Kulis.Az-ın “Ekran üzü” layihəsinin növbəti qonağı APA TV-nin “Növbətçi hissə” verilişinin aparıcısı Natiq Qədimovdur.
- Sizi ANS televiziyasından tanıdıq...
- ANS-dən əvvəl “Ежедневные новости” qəzetinin Azərbaycan versiyası olan “Gündəlik xəbər” və “Zerkalo” qəzetlərində kriminal müxbir kimi çalışmışam. “Zerkalo” qəzetində üç il işlədikdən sonra təxminən 2000-ci ildə Qənirə Paşayeva zəng etdi və bildirdi ki, ANS-də yayımlanan “Cinayət işi” verilişinə müxbir lazımdır. ANS-ə yollandım və işə başladım. Mən işə başlamamışdan əvvəl Pərviz Abubəkirov “Cinayət işi” verilişi üçün qısametrajlı filmlər çəkə bilmirdi. Ona zərərçəkmişləri tapıb danışdırmağa köməkçi lazım idi. Və biz Pərvizlə qısametrajlı filmlərin montajına başladıq. Məhkəmə proseslərini işləyə-işləyə hadisələri işıqlandırdıq. Sonradan Mirşahin Ağayev verilişin kifayət qədər yaxşı imicə malik olduğunu görərək məni Pərvizdən ayırdı və xəbərlər xidmətinə keçirdi. Məndən sonra “Cinayət işi”ndə qısametrajlı filmlər getmədi. Pərviz gözəl montajçıdır. Uzun illər bu sahədə çalışıb. Sadəcə olaraq mətbəx elə bir şeydir ki, gərək hər kəs bir şey gətirsin və süfrə düzəlsin. Süfrənin düzəlməsi üçün isə mütləq hər iki şəxsin əl qabiliyyəti yaxşı olmalı idi. Pərviz təamı düzəldirdi, sadəcə duzunu, istiotunu vura bilmirdi. Duz-istiot olmayanda hazırladığına baxmırlar. Hadisəni də gözəl təqdim etməyi bacarmaq lazımdır.
- Cinayətə gözəl don geyindirməyi necə bacarırsınız?
- Seçdiyim sahə elə bir sahədir ki, cəmiyyətdə yaxşı adam görəndə təəccüblənirəm. Deyirəm, bu insan belə cəmiyyətdə necə qalıb?
- Niyə təəccüblənirsiniz?
- Çünki həyatımın böyük hissəsini bu sahəyə bağlamışam və işimlə bağlı rastlaşdığım insanlardan çox təəssüflər olsun ki, heç vaxt siz kəlməsi eşitməmişəm. Təqsirləndirilən şəxs 4 dəfə məhkum olub, amma məni çox pis qarşılayır. Hətta təhqir də edir ki, niyə məni çəkirsən. Güc strukturlarına yaxınlaşırsan ki, informasiya alasan, informasiya vermək istəmirlər. Şou-biznesdəki kimi deyil. Bir müğənninin diski çıxır, elan verir ki, albomumun təqdim etməsidir. Polisə yaxınlaşıb deyirsən, bizdə məlumat var ki, filankəs özünü asıb. Məni kinayə ilə qarşılayırlar ki, bunun işi-gücü yoxdur. Deyir, mənim bölməmin ərazisində yaşayan insan özünü asıb, özümüz həll edərik. Qapının arxasında gözləyirsən, sənə informasiya vermirlər. İntihar etmiş adamın ailəsindən reportaj hazırlamaq istəyirsən. Ailənin sənə qarşı nifrəti yaranır. Düşünürlər ki, özümüzün dərdi bizə bəsdir, bu da öz işinin hayındadır. Bu bizim işimizdir, informasiya verməliyik. ANS-in “Şər içində” proqramının gecə növbəsində saat 10-dan səhər 7-yə kimi işləyirdim. Səhv etmirəmsə, 2007-ci il idi. Maştağada yol-nəqliyyat hadisəsi baş vermişdi və mən də ora yollandım. Meyitlərin hərəsi bir tərəfə səpələnmişdi. Birinin qolu yox idi, birinin ayağı. Təsəvvürünüzə gətirin ki, bu mənzərəni gecə 3-ün yarısından haradasa 5-ə qədər insan olaraq yaşadım. Sonra da gördüklərimi yuxu hesab etdim. Bundan sonra çəkilən kadrları montaj etməyə məcburam axı. Həmin o kadrları bir saat yarım canlı görürsən, sonra da o kadrlara baxa-baxa montaj edib efirə verirsən. Səhər 7-də şirkətdən çıxıb evə gedirdim. Elə vaxt olurdu ki, heç yatmırdım. Yenidən iş başlayırdı. Zaman keçdikcə öyrəşdim. Öyrəşə bilməyənlər bu sahədə qala bilmir. Bu sahəni qəbul etdiyim qədər də sevirəm. Təvazökarlıqdan uzaq da olsa, bu işin mətbəxini bilirəm.
- Təqsirləndirilən şəxslə necə danışırsınız?
- Qarşındakı adama hansı sualı verəcəyini, sualın qoyuluşunu özün üçün əvvəldən müəyyənləşdirməlisən. Təqsirləndirilən şəxslər adətən çılğın təbiətli olur və rahat şəkildə deyir ki, niyə gəlibsən, mən danışmayacağam. Amma mən onun gözlərinə baxan kimi bilirəm ki, onu danışdıracağam. İçindəki “mən danışmaq istəyirəm” sözünü görürəm. Adam da var ki, həqiqətən danışmaq istəmir. Görürəm ki, həyatda itiriləcək heç nəyi yoxdur, bir anın içində damarlarını kəsə bilər. Onu danışdırmıram. Bunu da hiss edirəm. Bu cür adamlara qarşı ehtiyatla davranıram. Müxbir birinci növbədə müsahibə alacağı şəxs haqda məlumat almalıdır. Polis şöbəsinə getməmişdən əvvəl soruşmaq lazımdır ki, təqsirləndirilən şəxs əvvəl tutulubmu, tutulubsa hansı maddə ilə məhkum olunub, yoxsa ilk dəfədir? Adam var ki, 5 dəfə məhkumluğu var, əməlli-başlı residivistdir, ondan nə desən gözləmək olar. Həbs olunan şəxsin residivist olduğunu biləndə artıq ona başqa suallar verirəm.
- Nə sualları verirsiniz?
- Onunla törətdiyi cinayətdən danışmıram, tamam başqa şeydən danışıram. Salamlaşıb görüşürəm. Sual verirəm ki, əvvəl hansı kolonda yatırdınız? Kolonda vəziyyət necə idi? Ümumiyyətlə, baş vermiş cinayət haqda danışmıram. Sonda sağollaşıb çıxan ərəfədə deyirəm ki, yeri gəlmişkən, bir sualım da var sizə. Nə ilə bağlı tutulubsunuz? Törətdiyi cinayətlə bağlı sualı lap axırda verirəm, çünki əvvəldə versəm qıcıqlana bilər.
- Adətən, zorlama ilə bağlı xəbəri təfərrüatı ilə təqdim edirlər. Əslində zorlama xəbəri necə təqdim olunmalıdır?
- Bir də görürsən ki, zorlanmış şəxsin adını, soyadını verirlər. Mən bunun qəti əleyhinəyəm. Bugünkü Azərbaycan mediasında işləyənlərin əksəriyyəti bu cür hadisələrdən şou düzəldirlər. 21 yaşlı bir qız zorlanıb, filan rayonda zorlanıb, filankəs tərəfindən zorlanıb, bunu tam təfsilatı ilə verməyin nə adı var? Guya hadisənin yaşandığı rayonun yerinə rayonlardan birində, qızın da adını Rüxsarə yox, Ədilə desəm nəsə dəyişəcək? Biz bu hadisəni təfsilatı ilə verməklə zərərçəkənlərin sayını artırırıq. Təsəvvür edin, qız zorlanır və bunu bütün el-oba bilir. Həmin qızın bacısına yaxınlaşırlar ki, sənin bacın idi zorlanan? Televiziyada göstərdilər, qəzetlər də yazdı. O qızın bacısı da artıq zərərçəkən mövqeyinə düşür. Eyni zamanda ata, ana. Görün nə qədər zərərçəkən əmələ gəlir.
- Çəkdiyiniz adamları, hadisəni tanışlardan, qohumlardan kimsə xahiş edibmi ki, efirə verməyin?
- Günlərin bir günü zəng etdilər ki, xəbərin varmı filankəs oğurluq üstdə tutulub. Sözün düzü çox təəssüfləndim. Həmin adamın həbs olunmasına inanmadım. Zəng edən şəxs də həmin adamın qardaşı idi. Həmin adam öz dayısının evini oğurlamışdı. Biz də həmin hadisəni çəkmişdik. Dedi ki, imkan varsa onu efirə vermə. Dedim, sənə böyük hörmətim var, əgər həqiqətən də bu dəqiqə prokurorluqdan və ya bölmədən zəng edib desələr ki, bu cinayətdə onun əli yoxdur, onun kadrını verməyəcəyəm. Amma iştirak edibsə çıxarda bilmərəm. Fakt mənim üçün faktdır. Mən də istəmərəm ki, cinayətlərin sayı artsın, biz də gedək qohumlarımızı, tanışlarımızı, qonşumuzu çəkək. Bu yaxınlarda Masallıda 21 yaşlı bir cavan gəlin qadınlara bir bağlama verib ki, qızıllarınızı bunun üstünə bağlayıb torpağa basdırın. Bir həftədən sonra çıxardıb üfürün, arzularınız həyata keçəcək. Çox asanlıqla 10-a yaxın insanı aldatmışdı. Həmin qadına 6-7 il iş veriləcəyi üçün onun halına acıdım. O da kiminsə tanışı və ya qohumu ola bilər. Amma fakt yenə də faktlığında qalır.
- Hüquq mühafizə orqanları bəzən təqsirləndirilən şəxs haqda danışanda onun təqsirsizlik prezumpsiyasını pozurlar. Məhkəmə qərarı olmadan həmin şəxsləri cəmiyyətə cinayətkar kimi təqdim etmək nə dərəcədə doğrudur?
- Sizinlə tamamilə razıyam. Hər bir kəsin susmaq, danışmamaq hüququ var. Belə hallarda bu işdə azdan-çoxdan təcrübəsi olan biri kimi hər zaman təqsirləndirilən şəxsə birinci sualım belə olur ki, hadisə ilə bağlı danışmaq istəyirsinizmi? Elə anlar olur ki, vətəndaşlar danışmaq istəmir və biz də onu göstərmirik. Bizim işimiz informasiya verməkdir. Vətəndaş özü danışmırsa mən artıq məcburam ki, rəsmi şəxs olaraq polis dilindən nəsə alım. Polis mənə deyirsə ki, bu adam filan tarixdə bu cinayəti törədib, ondan üç il sonra bu cinayəti törədib. Mən artıq hadisəni polisin dilindən verirəm. Onsuz da mən hadisələrin təfsilatını dəqiq bilə bilmərəm. Ancaq adam özü etiraf edirsə ki, evi mən yarmışam bunu normal qarşılamaq lazımdır. Hadisə nə qədər az olsa biz də bir o qədər az işləyərik (gülür). Ancaq bu tərəfini də deyim ki, hadisə olanda sevinmişəm ki, materialımız düzəldi.
- Sizi təəccübləndirəcək bir hadisə varmı ki, baş verməsin?
- İstər ANS-də, istərsə də APA TV-də işlədiyim müddətdə elə bir hadisə yoxdur ki, məni təəccübləndirsin. Belə bir hadisə artıq qalmayıb. Tutaq ki, böyük bir bankı yarsalar, o hadisəni işıqlandırmaq mənim üçün maraqlı ola bilər. Səmimi deyirəm, ən çox istədiyim hadisə müharibədir. Müharibədə jurnalist kimi iştirak etmək istəyirəm. Ocaqlarda müharibələr səngiməsə xahiş edəcəyəm ki, məni bir həftəlik o zonaya göndərsinlər. Təbii ki, bunun üçün də bir operator lazımdır. Günü sabah desələr, böyük məmnuniyyətlə Suriyada baş verənləri işıqlandırmağa gedərdim.
Artıq görmək istədiyim hadisə qalmayıb. Mənim üçün mütəşəkkil dəstənin ev yarması adi bir şeydir. Bir dəfə zəng ediblər ki, Yasamalda qətl hadisəsi olub. Mən də girmişəm evin içinə, deyirəm yəqin hadisə olub, meyitləri aparıblar. Sən demə meyitlər evin içində ola-ola polisdən qabaq televiziyaya zəng ediblər. Evi qan götürüb. Qonşu açıb qapını, görüb dəhliz qandı, polisi yox ha, məhz televiziyanı yığıb. Girdim içəri gördüm ki, dəhlizdə laxtalanmış qan izləri var. Baxdım ki, qadının başı yarılıb. Hər yan qan idi. Əsəbiləşdim, dedim ki, bizi bura kim çağırıb. Qonşu dedi ki, bəs sizi biz çağırtdırmışıq. Dedim, bəs polisə xəbər verməyibsiniz? Deyir, yox, polisə də xəbər edək? (gülür). Yaxşı ki, polis azdan-çoxdan bizi tanıyır, bilir ki, mətbuat işçiləriyik. Vətəndaşlar o cür hallarda polisə zəng etmək yerinə nədənsə, televiziya işçilərinə zəng edirlər. Başa düşürəm, televiziya haradasa imdad yeridir. Amma vətəndaşlarda bir ənənə yaranıb. Hadisə baş verir, balkondan müşahidə edir, görür bir nəfəri döyürlər, polis əvəzinə televiziyaya zəng edir.
- Çox güman polisə zəng edib şahid kimi get-gələ düşməkdən ehtiyat edirlər…
- (gülür) Mən həmişə deyirəm ki, polisdə mütləq qadın tərkibini yaratmaq lazımdır. Daxili İşlər Nazirliyindən deyirlər ki, siz nə danışırsınız, heç bilirsiniz polisdə nə qədər qadın işləyir. Əlbəttə, qadınlar çoxdur. Nazirliyin hospitalına baxın, başdan-ayağa qadınlardı da. Əgər qadınlar bölmələrdə çalışsa cəmiyyətdə təzyiqə, təcavüzə məruz qalmış qadınların ümid yeri artar. Qadınlara qarşı fiziki zor tətbiq olunur, qadınların hüququ pozulur. Qadınların hüquqları pozulanda, təzyiqə məruz qalanda polisə müraciət etmirlər. Qadın krizis mərkəzlərinə, bir sıra QHT-lərə müraciət edirlər. Növbədə yayxanıb oturmuş serjantdan tutmuş ayağını ayağının üstünə aşırmış rəis və rəis müavininə hansı qadın yaxınlaşıb deyər ki, rəis, mənim filan problemim var. O qadın artıq içəri girəndə rəis ona maraqla baxır. Ancaq təsəvvürünüzə gətirin ki, bölmədə, qadın polislər çalışır. Hər bölməyə 2-3 xanım götürsələr vəziyyət yaxşı olar. Müstəntiqlərə baxırsan əksəriyyəti kişilərdir. Mən başa düşürəm ki, cinayət törətmiş biri ilə qadının danışması çətin olar. Bunu da başa düşürəm. Amma yetkinlik yaşına çatmayanlarla işləmək, maarifləndirmək olar. Qadının olması haradasa yumşaqlıq gətirir. Bizim cəmiyyətdəki qadınlar polisə yaxınlaşmağa ehtiyat edir.
- Bir müddət televiziyadan uzaqlaşdınız. Səbəb nə idi?
- 2010-cu ildən bu yaxınlara kimi televiziya sahəsində çalışmadım. Ümumiyyətlə, televiziya ilə bağlı hər şeyə son qoymuşdum. Üç il müddətində reklam işi ilə məşğul oldum. Hadisələrdən yorulmuşdum. Səhər, günorta, axşam iş, hadisə. ANS-in də sıxıcı iş rejimi bir tərəfdən. Artıq söz götürə bilmirdim, dərhal əsəbiləşirdim. Reklam işində çalışanda başa düşdüm ki, həyatda yaşamaq nə gözəl imiş. Jurnalistikada çalışdığım müddət bu qədər mənfi enerji yığdığım üçün özümü qınayırdım. Bununla bərabər, nəyinsə öz yerində olmadığını hiss edirdim. Televiziyada çalışmaqla daha çox fayda verə biləcəyimi düşünürdüm. APA TV-nin rəhbərliyi sağ olsun ki, inandı, etibar etdi. Yəqin ki, etimadı doğrultduq. APA-da özümü həm iş baxımından, həm də kollektiv baxımından çox rahat hiss edirəm.
- Televiziya məkanında sizdən savayı bir çox kriminal müxbir çalışıb. Ancaq nədənsə “Kriminal” təxəllüsü sizə verilib.
- Sözün düzü, əvvəl reklam baxımından yaxşı idi. Dedilər ki, səni necə təqdim edək. Bəlkə adının qarşısına bir “Kriminal” əlavə edək. Əvvəlcə qəti şəkildə etiraz etdim ki, lazım deyil. Amma sizi inandırım ki, təxminən 3 həftədən sonra polisə zəng edib deyirdim ki, sizi Natiq Qədimovdur narahat edən. Deyirdilər, hansı Natiq, Kriminal Natiq? Daha sonra bu ayamaya öyrəşdim. Görünür, bu adı qazandım və ad da özünü tutdu. Hətta ad günüm də iyulun 2-nə, polis gününə təsadüf edir (gülür).