiss olunur ki, qoca həmişəcavan sevgilisi dənizdən aldığı bu ağır zərbədən bir də ayılmayacaq.

Original vs. Remake: The Old Man and the Sea (1958-1990) - Reviewed

Santyaqonun yuxusuna gəncliyində gördüyü Afrika sahilləri girir, qoca yuxuda şir görür. Şir güc rəmzi, cəsarət simvolu, gözəllik timsalıdır. Fələk yuxu dilində ona deyir ki, belə şeyləri bir də ancaq yuxunda görərsən…

***

Heminquey çoxdan beynində gəzdirdiyi, ancaq ustalığının ən yetkin çağında qələmə aldığı bu əsərlə yorulduğunu, həyatdan bezdiyini, fələyə yenildiyini boynuna aldı. Hərçənd bu zaman elə də çox yaşı yoxuydu, əllini təzə adlamışdı. Mənəvi yaralar, depressiv tutmalar onun qəlbini gəncliyindən zədələmişdi. Üzünə protestant sərtliyi çəkilmiş anasının ona xoş sifət göstərməməsi, onun həm yazıçı, həm jurnalist uğurlarına sevinməməsi Ernesti gənc yaşından evlərindən perik salmışdı. Fəqət ana nəvazişi tapmaq ümidiylə bağlandığı qadınların, o cümlədən dörd arvadının heç biri onu acı aqibətdən yayındıra bilmədi, bir ananın vurduğu yaraları yüz qadının öpüşü sağalda bilmədi.

Məsələ burasındadır ki, uzun müddət üzünü görmədiyi, ayrılıq illərində belə onu sevməyə cəhd göstərməyən anası günün birində oğluna atasının özünü atdığı tüfəngi göndərmişdi. Bu müəmma Ernesti ölənəcən izləmişdi: doğrudanmı anası onun da ölümünü istəyir? Yoxsa atasını öldürən silahı bədbəxt hadisədən heç altı ay keçməmiş anasının poçtla ona göndərməyinin ayrı nə mənası ola bilərdi?

Edmont Heminqueyin ömrünə əlli yeddi yaşında son qoymuş tüfəng Ernest Heminqueyin canını altmış iki yaşında alana qədər yazıçı bu sualların əlində girinc qalmışdı, qatil tüfəngin zəhmi altında yaşamışdı, bir depressiya xəndəyindən sürünüb çıxıb başqasına yuvarlanmışdı. Ömrünün son illərində ona elə gəlirdi ki, Federal Təhlükəsizlik Bürosunun agentləri gecə-gündüz onu izləyirlər. Eynən “Qatillər” hekayəsinin qəhrəmanı kimi o da “təqib olunmaqdan”, “gizlənməkdən” bezmişdi, ölümdən qaçmaqdan yorulmuşdu, özünü əcələ təhvil verməyə, könüllü təslim olmağa hər dəqiqə hazırıydı. Bir neçə dəfə intihara cəhd göstərmişdisə də, hər dəfəsində onu özündən qoruya bilmişdilər.

The Old Man and the Sea (1958)

Ömrünün bir çağında Tolstoy da özünü asmamaq üçün bütün ipləri-kəndirləri, özünü atmamaq üçün evindəki silahları gözündən gizlədirdi. Ancaq Lev Nikolayeviç mənəvi qüdrəti, inancı sayəsində o ütüdən salamat qurtara bildi. Heminqueyə belə qurtuluş qismət olmadı. Qocanı sahilə atan dəniz ondan biryolluq üz döndərdi. On il əvvəl köçünü sürmüş əzazil ananın nəhs hədiyyəsi, dahi oğlunu qarabaqara izləyən məşum ruhu işini gördü, bütün dünyanın sevə-sevə oxuduğu bir qələm bahadırı öz tənhalığının təkadamlıq kamerasında can verdi. Həyat çatışmazlığı sindromuna mübtəla olmuş, okeandan sürgün balina kimi sahilə atılmış yazıçının təşnə ruhuna qovulduğu dəryadan son nəfəsdə bir damla sevinc, bir qətrə sevgi sıçramadı.

“Yeni Azərbaycan” qəzeti

# 2386 dəfə oxunub

Müəllifin son yazıları

# # #