Prezidentlik, yoxsa “Nobel” mükafatı?-"Eyni suallar"

Prezidentlik, yoxsa “Nobel” mükafatı?-<span style="color:red;">"Eyni suallar"
6 avqust 2014
# 11:37

“Eyni suallar” layihəsində dünyaca məşhur yazarların müsahibələrində cavablandırdığı sualların bir neçəsi azərbaycanlı yazarlara ünvanlanır. Bu dəfə “Nobel” mükafatı laureatı Pablo Nerudanın cavablandırdığı suallar şair, esseist Qismətə ünvanlanıb.

– Şeirlərinizi səsləndirəndə insanlar necə reaksiya verir?

P.Neruda:

- Mənə qarşı çox emosional formada sevgilərini bildirirlər. Harasa rahat girib-çıxa bilmirəm. Kütlədən qorunmaq üçün mütləq xüsusi cangüdən qrupu ilə gəzməli oluram, çünki insanlar axışırlar və inanılmaz sıxlıq yaranır. Hər yerdə belə olur.

Qismət:

- Çoxdandı ki, şeirlərimi səsləndirmirəm. Tələbəlik illərində auditoriya qarşısında uzun-uzun şeir oxuduğum olub. Ölkədəki böyük zalların çoxunda şeir oxumuşam. Sözün düzü, 16-20 yaş arasında evdə aynanın qabağında sevdiyim şairlərin şeirlərini müxtəlif intonasiyalarda oxumaqdan zövq alırdım, çoxlu şeiri əzbər bilirdim, milli poeziyamızdan, dünya poeziyasından. Xatırlayıram, 4-5 il öncə dostlarla şəhərin mərkəzindəki “Şirzadın kafesi” deyilən yerə yığışırdıq, orda şeirlər oxuyurduq bir-birimizə. Sonralar həmin kafe bağlandı, həyat hərəni bir tərəfə yönəltdi, münasibətlərdə qırılmalar oldu və s. İndi çox nadir hallarda şeir oxuyuram. Bəzən evdə tək olanda özüm üçün yüksək səslə oxuyuram, vəssalam. Amma dediyim kimi auditoriya qarşısında çox şeir oxumuşam və reaksiyalar həmişə müsbət olub. Deyilənə görə intonasiyam sirayətedicidir.

– Əgər qarşınızdakı stolun üzərinə prezidentliyi və “Nobel” mükafatını qoysalar, hansını götürərdiniz?

P.Neruda:

- Əgər qarşımdakı stolun üzərinə onlar qoyulsa, qalxıb başqa stola keçərəm.

Qismət:

- Mən ədəbiyyatçıyam, əlbəttə ki, “Nobel” mükafatını seçərdim.

- Əsərlərinizin olduğu yerə yanğın düşsə, hansıları xilas edərsiniz?

P.Neruda:

- Yəqin ki, heç birini. Onlara niyə ehtiyacım olsun ki? Onun yerinə köməyə ehtiyacı olan balaca qızı xilas edərəm, ya da məni öz əsərlərimdən daha çox əyləndirən qiymətli dedektiv əsərlər kolleksiyasını.

Qismət:

- İndiki dünya elədir ki, bircə noutbuku, yaxud fləş kartı götürmək kifayətdir ki, bütün arxivini xilas etmiş olasan. Əgər sualın arxa planında o durursa ki, yazdıqlarımdan hansını həyatımla eyni qiymətdə görürəm, onda yəqin ki, hardasa 10-a yaxın şeir, təxminən bir o qədər də essenin üzərində dayanmaq olar.

– Əsərlərinizi xüsusi tənqid edənlər var. Tənqidçilərinizdən kimlər yazdıqlarınızı daha yaxşı anlayır?

P.Neruda:

- Bəli, mənim tənqidçilərim! Tənqidçilər Yer üzündə mövcud olan ən kəskin nifrət və ən kəskin sevgi ilə hər zaman məni kiçik hissələrə bölürlər. Ümumiyyətlə, həyatda da, incəsənətdə də ortaq nüans var – bir nəfər hamını məmnun edə bilməz, biz də tez-tez belə situasiyalarla qarşılaşırıq. Şairin həyatı bunlardan ibarətdir – öpülə də bilər, şillələnə də, qayğı da görər, məhrum da qalar. Məni narahat edən poeziyanın interpretasiyası və müəllifin şəxsi həyatında baş vermiş hadisənin təhrif olunması hallarıdır.

Qismət:

- Şeirlərim haqqında yazılar yazıb və o yazıların hərəsi bir cəhətinə görə mənə doğmadır, o yazıların müəlliflərinə minnətdaram. Mən çağdaş ədəbi tənqidi daha çox esse formasında görürəm. Nəzəri modellər, hazır formullar həmin essenin içində adacıqlar kimi olmalıdı, mənə görə tənqidçinin mətni də şairin, yazıçının mətni kimi yaradıcı olmalıdı. Tənqidçi yalnız özü də yaradıcı olanda, öz mətnini yazanda tam məsuliyyəti ilə şairin, nasirin əsəri haqqında bəlli tonda, bəlli məsafədən danışa bilər. Əks təqdirdə, məncə, o gülməli görünəcək. Çünki istənilən tənqidi mətnin başlanğıc nöqtəsi həmişə yazılmış şeirdən, romandan sonradır, buna görə də tənqidçi öz mətninə elə şair kimi, nasir kimi yaradıcı yanaşmasa, bəri başdan haqqında yazdığı mətnin quyruğunda getməyi qəbul etmiş olur.

– Rus şairlərdən kimləri bəyənərək mütaliə edirsiniz?

P.Neruda:

- Düşünürəm ki, Mayakovski hələ də Rusiya ədəbiyyatında poeziyanın dominant fiqurlarından biri olaraq qalır. Uolt Uitman Şimali Amerikada Sənaye inqilabı dövrü üçün kimdirsə, Mayakovski də Rusiya üçün odur.

Qismət:

- Mən daha çox ingilis, amerikan, fransız, yunan və türk poeziyasını ardıcıl oxumuşam. Rus poeziyasından isə Puşkinin yaradıcılığını demək olar ki, bütöv oxumuşam, tələbəlik illərində bir müddət Mayakovskini, Yesenini, Valeriy Bryusovu, Yevtuşenkonu sevərək mütaliə etmişəm. Sonralar Pasternakın, Brodskinin yaradıcılığı ilə tanış oldum, amma onları sistemli oxumamışam. Yaxın zamanlarda Osip Mandelştamın sistemli mütaliəsinə girişməyi planlaşdırıram.

- Şeirlərinizi həmişə əllə yazırsınız?

P.Neruda

- Bir dəfə başıma yüngül qəza gəlmişdi, barmağım qırıldığı üçün uzun müddət yazı makinasından istifadə edə bilmədim. Həmin dövrdə gənclik vərdişimi təzələdim və əllə yazmağa başladım. Bir müddət sonra barmağım düzəldi, yenidən yazı makinasında işləməyə başlayanda başa düşdüm ki, qələmlə yazdığım hər şey daha təsirli, kövrək alınır, sanki plastik kimi dərhal formasını dəyişir. Yazı makinası poeziya ilə aramdakı dərin intimliyi pozur, məni ayırır, amma əlim sanki məni o dərinliyə daha da yaxınlaşdırır.

Qismət :

- Əksərən qələmlə yazıram, ancaq birbaşa kompüterə də yazmışam. Amma ümumən istər şeir olsun, istər esse, mən sonsuz qaralamalar, planlar, cızma-qaralarla işləyirəm. İstisna halları çıxmaq şərtilə, yaradıcılığı daha çox planlı, rasional proses kimi görürəm. İçində ağlın iştirak etmədiyi emosiya infantillik, içi emosiyadan şikəst ağıl isə pedantlıqdı. Sənə deyim ki, get-gedə poeziya haqqında düşüncələrimdə bəzi şeylər sıradan çıxır, bəzi şeylər isə oturuşur, bərkiyir. Məsələn, get-gedə poeziyanı dil ustalığından daha çox, nəsr əsəri kimi “məsələ”si olan, dili daha sadə, anlatmağın özünün önəm qazandığı bir hal kimi başa düşürəm. Məni bitkin kompozisiyası, güclü vizuallığı olan, ən müxtəlif forma eksperimentlərinə açıq olan poeziya daha çox maraqlandırır.

- İş saatlarınız haqqında danışaq.

P.Neruda:

- Xüsusi iş rejimim, cədvəlim yoxdur, amma əksərən səhərlər işləməyə üstünlük verirəm. Gün ərzində çox şey oxumuram. Daha çox fikirləri, duyğuları və ya daxilimdən fırtınalı yol keçib gəlmiş kimi hiss etdiyim şeyləri yazmağa üstünlük verirəm. Düzdür, hər gün yazıram, amma çoxluğun hücumuna məruz qaldığım anlar az olur, “ilham” məni məmnun, narahat, amma eyni zamanda sakit və boşalmış formada tərk edir. Sonra davam edə bilmirəm. Bundan başqa, yaza bilməsəm də, bu stolda oturmağı, düşünməyi, çox xoşlayıram. Burada oturanda mənə elə gəlir ki, həyatımın, evimin, siyasətin və təbiətin birləşdiyi yerdə oturmuşam. O dünyaya həmişə gəlirəm, həmişə gedirəm. Amma istənilən yerdə yazmaq mənim üçün problem deyil, ətrafda səs-küyün, çoxlu adamın olmasının fərqi yoxdur. Yazanda özümü ətrafdan tamamilə ayrılmış hiss edirəm.

Qismət:

- Daha çox səhərlər, günortaya qədər yazıram, fasilələr verib nəsə oxuyuram, daha çox isə gecələr işləyirəm. Yay fəslində çox da yazmaq əhvalında olmuram, sakit və sərin yerdə oxuyuram. Yazı adətən çap olunan mətn kimi anlaşılır bizdə, amma əgər kitabların ağ yerlərinə, balaca vərəqlərə qeydlər etməyi də yazmaq saysaq, çap olunmayan, hələ mətnə çevrilməmiş qeydlərin sayı daha çoxdur. Bundan əlavə deyim ki, metroda, avtobusda, kafedə bir dostu gözləyəndə davamlı olaraq nəsə oxuyuram və əlimin altında dəftərçəm varsa, o dəftərçəyə, yoxdursa, telefona nəsə qeyd edirəm. Amma axmaq vərdişlərim də var, məsələn, yazanda, ya da oxuyanda hədsiz siqaret çəkirəm. Yazı masamın üstündə həmişə çoxlu kitablar, rəngbərərəng qələmlər, markerlər, bir neçə alışqan, metal külqabı, sərin su, eynəyimi silmək üçün dəsmal olur. Çox da özəl rituallarım yoxdur, amma yazmağa başladımsa, mətnə kökləndimsə, ən xırda səs məni əsəbi edə bilir. Təzədən mətnin əvvəlki aurasına qayıtmaq üçün bir az vaxt keçməli olur, amma get-gedə bunu da idarə etməyi öyrənmişəm.

Zəruri qeyd: P.Nerudanın bu müsahibəsi Elcan Salmanqızının tərcüməsində “Ədəbiyyat” qəzetində dərc olunub.

# 3449 dəfə oxunub

Müəllifin son yazıları

# # #