Yad kafe. Tanımadığın oğlan – Fəridədən yeni hekayə

Fəridə. Şair, yazar

Fəridə. Şair, yazar

2 noyabr 2021
# 09:00

Kulis.az “Hekayə günü”ndə Fəridənin “Billür at” hekayəsini təqdim edir.

Menyunu geri itələyib oturacağa söykənirsən. Bayırda narın yağış yağır. İçəridə arı vızıltısını andıran səs-küy dolanır. Əlində məcməyi ortalıqda dolanan qısa ətəkli, kepkalı qızlar, başı telefona qarışmış anasının ətəyini dartışdıran balaca uşaqlar, tükü seyrəlmiş başı ilə göbəyinin dairəsi harmoniya təşkil edən, iricəmdək kişilər... Və havada burnunu qaşındıran pendirli-sarımsaqlı xama qoxusu.

Qol saatına baxırsan. Saat ikiyə beş dəqiqə qalır.

Pəncərəyə boylanırsan. Yağış hələ də yağır. Tələsən insanlar, parıldayan, islaq küçələr, maşın siqnalları.

Beyninin içində hökm sürən sükut... Səssizlik. Həvəssizlik.

- Qərar verə bildiniz? – kepkalı qız zərif təbəssümlə gülümsəyir... Səsi sənə çatmır sanki. Təbəssümlə tərpənən dodaqlarını oxuyursan – qərar verə bildiniz?

- Niyə burda hamı ağ geyinib? – sualına sualla cavab verirsən.

Gumppppp.... – kepkalı qız təşvişlə qapıya tərəf boylanır.

Ani bir səs - silkələnən qapı-pəncərə, anidən təşvişə düşən insanlar...

Gumpppp....

İkinci səs. Təkan. Çiliklənib yerə dağılan qab-qacaq, pəncərə şüşəsi... Qışqıran insanlar, uşaq çığırtıları...

Gumpppp.... Üçüncü səs, ikinci təkan. Tavan yerdədir.

Qışqırıq səslərini eşitmirsən daha... Bir-birini basa-basa qapı-pəncərədən bayıra tullanan insanlar, gözüyaşlı körpələr, quyruğunu qısmış köpək...

Adamlara qoşulub bayıra qaçırsan. Çantanın harda qaldığı haqda düşünmürsən.

Gumppp.... Gumppp.. Ard-arda təkanlar. Artıq saymağı unutmusan. Qapıdan çıxhaçıxda ayağından kimsə yapışır. Daha doğrusu, bir əl. Şalvarından tutub çəkir. Anidən dayanırsan.

Qanlı bir əl qapının kandarından uzanıb şalvarından yapışır. Duruxursan. Şalvarının ətəyini buraxır və sənə nəsə uzadır. Tərəddüd etmədən ələ doğru əyilib uzatdığı əşyanı götürürsən. Köksünə sıxıb tələsik, arxaya baxmadan binadan uzaqlaşırsan. Ətraf qaynayan qarışqa yuvasına oxşayır. Aləm bir-birinə dəyib. Heç kimə, heç nəyə fikir vermədən uzaqlaşıb ağaclardan birinin altındakı skamyaya əyləşirsən və bayaqdan bəri köksünə sıxıb gizlətdiyin əşyaya baxırsan – şüşə at heykəlciyi. Təxminən, otuz santimetr hündürlüyündə olan billür at. Burnunun üstündə qan ləkəsi var. Sviterinin qoluyla silirsən. Ləkə quruyub - silinmir. Sviterin qolunu tüpürcəyinlə isladıb yenidən cəhd edirsən. Yox, ləkə hopub şüşəyə, getmir. “Onu həyata qaytarın!” – şüşə atı sənə uzadan əl belə səslənmişdi ardınca. Bunu indi xatırlayırsan, ya da elə indi eşidirsən?

Bu nədir? Onu həyata qaytarın – bu nə deməkdir? Bu atla neynəyəcəksən?

Ayağa qalxıb dağıntılara, insanlara, maşınlara məhəl qoymadan, çevrilib baxmadan döngəni burulub küçənin tinində itirsən...

Avtobus dayanacağının yaxınlığında sinəndə nəsə narahatlıq hiss edirsən. İki addımdan sonra anidən fontanla qusursan.

***

Şıpppp ....

Ayaqların buz kimi suya düşür. Canından üşütmə keçir.

Anan yenə vannanı soyuq su ilə doldurub çarpayının yanına qoyub. “Somnambuliya”dan əziyyət çəkən qızını yuxusundan oyatmağın yolunu tapıb qadın.

İslaq ayaqlarını tüklü şəpitin içinə soxub ayağa qalxırsan. Oyanmısan. Xalatı əyninə keçirib mətbəxə keçirsən. Kofe hazırlamaq fikrindəsən amma həvəsin yoxdur. Aylardır hökm sürən həvəssizlik... Yəqin, anan tezliklə buna da çarə tapar. Analar əsl təbiblərdir. Ana... Ana olmaq... Analıq... Çarə....

Kofenin qoxusu üçün darıxmısan. Sən qəhvəni qoxusuna görə sevirsən... Sənin coğrafiyanda qəhvə mədəniyyəti yoxdur.

Axşamdan açıq qalan noutbukun üzərinə əyilirsən. Ekranın işığını yandırırsan. Mesaj qutusunda oxunmamış yüzlərlə mesaj, bildirişlər... Həvəsin yoxdur. Heç nəyə həvəsin yoxdur.

Qayıdıb çarpayıya yaxınlaşırsan. Əyilib vannanı çarpayının altına doğru itələyirsən. Özünü arxası üstə çarpayıya atırsan.

Tiflis... Yağış. Yad kafe. Tanımadığın o oğlan. Onun təbəssümü... Elə gözəl gülümsəyir ki, sən hətta indi də onu xatırlayanda qadın olduğunu hiss edirsən.

Tez-tez başını çevirib sənə baxır, gülümsəyir, elə hey gülümsəyir...

Tiflis. İkinci səfər. Eyni kafe... Yenə təsadüfi görüş.

Bu dəfə barın arxasındadır. Saçları ötən dəfəkindən xeyli uzundur. Bir az da arıqlayıb. Təbəssümü həminkidir. Baxışlarıyla səni salamlayır. Təbəssümlə danışır uzaqdan - yad dildə nə dediyini anlamırsan...

Gecə saat on ikiyə yaxınlaşır. Musiqi səsi, sərxoş gülüşlər, rəqs edən gürcü qızları, havada boğucu siqaret tüstüsü... Və o doğma təbəssüm, bir an üzərindən əskilməyən baxışlar.

Qalxıb bara yaxınlaşırsan. Sakitcə gözlərinin içinə baxırsan. Sənə kokteyl uzadır. Alırsan. Bir, iki, üç.... Saymağı unudursan...

Sərxoş gülüşlər dinir, musiqi yavaş-yavaş dayanır, havadakı tüstü bir az azalır... Bar yığışır... Bayırda çiskinli hava var. Deyəsən, səhər açılmaq üzrədir.

***

Günorta yeməyindən sonra noutbuka yaxınlaşırsan.

Mesaj qutusunu açıb yoxlayırsan. Oxunmamış 254 mesaj var. Həvəssiz, gözucu bir xeylisinə baxırsan. Dünən axşam paylaşdığın elan üçün narahat edirlər. Boynunu çevirib küncdə - pianinonun üstündə dayanan heykəlciyə baxırsan. Günəş şüaları jalüzün arasından atın burnuna enir. Qan ləkəsi parıldayır. Bu şüşə at səni narahat edir.

Mesaj yazan 254 nəfərin hər biri heykəlciyin ona məxsus olduğunu iddia edir. Tapıldığı üçün sevinirlər. Tapıldığına inana bilmirlər. Tapılacağına heç ümidi olmayanlar da var aralarında.

Bəziləri hətta onun sınmamış olmasına heyrətlənir.

Biri parkda, biri qatarda, biri dayanacaqda itirib guya. Harda, necə itdiyini bilməyənlər də var. Biri də yazır ki, uşaq onu bağçada itirib. Gülməlidir. Bu şüşə heykəlin uşağın əlində nə işi var ?

Onsuz da olmayan hövsələn lap daralır. “Bu sonuncudur” - deyə düşünüb açdığın mesaj səni heyrətə salır. Həyat adlı xanım yazır ki, bu at heykəli ona məxsusdur və onu yuxuda itirib. Dəqiqləşdirmək üçün də soruşur - burnunun üstündə balaca, qırmızı ləkə var, ya yoxdur?

Ayaqların yerə kilidlənir . Mesajı, adı bir də oxuyursan. Yox, eynilə, belə yazılıb. Ayaqlarını tərpətməyə çalışırsan, istəyirsən bu yuxudursa ayaqların vannaya ensin, soyuq su səni oyatsın.

Deyil. Çarpayıdan uzaqsan və noutbukun qarşısında heykələ çevrilmisən.

Birdən burnunun sol dəliyindən qan açılır.

***

Deyəsən, üçüncü dəfə də getmişdin Tiflisə. Qəribədir, sən hər dəfə Tiflisə gedəndə yağış yağır.

Bu dəfə o yoxdur. Harda axtaracağını bilmirsən. Onun adını da bilmirsən.

Qulağı yarqulu küçə itləri... Maşınlar... O baş-bu başa gəzdiyin köhnə metro stansiyası... Dram teatrının binası. Gülüşə-gülüşə keçən gənclər. Kilsə zəngi... Yad insanlar. İçində böyüməkdə olan narahatlıq, nigaranlıq...

Hara gedəcəksən? Neynəyəcəksən?

***

Telefonun zənginə ayılırsan. Ayaqların vannaya düşməsin deyə ehtiyatla çarpayıdan enib corablarını axtarırsan.

Bu gün onunla görüşəcəksən.

Bir stəkan çay içib evdən çıxırsan. Blokdan çıxhaçıxda şüşə atı götürmədiyini xatırlayırsan. Geri qayıdıb liftin düyməsini sıxırsan.

...Heykəli bağrına basıb addımlayırsan. Parkın girəcəyində - belə danışmısınız, hə?

Bura parka oxşamır. Aha, bu dayanacaq. Dayanacaqdan əlli metr solda – belə yazmışdı, deyəsən. Amma bura parka oxşamır. Dayanacağı paralel keçib qabaqdakı kafeyə tərəf getməyi düşünürsən. Gərək telefon nömrəsi alaydın.

Ayağın sürüşür. Ayaqlarının altında qusuntu kütləsi var. Kimsə yenicə qusub. İyrənirsən. Əlinin arxasıyla ağzını tutub kafeyə tərəf addımlayırsan. Boynunun arxasına yağış damcısı enir. Addımlarını yeyinlədirsən.

Anidən səslər dayanır. Sükutun içindən keçirsən sanki. Ətrafda heç bir səs yoxdur. Kafeyə axışan insan kütləsinə qarışırsan. Girişdə qapıdan asılmış kağız diqqətini çəkir – “kliniki ölüm”. Kağızı tərsinə çevirirsən – indi qapıdan “bioloji ölüm” sallanır. İçəri keçirsən.

Arxadan təlaşlı bir səs eşidilir – “onu həyata qaytarın”. Çevrilib səsə boylanmaq istəyəndə kimləsə toqquşursan, şüşə at əlindən döşəməyə düşüb çiliklənir. Qol saatına baxırsan – saat iki tamamdır.

Burnundan qan açılır. Al-qırmızı qan döşəmədə çiliklənmiş şüşənin üzərinə damcılayır.

- Qərar verə bildiniz? – ağ geyimli, kepkalı qız sənə gülümsəyir.

Qərar verə bildiniz?...

# 12226 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #