Etimad BAŞKEÇİD
Bu günlərdə Tural Balabəylinin sualını cavablandırarkən demişdim ki, «Yarımçıq əlyazma»da Şah İsmayılın guya aşağılanması ilə bağlı Əsəd Cahangirin dediklərini sadəcə «savaş ritorikası» kimi qəbul edirəm və onun bundan irəliyə gedəcəyinə inanmıram. Çünki XXI əsrdə bir tənqidçinin yazarı bu şəkildə məhşər ayağına çəkmək istəyi, özü də bunu yüksək ranqlı dövlət məmurunun məqaləsinin «tezisləri əsasında» həyata keçirmək cəhdi mənə inandırıcı gəlmirdi. Üstündən bir neçə saat keçməmiş Əsəd bəlli açıqlamalarda bulundu və mənim təxminlərimi alt-üst etdi…
Dünyanın bir çox ölkələrində çap olunmuş, həm Azərbaycanın, həm də xarici ölkələrin mətbuatında önəmli fikir adamlarından çoxlu müsbət rəylər almış populyar bir romanın illər sonra sosrealizm tənqidi üslubunda təftiş edilməsi heyrət doğurur.
Mən «tarixi şəxsiyyət» və «bədii obraz» mövzusu ilə bağlı hər kəsin bildiyi adi həqiqətləri təkrarlamaq istəmirəm. Bircə misal gətirəcəyəm – Napoleon Fransa və dünya tarixində hansısa alleqorik fiqur deyil, tamamilə real tarixi şəxsiyyətdir. XIX əsr Avropa ədəbiyyatını Napoleon obrazı olmadan təsəvvür etmək mümkün deyil. Napoleon əfsanəsi ilə bağlı tarixi anekdotlar, memuar ədəbiyyatı, siyasi pamfletlərin də sayı-hesabı yoxdur. Və bu əsərlərin mütləq əksəriyyətində heç bir tarixi həqiqət gözlənilmir, həmişə süjet və interpretasiya müəllif doktrinasına uyğun qurulur. «Tanrı elçisi, Müqəddəs Yelene adasında çarmıxa çəkilmiş yeni Prometey, quldur, Korsika adamyeyəni, şeytan, cəhənnəm zəbanisi və s. və i a.» - bütün bunların hamısı fransızların tarixi dəyəri olan Napoleonun adını «bəzəyən» epitetlərdir. İndi gəlin görək, hər hansı fransız tənqidçisindən bu müəlliflərin ünvanına Əsəd Cahangirin səsləndirdiyi tərzdə hər hansı bir ittiham olubmu?
Mən hələ Avropanın başqa imperator evlərinin nümayəndələrinin ədəbiyyatdakı obrazlarından danışmıram.
Sizə elə gəlmirmi ki, avropalılar elə ona görə avropalıdırlar?
“Yarımçıq əlyazma”da Şah İsmayıl hər hansı şəkildə aşağılansaydı, yenə dərd yarıydı. Amma bu azmış kimi Əsəd hətta mifoloji obrazların ədəbiyyatda necə, nə təhər yer almalı olduğunu da göstərməyə qalxır. Bunu artıq hərbə-zorba kimi qiymətləndirməmiz mümkün deyil.
Deyirəm, şükür ki, indiki vaxtda bir Azərbaycan yazarının (bu, Kamal Abdulla olmaya da bilərdi) adresinə səslənən bu tipli ittihamlardan xarici mətbuatın xəbəri yoxdur. Bizim ədəbi mühitimiz, Yazıçılar Birliyimiz (Əsəd orada jurnal redaktorudur), tənqidçi cameəmiz, insanlarımız kənardan necə görünərdi?
Biz hansı zəmanədə yaşayırıq?
Əsədlə bəlkə pudlarla çörək yemişik, könül istərdi ki, bu onun sadəcə yanlışlığı olsun, xarakterinin göstəricisi yox. Mən Əsədi «məqsəd vasitəyə haqq qazandırır» şüuru ilə yaşayan insan kimi təsəvvür etmək istəmirəm.
Onu Y. Elsberq, N.Lesyuçevski, V.Yermilov, R.Samarin, A.Safronov və b. kimi öz nəfi naminə özünün qələm yoldaşlarını şərləyən, üzünə duran, tutduran və bunu mili və dövlət maraqları ilə pərdələyən adam kimi görmək istəmirəm ədəbiyyatımızın tarixində.
İnsan insanla küsüşər də, barışar da, amma hər şeyin bir üsulu və təhəri var. Ədəbiyyat qaydasız döyüş səhnəsi deyil, olmamalıdır.
Bu zəng hamımız üçün səslənir, dostlar, elə Əsədin özü üçün də!