Aqşin Yenisey Kulis.az-n suallarını cavablandırır.
- Aqşin, sən ucqar bir kənddə dünyaya gəlmisən, uşaqlığın orda keçib. Bəs kitabın, dəftərin çətin tapıldığı kənddə səndə ədəbiyyata maraq necə yarandı?
- Ədəbiyyata marağım tam təsadüf nəticəsində yaranıb. İkinci sinifdə oxuyanda, o zaman doqquz yaşım vardı, “Lenin baba” şeirini əzbər bilmədiyim üçün anam məni döydü. Anama dedim ki, bu nə şeirdi axı, mən bundan on dəfə yaxşı şeir yazaram. Bunu deyəndən sonra anam dedi ki, ürəyin nə istəyir, onu da yaz. Həmin ərəfədə də dayım rəhmətə getmişdi. Dayımın ölümünə şeir yazdım. Evdə oxudular və hamı ağlamağa başladı. Sonra ikinci təklif atamdan gəldi. O şeiri də oxuyanda ağlamışdılar. Atamdan sonra bibimə də şeir həsr etdim. Bibimə yazdığım şeirdən bir bənd hələ də yadımdadır:
Kipriyiylə od götürüb,
Neçə ağrı-acı görüb.
Bir oğlunu tək böyüdüb,
Mənim bibim, mənim bibim.
Şairliyim ilk günü üç şeir yazmışdım. Bir də bu şeirlərdən yadımda qalan “Canavarın toyu” şeiridir. Bu şeiri atama həsr etmişdim. Atam bir qədər çox içki içirdi. Sonra gördüm ki, ailə muhitində yaradıcılığıma ciddi maraq yaranıb, özümə 96 vərəqli dəftər aldım. Bir ayın içində dəftəri yazıb doldurdum. Televizorda hər nə görürdüm, ona uyğun şeir yazırdım (gülür). 1988-ci ildə Cəlilabadda nəşr olunan “Həmşərə” qəzetinin müxbiri kəndimizə gəlmişdi. Müxbir kartof yığımından, kolxozdan yazı hazırlayırdı. Müxbirə deyiblər ki, kəndimizdə şeir yazan istedadlı uşaq var. Ona dəftərimi verdilər. Qəzetdə Cəlilabad şairlərinin şeir guşəsi vardı. Bir həftədən sonra şeirlərimi çap etdilər. Qəzeti dəftərimlə birlikdə evimizə göndərmişdilər.
- Sonrakı dövrdə yaradıcılığın hansı səviyyədə idi?
- Sinif yoldaşlarım, oğlanlar mənə ən çox sevdikləri qızlar üçün şeirlər yazdırırdılar. Orta məktəbdə belə bir qayda var idi, şeiri elə yazmalıydın ki, şeirin misralarının baş hərfləri qızın adındakı hərflərə uyğun olsun. Yalan olmasın, bəlkə yetmişə yaxın Şərqiyyə, Hüsniyyə, Mərziyyə adlarına şeirlər yazmışam. 1996-ci ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil oldum. Universitetdə oxuyan vaxtlar ciddi şeirlər yazmırdım. Əsasən məişət mövzusunda şeirlər yazırdım, ancaq çap olunmurdu. Elsevər (Şairə Sevinc El Sevərin həyat, mənim tələbə yoldaşım) bir gün dedi ki, şairlərin “Vahid” poeziya evində məclisləri olur. Gəl, səni ora aparım. Ora gedəndən sonra gördüm ki, burada Salam Sarvandan, Həmid Herisçidən, Rasim Qaracadan, Murad Köhnəqaladan danışırlar. Şairləri tanıyandan sonra onların şeirlərini oxumağa başladım. Hamı onların şeirlərini tərifləyirdi. Bu şairlərin şeirlərini oxuyandan sonra düşündüm ki, əgər belə yazırlarsa, bəlkə mən də yazım. Tələbə olan vaxt dolanışıq üçün “Mərkəz” qəzetində işləyirdim. Beş-altı şeirim həmin qəzetdə çap olundu, amma imza qoymadım. “Vahid” poeziya evində hamının əlində həmin qəzet, mənim şeirlərimdən danışırdı. Şeirləri kimin yazması haqda söhbət edirdilər. Utandığımdan dedim ki, mənim şeirlərim deyil. Qeyd edim ki, Həmid Herisçi mənimlə ilk dəfə o məclisdə arxadan tanış olub (gülür). Yanımda oturan kimi, arxasını mənə çevirdi. Yəni “sən heç kimsən, səni saymıram” demək istəyirdi.
- İlk kitabın nə vaxt çap olunub?
- İlk kitabım “Unutmaq sözünün şəkli” 2002-ci ildə çıxıb. 2005-ci ildə “Sizin eradan əvvəl”, 2010-cu ildə “Cənnətdə terror aksiyası” adlı kitablarım da nəşr olunub.
- Şeir yazandan sonra niyə nəsrə keçdin? Özünü yazıçı yoxsa şair hesab edirsən?
- Sözün düzü, ciddi ədəbiyyata ciddi ədəbiyyatı oxuyandan sonra keçmişəm. Məsələn, Cek Londonu mən şəhərdə oxumuşam. Kənddə daha çox Azərbaycan ədəbiyyatına aid kitablar oxuyurdum. SSRİ dağılan zaman mənim kitablar alıb oxuduğum kitabxana da dağıldı. Camaat kitabları arabalara yığıb evlərinə aparar, odun sobalarını yandırmaq üçün istifadə edərdilər. O kitabxanada da ciddi dünya ədəbiyyatı nümünələri demək olar ki, yox idi. Orta məktəbdə oxuyanda ancaq Məmməd Səid Ordubadinin, Anarın, Elçinin bir-iki əsərlərini oxumuşdum. O vaxt erməni Anonyan adlı yazıçı vardı, onun “Qaplan dərəsinin əsirləri” kitabını oxumuşdum. Tələbəlik illərində daha ciddi ədəbiyyatla tanış oldum. Şeirdən nəsrə keçməyimə gəldikdə hiss etdim ki, yazmaq istədiklərimi şeirlə yaza bilmirəm. Bunun üçün həddən artıq istedadlı olmaq lazım idi. İdeyanı şeirlə, misrayla verə bilmirdim. Uzun müddət nəsr yazmışam, amma çap olunmamışam. Mən ciddi nəsri qəzetlərdə qonorara görə köşə halında yazırdım. Çoxlarının bəyənmədiyi “Gölə qarğısancan” kitabım köşələrimin üstündə yazılan romandır. İndi evdə bilgisayarımda bir romanlıq material var. Yazdıqlarımın çoxunu gizlədirdim. Qabriel Qarsia Markesin müsahibəsini oxuyandan sonra qərarımı dəyişdim. Markes Parisdə reportyorluq edəndə dəftərinə yazdığı reportajları hekayə şəklinə salaraq bədii mətnlər düzəldib. O ki qaldı özümü şair yoxsa yazıçı hesab etməyimə, istərdim ki, məni mütəfəkkir adlandırsınlar (gülür). Elə adamlar var ki, adlarının altında belə yazılır: şair, yazıçı, Milli Elmlər Akademiyasının müxbir üzvü, prezident təqaüdçüsü, qayğıkeş ata (gülür). Özüm haqqında heç vaxt belə iddiada olmamışam. Vergüllərlə dolu adlar mənə maraqlı deyil.
- Neçə ildi peşəkar tərzdə yazırsan?
- 2000-ci ilə qədər yazdıqlarımın hamısını atmışam. Bir-iki dəftər var ki, saxlamışam. Hərdən evdə dostlar yığışanda özümü dolamaq üçün o şeirlərdən istifadə edirəm. Firudin Allahverdi köhnə şeirlərimdən birini oğurlayıb facebookda paylaşmışdı: “Analar ağlayır, qızlar gəlin köçür” (gülür). Onların heç biri çap olunmayıb. 2000-ci ildən bu yana yazdıqlarımı kitablara salmışam.
- Yazıçıların içində yazmaq ehtirasını körükləyən yazıçılar olur. Misal üçün Markes üçün bu Kafkadır...
- Siz deyən hissləri mən tələbə olarkən yaşamışam. Frans Kafkanı oxuyan zaman bərk təsirlənmişdim. Yay tətilində kəndə getmişdim. Oxuya-oxuya düşündüm ki, əgər ciddi ədəbiyyat budursa, mən də yaza bilərəm. Kafkanın verdiyi impulsla yazmağa başladım. İlk hekayəni yazandan sonra başa düşdüm ki, Kafka kimi mürəkkəb məsələni sadə tərzdə qələmə almaq hər oğulun işi deyil. 5-6 vərəq qaralayandan sonra mənlik olmadığını anladım. Kafkanı oxuyan zaman anam elə bilmişdi ki, dəli olmuşam. Çünki Kafkanın mistik aurası məni bürümüşdü. Anam da mənə ağıl duası yazdırmışdı. Kafka mənə ağıl duası yazdırmış yazıçıdır (gülür).
- Seymur Baycan, Günel Mövlud Kafkanı bəyənmirlər. Kafkanın yazıçı olmadığını deyirlər. Bunu necə qiymətləndirirsən?
- Günel Mövlud son dövrlərdə qadın yazarlar arasında istedadını qoruyub saxlaya bilən yeganə ciddi şairədir. Digərləri əldən çıxıb. Mən qəti əminəm ki, onlar bundan sonra yazsalar belə, yazıları yazı kimi qalacaq, ədəbiyyat olmayacaq. Günel özünü qurban verib, istedadını saxladı. Seymuru da ciddi yazıçı hesab edirəm. Onların Kafkaya və yaxud da başqa tanınmış yazıçılara münasibətlərinin kökündə özlərinin fundamental yazıçı istedadı olmamağı dayanır. Kafka XX əsr dünya modernist nəsrinə təsir göstərmiş dörd yazıçıdan biridir. Kafkaya “yazıçı deyil” deyənlərə ad tapmaqda çətinlik çəkirəm. Çexov haqqında “oxudum, bəyənmədim” demək nə deməkdir?! Sən bunu mənim haqqımda deyə bilərsən. Çünki dünya səviyyəli deyiləm. Mənim haqqımda nə qədər istəyirsən, yaz. 21 yaşlı qızın Çexovu bəyənməməyi guya ədəbi meyardır. Zamanın sınağından çıxa bilməyən yazıçı, şairlər haqda bu sözləri demək olar. Biri o gün mənə deyir ki, on dəfə girişmişəm, ancaq Dostoyevskini oxuya bilməmişəm. Qardaş, bu, sənin xəstəliyindir. Heç olmasa, bunu gizlət. Bu adamlar nə oxucu, nə də yazıçı istedadına malikdir. 150 cildlik dünya ədəbiyyatında Lyuis Sinkler adlı yazıçı var, mən onu oxuyan zaman anladım ki, bu yazıçı mənim yazıçım deyil. Heç yerdə də demədim ki, bəyənmirəm. Günelin “Alma” qəzetində Kafka haqqında yazdığı yazını oxuyanda sadəcə, gülürdüm. 26 yaşlı azərbaycanlı qızın dünya səviyyəli yazıçı haqqında yazmağı gülməlidir.
- Şair kimi Füzuliyə münasibətin necədir?
- Füzuli 500 ildir ki, Azərbaycan və Şərq ədəbiyyatında öz yerini qoruyub. Bir çox nəsillər onu bəyənməyib, bir başqa nəsillər bəyənib. Deyim ki, bəyənmirəm, bayaqkı söhbətimizə oxşayar. Mən Füzulini şair kimi “Leyli və Məcnunu” oxuyandan sonra sevmişəm. Orada elə misralar var ki, onu ancaq Füzuli yaza bilər. Yaşlandıqdan sonra bir daha oxudum. Şair əsəri hansı yaşda yazırsa, gərək o yaşda əsəri birdə oxuyasan. Bizə “Leyli və Məcnun”u 16 yaşımız olanda keçirdilər. 16 yaş elə yaş dövrüdür ki, Füzulini, Leylini, Məcnunu anlamaqda çətinlik çəkirsən. O vaxt biz “Leyli və Məcnun”u keçəndə sinif oğlanlarının hamısının cibində erotik, ağ-qara şəkilli kartlar vardı. Bütün günü dərsdə həmin kartlara baxırdıq. O yaşda uşaq Füzulini başa düşə bilməzdi. Sözsüz ki, mən də başa düşməmişdim. O misraları yazmaq hər şairə nəsib olmaz. Sonradan kitabxanadan tapıb hamısını oxudum. İndiki dövrdə müasir şairlərin orta əsrlərdə yaşamış şairin təsiri altına düşməsini, onun fikirlərinin təsiri altında yazmasını qəbul etmirəm. Hər dövrün öz qanunları var. Füzuli dövründəki sevgilərlə indiki sevgilər arasında böyük fərqlər var. İndiki qız sevgilisindən ayrıldıqdan sonra 30 dəqiqə kifayət edir ki, özünə kişi hərəmxanası yaratsın. Bu gün bir cavan oğlanın facebookda bir-iki romantik status yazması kifayət edir ki, qız tapa bilsin. Təsəvvür edin ki, indiki dövrdə Qız Qalasına bənzər yerdə yaşayırsan. Nə işığı var, nə qazı, nə də suyu. Füzulinin təsiri altına düşənləri bu cür müqayisə edərdim. Bir şair kimi 500 illik tarixi sınaqdan çıxıbsa, deməli güclü şairdir. Fakt budur ki, Füzulinin oğlanları kitablarını çap etməyib, əmisi uşaqları Rusiyadan çap pulu göndərməyiblər (gülür). Füzulini yaşadan sırf onun yaradıcılığıdır.
- “Sizin eradan əvvəl” kitabının girişində təxminən belə yazmısan ki, kənddə itə daş atmağım yaradıcılığına Kafkadan, Dostoyevskidən daha çox təsir edib...
- Mən əvvəlki şeirləri kənddən gətirdiyim xatirələrin üzərində yazmışam. Nəsr yazanda ən çox xoşladığım cümlələr uşaqlıq vaxtı beynimə hopmuş cümlələrdir. Şəhər mühiti haqda yazmağa çətinlik çəkirəm. İnsan ömürboyu uşaqlığını yazır. Şəhərdə böyümüş yazıçılar həmişə məni ittiham edirlər ki, kənd yazıçısısan, ancaq kənddən yazırsan. İttihamları qəbul edirəm. Mən avtobusa birinci dəfə 18 yaşımda görmüşəm. Rayon mərkəzindən 30 km aralıda, ucqar kənddə yaşamışam. Taksini ilk dəfə şəhərdə görmüşəm. Universitetə daxil olana kimi, kəndimizdən kənara çıxmamışam. İndi yazdıqlarım mütailənin nəticəsidir. Mən istəyirəm ki, kənddən kənara çıxmayan uşağın əlində mənim kitabım olsun. Bilsin ki, mənim kimi şair olub.
O gün bir şeir yazmışam, çap olunmayıb. Baxdım ki, Həmid Herisçinin təsiriylə yazmışam. Uşaqlığım əvəzinə 50 yaşlı Həmid gəlib. Əkrəm Əylislidən eşitdiyim məşhur deyim var: “Mənim vətənim mənim uşaqlığımdır”.
Amma indi yazdıqlarım daha çox mütaliənin təsiridir, nəinki kənd xatirələrinin...
Ardı var
“Kafkanı oxuyanda anam mənə ağıl duası yazdırdı”
31 avqust 2012
11:36
5944 dəfə oxunub