Lələklə yazan Azərbaycan yazıçısı ilə Kalvinonun dueli

Lələklə yazan Azərbaycan yazıçısı ilə Kalvinonun dueli
2 avqust 2014
# 07:30

“Eyni suallar” layihəsində dünya şöhrətli yazarların müsahibələrində cavablandırdığı suallar azərbaycanlı yazara ünvanlanır. Layihədə hər iki yazarın cavabları təqdim edilir. Budəfəki layihədə İtalio Kalvinonun cavablandırdığı suallar gənc yazıçı Alpay Azərə ünvanlanıb.

Necə yazırsınız? Yəni fiziki akt kimi yazmaq necə icra olunur?

İ. K.: Qələmlə yazıram, yazdıqlarıma düzəlişlər edirəm, bəzən çox düzəliş etməli oluram. Deyə bilərəm ki, yazdığımdan çox düzəlişlər edirəm. Danışanda söz ovuna çıxmalı oluram, yazanda da eyni çətinliklə üzləşirəm. Sonra çoxlu əlavələr, interpolyasiyalar edirəm, çox xırda hərflərlə yazıram. Bəzən hərflər o qədər xırda olur ki, nə yazdığımı anlamaq üçün yazdığımı oxuya bilmirəm, böyüdücüdən istifadə edirəm. İki fərqli əlyazım var. Nəsə köçürəndə və ya yazdığım beynimdə hazır olanda olduqca iri hərflərlə yazıram. Nisbətən həvəssiz olanda, yazdıqlarımı düşünəndə və nələrinsə formalaşmasını gözləyəndə hərflər nöqtə boyda olur. Bunu deşifrə etmək mənim üçün ağırdır. Yazdığım səhifələr həmişə sıraları və kənarları xətlənmiş səhifələr olur. Bəzən o qədər düzəliş edilmiş versiyalar olur ki, onları nömrələyirəm. İlk düzəlişdən sonra, adətən, yazını yığıram, naməlum yerləri aydınlaşdırmağa çalışıram. Yığılmış yazını oxuyanda görürəm ki, kağızdakı əlyazmadan və bu mətnin beynimdəki ilkin versiyasından tamamilə fərqli bir şey alınıb. Yazıda düzəliş etmək məni yorur, bəzən səhifələr oxunmaz hala düşür. Düzəlişə ehtiyac olmadan yaza bilən yazıçılara qibtə edirəm.

A.A.: Ancaq pero qələmlərlə yazıram. Waterman, Parker pero uclu qələmlərim var, onlarla yazıram. Hətta lələkli pero qələmim var, mürəkkəbə batırıb hərdən onunla da yazıram. Mən yazı prosesindən böyük həzz alıram. Müsahibələrimin birində də demişdim, yazmaq – sevgi aktı kimi bir şeydir. Yeri gəlmişkən, yazı prosesinin ləzzəti haqqında “Azərbaycan” jurnalının 2013-cü ilin noyabr ayında çıxan “Yazıçı və arvadı” avtobioqrafik uzun hekayəmdə yazmışam.

Hər gün işləyirsiniz? Yoxsa konkret iş günləriniz, iş saatlarınız var?

İ. K.: Nəzəri olaraq hər gün işləmək istərdim. Lakin hər səhər işləməmək üçün üzrlü bir səbəb kəşf edirəm – evdən çıxmalı oluram, nəsə alıram, hökmən qəzet alıram. Bir qayda olaraq səhərləri səmərəsiz işlərə sərf etməyin öhdəsindən mükəmməl bir şəkildə gəlirəm və bu uğurlu idarəetmə günorta bitir və yazmağa başlayıram. Mən bütün gün işləyən yazaram, amma səhərləri belə ziyan etdiyimdən, “günorta yazıçısı” olmuşam. Gecələr də yaza bilərəm, amma gecə yazanda sonra uzun müddət yata bilmirəm, odur ki, bundan qaçmağa çalışıram.

A.A.: Demək olar, hər gün işləyirəm, heç olmasa yarım, ya bir saat yazıram. Yazılarımı işdən sonra yazıram. Bu il özümə söz vermişdim ki, ancaq həftənin birinci günləri yazım, işdən sonra. İstəyirdim daha çox vaxtımı öz ixtisasıma, - beynəlxalq münasibətlərə ayıram, amma hələ ki, bu rejimə riayət edə bilmirəm.

Bir-birilə əlaqəsi olmayan kiçik ideyalardan başlayırsınız, yoxsa beyninizdə sizi tamamilə əhatələmiş geniş bir konsepsiya olur?

İ. K.: Çox adi bir məsələdən başlayıram, sonra ideyanı genişləndirirəm.

A.A.: Düzü, nadir halda hansısa ideya məni hekayə yazmağa sövq edir. Hekayələrimin əksəriyyəti şəhər mühiti, şəhər məişətiylə bağlı olduğu üçün hansısa mövzu məni qəfildən “tutur”, yolda getdiyim yerdə “yaxalayır”, ondan sonra oturub hekayənin plan-strukturunu yazıram. Beləliklə, ovqatıma uyğun hekayəni yazmağa başlayıram. Hərdən özümü münbit torpağa bənzədirəm, toxum (mövzu) mənə “düşən” kimi cücərməyə başlayır. Mən də başlayıram cücərəni “bəsləməyə”, və meyvənin yetişməsi bir neçə ay çəkə bilər.

Qeydləriniz və kağızlarınızla səyahət edirsiniz?

İ. K.: Bəli, qeydlərimi, əlyazmalarımı çox vaxt özümlə gəzdirməli oluram. Son on ildə, bəlkə də, daha çox, həyatım axarından çıxıb və daha çox məcburi təsiri bağışlayan bir şeyə çevrilib.

A.A.: Qeydlər hekayənin özünün yazılması etdiyim səyahətlərin ayrılmaz hissəsidir. Mən xarici ölkələrdə az olmamışam, xüsusən, Avropada. Hər dəfə harasa uçanda mütləq özümlə iki pero uclu qələm və xüsusi ağlığı ilə seçilən ağ kağızlar götürürəm. Tranzit uçuşlarda aralıq vaxt məsafəsi çox olanda aeroportun kafelərinin birində qəhvə içə-içə yazıram. Təyyarədə də bəzən kiçik həcmli hekayələr yazıram. Uzun səfərlər vaxtı fayldakı hekayələri redaktə etmək üçün notbukumu da özümlə götürürəm. Redaktədən də ləzzət alıram.

Heç darıxdığınız olubmu?

İ. K.: Hə, uşaqlığımda. Amma onu da deməliyəm ki, uşaqların darıxmağı və ya bezməyi bir başqa olur. Bu darıxmaq halı əsasən xəyallarla, başqa yerlərdə xəyalən qurulan həyatlarla, ayrı bir real dünyada yaşamaq hissi ilə doludur. Yaşlılıqda darıxmaq da mənasızdır – indi darıxanda gördüyüm işlər də təkrardır, qeyri-adi nəyinsə olmayacağını anlamaq adamı sıxır. Həm də darıxmağa elə çox vaxt olmur.

A.A.: Ekzistensial darıxmalar olur, təbii ki, elə hamıda olduğu kimi. Buna ötəri hal kimi baxıram, yəni bu cür darıxmalar, mənə xüsusi əzab vermir, deyək Strindberqdə olduğu kimi.

Xəyallarınızın təbiəti haqqında nə deyə bilərsiniz? Freyddən çox Yunq ilə maraqlanırsınız?

İ. K.: Bir dəfə Freydin “Xəyalların interpretasiyası” (“The İnterpretation of Dreams”) əsərini oxudum, tez gedib uzandım. Xəyala daldım. Səhəri gün həmin xəyalı bütün detalları ilə xatırlayırdım, yəni Freydin üsulunu mən uğurla tətbiq edə bildim. Həmin gün inandım ki, mənimlə bağlı nəsə yeni bir dövr başlayır, o gün beynimdəkilərin, xəyallarımın, yuxularımın mənim bilmədiyim sirri qalmamışdı. Bu Freydin mənim qaranlığıma işıq yandırdığı yeganə məsələ idi. Sonra mən əvvəlki kimi xəyal qurdum, yuxu gördüm, lakin mən təbii ki, onları unudurdum. Çox vaxt isə hansı nöqtədən başladığını xatırlamırdım. Yuxularımın təbiətini izah etmək hansısa Freyd analitikini məmnun etməyəcək. Freydin əsərlərin çox oxuyuram, çünki mənə görə o mükəmməl bir yazardır. Yunqun da əsərlərini oxuyuram, o simvollar və mistik işarələr kimi dərin şeylərlə maraqlanan müəllifdir. Amma Freyd qədər mükəmməl yazar deyil. Amma hər ikisinin nəzəriyyəsi və elmi fəaliyyəti ilə maraqlanıram.

A.A.: Xəyallarımın ucu-bucağı yoxdur, xəyallarım olmasaydı yaza bilməzdim. Və ümumiyyətlə təsəvvür edə bilmirəm, xəyal, fantaziya olmadan necə yazmaq olar. Yəqin bu elə bu səbəbdən Prustun itirilmiş vaxta etdiyi xəyal səyahətləri məni cəzb edib. Bir vaxtlar Freyd nəzəriyyəsi ilə də maraqlanmışam.

Oxumaqdan zövq aldığınız yazarlar kimlərdir? Kimlərin əsərləri sizdə dərin təsirlər qoyur?

İ. K.: Tez-tez öz əsərlərimə qayıdıram, gənclik illərimdə yazdıqlarımı yenidən oxuyuram. Stivensonun əsərlərin oxumağı sevirəm, onda qəribə işıq, enerji var. Uşaqlığımın sevimli yazarları Kiplinq, Stendal, Stivenson idi.

A.A.: Oxumaqdan zövq aldığım yazıçılar çoxdur təbii-Prust, Şukşin, Steynbek, Dostoyevski, Çexov. Bizimkilərdən rəhmətlik İsa Muğanna, Əkrəm Əylisli, Azad Qaradərəli və adları indi yadımda olmayan başqa yazıçılar. Prust və Dostoyevskinin əsərləri məndə dərin iz qoyub. Prust mənə zamanın nə olduğunu, zamanın nəhəngliyini göstərib, Dostoyevski öz psixologizmi, həyatın ziddiyyətli tərəflərini.

Zəruri qeyd: İ.Kalvinonun bu müsahibəsi “Kaspi” qəzetində Elcan Salmanqızının tərcüməsində çap edilib. Təqdim etdiyimiz hissələr həmin müsahibədən seçilib.

# 4828 dəfə oxunub

Müəllifin son yazıları

# # #