Əsərləri məhv olmuş şairin qara xəbəri

Əsərləri məhv olmuş şairin qara xəbəri
10 oktyabr 2023
# 15:00

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseynin doğum günüdür.
Fərid Hüseynin bu həftədən etibarən "Kulis"də “Ədəbiyyatımızın kədərli dəqiqələri” adlı yeni silsilə yazıları yayımlanacaq.
Şairin doğum gününü qutlayır və adıçəkilən rubrikadan ilk yazısını təqdim edirik.


Biganəlik zəlzələsi...

1918-ci ilin 11 iyulunda Abbas Səhhət sükut evinin əbədi qonağı olmuş – bu dünya ilə vidalaşmışdı. O zamanlar ölkəmizdə qarışıqlıq idi, Azərbaycan Xalq Cümhuriyyəti hələ kövrək addımlarını atırdı, ermənilər Bakıda və digər bölgələrdə millətimizə qan uddururdu. Bir sözlə, ara qarışıb, mənsəb itmişdi.


Abbas Səhhətin ölümündən artıq beş ay ötmüşdü, amma bu acı xəbər nədənsə o dövrün mətbuat səhifələrində yer almamışdı. Bu matəmdən ancaq şairin yaxın çevrəsi xəbərdar idi, ədəbi-ictimai mühitdə isə yazan qələmlər nədənsə susurdu.

Hərənin öz canının, qayğılarının hayında olduğu vaxtlarda ömrünü millət yolunda şam kimi əridən bir insanı – Abbas Səhhəti yad edən yox idi. Məhəmməd Hadi isə bütün mahiyyəti ilə bu itkinin fərqində idi. Mən indi Hadinin susan qələmlər, Abbas Səhhətin ölümünə qarşı biganələr barədə düşündüyü anı xəyal edirəm. Yəni Hadinin dostu, həmkarı Abbas Səhhətin aylardır ki, yad edilmədiyini anladığı və qəlbən bu acıya yandığı dəqiqəni. Həmin anı, həmin dəqiqəni ədəbiyyat tariximizin ən kədərli dəqiqələrindən biri hesab edirəm.

Axı Səhhət hələ sağlığından gələcəyindən duyuq düşüb özünü tapşırırdı: “Yad et məni, qaibanə yad et”. Bəlkə, Səhhəti qaibanə, öz qəlbində yad edənlər vardı, amma bu cür mötəbər bir zatı, qüdrətli qələm adamını sadəcə qəlbinin bir küncündə xatırlamaq olardımı?

Yaşa, yarat, əlindən gələni xalqından əsirgəmə, axırda da, lal-dinməzcə, varlığınla yoxluğuna heç bir fərq qoymayanların arasından köçüb get dünyadan. Səhhət buna layiq idimi, yoxsa biz onun payını bu sayaq unutqanlığımızla verirdik?

Bəs həmin dövrdə bütün ədəbi-elmi aləmin ustad kimi qəbul etdiyi Abbas Səhhəti xatırlayan yox imişsə, sabah Məhəmməd Hadinin dünyadan köçməsini kim biləcəkdi? Hadi Səhhətin unudulduğunu düşünərkən, görünür, həm də öz gələcək aqibətini göz önünə gətirirdi. Qorxduğu elə başına gəldi. Hadinin, məzarı belə uzun onilliklər itkin düşdü, qaibanə yad edilmək Abbas Səhhət kimi onun da alın yazısı oldu.

Qayıdaq o kədərli dəqiqəyə və bunları xəyalımızda canlandıraq; Abbas Səhhət ölüb, aradan beş ay keçib bu qara xəbər yazan, başsağlığı ilə kədərini bölüşən kimsə yoxdur. Nəhayət, Məhəmməd Hadi “Azərbaycan” qəzetinin 1918-ci il 18 noyabr sayında bu qara xəbəri xalqla bölüşür. Hadinin o məqaləsi sanki pəncərə önündə dayanıb xalqa baxan birinin nöqteyi-nəzərindən yazılıb...

Fərz elə, Hadi dayanıb pəncərə qabağında küçədən də Səhhətin ölümündən bixəbər adamlar bivec-bivec öz qayğılarının dalınca gedirlər. Hadinin bu acı həqiqətin fərqinə vardığı an ədəbiyyatımızın ən kədərli dəqiqələrindən biridir.
Hadi həmin məqalədə həm də ona yanır ki, Səhhətin ölümünə məhəl qoymayanlar onun ədəbi irsinə sahib çıxacaqlarmı, onun yazıb çap etdirmədiklərinin aqibəti necə olacaq? Sonra sual edir ki, yoxsa Şirvaninin böyük faciəsində yanıb kül olan sərvətlər kimi onun da qələm bəhrələri, yaradıcılıq sərvəti odlara qərq oldu?

Bəli, Səhhətin nəşrinə nail olmadığı əsərlər zəlzələdən it-bat olub gedib. Onun yazılarının itməsinə Şamaxı zəlzələsi, ailəsinin ardıcıl yaşadığı faciələr bais olub. Ən böyük tərpəniş isə Şamaxıda yox, bizim mənəvi aləmimizdə olub, ən böyük dağıntılar da elə orada baş verən zəlzələ olub: Biganəlik, Soyuqqanlılıq, Vecsizlik, Başdansovduluq, Əhli-keflik zəlzələsi...

# 2480 dəfə oxunub

Müəllifin son yazıları

# # #