Dedin, özünə yaxşı bax / Ha baxdım, səni gördüm... – Yeni Şeirlər

 Dedin, özünə yaxşı bax / Ha baxdım, səni gördüm... – Yeni Şeirlər
17 iyul 2019
# 15:27

Kulis.az Elnaz Eyvazın yeni şeirlərini təqdim edir.

Gözlərim
yol çəkir ki, Sən,
gələndə
büdrəməyəsən...

***

Necə ki pişik balasını
dişində gəzdirir,
elə gəzdirirəm
canımı, dost...

***

Dedin, özünə yaxşı bax.
Ha baxdım, səni gördüm...

***

Bir ovuc xatirəm var,
bölüb-bölüşmədiyim.
Gözləmək necə olur,
yüz il görüşmədiyim?
Səbəbini bilmədən
ömür boyu darıxdım.


Ömrümün laçın çağı
səni yada buraxdım.
İllərin uzağından
alıb gətirdin məni.
İndi quru xəyalam,
bir kəs itirdin məni.


O məndən nə qalıb ki?
Başdan-başa xatirə.
Bu qədər sevdiyini
adam necə itirər?
Səhəri dirigözlü
açdım, Günəş çıxmadı.


Necə oldu əllərin
göz yaşımı silməyə
bir kərə darıxmadı?
İndi əllərin də boş
tumar qalmayıb mənə.
Mənim tumar payımı,
vermisən özgəsinə...

***

Nə qədər uzun olur, olsun:
əl boyda kəndirlə
ölçüləcək qədərdir ömür...

***

Nərgiz fəslində
daha çox üşüyər əllərin,
nərgiz qoxulu qadın...

***

Hamı gedir -
gec-tez.
Kimi öz ayaqlarının,
kimi də
özgə çiyinlərinin üstündə...

***

Gözlərimin çəkdiyi yollar
getdiyim yollardan
uzun gələr...

***

Qalxanda təngnəfəs olmuşdular,
düşəndə zəhmət olmadı
gözümdən düşənlərə...

***

Çiynin
hansı təkbaşınanın
ümid yeridir görən...

***

Saatın kəfgirindən tutub
özümə bir pay da
ömür çəkmək istəyirəm...

***

Axşam düşür,
hamı evinə tələsir.
Pəncərəyə qaçıb
səni evinə aparan vaxta boylanıram...

***

Adamlar
ayrı-ayrı damların altında yatanda
daha çox bir olurlar:
bir yerdə olmaq istəyi
qoymur ayrı olmağa,
yoxsa nə var ki ayrılmağa...

***

Səhər
Günəşi gördüm:
əllərimdən öpüb üşüdü...

***

Mən -
Sənin sevgini daşıyan qataram;
gecikə bilərsən, tələs.
Mənzilbaşına vaxtsız çataram,
ürəyini kimə açarsan bəs?!

# 3442 dəfə oxunub

Müəllifin son yazıları

# # #