Ərini qətlə yetirmək xəyalları ilə yaşayan qadın - Hekayə

Ərini qətlə yetirmək xəyalları ilə yaşayan qadın - <span style="color:red;">Hekayə
7 may 2018
# 21:00

Kulis.az şairə Elnaz Eyvazlının "Qadın" hekayəsini təqdim edir.

Çaydanı qazın üstünə qoyub yataq otağına keçdi. Qapının astanasında durub yatmış ərinə baxdı. Ərinin otağı başına götürmüş fısıltısı qadını vahiməyə saldı. Ona elə gəlirdi ki, əri qəfil gözlərini açıb üstünə atılacaq. Əvvəl var gücü ilə sifətinə bir şillə endirəcək, dilini dişlərinin arasında sıxıb yumruğunu düyünləyəcək və aşağı endirmək qorxusunu bir neçə saniyə ona yaşadacaq, ancaq endirməyəcək. Həmişə belə edirdi, elə bil qadının qorxu ilə altdan yuxarı ona baxıb: “Nə istəyirsən məndən?” – deyə yalvarmasından ləzzət alırdı. Sonra qadın taqətdən düşüb dizləri üstə yerə çökəcək. Bu dəfə də əri bir təpik ilişdirib: “Qalx ayağa, artistlik eləmə,”- deyəcək. Qadın boğula-boğula ağlayacaq.

Bütün bunları dəfələrlə yaşayan qadın indi arzu edirdi ki, əri heç vaxt yuxudan ayılmasın. O, hələ də bu adamla niyə evləndiyinin səbəbini aydınlaşdıra bilmirdi. Əvvəllər Qadına elə gəlirdi ki, onsuz yaşaya bilməz. Ancaq toylarından cəmi bircə həftə sonra həyatında ilk şilləni dadanda ağlamaq, qışqırmaq əvəzinə, sakit-sakit maraqla tavana baxıb gözünə görünən ulduzları izləyəndə səhvini anladı. Bəlkə də, Qadın onu sevmişdi, baş verənlərsə onun fikrilərini alt-üst edir, yanıldığını düşünməyə məcbur olurdu. Hər dəfə əri ilə üzbəüz oturanda gözlərini ondan çəkmədən düşünürdü:”Sən mənim həyatımın ən böyük səhvisən”. Əri isə hər gün Qadının bu qənaətinə haqq qazandırırdı.

Gündüzlər evdə tək qaldığından düşünməyə doyunca imkanı olurdu. Bütün günü ürəyində o qədər danışırdı, hərdən ona elə gəlirdi ki, dəli olur. Tələsik cumub pəncərəni açır, ciyərdolusu nəfəs alır, gözlərini yumub bir qədər belə dayanandan sonra özünə gəlirdi. Var gücü ilə çığırmaqdan özünü zorla saxlayırdı.

Hərdən ərinin: ”Xoşbəxtsən?” – sualına verdiyi cavabın əzabını çəkirdi. Axı nə vaxta qədər yalan danışacaqdı, nə vaxta qədər bu əttökən suala yalandan:”Hə,” – deyib gözlərini gizlədəcəkdi?!

...Qadın barmaqlarının ucunda ərinə yaxınlaşdı. Əyilib diqqətlə üzünə baxdı. “Yox, bunun əcəli mənim əlimdə tamam olacaq. Özü də bu gecə. Sən sabahı görməyəcəksən”. Öz-özünə ürəyindəkiləri dilinə gətirdi. Öz pıçıltısından özü diksindi. Ərinin belə möhkəm yatması onu daha da ürəkləndirdi.

Gözünə heç nə görünmürdü. “O ölər, məni də həbs edərlər, uşağı da uşaq evinə... Vaxt tez keçir. Çıxaram, sonra gedib uşağımı alaram hökumətdən. Baş-başa verib qalan ömrümüzü yaşayarıq”. Əlindəki bıçağın dəstəyini var qüvvəsilə barmaqlarının arasında sıxdı...

***

Səhərə az qalırdı. Ərindən hələ də səs-soraq yox idi. İşıqları söndürüb yatağına girdi. Yerinin içində bir xeyli vurnuxdu. Yata bilmədi ki, bilmədi. Ayağa qalxıb xalatını əyninə keçirdi. Pəncərəyə yaxınlaşdı. Bayırda darıxdırıcı sükut vardı. Qarşıdakı binada tək-tük evlərdən işıq gəlirdi. Yuxunun bu şirin vaxtı kim idi oyaq?! Geri, qapıya sarı boylandı. Dəhlizin vahiməli qaranlığı gözlərinin qarasına qarışdı. Birdən bədəninə murdar bir üşütmə gəldi. Elə bildi ki, kimsə qapının astanasında dayanıb ona baxır. Qarnının altından küt bir ağrı tutdu. Bu ağrı, qorxusunu yadından çıxardı. Taxtın qırağında oturdu, qarnını qucaqlayıb ikiqat oldu. Sanki evdə tək olmadığını, bətnindəki körpənin də bu hissləri, qorxunu onunla birlikdə yaşadığını indi başa düşdü. Elə bu vaxt evin qapısı astadan döyüldü. Qadın qəfildən ayağa qalxdı. Qarnının içi göynədi. Bayaq canına üşütmə salan qaranlığı unudub tələsik özünü dəhlizə atdı ki, qapının döyülməsini qonşular eşitməsin. Astadan:

- Kimsən? – dedi.

Əri güclə eşidiləcək səslə:

- Mənəm,- deyə cavab verdi.

Qadın tez qapının cəftəsini çəkdi. Heç nə olmamış kimi özünü içəri salan ərinə narahatlıqla:

- Hardasan? -dedi, - Səhər açılır.

Əri heç halını pozmadan:

- Uşaqlarla çayxanada oturmuşduq, noolub ki? – deyə suala sualla cavab verdi.

- Heç nə olmayıb, nigaran idim. Dedim, görəsən, başına nə gəldi?!

Əri birbaşa yataq otağına keçib paltarını soyundu. Özünü guppultu ilə taxtın üstünə salıb gözlərini yumdu, qollarını yana açaraq:

- Gəl yanıma, - dedi.

Qadın xalatını çıxara-çıxara:

- Səhərdən evdən çıxansan, bir demirsən ki, birdən sancım-filan tutdu, mən neynəyəcəm? Heç soruşmursan, necəsən?

- Görürəm ki, yaxşısan da.

- Bəs birdən...

- Yaxşı da, az danış, gəl...

Qadın tumbanın üstündəki lampanı söndürüb yerinə girdi.

***

Yuxudan səksənib ayıldı. Yuxulu-yuxulu əlini ərinin yastığına atdı. Əri elə yatmışdı ki, evi söküb aparsaydılar, xəbəri omazdı. Ehmalca ayaqlarını taxtdan aşağı salladı. Oturduğu yerdə dartındı. Bütün bədəni sızıldayırdı. Bir yandan yuxusuzluq, bir yandan bədəninin ağrısı onu lap əldən salırdı. Ayağa qalxmaq istədi. Əri qəfil onun qolundan tutdu. Qadın diksindi.

- Neynirsən?

- Hara gedirsən?

- Hamama.

- Getmə.

- Niyə?

- Səni istəyirəm.

- Xəbərin var saat neçədir?

- Olsun da.

- Necə yəni olsun? Birdən evə gələn oldu, dur ayağa.

Əri var gücü ilə onu özünə tərəf dartdı. Qadın onun qolları arasında çox gücsüz olduğunu başa düşüb müqavimət göstərmədi.

***

Səhər yeməyi hazır idi. Qadın masa arxasında oturub ərini gözləyirdi. Əri hamam xalatında başını qurulaya-qurulaya stulu çəkib oturdu. Qadın əlini süfrəyə uzatdı. Əri fincanda buğlanan çaya, qaynar tavada cızıltısı kəsilmək üzrə olan yumurtaya baxıb nəsə fikirləşirdi. Qadın qayğıkeşliklə:

- Başla da, - dedi.

- Baş üstə!

O, iştahla yeməyə başladı. Heç biri danışmırdı. Əri gözlərini Qadından çəkmirdi. Qadın ona zillənən bu baxışların altında sıxılmağa başladı.

- Nə olub?

- Heç nə, nəsə olmalıdı?

- Niyə elə baxırsan?

- Baxıram da, baxmaq olmaz?

- Olar, - qadın gülümsündü.

- Gecə mənə nə deyirdin sən? – deyə əri qəfildən soruşdu.

- Nə deyirdim ki?

- Mən evə gələndə, qapıdan içəri girən kimi nə dedin? Harda qalmısan gecə vaxtı?

- Başa düşmədim, soruşmağa haqqım yoxdu? Ərim səhərə yaxın evə gəlir, dörd divar arasnda çırpına-çırpıına qalmışam, soruşa bilmərəm ki, hardan gəlirsən? Bəlkə, başına bir iş gəlib...

- Yox! Soruşa bilməzsən! Haqqım yoxdu?! – Qadını yamsıladı, - Sənin haqqına... – bağırıb əlini stola çırpdı.

Qadın diksindi.

- Sənə nə olub? Soruşanda heç belə hirslənmədin, üstündən neçə saat keçib, indi yadına düşdü?

- Hə, indi yadıma düşdü. Nə vaxt istərəm, onda da soruşaram, başa düşdün! Sən məndən soruşa bilməzsən, hardan gəlirəm. Özüm bilərəm, hara istərəm gedərəm, nə vaxt istərəm gələrəm! Qızam mən? Gec gəlsəm, nə olacaq, tutub zorlayacaqlar? Sən mənə göstəriş verəcəksən?

Qadın yerindən qalxıb pəncərəni örtdü.

- Pəncərəni niyə örtürsən? – kişi gözlərini bərəldib soruşdu.

- Elə-belə.

- Necə yəni elə-belə?

- Qonşular eşidir, yavaş...

O, oturduğu yerdən uzanıb pəncərəni açdı. Qışqıra-qışqıra:

- Ala, qoy eşitsinlər, cəhənnəmə eşitsinlər, qara gora eşitsinlər. Qonşuların da var-yoxunu...

Qadın daha dözə bilmədi, yerindən qalxıb yataq otağına keçmək istədi. Elə bildi, durub getsə, ərinin səsini eşidən olmayacaq. Əri dalınca:

- Hara gedirsən?

- Başım hərlənir, uzanmaq istəyirəm.

- Heç hara getməyəcəksən, gəl otur çörəyini ye!

- Yemək istəmirəm, iştaham yoxdu, ürəyim bulanır.

- Qorxma, ölməzsən, gəl otur burda.

Qadın qapının kandarında dayanıb ərinin qan qoymuş gözlərinə baxdı. Nə edəcəyini, hara gedəcəyini bilmədi. Otursun neynəsin, getsin neynəsin?! O, qəfildən iti addımlarla yataq otağına sarı getdi, qapını dalınca çəkib üzü üstə taxta sərildi. Əri bayaqdan bunu gözləyirmiş kimi, özünü otağa saldı.

- Dur ayağa!

- ...

Dur ayağa eşitmirsən?

Qadın yerindən tərpənmədən var gücü ilə:

- Durmuram! Durmuram! Əl çək məndən! – deyə qışqırıb hönkürdü.

Əri əvvəlcə gözlərini döydü, sonra:

- Necə yəni durmuram?! – deyib özünü qadının üstünə atdı. Onu arxası üstə çevirib var qüvvəsi ilə bir şillə endirdi.

- Dur ayağa!

- ...

- Eşitmirsən?

- ...

Qadın cavab vermədi, çünki heç nə hiss etmirdi...

***

Yuxuya getmiş körpənin əllərini sinəsindən ayırıb, döşünü onun ağzından çıxardı. Ehmalca götürüb yerinə qoydu. Əyilib totuq yanaqlarından öpdü, qoxusunu ciyərlərinə çəkdi. Qapını yavaşca örtüb ayağını çəkə-çəkə otaqdan çıxdı.

Əri televizora baxırdı. Qadın otağa – ərinin yanına getdi. Üç gün idi bir-birilərini yaxşı görə bilmirdilər. Doğuş çox çətin olmuşdu. Həkimlər ikisindən birinin sağ qalacağını desələr də, möcüzə nəticəsində hər ikisi xilas olmuşdu. Qadın qızının doğulmasına sevinə bilməmişdi. Əri hər dəfə ona xatırlatdıqca ki, qızın olsa, xəstəxanadan atan evinə gedərsən, o, ana olmaqdan qorxurdu. Amma həkim ölümlə həyat arasında çırpınan qadına: “Qızın oldu, gözün aydın!” – deyəndə bütün ağrılarına rəğmən yerindən dik atılıb göbəyi hələ kəsilməmiş körpəsini görmək istədi. Ağrıdan zarıyıb yenidən arxası üstə düşdü. Zarıyıb başını yana çevirdi. Elə bu an qarnının üstünə düşən isti bir şey onu qucaqladı. Diksinib başını qaldıranda qarnının üstünə atılmış, uzun dırnaqlarını anasının qarnına sıxan körpəsini gördü. Bu istilik onun bütün vücudunu sardı, qəlbinə yayıldı. Birdən-birə o, körpəsini qucağına almaq, sinəsinə sıxıb onu üşüdən fikirlərdən qurtulmaq istədi. Həkim körpəni Qadının üstündən götürüb gülə-gülə:

- Deyirlər, körpə doğulan kimi anasının qarnı üstünə qoyulanda anasına daha çox bağlı olur, - dedi.

Körpəni bir göz qırpımında bələyib yan stolun üstünə qoydular. Qadın qızına tərəf boylandı. İstədi desin ki, yanıma qoyun, utandı. Körpə elə bir ağız doğulanda ağladı, sonra heç səsini də çıxartmır, hələ anasından başqa heç nəyi ayırd etməyən gözləri ilə ətrafı “seyr edirdi”. Sanki qız olduğuna utanırmış kimi, səsini içinə qısıb lal-mat dayanmışdı. Onunla eyni vaxtda anadan olan oğlan uşağı ara vermədən cır səsi ilə çığırır, elə bil hamıya: “Mən oğlanam, mən kişiyəm!”-deyə acıq verirdi. Qadın qızının yanında bar-bar bağıran bu oğlan uşağının qalibanə hayqırtısına dözə bilmirdi. O, öz zavallı körpəsinə baxıb düşünürdü: ”Səndən ötrü nəinki atam evinə, cəhənnəmə də getməyə razıyam. Rədd olsun hər şey, səndən ötrü yaşayacam, yaxşı ki, sən qızsan, sən mənim qızımsan, öz qızım”.

Birdən ona elə gəldi ki, körpəsi doğulmazdan əvvəl atasının dediklərini eşidib, ona görə belə susur. Qadın üzünü yana çevirib əlinin arxası ilə gözünün yaşının sildi...

***

Əri divanda uzanıb ayaqlarını divanın qoltuq yerinə qoymuşdu. Qadının otağa gəldiyini görsə də, özünü o yerə qoymadı. Qadın onun yerindən tərpənmədiyini görüb yerdə, xalçanın üstündə oturdu. Zorla ayaqlarını qarnına tərəf yığdı. Ağrıdan ufuldadı. Əri gözüucu ona baxdı.

Nə oldu?

Heeç...otura bilmirəm...

Böyük şey olub.

O nə deməkdi?

Necə yəni nə deməkdi?

Mən ölümdən dönmüşəm, sənin dediyin sözə bax.

Qəhrəmanlıq eləmisən! Narkomanların, alkaşların arvadı bir qucaq oğlan doğur, mənim arvadım qızı doğub gəlib üstümə. Nə istəyirsən, könlündən nə keçir? Səni qucağımda gəzdirim?

Bəsdir, uşaq yatıb.

Cəhənnəmə yatıb.

Elə demə, Allaha acıq gedər. O qızın bir dırnağından ötrü qurbanı bağlı qalıb, evi dağılanlar var. Sən nə danışdığını bilirsən?

Kimə acıq gedər? Allaha? Sənin də, sənin Allahının da....Allah niyə sənə oğul vermədi, hə, niyə? Verəydi də, ölürsən ondan ötrü.

Elə danışma, uşağa bir şey olar.

Pah! Oğlan deyil ki, olsun da.

Qadın göz yaşlarını saxlaya bilmədi. Ayağa durmaq istədi. Ağrıdan inildəyib aşağı çökdü. Başını dizlərinə doğru əydi. Ağrını bəhanə edib zarıdı.

***

Mətbəxə keçdi. Pıqqapıqla qaynayan çaydanın buxarı otağa dolmuşdu. O, çayı dəmə qoydu, qaza söykənib dəmlənməsini gözlədi. Vaxt ona o qədər uzun, zəhlətökən gəlirdi ki, elə bil bir neçə dəqiqə yox, bir-neçə il keçdi.

Bayaqdan süzüb stolun üstünə qoyduğu çay soyumuşdu. Düşünə-düşünə stəkanı o yan-bu yana fırladır, gözlərini bir nöqtədən ayıra bilmirdi. Çayı neçənci dəfə təzələdiyini xatırlaya bilmədiyi üçün əsəbiləşirdi.

Qonaq otağının qapısını örtdü, yazıq-yazıq ona baxıb ağlayan körpəni sinəsinə sıxdı ki, əri səsə ayılmasın. Bilirdi ayılsa : “Görmürsən, yatmışam, niyə kəsmirsən bunun səsini?” – deyə bağıracaq. Qadın da cavab verə bilmədiyindən bütün hirsini, acısını içinə vurub özünü didib-dağıdacaq. Möhkəm çığırmaq istəyəcək, üstünə yüyürüb var gücü ilə onu yumruqlamaq, yumruqlamaq, bütün hirsi-hikkəsi çıxana qədər yumruqlamaq istəyəcək, ancaq bacarmayacaq.

Yataq otağının qapısı cırıldadı. Qadın gözucu qapıya tərəf baxdı. Əri qapını açıb içəri boylandı. Yatmaqdan gözləri, dodaqları şişmişdi. Qadın başını qaldırmadı. Əri heç nə olmamış kimi soruşdu:

- Neynirsən?

Qadın mızıldana-mızıldandı:

- Heç nə...

- Nə olub, niyə burnunu sallamısan?

- Özün yaxşı bilirsən.

- Nəyi bilirəm, nəyi? – deyib özünə divanda, qadının yanında yer elədi. Əlini onun belinə keçirib, boynundan öpmək istədi. Qadın əlilə yüngülcə, bir az da qorxa-qorxa onu itələdi. Kişi onu özünə sıxdı.

- Yanıma gəl, gəl bura.

Qadın ayağa qalxdı, körpəni aparıb çarpayısına qoydu. Otaqdan ərinin səsi gəldi:

- Çay gətir.

- Gətirirəm, - deyə Qadın həvəssiz-həvəssiz cavab verib mətbəxə keçdi. Həmişəki kimi çaydan qazın üstündə isti idi. Çayı həmişə hazır olardı. Əvvəllər o, bütün ev işlərini sevə-sevə görərdi, həmişə deyərdi ki, ailədə hər şey məhəbbətdən doğmalıdır, sevgilə görülən işdən gül iyi gələr. Ancaq indi ona əziyyət verib incidən, ərinin tənələri, təhqirlərindən daha çox, bütün işlərini sevgisiz, candərdi görməsi idi. Heç nədən zövq ala bilmirdi.

Adəti üzrə, məcməyiyə çayla bərabər bir qənddanda qənd, birində konfet, bir boşqabda da şirniyyat qoyub otağa keçdi. Məcməyini stolun üstünə qoyub dönəndə əri qolundan tutdu:

- Sən Allah sənə nə olub?

Qadın gözlərini qırpmadan ərinin üzünə baxdı. Onun söydüyü söyüşlər, təhqirlər Qadının qulaqlarından çəkilməmiş, O artıq nə etdiyini unutmuşdu. Qadın cavab vermədi, qolunu onun kobud və güçlü əlindən dartıb aldı. Heç bir işi olmasa da, mətbəxə keçdi. Alnını pəncərənin şüşəsinə dayayıb tıncıxdı. Birdən ərinin ayaq səslərini eşitdi. O, mətbəxə gəlirdi, özü də çox hirsli gəldiyini ayaq səslərindən ehtimal etmək olardı. Qadın nə edəcəyini bilmədi. Artıq yorulmuşdu. Hiss edirdi ki, hər şeyin sonudur və o son çox yaxınlıqda, bir addımlıqdadır.

Kişi mətbəxə keçdi. İki otağın arasındakı beş addımlıq yol Qadına nə qədər zəhlətökən, uzun göründü. Az qala qışqırıb : ”Nə eləyəcəksən, tez elə, bitsin hər şey,” – demək istədi, ancaq buna ehtiyac qalmadı. Əri var gücü ilə onun hər iki qolundan tutub özünə çəkdi. Qadına elə gəldi ki, qolları dibindən üzüldü. Kişi gözlərini onun gözlərinə dikib dəli kimi bağırmaq istədi, ancaq astadan pıçıldadı:

- Məndən boşansan, harada rastıma çıxsan, səni öz əllərimlə yortacam, küçənin ortasında da olsa, qanına qəltan edəcəm.

Qadın sakit, heysiz halda:

- Kim dedi ki, mən səndən boşanıram? – dedi.

- Heç kim, amma bir sözdü də deyirəm, yadında saxla, - deyib onu özünə sıxdı.

Qadın, bir zamanlar nəfəsindən belə sevgi ətri duyduğu kişidən iyrəndi. Hətta üzünə tüpürüb onu rədd edəcək qədər, lakin hisslərini büruzə verə bilməzdi, buna ixtiyarı yox idi, axı o, öz hisslərinin və arzularının deyil, onun qulu idi. Bunu anlamaq və qəbul etmək nə qədər ağır, cansıxıcı idi. Qadın boğula-boğula başını onun sinəsinə qoydu. Əri Qadının onu tərk edəcəyini düşünəndə özünü alçalmış hiss edir, hədə-qorxuları ilə özünü sığortalayıb, Qadını qabaqlamaq istəyirdi.

Qadın isə finalı görürdü artıq, çünki bu final indi daha çox ondan asılı idi. Buna bircə həmlə kifayət idi. Əslində, o, növbəti dava-dalaşı arzu edirdi. Arzu edirdi ki, yenə aləm qarışsın bir-birinə, əri yenə üstünə şığıyıb var qüvvəsi ilə ona bir-iki şillə ilişdirsin. O, da özünü saxlaya bilməyib dizləri üstə yerə düşsün. Bundan sonra əri qapını çırpıb gedəcək, O da həmişəki kimi üzünü əllərinin arasına alıb əvvəl boğula-boğula, sonra da hönkürə-hönkürə, yana-yana yorulub əldən düşənədək ağlayacaqdı. Sonra ayağa qalxıb bir xeyli güzgü qarşısında duracaq, qızarıb şişmiş gözlərinə baxacaq, baxacaq, öz-özünə: ”Bir də, bir də belə olsa, çıxıb gedəcəyəm!”- deyib yenə də nəyisə gözləyəcək. Niyə bu evi tərk etməyə cürəti çatmırdı, nə idi onu bura bağlayan, özü də bilmirdi. Bircə onu bilirdi ki, bu hiss hər nədisə, sevgi deyil.

Bir dəfə əri ilə yola getməyən yaxın rəfiqəsi ona demişdi ki, artıq ərimi sevmirəm, məni ona bağlayan yataqdan başqa bir şey deyil. Özünə də demişəm ki, səninlə ancaq buna görə yaşayıram. Qorxuram ki, ayrılam, sonra da özümü saxlaya bilməyib özgə kişilərlə yatıb-eləyərəm, biabır olaram. Elə halal ərimsən də, ona görə də biz bir yerdəyik. O zaman Qadın hələ ailə qurmamışdı, bu söhbətin mənası ona çatmamışdı. Başa düşə bilmirdi ki, necə ola bilər, sevmədiyin biri ilə bir tavan altında yaşamağa məcbur olasan, özü də gör nəyə görə. İndi öz başına gələnlərdən sonra subay vaxtı onu heyrətləndirən bu məsələni daha yaxşı dərk edir, yenə də öz fikrində qalırdı. Çünki sevgisi öldükcə onun üçün ən dözülməz əzab gecənin düşməsi, ərinin onu qucağına alması idi. Gecədən-gecəyə, yalnız yataq otağında nəvazişin nə olduğunu xatırlayan bu adamdan o qədər çirginmişdi ki, özünü halal-hümbət ərinin qucağında küçə qadını kimi hiss edir, özünə nifrət edirdi və dərk edirdi ki, belə yaşamaq olmaz. İndi rəfiqəsinin hərəkəti ona daha anlaşılmaz görünürdü.

***

Körpənin səsi onu fikirdən ayırdı. Tez onu beşikdən götürüb sinəsinə sıxdı. Qonaq otağına keçdi. Əlindəki bıçağı stolun üstünə qoydu. Televizoru açdı, film gedirdi. Ayaqüstə körpəni qucağında sakitləşdirə-sakitləşdirə bir az baxdı. Nəsə maraqlı gəldi. Deyəsən, təzə başlamışdı. Divanda oturub maraqla filmə baxmağa başladı.

Gecənin bir yarısı idi. Qadın saata baxdı.

- Ay aman, saat üçdü ki! – dedi özü-özünə, - mən neynəyim?

O, nə edəcəyini bilmirdi. Baxdığı film fikirlərini tamamilə alt-üst etmişdi. Filmin baş qəhrəmanı ərinin zülmlərindən təngə gəlib onu qətlə yetirən qadın idi. Onun həbsxanada yaşadıqları Qadını sanki yuxudan ayıltdı. Həyatını məhv etmək, ömrünün ən gözəl çağlarını dörd divar arasında keçirmək, övladına lazım olan vaxtlarda onun yanında olmamaq... Bütün bu fikirlər ona bu evdəki sonuncu şillə kimi dəydi. Ürəyi sinəsində yaralı quş kimi çırpınmağa başladı. Otaqda var-gəl etdi. Nə edəcəyini bilmirdi. Ancaq nəsə eləməli idi, özü də bu gecə.

Barmaqlarının ucunda yataq otağına keçdi. Ərinin nəfəsinə qulaq asırmış kimi ona sarı əyildi. Yox, bərk yatmışdı, ayılana oxşamırdı. Ana-bala özlərinə lazım olan pal-paltar və əşyaları qaranlıqda əlhavası çantaya yığdı. Otaqdan çıxanda dönüb ərinə baxdı. O, hələ yatırdı...

Uşağı yorğançasına büküb bağrına basdı.

- Bağışla məni, quzum, başqa çıxış yolum yoxdur. Sən məni başa düşəcəksən, - deyib körpənin alnından öpdü.

Son dəfə evinə baxdı, hər tərəfə göz gəzdirib, işığı söndürdü.

# 3308 dəfə oxunub

Müəllifin son yazıları

# # #