Kulis.az Fərid Hüseynin şeirlərini təqdim edir.
Gözəl xanımların qocalması...
Nədənsə heç qəbul edə bilmirəm
gözəl xanımların qocalmasını.
Boynunun altında şırım qırışı
dəbli şallar ilə sarımasını.
Qabaran damarlar əlin üstündə
sanki qocalığın xəritəsidir.
Alaca gözlərin altında tuluq –
“Geriyə yol yoxdur” – işarəsidir.
Enib dik dabanın göydələnindən
yastı dabanların zirzəmisinə.
Sözlərə işvəylə zinət vurmurlar,
əda od ələmir səs zəmisinə.
Kənar baxışları sezmirlər daha
itir duyumları, itir hissləri.
Hamımız bir bezin qırağıyıqmış, –
daha ayırmırlar yaxşı-pisləri.
Boyasız dırnaqlar qalınlaşaraq
hamısı qayıdıb öz rənglərinə.
Min cür saç rəngindən qisas almaqçün
yaxşı fürsət düşüb ağın əlinə.
Çoxdan xəyal kimi çəkilibdirlər
bir vaxt hər görüşə gül gətirənlər.
Qocalar evində nərd oynayırlar
masaya haçansa ləçək səpənlər.
Hərdən cavanlığı salaraq yada,
şaqqanaq çəkirlər yenə ucadan.
Ürəkdən gəlməyən gülüş tez sönür
sanki sısqa tüstü çıxır bacadan.
Töküb şəkilləri qarşılarına
bəzən özlərinə çəkirlər həsəd.
İtmiş gözəlliyi kim xatırlasın?
Qocada yaddaş yox, cavan nabələd.
Qocalıq azadlıq verir onlara.
gözəllik məhbəsmiş, gözəllər məhbus.
Bugünkü ağ saçlı qadına baxsan
dünənini düşün! Əfsus, səd-əfsus...
Yuxusuzam, yuxusuzam, İlahi
Yataq dustağıydı atam çoxdandır,
səhhət böhranları kəsdi kələyin.
yanından bir an da ayrılmadım ki,
bəlkə, az yaşımla, uşaqlığımla
axır utandıram zalım fələyi.
Səhəri açmaqdan mən dirigözlü,
ölüm əzbərimə döndü – şifahi.
yuxusuzam, yuxusuzam, İlahi.
Öldü atam, əl götürdü dünyadan,
əcəl gəlib öz payını apardı.
İntizarım yollara cığır saldı
atı öldü xoş soraqlı çaparın.
Mənsə onu ha gözləyə-gözləyə
pərdə kimi sıyırmışdım sabahı.
Yuxusuzam, yuxusuzam, İlahi.
Mən məhbusdum dörd divar arasında
saat yatdı, əqrəbləri lilləndi.
Elə susdum, elə susdum, Xudaya
sükutumdan bütün lallar kefləndi...
Yamsıladım göz qırpmayan Allahı.
Yuxusuzam, yuxusuzam, İlahi.
Çatdı axır səadətin növbəsi –
mən sükutu qovdum evdən, eşikdən.
Gah ağlayır, gah kiriyir, gah dinir,
oğlum yatmır, – səsi gəlir beşikdən.
Öləziyir daha yatmaq tamahı...
Yuxum gəlmir, yuxum gəlmir, İlahi...
Heyf... Çox heyf...
Çatırlar dostlarım arzularına –
olurlar vəzifə, məzhəb yiyəsi,
Şeytan şərqiləri oxumaqdansa
gün gəlir çoxunun kəsilir səsi.
Mənsə soruşuram onlardan indi:
Buydumu, buydumu, istədiyiniz?
Soxulub min yerə, girib yüz dona
arzuya çatmaqla cəzalanırlar.
Vicdan zirvəsindən təpəsi üstə
riya dərəsinə yuvarlanırlar.
Mənsə soruşuram onlardan indi:
Buydumu, buydumu, istədiyiniz?
Haramı min yerdən parçalayaraq
didib-didişdirib aslanlaşırlar.
Efirdə, ekranda, səhifələrdə
hamıdan ucada yalanlaşırlar.
Mənsə soruşuram onlardan indi:
Buydumu, buydumu, istədiyiniz?
Birisi geyinir “dövlət” niqabın,
o biri bürünür “din” libasına.
Üzdən abır-həya çəkilib gedir,
bədən dönür ruhun xarabasına.
Mənsə soruşuram onlardan indi:
Buydumu, buydumu, istədiyiniz?
Baxıram sizlərə, heyifim gəlir,
Baxıram güzgüyə, heyifim gəlir,
Bəsirət bağlanıb, dilimizsə lal:
Həm sizə, həm mənə aiddir sual:
Buydumu, buydumu, istədiyiniz?
Buydumu, buydumu, istədiyimiz?
Onurun şeiri
Paytaxt ayağıyla tələsir hamı:
Biri kefə qaçır, biri kinoya,
Qarışqa səfinə düzülüb indi
Mən də yollanıram isti yuvama.
Şeytan üzərimə torun atmamış,
Evə çatmalıyam oğlum yatmamış.
Qədəh gecələri çağırır məni,
Nəfsin üzü gülür telefonumda.
Birisə yarımçıq arzularına
Nöqtə təklif edir günün sonunda.
Razılıq qanına əlim batmamış,
Evə çatmalıyam oğlum yatmamış.
Sədd aşantək aşıb işıqforları
Bəxtimi tıxacda hər gün söyürəm,
Evə gecikəndə zəngi basaraq
Ən dadlı röyasın yarı bölürəm.
Şirin yuxusuna haram qatmamış,
Evə çatmalıyam oğlum yatmamış.
Baxıram yataqda yatmış uşağa,
Görürəm üzündə gülüşü yatıb,
Dodaqlar aralı, uzalı qalıb,
Mənə pay olmayan öpüşü yatıb.
Peşmanlıq günümə zəhər qatmamış,
Evə çatmalıyam oğlum yatmamış.
Təftişnamə
Dərs vermək riyasın qoymuram yaxın,
Çoxdandır öyüdlü nəğmə çalmıram
tarix təkrarların rəqsidir, – baxın.
nəticə çıxarmır, ibrət almıram.
Uçulur saraylar, dağılır yurdlar,
silinir ən əziz günlər yaddaşdan.
Əbədiyyət şövqü çəkdirir avar –
fanilik qərq olur ani təlaşdan.
Bu bilgi dünyası, xəbər əsrində
nə bir zindanban var, nə də ki, dustaq.
“Yeddi qapısı açıq” labrint qəsrində
qarışqa tükücən azadıq ancaq.
Dəm vurma şöhrətdən, nə ad, nə namdan
tarixin nəmindən əsrim kiflənib.
Qardaşlar qanıyla dolu bu camdan
sülhün göyərçini içib, keflənib.
Nə qəbir nişanə qalacaq, nə söz,
su üstünə yazır hər şeyi qələm,
Sürət əsri – ömür yeyən bir acgöz
tələsmək ipinə bağlıdır tələm.
Çox haqq bir nahaqqın içində azıb
Yanlışdı deyilən, qələtdir hesab.
“Bütün cümlələri təzədən yazıb”
bütün hesabları ən başdan sayaq.
Ərşin düyünündən zaval sallanır,
alimlər aludə bəla vəsfinə.
Sürətə uymaqla calaq olunur
nəfs ağacımız əsrin nəfsinə.
Qədir gecəsitək susmaq istədim
dindirdi sükutu səs tamahkarı.
əlimi ruhuma basmaq istədim
pozuldu zikrimin nizam qatarı.
Gözəllik çoxdandır timsalımızda
riya dayağına bərk zəncirlənib
əfsus, surətpərəst xəyalımızda –
şeytanın üzündə şər bədirlənib.
Baqi bədəl
Açarlar verir hesabat
kilidləri kiridikcə.
Şam boynudur miskin həyat
qalınlaşır əridikcə.
Qaliblərsə sıralanıb
bir ağ yaylığın fonunda.
Təcrübələr xırdalanır
sınıq ayna şablonunda.
Quş sükutu dimdikləyir
yorğun heykəl kölgəsində.
Hamı bir dəfə səsləyir,
Azan isə sonsuz dəfə.