Mənə gecikən adam... - Elnaz Eyvazın şeirləri

Mənə gecikən adam... - Elnaz Eyvazın şeirləri
18 iyul 2023
# 17:00

Bu gün şair Elnaz Eyvazın doğum günündür.

Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.

***

Gedirsən get,
nə deyim...
Əllərimi oxşayan,
əllərini ver və get.
Dalınca ağlayanda
gözlərimi siləcəm
barmaqlarınla sənin,
Silmə,
gözlərim aydın...
Bilirsənmi, nə qədər
çəkilməyən yükü var
gözünü yaşlı qoyub
yarıyolda gedənin?!
Axı hardan biləsən,
qalan mənəm, gedən sən.
Bilmə,
gözlərim aydın...
Qollarım arasında
bir köynək tər tökməyin,
bir qismət ölməyin var -
həyatdır da, əcəlin
dolanıb gəlməyi var -
bir də haçan gələrsən?
Sən bir də öp üzümdən,
ümidini üzmə get.
Eybi yox... mən ölərəm,
xəyalının dizində.
Ölmə,
gözlərim aydın...

***

Güləsən çoxdankı kimi,
səsinə quşlar sevinə.
Qəhqəhən sevinc çiləyə
kasıb qonşunun evinə.
Yenə elə sevinəsən,
sevincindən ağlayasan.
Yenə də xəyala dalıb
gözlərini bağlayasan.
Gözlərin də elə gülə
haçansa güldüyü kimi.

Hərənin öz bəxt payı var -
Tanrının bildiyi kimi,
sənə də düşən budu, bu.
Neynəyəsən... çək başına,
bir qoşa ovuc sudu bu.
Bəxtinin üzünə gülüb
son dəfə ümid edəsən
haçansa xoşbəxt olmağa.
Başından bəri çəkdiyin
yükləri atıb gedəsən...

Deyəsən: "Arxayın olun,
hələ yüz il yaşayacam,
Allah özü deyib mənə,
deyib ki, öldürməyəcək,
hamını sevən Qadını..."
Aldadıb yaxını-yadı,
gözünə kül üfürəsən,
edəsən son küfürü sən...
Gözləyəsən gecə gələ,
qarşılayıb gülə-gülə
gecəni də aldadasan.
Hamını yuxuya verib
girəsən sözün qoynuna.
Öpüb sözün dodağından
kəlmə-kəlmə sevişəsən,
heç kəs də mane olmaya...
Ürəyini boşaldasan,
sözə də borcun qalmaya.
Ən gözəl şeirini yazıb,
son dəfə yatıb gedəsən...

***

Hər yerə baxmışam,
yoxam daa, yoxam!
Heç yerdə gözümə
dəymirəm axı.
Sən Allah, zəhmətdən keçib,

bir Sən də
özünə yaxşı bax, çıxıb gedəndə
məni də özünlə apamısan e,
Allah insafını kəsməsin, Adam.
Həmişə özümü aldatmışam mən,
indi tapmıram ki, bir də aldadam...

***

Taledir də... nə çox bundan betəri,
kim dəyişər Tanrı yazan qədəri?!
Gözlərimdə it gözünün kədəri
bir ömürdür sevə-sevə çəkirəm...

***

Getmək -
dünyanın ən asan işidir:
nə var ki: bir kəndir, bir masa.
Əlbəttə,
ürəyin ayaqlarından sallaşmasa...

***

Daha baxmıram yollara,

Bilmirəm,

gözləmək nədir?
indi bütün qatarlar
Depoya gedir...

***

Sən uzaqdan gəlmisən,
ömrümün o tayından,
yadına gələr gülüşlərim.
Mən sevmək,
sən getmək hayında -
yol ayrıcında ölən qızam,
soyuqluq bir şey yoxdur,
əllərimdən üşümə,
bütün ölülər kimi bumbuzam...
Yadına gələr, baxanda
gözlərimdəki işıq
yoluna düşərdi.
Onda bir özüm idim - sən qarışıq,
sən getdin,
əzab gəldi,
oyun oynadıq xeyli,
hələ də heç-heçəyəm...
İndi para-parayam,
sayımı itirmişəm.
Sən say gör, mən neçəyəm?
Yollar çəkilib ömrümüzün ayaqları altına,
düppədüz -
şütüyüb gedirik.
Özüm ayırd edə bilmirəm,
sənə baxıram ki, görüm
qocalmışam?!
Sən lap uzaqdan gəlirsən,
bax gör ölmüşəm,
qalmışam?!

Bəlkə, ovuna bildim,
bax, mənə bir xəbər de...
Hər nə olsa, xəbərdi.

***

İkimiz də qorxduq:
mən səni itirməkdən,
sən günaha batmaqdan...
Sən cənnəti seçdin,
mən cəhənnəm yaşadım.
Sən huriləri xəyal edəndə,
mən
ürəyimdə qır qazanı daşıdım...

***

Qal və
bircə ümid ver,
bax burdan qapıyacan.
Sən sev məni,
mən özüm
birtəhər yaşayacam...

***

Səhər
Günəşi gördüm:
əllərimdən öpüb üşüdü...

***

Mən-
Sənin sevgini daşıyan qataram;
gecikə bilərsən, tələs.
Mənzilbaşına vaxtsız çataram,
ürəyini kimə açarsan bəs?!

***

Yığışın, keçin içəri,
gözlərim:
yollar uzun, ömür qısa,

hava sərt.
Qaranızı heyif etdim
mən namərd...

***

Hamını aldadan
payız günü kimiyəm:
Günəş işıldayır,
amma soyuqdur...

***

Elə qəribsəmişəm,
yenə yoxam özümdə.
Yenə göz yaşım kimi
düşüb hər şey gözümdən...

***

Bütün pislikləri,
ağrıları
bircə telinə
bağışladım, qızım.
Sən - insanın doğduğu işıqsan,
mənim dan ulduzum...

***

Adın
dilimin ucunu göynədir,
başqasının
payını yemişəm nədir?!

***

Getmək getməkdir,
Adam;
ölüb getdin,
gedib öldün -
nə fərqi var.
Xəbərin olmur,
qalanlar
nə çəkir səndən sonra...

***

Gəl e, gəl,
xoş gəlmisən,
mənə gecikən Adam.
Yola obaşdan çıxıb,
yenə gecikən Adam.

Bilsən nə qədər öldüm,
sənsiz-sənsiz, a zalım.
İndi durub gəlmisən,
yoxdu arzum-amalım.

Əllərimi uzatdım
yollarına boş yerə.
Elə bildim göydəsən,
yalvardım ki, düş yerə.

Gözlərimi dalınca
neçə kərə yolladım.
Hər gecə dua edib
bir səhərə yolladım.

İndi durub gəlmisən,
gəl e, gəl... nə deyirəm.
Sən dedin, mən dinlədim,
mən də sənə deyirəm.

Ömrü yarı etmisən,
ağartmısan telini.
Sən Allah, harda gördün,
belə gözəl ölünü?

Qoy bir söz də soruşum,
kişi kimi düzün de.
Məni yada verəndə,
ağrımadın özün? De...

# 2104 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #