Kulis.az Fəridə Zeronun “Seymur Baycana həkim məsləhəti” yazısını təqdim edir.
2010-cu illər idi. Tələbəliyimin ortaları... Patoloji anatomiya korpusunda dərslərdən çıxıb nəfəs almaq üçün özümü “Vahid bağı”na salırdım. Yarılmış uşaq meyitlərinin, köhnə qan və formalinin qoxusunu burnumdan təmizləmək üçün saatlarda orda oturub gəlib-keçən rəngbərəng insanlara baxırdım. Təxminən iki ay - dərslər bitənə qədər bunu özümə rutin eləmişdim. Gözlərim adamlardan yorulanda dəftər qələmi çantamdan çıxarıb gələcək romanım üçün qeydlər aparırdım.
Bu günlərin ən maraqlı müşahidəsi isə üzbəüz skamyalardan birində oturub hər gün eyni vaxtda gələn və eyni vaxtda çıxıb gedən orta yaşlı, solğun-qəhvəyi kepkalı bir kişi idi. Ala-bəzək jilet və onun naxışlarına yaxın çalarda bir şərf bağlamış (necə gəldi, etinasız şəkildə boynuna atmış desək, daha dəqiq təsvir olar) bu kişi iki saata yaxın skamyada oturub kitab oxuyurdu.
Arabir baxışlarını kitabdan qaldırıb, başını tərpətmədən sanki ehtiyatla ətrafa baxır, kiminsə onun fərqində olub-olmadığını yoxlayırdı. Siqaret yandıranda kitabı ehmalca yanında skamyanın üstünə qoyurdu. O qədər ehtiyatla davranırdı ki, məncə, heç kitabın səhifəsini belə qatlamırdı. Mənə elə gəlirdi ki, kitabı hansısa dükandan “prakata” götürüb, durub gedəndə qaytaracaq deyə onu əzməkdən çəkinir.
Günlərin birində mənimlə yanaşı skamyada oturub nahar fasiləsində aldıqları bir kulyok qutabla bir iri banka ayranı mədəyə ötürən iki kişinin söhbətinə qulaq müsafiri oldum. Yeyə-yeyə öz aralarında danışan bu qalstuklu kişilər (çox güman, yaxınlıqdakı hansıda bankın və ya qoruğun işçiləri idi) üzbəüz skamyadakı o ala-bəzək kişidən danışır, daha doğrusu onu söyürdülər.
Seymur Baycan!
Danışıqlarından belə başa düşdüm ki, bu kitab oxuyan adam məhz məşhur Seymur Baycan imiş.
Çox heyrətlənmişdim.
Çünki həmin vaxtlar mənim üçün Seymur Baycanı, ya da hansısa “yazarı” küçədə görmək Tom Kruzu qədər ağlasığmaz idi. Uzaq bir kənddən gəlib, başını anatomiya-histologiya atlaslarının içinə soxmuş adi tələbə qız idim. Xəyallarımda ədəbiyyat, yazıçılıq ideyaları qurub-böyüdürdüm. Və sən demə, mən həftələrdir müşahidə etdiyim bu adam dövrün ən bərkgedən yazarlarından biri imiş.
Heyrətamiz idi.
Halbuki mən onu daha çox hansısa rola hazırlaşan bir aktyor hesab edirdim. Rəssama da bənzədirdim. Yazıçı ola biləcəyi heç ağlıma da gəlməzdi.
***
İki-üç il əvvəl şəhərdə rəfiqəmlə gəzirdik. Onun tanışlarından bir qız qulağında qulaqlıq ağlaya-ağlaya yolda gedirdi. Ona yaxınlaşdıq. Qız ağlamaqdan bihal olmuşdu. Mən uzaqlaşdım ki, rahat danışsınlar. Bir az sonra rəfiqəm qızı qucaqladı, öpdü, təsəlli verdi.
Sən demə, bu qız Seymur Baycana dəli kimi aşiq olubmuş. Seymursa onun sevgisini kobud şəkildə rədd edibmiş.
Həmin vaxt mən artıq Seymur Baycanı yaxşı tanıyırdım (şəxsi tanışlığımızın olmadığını xüsusi qeyd etmək istərdim).
Çox heyrətlənmişdim.
Bir insan Seymur Baycanı niyə sevsin axi?
Seymur haqqında ikinci heyrətim idi bu.
***
Üçüncü də olub. Seymurun yazılarında, yaratdığı, içinə yerləşməyə çalışdığı obrazında nihilistik elementlər var. Amma onun bir dəfə yeməklər və süfrə haqqında yazısını oxuyanda yenə təəccüblənmişdim. Nihilist insanda hardandır bu zövq, iştaha, gözəllik, dad, təam marağı? Qəribə idi.
***
Seymur Baycan yazar olaraq məni əsla təəccübləndirə bilməyib, təəssüf ki. Onun yazılarında zaman-zaman gah ona, gah buna “takık” tərzini, düşüncəsini heç vaxt normal insan psixologiyası kimi qəbul edə bilmirəm. Bir yazardan çox işəyaramaz, fərasətsiz aktyor təsiri bağışlayır. Ən çox onu Nuri Bilgə Ceylanın “Qış yuxusu”ndakı baş obraza bənzədirəm. Qoyasan elə boş-boş danışa, dirəşə...
Bir ara qadınlarla bağlı düşüncələri qıcıq yaradırdı.
Niyəsə hərdən adama elə gəlir ki, Seymur Baycan ədəbiyyatdan, incəsənət və mədəniyyətdən hansısa var olan, ya da heç vaxt var olmayan bir qadının acısını çıxardır. Dünya mədəniyyətində ciddi qadın imza yoxdur deyə bu cinsin nümayəndələrinə daim yuxarıdan aşağı baxmağın başqa anlamı yoxdur.
Həyatında haçansa onu həqiqətən sevmiş, diqqət və qayğı göstərmiş bir qadın olsaydı, bəlkə də, belə olmaz, bəlkə yazarlıq fikrinə də qapılmazdı.
Travmasının, qərəzinin, aqressiyasının səbəbi nədir, bilmirəm, amma Seymur bəyə demək istərdim ki, əgər istəsəniz mən sizinlə həkimə gedə bilərəm. Lap özüm oturub dinləyərəm sizi. Danışmaq istəsəniz.
Qələmi, dəftəri, klaviaturanı bir müddət kənara qoyun. Dünya ədəbiyyatının cildləri arasında hekayə qurmaq üçün gözəl cümlə, ziddinə getmək üçün yanlış fikir arayışı sizə yaxşı təsir etmir.
Yarasaya bənzəyirsiniz.
Qanadlı məməli olmaq çətindir hə, bilmirsən quşsan, ya məməli heyvan, nə ondansan, nə bundan.
Seymur Baycana heç bir aqressiyam yoxdur.
Onu söyənlərə də həmişə əsəbiləşirəm.
Diqqətli olmaq lazımdır, arxadaşlar, ilgiyə, sevgiyə, qayğıya, həkimə, dərmana ehtiyacı olan insanlardan yazar, siyasi məhbus düzəltmək cəhdi yanlışdır.
Doğru zamanda doğru müdaxilə edilməyəndə gec olur.
Bizim üçün olduğu qədər o insanların özləri üçün də...