Yazıçı cərrah rolunda

Yazıçı cərrah rolunda
14 oktyabr 2013
# 10:30

Fərid Hüseyn "Alman malı"ndan yazdı

Yaddaşım yanılmıramsa Oskar Uayld Balzak haqqında deyib ki, Balzakın romanlarına qədər XIX əsr mövcud deyildi, XIX əsri onun romanları yaratdı. İfrata varmadan, normal “ədəbi ölçülər”lə, real anlamda Azərbaycan üçün bizim yaşadığımız XXI əsr bir neçə gənc yazıçı ilə mövcuddur, eləcə də Mirmehdi Ağaoğlunun hekayələri ilə...

Zəmanəsini, yaşadığı dövrün problemlərini qələmə alan, ictimai dərd-səri “köynəyinin altında” gizlətməyən yazıçılarımızdan biridir o.

Mirmehdinin “Alman malı” hekayəsini oxuyandan sonra bu əsər barədə və bizim ədəbi gerçəklik haqda bir qədər düşündüm: Pis haldır ki, zamanımızda gözdeşən həqiqətlərə yan çevirib yatmaqla, “bizi maraqlandırmır” adı ilə min cür fitnə oduna odun daşımaqla məşğuluq. Üzümüzü Ekoya, Pamuka, nə bilim kimə tutmaqla Azərbaycanda “dünya ədəbiyyatı” düzəltmək eşqinə düşmüşük. Biri sinəsini sufiyə açır, biri ayağına postmodernizm başmağı geyir, birinin başı heç nədən çıxmır deyə “izm”lərdən yuxarıda dayanmaq üçün ayağının altına “nabəla” daşı qoyur. Ancaq böyük həqiqətə qurban olmağa ədəbi can tapılmır. Həqiqətlərin sirr sandığına cevizləndiyi dövrdə Mirmehdinin “Alman malı” hekayəsini oxudum, sanki yazıçı zəmanəsini laboratoriya dovşanı sayaq əməliyyat edib, iç üzünü açır.

Süjet

Mümkün qısa şəkildə süjeti yazıram ki, hekayəni oxumayanlar söhbətin nədən getdiyini bilsinlər, oxuyanlar da yada salmış olsunlar. Qərib kişi Kənd Təsərrüfatı Nazirliyinin fərdi təsərrüfatın inkişafına ayırdığı kreditlə üç baş cins inək alıb.

Bir gün Xoşqədəm Baxşəliyevanın “Səni axtarıram” verilişinə baxan Qərib kişi cavanlıq şəklini görür. Məlum olur ki, o, 30 il əvvəl Almaniyada qulluqda olan vaxtı alman qadınla münasibətdə olub və ondan bir qızı var. İndi həmin qız verilişdə atasını axtarır.

Anna ölkəmizə gələndə verilişdə deyir ki, Azərbaycanı da Tayvan, Hindistan, Vyetnam kimi Şərq ölkəsi zənn edirmiş, amma görəndən sonra anlayıb ki, yanılıb. Müasirliyimiz onu mat qoyub.

Qərib kişi verilişə zəng vurub əlaqə saxlayır, Annanı kəndə gətirirlər, maşından düşən kimi bizim arvadlar marça-març qızı öpüb heydən salırlar. Sonra bu vegetarian qızın ayağının altında qoç kəsirlər, alnına qan vururlar, qız bu insan izdihamından, bu vəhşət mənzərəsindən az qalır dəli ola və qurbanlıq qoyunun üstünə qusur.

Heç kəs alman dilini bilmir ki, Annayla düz-əməlli danışsın. Axır Qəribin ingilis dilindən fərdi hazırlığa gedən qardaşı qızını tapıb gətirirlər ki, Anna ilə dil tapsın.

Qəribin Azərbaycanlı arvadı bu alman qızı ilə ərinin xoş münasibətinə ona görə razıdır ki, qız onlara Almaniyadan inək alıb göndərər, mal-qaranın artımı ilə kreditlərini verər və Qəribin kənddəki qızına cehiz alarlar.

Hekayənin sonunda arvadı gəlib görür ki, Qərib tövlədəki xəstə inəyinin başını qucaqlayıb ağlayır: “Anna, bağışla məni, mən o vaxt nahaq ananı atdım. Bağışla məni, qızım, bağışla. Mən sizi atmasaydım, sən atasız böyüməzdin, bizim gözəl ailəmiz olardı. Mən də bu cəhənnəmə qayıtmazdım”. Qəribin arvadı bu mənzərəni görüb başını götürüb qaçır.

Nəhayət, üçüncü inək də öləndə, tez bıçaq gətirib inəyi kəsirlər. Vegetarian Annanın ürəyi gedir, Qərib də bütün olanlardan bezərək evdən küsüb getmiş arvadını gətirməyə yollanır.

Və SON

Məncə, hekayənin nəticələri:

1. Bir nəfərin gəlişini “dəli yığıncağı” ilə qarşılayan, vegetarianın (Qərb dəyəri) ayağının altında “qurban kəsən”, (Şərq və dini dəyər) iki dəyər arasında sıxışıb qalmış durumdayıq.

2. Bizim reallığımızda (mühitimizdə) nəinki alman qızı, heç inəklər də yaşaya bilmir və ölürlər.

3. Anna bizim mühiti görür və bu “dəli yığıncağı”nda onu çəkən bircə amil də olmur, hətta geni (atasının azərbaycanlı olması) onu nəyəsə cəlb edə bilmir. İnsan bizim hazırki reallığımızda geninə belə yaddır.

4. Heç kəs alman dilini bilmir, nə də ingilis dilini, yəni biz Annanın – Avropanın dilini bilmirik. Dilini bilmirik deyə nə qədər desək də, yaxa yırtsaq da həmin mədəniyyətə açıla bilmirik.

5. Hekayədə Annanın dili ilə deyilir ki: Azərbaycanı da Tayvan, Hindistan, Vyetnam kimi adi Şərq ölkəsi hesab edir. Zahirən Azərbaycanı Avropa bənzətsə də, qarşılaşdığı reallıqda Şərq ölkəsi olduğumuzu ona qandırırıq: Biz buyuq.

6. Hekayənin sonunda çox ağrılı bir mənzərə nəzər çarpır: Qərib çarəsiz qalıb arvadının dalınca gedir: Bizim reallıq elə dəhşətlidir ki, Almaniyaya Annanın yanına gedə bilməz, ona burda öz dərdinə və gerçəkliyə ortaq lazımdır, başqa çarə yoxdur. Ona görə bizi bədbəxt və xilas edən də eyni adamlar və eyni gərçəklikdir.

7. Qəribin Almaniyada qızından başqa bir şeyinin olması onu göstərir ki, bizim dünyəviliyimiz, ancaq Avropada döl artırmaqdan, toxum qoymaqdan ibarətdir. İstər Almaniyada, istərsə də başqa bir yerdə biz başqa bir işə yaramırıq.

8. “Səni axtarıram” verilişi vasitəsi ilə hadisələrin, böyük problemlərin açılması da çox maraqlıdır. Bir böyük xalqın reallığı hansısa böyük təbəddülatların qovşağında yox, bir primitiv veriliş timsalında həll olunur.

9. Hekayədə bircə dənə də olsa siyasi məqam yoxdur, ancaq xalq var. Hamının başı öz işinə – “Xoşqədəm reallığı”na qarışıb. Bu televiziya siyasəti, say çoxluğunu dünyada və ölkədə baş verənlərdən xəbərsiz, aralıda saxlamaq üçündür. Xalqı idarə edən siyasət, xalqın daxili dünyasından və güzəranından mahiyyət etibarı ilə uzaqdadır. Sanki hər şey gözəgörünməz bir pultla idarə edilir.

Mirmehdi bir hekayəsində o qədər ağrılı reallıqları açır ki... O, bir hekayədə o qədər mətləbləri gizləndiyi yerdən dartıb çıxarıdır ki...

Mirmehdinin bu hekayədə yazıçı kimi üstünlükləri aydın nəzər çarpır. Belə ki, o zəmanəsini gizlətmir, mətləbləri dolaşıq yollarla yox, birbaşa və keçidsiz əks etdirir, öz xalqının problemlərini dünya ədəbiyyatı kontekstində həll etmir, əndirə-badi üsullardan qaçır, bütün bunlarla yanaşı, gündəm məsələlərini güzgü kimi canına çəkib ədəbiyyata əks etdirir, məişət müstəvisindəki proseslərdə belə, böyük ədəbiyyatın mövzularına qol-qanad açır, ideyasını mətnin nüvəsinə yerləşdirərək üst qatda hazırlıqsız oxucunu, dərin qatda peşəkarların zövqünü oxşayır, obrazları hərəkət, xarakter, dil və s. cəhətlərdən yazıçının yaratdığı mühitə tam uyğundur, xalqın lağlağı ovqatı ilə istər dil, istər mövzu, istərsə də ovqat planında düşüncələri kəsişir, hekayəsi siyasi-ictimai, eləcə də bədii cəhətdən oxucu üçün xeyli yozum imkanları tanıyır. Kəsəsi, hekayə alınıb.

Qafqazinfo.az

# 4158 dəfə oxunub

Müəllifin son yazıları

# # #