Kitabları geri vərəqləsək, ən qədim qaydayla desək, söz hissin görünən dünyadakı adıdır. Bütün adlar kimi şərtidir, dəyişkəndir. Sözlərlə oynamaq çox maraqlıdır, ancaq oyun kimi maraqlıdır. Poeziya kimi necə?
Hər söz bir və ya bir neçə enerji daşıyır, impuls ötürür. Həmin hislər oyuna gətiriləndə nizamsız şəkillərə düşür, sözə onun ilkin anlamında olmayan hərəkətlər və təyinlər yüklənir. Sonda ortaya bir “bina” çıxır. Materialları sağlam, inşası yanlış. Hətta, binanın giriş blokunun ikinci mərtəbədə olmağı da memarlıq yeniliklərindən sayıla bilər. Ancaq orada yaşamaq nə qədər rahat və doğrudur? Elə ki binadan içəri girdiniz, buranın qəribəliyi sizi çəksə də binanın yaşamaq üçün olmadığını görərsiniz. Söz oyunları kimi. Yaşantısız, bəzəkli və yanlış. Yalnız cəlbedici…
Adətən, poeziyadan uzaq, yaxud hadisələrin batinini düşünməyən insanlar söz oyunları üzərində qurulan şeirləri sevirlər. Onlar sinələrindəki dağdan gül dərməyin həqiqiliyinə inananda, hisslərinin saxta olmadığına dəlil tapırlar. Ancaq onların hisləri həqiqi ola bilər, sığındıqları isə saxta və puçdur. Sözün oyun tərəfi də elə bəlkə budur. Poeziyanın oyun cəbhəsində illuziyalarla duyğularına təsdiq tapan romantiklər heç vaxt həmin şeirin mətbəxinə girmək istəməzlər. Ordan yanmış yemək qoxusu gəlir.
Kitabları irəli vərəqləsək, yeni qaydalarla söz oyunlarını tərcümə etsək, adlandırmanın şərtliyi gözə girər. Babalarımızın yaratdığı frazeoloji birləşmələrin üzərində əsə-əsə dayanan söz oyunlarının bir tərcüməlik canı var. Axı söz hislərin ifadəsi idi, hislər tərcümə olunanda itməz ki… Deməli.
Adətən, bu gurultulu söz oyunlarında yaşantı olmadığı üçün ondan yalnız sığınacaq kimi istifadə edirlər. Hətta yaşantı deyəndə belə dəhşətli itkilər, ayrılıqlar, uzaq səyahətlər gəlir ağıla. Bu da ayrı bir kütləvi, ədəbi dərddir. Həyata həm də onun adiliklərinə görə hörmət etmək lazımdı. Brodski belə deyirdi. Oyun və yaşantı paralel xətlər kimi olmalıdır. Həmid Herisçinin yazdığı kimi:
“Ağlamağa gəlincə, birinci həmişə insan ağlayır
Sonra bütün yerdə qalanlar…”
“Yerdə qalanların ağlamağı” ilə söz oyununun çox gözəl nümunəsini yaradıb. Bu misraların təməli doğru və möhkəmdir. Alt qatı var. Həqiqidi, poeziyadı. Hətta, indi düşündüm ki, şeirdəki söz oyunun alt qatının olmağı onu oyun statusundan çıxara da bilər. Göz boyamalar bitdi. Çeslov Miloş dediyi kimi:
Bicliyində-dərdlilik, arsızlığı-gülməli
sonuncu tayfayıq biz.
Artıq bizim sözləri hərfi qəbul etməyə
bacarığı yetəcək ciddi nəsil yetişib.